top of page

1 Padşahlar 13

1Yarovam buxur yandırmaq üçün qurbangahın yanında durduğu vaxt bir Allah adamı Rəbbin sözü ilə Yəhudadan Bet-Elə gəlib  2 Rəbbin adından qurbangaha müraciətlə dedi: «Qurbangah, ay qurbangah! Rəbb belə deyir: “Budur, Davudun nəslində bir oğlan uşağı doğulacaq, onun adı Yoşiya olacaq. O sənin üstündə, orada buxur yandıran səcdəgahların kahinlərini qurban edib insan sümükləri yandıracaq”».  3Allah adamı həmin gün bir əlamət verib dedi: «Rəbbin söylədiyi əlamət budur: “Bu qurbangah bölünəcək və üstündəki kül töküləcək”».  4Padşah Yarovam Allah adamının Bet-Eldə qurbangaha müraciətlə dediyi sözü eşidəndə qurbangahın üzərindən əlini uzadıb «onu tutun» dedi. Onun Allah adamına qarşı uzatdığı əli qurudu və əlini özünə tərəf döndərə bilmədi.  5Allah adamının Rəbbin sözü ilə verdiyi əlamətə görə qurbangah bölündü və kül qurbangahdan töküldü.  6Onda padşah Allah adamına dedi: «Allahın Rəbbi rəhmə gətir və mənim üçün dua et ki, əlimi özümə tərəf döndərə bilim». Allah adamı Rəbbi rəhmə gətirdi və padşahın əli özünə tərəf dönüb əvvəlki kimi oldu.  7Padşah Allah adamına dedi: «Mənimlə birgə evə gedib nahar edək. Mən sənə hədiyyə verərəm».  8Allah adamı isə padşaha dedi: «Sən mənə malının yarısını da versən, səninlə getmərəm, bu yerdə çörək yeyib su içmərəm.  9Çünki Rəbbin sözü ilə mənə belə əmr gəldi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”».  10Allah adamı başqa yolla getdi və Bet-Elə gəldiyi yolla geri qayıtmadı.

Allah adamı və qoca peyğəmbər

11Bet-Eldə qoca bir peyğəmbər yaşayırdı. Onun oğullarından biri gəlib Allah adamının həmin gün Bet-Eldə etdiyi bütün işlər barədə danışdı. Oğulları onun padşaha söylədiyi sözləri də atalarına bildirdilər.  12Ata onlara dedi: «O hansı yolla getdi?» Oğulları Yəhudadan gələn Allah adamının hansı yolla getdiyini ona göstərdilər.  13O öz oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Eşşəyi onun üçün palanladılar və o, eşşəyin üstünə minib  14Allah adamının dalınca getdi. Onu palıd ağacının altında oturmuş halda tapdı və ona dedi: «Yəhudadan gələn Allah adamı sənsənmi?» O da «mənəm» dedi.  15Sonra qoca peyğəmbər ona dedi: «Mənimlə birgə evə gedib nahar edək».  16O dedi: «Səninlə qayıdıb evinə getmərəm, bu yerdə səninlə çörək yeyib su içmərəm.  17Çünki Rəbbin sözü ilə mənə deyildi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”».  18Qoca peyğəmbər ona dedi: «Mən də sənin kimi bir peyğəmbərəm. Bir mələk Rəbbin sözü ilə mənə dedi: “Onu qaytarıb özünlə evinə gətir, çörək yeyib su içsin”». Ancaq bunu ona yalandan söylədi.  19Allah adamı onunla qayıtdı, onun evində çörək yeyib su içdi.  20Onlar süfrə arxasında oturarkən onu yoldan qaytaran peyğəmbərə Rəbbin sözü nazil oldu.  21O, Yəhudadan gələn Allah adamına müraciətlə dedi: «Rəbb belə deyir: “Sən Rəbbin sözünə qarşı getdin və Allahın Rəbbin sənə etdiyi əmrə əməl etmədin,  22geri qayıdaraq Onun sənə ‹çörək yeyib su içmə› dediyi yerdə çörək yeyib su içdin. Buna görə də cəsədin atalarının qəbrinə girməyəcək”».  23Yoldan qaytardığı peyğəmbər çörək yeyib su içdikdən sonra qoca peyğəmbər onun üçün eşşəyi palanladı.  24Allah adamı getdi, yolda ona bir şir rast gəldi və onu öldürdü. Onun cəsədi yola sərilmişdi və eşşək onun yanında dayanmışdı, şir də cəsədin yanında durmuşdu.  25Adamlar onların yanından keçirdilər, yola sərilmiş cəsədi, cəsədin yanında durmuş şiri gördülər və gəlib qoca peyğəmbərin yaşadığı şəhərdə söylədilər.  26Onu yoldan qaytaran peyğəmbər bunu eşidib dedi: «O, Rəbbin sözünə qarşı gedən Allah adamıdır. Rəbb də ona söylədiyi sözə görə onu şirə verdi və şir onu didib öldürdü».  27O, oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Onlar eşşəyi palanladılar.  28O gedib yola sərilmiş cəsədi tapdı. Eşşək və şir cəsədin yanında durmuşdu. Şir cəsədi yeməmiş və eşşəyə toxunmamışdı.  29Qoca peyğəmbər Allah adamının cəsədini götürüb eşşəyin üstünə qoydu və yas tutub onu basdırmaq üçün öz şəhərinə geri gətirdi.  30Onun cəsədini özünün qəbrinə qoydu. «Ah, qardaşım!» deyib onun üçün yas tutdular.  31Onu basdırandan sonra qoca peyğəmbər oğullarına dedi: «Öləndə məni Allah adamının basdırıldığı qəbirdə basdırın, sümüklərimi onun sümüklərinin yanına qoyun.  32Çünki Bet-Eldə olan qurbangaha və Samariya şəhərlərində olan səcdəgahların bütün ibadət evlərinə müraciətlə deyilmiş Rəbbin sözü hökmən yerinə yetəcək».

Yarovam günahlarını davam etdirir

33Bu işdən sonra da Yarovam öz pis yolundan dönmədi. Yenə də səcdəgahlara xalqın hər təbəqəsindən olan kahinlər qoydu. O, səcdəgahların kahini olmaq istəyən hər kəsi təqdis etdi.  34Bu günah iş Yarovam nəslinin yer üzündən silinib atılmasına və məhv olmasına səbəb oldu.

 

 

1 Padşahlar 14

Yarovamın oğlunun ölümü

1O vaxt Yarovamın oğlu Aviya xəstələndi.  2Yarovam arvadına dedi: «Qalx öz qiyafəni elə dəyiş ki, sənin Yarovamın arvadı olduğunu bilməsinlər. Şiloya get, peyğəmbər Axiya oradadır. O mənim barəmdə demişdi ki, bu xalqın padşahı olacağam.  3Əlinə on kömbə çörək, qurabiyələr və bir küpə bal götürüb onun yanına get. Oğlana nə olacağını o sənə bildirəcək».  4Yarovamın arvadı belə də etdi: qalxıb Şiloya getdi və Axiyanın evinə gəldi. Axiya artıq görə bilmirdi, çünki qocaldığı üçün gözləri zəifləmişdi.  5Rəbb Axiyaya demişdi: «Yarovamın arvadı oğlu barədə səndən soruşmağa gəlir, çünki oğlu xəstədir. O başqa bir qiyafədədir. Sən ona belə-belə deyərsən».  6Qadın qapıdan girəndə Axiya onun ayaq səslərini eşidib dedi: «Yarovamın arvadı, içəri gəl! Sən nə üçün qiyafəni dəyişmisən? Mən sənə ağır xəbər söyləmək üçün göndərilmişəm.  7Get, Yarovama söylə ki, İsrailin Allahı Rəbb belə deyir: “Mən səni xalqın içindən yüksəldib xalqım İsrailin üzərində hökmran etdim.  8Padşahlığı Davudun nəslindən çəkib aldım və sənə verdim. Sən isə qulum Davud kimi olmadın. O, əmrlərimə əməl edib gözümdə yalnız doğru olan işi görmək üçün bütün ürəyi ilə Mənə xidmət edirdi.  9Səndən əvvəl olanların hamısından çox pislik etdin. Məni qəzəbləndirmək üçün gedib özünə başqa allahlar, tökmə bütlər düzəltdin və Məni kənara atdın.  10 Bunun üçün Mən Yarovamın nəsli üzərinə bəla gətirəcəyəm. İsraildə Yarovamın nəslindən divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam və onları peyin yandırılan kimi hamısı tükənənə qədər bütünlüklə yandırıb məhv edəcəyəm.  11Yarovamdan şəhərdə ölənləri köpəklər, çöldə ölənləri quşlar yeyəcək, çünki Rəbb belə söylədi”.  12Sən qalxıb evinə get. Şəhərə ayaq basdığın vaxt oğlan öləcək.  13Bütün İsraillilər yas tutub onu basdıracaq. Amma Yarovam nəslindən yalnız o, qəbirə gedəcək, çünki İsrailin Allahı Rəbb Yarovamın nəslindən yalnız onda yaxşı bir şey tapmışdır.  14Rəbb Özü üçün İsrail üzərində bir padşah qoyacaq, o da Yarovamın nəslini bu gün kəsib atacaq, hətta indi belə olacaq.  15Rəbb İsraili suda yellənən bir qamış kimi vuracaq və İsrailliləri atalarına verdiyi bu yaxşı torpaqdan çəkib çıxaracaq, onları Fərat çayının o tərəfinə səpələyəcək, çünki özlərinə Aşera bütləri düzəldərək Rəbbi qəzəbləndirdilər.  16Yarovamın etdiyi və İsraillilərə etdirdiyi günahları ucbatından Rəbb İsraildən üz döndərəcək».  17Yarovamın arvadı qalxıb getdi və Tirsaya gəldi. Evin astanasına ayaq basdığı vaxt oğlan öldü.  18Bütün İsraillilər onu basdırıb yas tutdular. Beləcə Rəbbin Öz qulu peyğəmbər Axiya vasitəsilə söylədiyi sözü yerinə yetdi.

Yarovamın ölümü

19Yarovamın qalan işləri, necə döyüşdüyü və necə padşahlıq etdiyi barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  20Yarovam iyirmi iki il padşahlıq etdi. O, ataları ilə uyudu və yerinə oğlu Nadav padşah oldu.

Yəhuda padşahı Rexavam

(2Saln. 11:5-12:15)

21Süleyman oğlu Rexavam Yəhudada padşahlıq etdi. Rexavam padşah olan vaxt qırx bir yaşında idi. O, Rəbbin Öz adını qoymaq üçün İsrailin bütün qəbilələrindən seçdiyi şəhərdə – Yerusəlimdə on yeddi il padşahlıq etdi. Anası Ammonlu olub adı Naama idi.  22Yəhudalılar Rəbbin gözündə pis olan işlər etdilər və atalarının etdiyi bütün günahlardan da çox günah etməklə Rəbdə qısqanclıq oyatdılar.  23 Onlar da hər yüksək təpə üzərində və hər kölgəli ağac altında özləri üçün səcdəgahlar, sütunlar və Aşera bütləri düzəltdilər.  24 Ölkədə həm də məbəd fahişəliyi ilə məşğul olan kişilər var idi. Xalq İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin bütün iyrənc işlərinə görə davrandı.  25 Rexavamın padşahlığının beşinci ilində Misir padşahı Sisaq Yerusəlimə hücum etdi.  26 O, Rəbbin məbədinin və padşah sarayının xəzinələrini götürdü. Hər şeyi aldı, Süleymanın düzəltdiyi bütün qızıl qalxanları da götürdü.  27Padşah Rexavam onların yerinə tunc qalxanlar düzəltdi və bunları padşah sarayının qapısını qoruyan mühafizəçi rəislərin əlinə verdi.  28Hər dəfə padşah Rəbbin məbədinə gələndə mühafizəçilər onları daşıyır və sonra mühafizəçilərin otağına geri gətirirdilər.  29Rexavamın qalan işləri və onun etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  30Rexavamla Yarovam arasında həmişə müharibə gedirdi.  31Rexavam ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Anası Ammonlu olub adı Naama idi. Onun yerinə oğlu Aviya padşah oldu.

 

 

1 Padşahlar 15

Yəhuda padşahı Aviya

(2Saln. 13:1-14:1)

1Nevat oğlu Yarovamın padşahlığının on səkkizinci ilində Aviya Yəhuda üzərində padşah oldu.  2O, Yerusəlimdə üç il padşahlıq etdi. Anasının adı Avişalom qızı Maaka idi.  3Aviya atasının ondan qabaq etdiyi bütün günahları ilə getdi. Onun ürəyi babası Davuddan fərqli olaraq Allahı Rəbbə sadiq deyildi.  4 Ancaq Allahı Rəbb Davudun xatirinə ona Yerusəlimdə bir çıraq verdi, özündən sonra oğlunu onun yerinə oturtdu və Yerusəlimi möhkəmləndirdi.  5 Çünki Xetli Uriya ilə olan işindən başqa, Davud Rəbbin gözündə doğru olan işlər etdi və bütün ömrü boyu Onun əmr etdiyi heç bir şeydən kənara çıxmadı.  6 Aviyanın bütün ömrü boyu Rexavam və Yarovam arasında müharibə gedirdi.  7Aviyanın qalan işləri və onun etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Aviya ilə Yarovam arasında müharibə gedirdi.  8Aviya ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Onun yerinə oğlu Asa padşah oldu.

Yəhuda padşahı Asa

(2Saln. 15:16-16:6)

9İsrail padşahı Yarovamın padşahlığının iyirminci ilində Asa Yəhuda üzərində padşah oldu.  10O, Yerusəlimdə qırx bir il padşahlıq etdi. Nənəsinin adı Avişalom qızı Maaka idi.  11Asa babası Davud kimi Rəbbin gözündə doğru olan işlər etdi.  12 O, məbəd fahişəliyi ilə məşğul olan kişiləri ölkədən qovdu və atalarının düzəltdiyi bütün bütləri aradan qaldırdı.  13Nənəsi Maakanı da mələkəlikdən məhrum etdi, çünki o, Aşera üçün iyrənc bir büt düzəltmişdi. Asa onun bütünü kəsib Qidron vadisində yandırdı.  14Ancaq səcdəgahlar aradan qaldırılmadı, lakin Asanın ürəyi bütün ömrü boyu Rəbbə sadiq idi.  15O, atasının və özünün təqdis etdiyi əşyaları – qızılı, gümüşü və qabları Rəbbin məbədinə gətirdi.  16Asa ilə İsrail padşahı Baaşa arasında ömürləri boyu müharibə gedirdi.  17İsrail padşahı Baaşa Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gəlib-getmək istəyənləri buraxmamaq üçün Rama şəhərini tikdi.  18Asa Rəbbin məbədinin və padşah sarayının xəzinələrində qalan bütün qızıl-gümüşü götürüb əyanlarına verdi. Padşah Asa onları Dəməşqdə yaşayan Aram padşahı Xezyon oğlu Tavrimmon oğlu Ben-Hadada bu xəbərlə göndərdi:  19«Sənin atanla mənim atam arasında saziş var idi, qoy bizim aramızda da saziş olsun. Sənə qızıl-gümüş hədiyyə göndərirəm. Get İsrail padşahı Baaşa ilə olan sazişini poz ki, torpağımdan geri çəkilsin».  20Ben-Hadad padşah Asaya qulaq asdı və qoşun başçılarını İsrail şəhərlərinin üstünə göndərdi. Onun qoşunları bütün Naftali torpağına – İyona, Dana, Avel-Bet-Maakaya və bütün Kinneretə zərbə vurdu.  21Baaşa bunu eşitdikdə Ramanı tikməyi dayandırdı və Tirsada qaldı.  22Padşah Asa istisna etmədən bütün Yəhudalıları çağırdı və onlar Ramada Baaşanın tikməkdə olduğu yerlərin daşlarını və dirəklərini daşıdılar. Bunlarla padşah Asa Binyamin torpağındakı Gevanı və Mispanı tikdi.  23Asanın bütün qalan işləri, onun bütün hünəri, etdiyi hər şey və tikdiyi şəhərlər barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Ancaq qocalanda onun ayaqları xəstə oldu.  24Asa ataları ilə uyudu və atası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Yehoşafat padşah oldu.

İsrail padşahı Nadav

25Yəhuda padşahı Asanın padşahlığının ikinci ilində Yarovam oğlu Nadav İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi.  26O, Rəbbin gözündə pis olan işlər etdi, atasının yolu və İsrailə etdirdiyi günahı ilə getdi.  27İssakar qəbiləsindən Axiya oğlu Baaşa ona qəsd hazırladı və Filiştlilərə məxsus olan Gibbetonda onu öldürdü. O zaman Nadav və bütün İsraillilər Gibbetonu mühasirəyə almışdılar.  28Yəhuda padşahı Asanın padşahlığının üçüncü ilində Baaşa Nadavı öldürdü və onun yerinə padşah oldu.  29 O, padşah olan kimi Yarovamın bütün nəslini qırdı, Yarovamdan nəfəs çəkən hər kəsi məhv edənə qədər bir nəfəri sağ buraxmadı. Beləcə Rəbbin Öz qulu Şilolu Axiya vasitəsilə söylədiyi söz yerinə yetdi.  30İsrailin Allahı Rəbbi qəzəbləndirərək Yarovamın özünün etdiyi və İsrailə etdirdiyi günahların ucbatından bu iş oldu.  31Nadavın qalan işləri və onun etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  32Asa ilə İsrail padşahı Baaşa arasında bütün ömürləri boyu müharibə gedirdi.

İsrail padşahı Baaşa

33Yəhuda padşahı Asanın padşahlığının üçüncü ilində Axiya oğlu Baaşa bütün İsrail üzərində padşah oldu və Tirsada iyirmi dörd il padşahlıq etdi.  34O, Rəbbin gözündə pis olan işlər etdi, Yarovamın yolu və İsrailə etdirdiyi günahı ilə getdi.

 

 

1 Padşahlar 16

1Baaşaya qarşı Xanani oğlu Yehuya Rəbbin bu sözü nazil oldu:  2«Səni torpaqdan yüksəldib xalqım İsrail üzərində hökmran etdim, sən isə Yarovamın yolu ilə gedib xalqım İsrailə günah etdirərək Məni qəzəbləndirdin.  3Buna görə də Baaşanı və onun nəslini Nevat oğlu Yarovamın nəsli kimi yandırıb məhv edəcəyəm.  4Baaşadan şəhərdə ölənləri köpəklər, çöldə ölənləri quşlar yeyəcək».  5Baaşanın qalan işləri, etdiyi hər şey və onun hünəri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  6Baaşa ataları ilə uyudu və Tirsada basdırıldı. Onun yerinə oğlu Ela padşah oldu.  7Baaşa Rəbbin gözündə pis olan işlər edərək Yarovamın nəsli kimi əməlləri ilə Rəbbi qəzəbləndirdi. O, Yarovamın nəslini də qırdı. Buna görə də peyğəmbər Xanani oğlu Yehu vasitəsilə onun özünə və nəslinə qarşı Rəbbin sözü nazil oldu.

İsrail padşahı Ela

8Yəhuda padşahı Asanın padşahlığının iyirmi altıncı ilində Baaşa oğlu Ela İsrail üzərində padşah oldu və Tirsada iki il padşahlıq etdi.  9Döyüş arabalarının yarısına başçılıq edən əyanı Zimri ona qəsd hazırladı. Ela Tirsada, öz saray rəisi olan Arsanın evində içib sərxoş olarkən  10Zimri içəri girdi, onu vurub öldürdü və onun yerinə padşah oldu. Bu hadisə Yəhuda padşahı Asanın padşahlığının iyirmi yeddinci ilində oldu.  11O, padşah olub taxtda oturan kimi Baaşanın bütün nəslini qırdı, istər onun qohumlarından, istərsə də dostlarından divar isladan heç kəsi – bir kişini də sağ buraxmadı.  12Peyğəmbər Yehu vasitəsilə Baaşaya qarşı Rəbbin söylədiyi sözə görə Zimri Baaşanın bütün nəslini məhv etdi.  13Çünki Baaşa və oğlu Ela öz bütləri ilə etdikləri və İsrailə etdirdikləri bütün günahlara görə İsrailin Allahı Rəbbi qəzəbləndirmişdilər.  14Elanın qalan işləri və onun etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.

İsrail padşahı Zimri

15Yəhuda padşahı Asanın padşahlığının iyirmi yeddinci ilində Zimri Tirsada yeddi gün padşahlıq etdi. O vaxt xalq Filiştlilərə məxsus olan Gibbetona qarşı qurulmuş ordugahda qalırdı.  16Zimrinin padşaha qəsd hazırladığını və onu öldürdüyünü ordugahda olan xalq eşitdi. O gün bütün İsraillilər ordu başçısı Omrini ordugahda İsrail üzərində padşah etdilər.  17Omri bütün İsraillilərlə birgə Gibbetondan gəlib Tirsanı mühasirəyə aldı.  18Zimri şəhərin alınacağını görəndə padşah sarayının qalasına girdi və padşah sarayını odladı, özü də həlak oldu.  19Ona görə ki günah edərək Rəbbin gözündə pis olan işlər etmişdi: Yarovamın yolu və günahı ilə gedib İsrailə günah etdirmişdi.  20Zimrinin qalan işləri və onun hazırladığı qəsd barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  21O vaxt İsrail xalqı iki hissəyə bölündü: xalqın yarısı Ginat oğlu Tivnini padşah etmək üçün onun dalınca, yarısı isə Omrinin dalınca getdi.  22Omrinin dalınca gedən xalq Ginat oğlu Tivninin dalınca gedən xalqa üstün gəldi. Beləliklə, Tivni öldü və Omri padşah oldu.

İsrail padşahı Omri

23Yəhuda padşahı Asanın padşahlığının otuz birinci ilində Omri İsrail üzərində padşah oldu və on iki il padşahlıq etdi. Tirsada altı il padşahlıq etdi.  24O, Samariya dağını Samardan iki talant gümüşə satın aldı və dağın üstündə şəhər tikib, adını dağın sahibi Samarın adına görə Samariya qoydu.  25Omri Rəbbin gözündə pis olan işlər etdi və özündən əvvəl olanların hamısından çox pislik etdi.  26O, Nevat oğlu Yarovamın yolu və onun İsrailə etdirdiyi günahlarla gedib İsrailin Allahı Rəbbi öz bütləri ilə qəzəbləndirdi.  27Omrinin etdiyi qalan işlər və göstərdiyi hünər barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  28Omri ataları ilə uyudu və Samariyada basdırıldı. Onun yerinə oğlu Axav padşah oldu.

İsrail padşahı Axav

29Yəhuda padşahı Asanın padşahlığının otuz səkkizinci ilində Omri oğlu Axav İsrail üzərində padşah oldu. O, Samariyada iyirmi iki il padşahlıq etdi.  30Omri oğlu Axav özündən əvvəl olanların hamısından çox Rəbbin gözündə pis olan işlər etdi.  31Nevat oğlu Yarovamın günahları ilə getmək ona az gəlirdi, üstəlik Sidonluların padşahı Etbaalın qızı İzeveli də arvad alıb Baala qulluq və səcdə etdi.  32O, Samariyada tikdiyi Baal məbədində Baal üçün qurbangah qurdu.  33Aşera bütü də düzəltdi. Axav özündən əvvəl olan bütün İsrail padşahlarından çox pislik edərək İsrailin Allahı Rəbbi qəzəbləndirdi.  34 Onun dövründə Bet-Elli Xiel Yerixonu tikdi. Nun oğlu Yeşua vasitəsilə Rəbbin söylədiyi sözə görə o, ilk oğlu Aviramın həyatı bahasına şəhərin bünövrəsini tikdi və kiçik oğlu Sequvun həyatı bahasına qapılarını qoydu.

 

 

1 Padşahlar 17

İlyasın quraqlıq barədə xəbərdarlığı

1Gilead sakinlərindən olan Tişbeli İlyas Axava dedi: «Önündə durduğum İsrailin Allahı var olan Rəbbə and olsun ki, mənim bir sözüm olmayınca bu illərdə şeh və yağış olmayacaq».  2Ona Rəbbin bu sözü nazil oldu:  3«Buradan get və şərqə tərəf yollan, İordan çayının şərqində olan Kerit vadisində gizlən.  4Orada vadidən su içəcəksən, səni yedirməyi də qarğalara əmr etdim».  5O, Rəbbin sözünə əməl etdi və İordan çayının şərqində olan Kerit vadisinə gedib orada qaldı.  6Qarğalar ona hər səhər-axşam çörək və ət gətirərdilər, vadidən də su içərdi.  7Bir müddət sonra vadi qurudu, çünki ölkədə yağış yağmırdı.

İlyas və Sarfatlı qadın

8İlyasa Rəbbin bu sözü nazil oldu:  9 «Qalx Sidonun Sarfat şəhərinə get və orada qal. Orada bir dul qadına sənə yemək verməyi əmr etdim».  10O qalxıb Sarfata getdi. Şəhərin darvazasına çatanda bir dul qadının odun yığdığını gördü və onu çağırıb dedi: «Mənə bir qabda azca su gətir, içim».  11Qadın gətirməyə gedəndə onu çağırıb dedi: «Mənim üçün əlinə bir tikə çörək də al».  12Qadın dedi: «Allahın var olan Rəbbə and olsun ki, bişmiş heç nəyim yoxdur, ancaq küpdə bir ovuc un və qabda bir az yağ var. Bax mən iki parça odun yığıram və içəri girib özümlə oğlum üçün bunlardan yemək hazırlayacağam. Biz onu yeyəcəyik və sonra öləcəyik».  13İlyas ona dedi: «Qorxma, get söylədiyin kimi et. Amma əvvəlcə mənim üçün ondan kiçik bir kökə düzəlt və mənə gətir, özünlə oğlun üçün sonra hazırlayarsan.  14Çünki İsrailin Allahı Rəbb belə deyir: “Rəbb torpaq üzərinə yağış verəcəyi günə qədər nə küpdə un tükənəcək, nə də qabda yağ qurtaracaq”».  15Qadın gedib İlyasın sözünə əməl etdi. Qadın və onun ailəsi İlyasla birgə uzun müddət ərzində yemək yedilər.  16İlyas vasitəsilə Rəbbin söylədiyi sözə görə nə küpdə un tükəndi, nə də qabda yağ qurtardı.  17Bundan sonra ev sahibi qadının oğlu xəstələndi, xəstəliyi də çox ağır oldu, belə ki onun heç nəfəsi gəlmirdi.  18Qadın İlyasa dedi: «Mən sənə nə etdim, ey Allah adamı? Günahımı xatırlatmaq və oğlumu öldürmək üçün yanıma gəlmisən?»  19İlyas ona dedi: «Oğlunu mənə ver». Uşağı qadının qucağından götürüb özünün qaldığı yuxarı otağa çıxartdı və onu öz yatağının üstünə uzandırdı.  20O, Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, yanında qaldığım dul qadının oğlunu öldürməklə onun başına bəla gətirirsən?»  21Sonra uşağın üstünə üç dəfə uzandı və Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, sənə yalvarıram, qoy bu uşağın canı özünə qayıtsın».  22Rəbb İlyasın səsini eşitdi: uşağın canı özünə qayıtdı və o dirildi.  23İlyas uşağı götürüb yuxarı otaqdan evə düşürtdü və onu anasına verib dedi: «Bax oğlun sağdır».  24Qadın İlyasa dedi: «İndi bildim ki, sən Allah adamısan və sənin ağzında Rəbbin sözü haqdır».

 

 

1 Padşahlar 18

İlyas və Avdiya

1Uzun müddət sonra, quraqlığın üçüncü ilində İlyasa Rəbbin bu sözü nazil oldu: «Get, Axava görün. Mən torpağın üzərinə yağış verəcəyəm».  2İlyas Axava görünmək üçün getdi. O vaxt Samariyada şiddətli aclıq idi.  3Axav saray rəisi olan Avdiyanı çağırdı. Avdiya Rəbdən çox qorxurdu.  4İzevel Rəbbin peyğəmbərlərini qırıb öldürən zaman Avdiya peyğəmbərlərdən yüz nəfəri aparıb onları əlli-əlli olaraq mağaralarda gizlətmiş, çörək və su ilə təmin etmişdi.  5Axav Avdiyaya dedi: «Ölkədə olan bütün su mənbələrinə və vadilərə get. Bəlkə ot tapdıq, atları və qatırları salamat saxladıq, heyvanlar da tələf olmadı».  6Onlar ölkəni aralarında böldülər ki, hər tərəfi gəzib dolaşsınlar. Axav ayrıca, bir yolla, Avdiya isə ayrıca, başqa bir yolla getdi.  7Avdiya yolda ikən İlyas ona rast gəldi. O, İlyası tanıdı və üzüstə yerə düşüb dedi: «Ağam İlyas, bu sənsənmi?»  8İlyas dedi: «Mənəm. Get, ağana de ki, İlyas buradadır».  9O dedi: «Nə günah etmişəm ki, mən qulunu öldürmək üçün Axavın əlinə verirsən?  10Allahın var olan Rəbbə and olsun ki, ağamız səni axtarmağa adam göndərmədiyi bir millət, bir padşahlıq qalmadı. Onlar “o burada yoxdur” dedikləri vaxt həmin padşahlığa və millətə səni tapmadıqlarına and içdirdi. 11Amma indi sən deyirsən: “Get, ağana de ki, İlyas buradadır”.  12Sənin yanından getdiyim vaxt Rəbbin Ruhu səni bilmədiyim bir yerə aparacaq. Mən də gedib Axava bildirəndə o səni tapmayacaq və məni öldürəcək. Ancaq bu qulun cavanlığından bəri Rəbdən qorxur.  13İzevel Rəbbin peyğəmbərlərini qırıb öldürən zaman mənim etdiyim iş ağama bildirilmədimi? Mən onda Rəbbin peyğəmbərlərindən yüz nəfəri əlli-əlli olaraq mağaralarda gizlətdim, onları çörək və su ilə təmin etdim.  14İndi sən deyirsən: “Get, ağana de ki, İlyas buradadır”. Axı o məni öldürər».  15İlyas dedi: «Önündə durduğum var olan Ordular Rəbbinə and olsun ki, bu gün hökmən ona görünəcəyəm».

İlyas Karmel dağında

16Avdiya Axavın yanına getdi və ona hər şeyi danışdı. Axav da İlyası qarşılamağa getdi.  17Axav İlyası görəndə ona dedi: «Ey İsraili dərdə salan adam, bu sənsənmi?»  18O cavab verdi: «İsraili mən yox, sən və atanın evi dərdə saldınız. Siz Rəbbin əmrlərindən dönüb Baal bütlərinə xidmət etdiniz.  19İndi bütün İsrailliləri, İzevelin süfrəsində yemək yeyən dörd yüz əlli Baal peyğəmbərini və dörd yüz Aşera peyğəmbərini Karmel dağına, yanıma çağırtdır».  20Axav bütün İsrail övladlarını və peyğəmbərləri Karmel dağına çağırtdırdı.  21İlyas bütün xalqın yanına gəlib dedi: «Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz? Əgər Rəbb Allahdırsa, Ona xidmət edin, yox, Baal Allahdırsa, onda ona xidmət edin». Xalq onun sözünə cavab vermədi.  22Onda İlyas xalqa dedi: «Rəbbin peyğəmbərlərindən təkcə mən qaldım, amma Baalın peyğəmbərləri dörd yüz əlli nəfərdir.  23İndi qoy bizə iki buğa verilsin: onlar özləri üçün bir buğa seçsinlər, onu doğrayıb odunların üstünə qoysunlar, ancaq od vurmasınlar. Mən isə başqa buğanı hazırlayıb onu odunların üstünə qoyacağam, ancaq od vurmayacağam.  24Siz öz allahınızı çağırın, mən də Rəbbi çağıracağam; hansı odla cavab verərsə, Allah odur». Bütün xalq cavab verib «qoy belə olsun» dedi.  25İlyas Baal peyğəmbərlərinə dedi: «Bir buğanı özünüz üçün seçin və məndən əvvəl onu hazırlayın, çünki siz çoxsunuz. Siz öz allahınızı çağırın, ancaq od vurmayın».  26Onlar özlərinə verilən buğanı götürüb hazırladılar və səhərdən günortaya qədər «Ey Baal, bizə cavab ver!» deyə Baalı çağırdılar, ancaq heç səs-soraq çıxmadı. Onlar düzəltdikləri qurbangahın ətrafında gəzərək atılıb-düşdülər.  27Günorta olanda İlyas onları lağa qoyub dedi: «Onu uca səslə çağırın. O ki allahdır, bəlkə fikrə gedib yaxud bayıra çıxıb ya da səfərdədir? Bəlkə də yatıb, oyatmaq lazımdır?»  28Onlar uca səslə çağırdılar və adətlərinə görə bədənlərindən qan axana qədər qılınc və nizələrlə özlərini yaraladılar.  29Günorta keçincə, axşam qurbanı təqdim olunan vaxta qədər coşub dəlilik etdilər, ancaq nə bir səs-soraq verən, nə də bir qulaq asan var idi.  30İlyas bütün xalqa dedi: «Mənim yanıma gəlin». Bütün xalq onun yanına gəldi. O, Rəbbin dağıdılmış qurbangahını bərpa etdi.  31 İlyas Yaqub oğulları qəbilələrinin sayına görə on iki daş götürdü, çünki Yaquba «sənin adın İsrail olacaq» deyə Rəbbin sözü nazil olmuşdu.  32İlyas daşlarla Rəbbin adına qurbangah tikdi. O, qurbangahın ətrafında iki sea toxum tutacaq qədər bir xəndək düzəltdi.  33Odunları düzdü, buğanı doğrayıb odunların üzərinə qoydu və  34dedi: «Dörd səhəng su gətirin, onu yandırma qurbanının və odunların üstünə tökün». Sonra o dedi: «İkinci dəfə edin». Onlar ikinci dəfə etdilər. O dedi: «Üçüncü dəfə edin». Onlar üçüncü dəfə etdilər.  35Su qurbangahın ətrafına axdı və xəndək də su ilə doldu.  36Axşam qurbanı təqdim edilən vaxt peyğəmbər İlyas qabağa çıxıb dedi: «Ey İbrahimin, İshaqın və İsrailin Allahı Rəbb! Qoy bu gün bilinsin ki, İsraildə Sən Allahsan və mən Sənin qulunam, bütün bu işləri də Sənin sözünlə etdim.  37Səsimi eşit, ya Rəbb, mənə cavab ver. Qoy bu xalq bilsin ki, Sən Allahsan, ya Rəbb, onda onların ürəyini Özünə tərəf döndərəcəksən».  38O vaxt Rəbdən od düşdü, yandırma qurbanını, odunları, daşları, torpağı yandırıb-yaxdı və xəndəkdə olan suyu uddu.  39Bütün xalq bunu gördü və onlar üzüstə düşüb dedilər: «Rəbb Allahdır! Rəbb Allahdır!»  40İlyas onlara dedi: «Baal peyğəmbərlərini tutun, onlardan bir nəfər də qaçıb qurtarmasın». Onları tutdular. İlyas onları Qişon vadisinə endirib orada öldürdü.

Quraqlığın sonu

41İlyas Axava dedi: «Get, yeyib-iç, çünki güclü yağış səsi gəlir».  42 Axav yeyib-içməyə getdi. İlyas Karmel dağının təpəsinə çıxdı, yerə əyilib üzünü dizləri arasına qoydu.  43Öz nökərinə dedi: «İndi qalx və dəniz tərəfə diqqətlə bax». Nökər qalxdı və diqqətlə baxıb «bir şey yoxdur» dedi. İlyas yeddi dəfə ona «yenə get» dedi.  44Yeddinci dəfə gedəndə nökər dedi: «Budur, dənizdən insan ovcu boyda kiçik bir bulud çıxır». İlyas dedi: «Gedib Axava söylə: “Arabanı qoşub aşağı en ki, yağış səni ləngitməsin”».  45Bu vaxt göylər qalın buludlarla qaraldı, külək əsdi və güclü yağış yağmağa başladı. Axav arabaya minib İzreelə getdi.  46İlyasa Rəbbin gücü gəldi və o, belini qurşayıb Axavın önündə İzreelin girəcəyinə qədər qaçdı.

 

 

1 Padşahlar 19

İlyasın təqibdən qaçması

1Axav İlyasın etdiyi bütün işləri və onun necə bütün peyğəmbərləri qılıncla öldürdüyünü İzevelə danışdı.  2İzevel İlyasın yanına qasid göndərib dedi: «Sabah bu vaxt mən səni onların gününə salmasam, qoy allahlar mənə beləsini və bundan betərini etsin».  3İlyas bunu görüb canını qurtarmaq üçün Yəhudada olan Beer-Şevaya getdi. Nökərini orada qoyub,  4özü çöldə bir günlük yol getdi. Gəlib bir süpürgə ağacının altında oturdu və canına ölüm diləyib dedi: «Bəsdir, ya Rəbb, indi mənim canımı al, çünki mən atalarımdan yaxşı deyiləm».  5O, süpürgə ağacının altında uzanıb yuxuya getdi. Bu zaman bir mələk ona toxunub dedi: «Qalx yemək ye!»  6İlyas baxıb gördü ki, başının kənarında isti daş üzərində bişən bir kökə və bir bardaq su var. O yeyib-içdi və yenə yuxuya getdi.  7Rəbbin mələyi ikinci dəfə qayıtdı və ona toxunub dedi: «Qalx yemək ye, çünki çox uzun yol gedəcəksən».  8O qalxdı və yeyib-içdi. Yeməyin gücü ilə qırx gün-qırx gecə Allahın dağı Xorevə qədər getdi.

Rəbbin İlyasa görünməsi

9İlyas oradakı mağaraya girdi və burada gecələdi. Ona «İlyas, burada nə edirsən?» deyə Rəbbin sözü nazil oldu.  10 O dedi: «Mən Ordular Allahı Rəbb üçün çox fədakarlıq göstərdim. Çünki İsrail övladları Sənin əhdini unutdular, qurbangahlarını dağıtdılar və peyğəmbərlərini qılıncla öldürdülər. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar».  11O dedi: «Çıx, dağda Rəbbin önündə dur, çünki Rəbb buradan keçəcək». Dağları yaran və Rəbbin önündə qayaları parçalayan böyük və güclü bir külək əsdi, ancaq Rəbb küləkdə deyildi. Küləkdən sonra zəlzələ oldu, ancaq Rəbb zəlzələdə deyildi.  12Zəlzələdən sonra od düşdü, ancaq Rəbb odda deyildi. Oddan sonra xəfif bir meh səsi gəldi.  13İlyas bunu eşidəndə üzünü cübbəsi ilə örtdü və çıxıb mağaranın ağzında dayandı. Bir səs ona dedi: «İlyas, burada nə edirsən?»  14O dedi: «Mən Ordular Allahı Rəbb üçün çox fədakarlıq göstərdim. Çünki İsrail övladları Sənin əhdini unutdular, qurbangahlarını dağıtdılar və peyğəmbərlərini qılıncla öldürdülər. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar».  15 Rəbb ona dedi: «Qalx çöl yolu ilə Dəməşqə get. Oraya çatanda Xazaeli Aram üzərində padşah olmaq üçün məsh et,  16Nimşi oğlu Yehunu İsrail üzərində padşah olmaq üçün məsh et, Avel-Mexoladan olan Şafat oğlu Elişanı öz yerinə peyğəmbər olmaq üçün məsh et.  17Xazaelin qılıncından qurtaranı Yehu öldürəcək, Yehunun qılıncından qurtaranı Elişa öldürəcək.  18 Ancaq Mən İsraildə Baal qarşısında diz çökməmiş və dodaqları onu öpməmiş hər kəsi – yeddi min adamı saxlamışam».

Elişanın peyğəmbərlik çağırışı

19İlyas oranı tərk etdi və Şafat oğlu Elişanı tapdı. O, yer şumlayırdı, önündə on iki cüt öküz var idi və özü on ikinci cüt öküzü sürürdü. İlyas Elişanın yanından keçəndə cübbəsini onun üstünə atdı.  20 Elişa öküzləri qoyub İlyasın dalınca qaçdı və dedi: «Qoy gedib ata-anamı öpüm, sonra sənin dalınca gələrəm». İlyas ona dedi: «Geri qayıt, mən sənə nə etdim?»  21Elişa ondan ayrılıb geri qayıtdı. Öz bir cüt öküzünü götürüb onları qurban kəsdi. Öküzləri kotanın taxtaları ilə bişirib ətlərini xalqa verdi və onlar yedilər. Sonra o qalxıb İlyasın dalınca getdi və ona xidmət etdi.

 

 

1 Padşahlar 20

Ben-Hadadın Samariyaya hücumu

1Aram padşahı Ben-Hadad bütün ordusunu topladı. Onunla birgə otuz iki padşah, atlar və döyüş arabaları var idi. Ben-Hadad gəlib Samariyanı mühasirəyə aldı və şəhərə hücum etdi.  2O, şəhərə, İsrail padşahı Axavın yanına qasidlər göndərib dedi: «Ben-Hadad belə deyir:  3“Sənin qızıl-gümüşün mənimdir, arvadlarının və oğullarının ən yaxşıları da mənimdir”».  4İsrail padşahı cavab verib dedi: «Ağam padşah, sənin söylədiyin kimi özüm və hər nəyim var, sənindir».  5Qasidlər yenə gəlib dedilər: «Ben-Hadad belə söyləyir: “Hərçənd ki sənə ‹qızıl-gümüşünü, arvadlarını və oğullarını mənə ver› deyə xəbər göndərdim,  6ancaq sabah bu vaxt adamlarımı sənin yanına göndərəcəyəm. Evini və əyanlarının evlərini axtaracaqlar və sənin xoşuna gələn hər şeyi götürüb gətirəcəklər”».  7İsrail padşahı ölkənin bütün ağsaqqallarını çağırıb dedi: «Görün bu adam necə pislik axtarır. Arvadlarımı, oğullarımı, qızıl-gümüşümü məndən tələb etdi, mən ondan əsirgəmədim».  8Bütün ağsaqqallar və xalq ona «qulaq asma və razı olma» dedilər.  9O, Ben-Hadadın qasidlərinə dedi: «Ağam padşaha deyin: “Bu qulundan əvvəlcə istədiyin hər şeyi verərəm, ancaq bunu edə bilməyəcəyəm”». Qasidlər gedib onun sözünü çatdırdılar.  10Ben-Hadad ona xəbər göndərib dedi: «Əgər Samariya torpağı mənim dalımca gedən qoşunun ovuclarını doldurmağa bəs edərsə, allahlar mənə beləsini və bundan betərini etsin».  11İsrail padşahı cavab verib dedi: «Söyləyin, qurşanan adam soyunan kimi öyünməsin».  12Bu sözü eşidəndə Ben-Hadad padşahlarla birgə çadırlarda şərab içirdi. O, əsgərlərinə «Sıraya düzülün!» dedi. Onlar şəhərin qarşısında sıraya düzüldülər.

Axavın Ben-Hadadı məğlub etməsi

13Bu vaxt bir peyğəmbər İsrail padşahı Axavın yanına gəlib dedi: «Rəbb belə deyir: “Bu böyük qoşunu görürsənmi? Bu gün onu sənə təslim edəcəyəm və biləcəksən ki, Rəbb Mənəm”».  14Axav dedi: «Kimin vasitəsilə?» O dedi: «Rəbb belə deyir: “Əyalət başçılarının xidmətində olan igidlərin vasitəsilə bunu edəcəyəm”». Sonra Axav dedi: «Döyüşü kim başlayacaq?» O cavab verdi: «Sən».  15Sonra Axav əyalət başçılarının igidlərini sıraya düzdü: onlar iki yüz otuz iki nəfər idi. Onlardan sonra orada olan xalqın hamısını – bütün İsrail övladlarını sıraya düzdü: onlar yeddi min nəfər idi.  16Onlar günorta oradan çıxdılar. Ben-Hadad və ona kömək edən otuz iki padşah çadırlarda içib sərxoşluq edirdilər.  17Əvvəl əyalət başçılarının igidləri çıxdılar. Ben-Hadadın göndərdiyi casuslar ona «Samariyadan adamlar çıxır» deyə bildirdilər.  18O dedi: «Əgər sülh üçün çıxırlarsa, onları diri tutun, yox, döyüş üçün çıxırlarsa, yenə onları diri tutun».  19O vaxt bu adamlar – həm əyalət başçılarının igidləri, həm də onların ardınca gələn qoşun artıq şəhərdən çıxmışdı.  20Onlardan hər biri qarşısında duranı vurdu. Aramlılar qaçdılar və İsraillilər onları təqib etdilər. Aram padşahı Ben-Hadad at üstündə süvariləri ilə birgə qaçıb qurtardı.  21İsrail padşahı oradan çıxıb atlara və döyüş arabalarına hücum etdi və Aramlıları böyük tələfata uğratdı.

Aramlıların ikinci hücumu

22Həmin peyğəmbər İsrail padşahının yanına gəlib ona dedi: «Get özünü möhkəmləndir, gör ki, nə etməlisən. Çünki bahar gələndə Aram padşahı yenə sənin üstünə gələcək».  23Aram padşahının əyanları ona deyirdilər: «İsraillilərin Allahı təpələr Allahıdır, buna görə də onlar bizə qalib gəldilər. Onlarla düzənlikdə vuruşaq, hökmən biz onlara qalib gələcəyik.  24Belə et: padşahların hər birini vəzifəsindən götür və onların yerinə valilər təyin et.  25Sən isə at yerinə at, araba yerinə araba qoyaraq itirdiyin ordu kimi özün üçün bir ordu düzəlt ki, biz onlara qarşı düzənlikdə vuruşaq. Hökmən biz onlara qalib gələcəyik». Ben-Hadad onların sözünə qulaq asdı və belə etdi.  26Bahar gələndə Ben-Hadad Aramlıları topladı və İsraillilərlə vuruşmaq üçün Afeqə doğru getdi.  27İsrail övladları da toplaşdılar, azuqə hazırladılar və onların qarşısına getdilər. İsrail övladları onların önündə iki kiçik sürü kimi ordugah qurdular, Aramlılar isə hər tərəfi tutmuşdular.  28Allah adamı İsrail padşahının yanına gəlib dedi: «Rəbb belə deyir: “Aramlılar ‹Rəbb təpələr Allahıdır, düzənliklər Allahı deyil› deyirlər. Buna görə də Mən bu böyük qoşunu bütünlüklə sənə təslim edəcəyəm və biləcəksiniz ki, Rəbb Mənəm”».  29Onlar bir-birlərinin qarşısında yeddi gün ordugahda qaldılar. Yeddinci gün döyüş başlandı. İsrail övladları bir gündə Aramlıların piyada qoşunundan yüz min nəfəri qırdılar.  30Onların qalanları Afeqə – şəhərin içinə qaçdılar. Şəhərin divarı qalan iyirmi yeddi min nəfərin üstünə yıxıldı. Ben-Hadad şəhərə qaçıb bir iç otağa girdi.  31Əyanları ona dedilər: «Biz eşitmişik ki, İsrail padşahları mərhəmətli padşahlardır. Gəlin bellərimizə çul, başlarımıza ip sarıyaq və İsrail padşahının yanına gedək. Bəlkə o səni sağ buraxar».  32Onlar bellərinə çul, başlarına ip bağladılar və gəlib İsrail padşahına dedilər: «Qulun Ben-Hadad “yalvarıram, məni sağ burax” deyir». İsrail padşahı dedi: «O hələ sağdır? O ki mənim qardaşımdır».  33Bu adamlar bir əlamət gözləyirdilər, padşahın sözünü yaxşı əlamət sayıb cəld dedilər: «Bəli, Ben-Hadad sənin qardaşındır». O dedi: «Gedin, onu gətirin». Ben-Hadad onun yanına gəldi və o, Ben-Hadadı öz döyüş arabasına mindirdi.  34Ben-Hadad ona dedi: «Mənim atamın sənin atandan aldığı şəhərləri geri qaytarıram. Atamın Samariyada düzəltdiyi kimi sən də Dəməşqdə özün üçün bazarlar düzəldərsən». İsrail padşahı dedi: «Mənimlə saziş bağlayandan sonra səni buraxacağam». Ben-Hadadla saziş bağladı və onu buraxdı.

İsrail padşahı və peyğəmbər

35Peyğəmbərlərdən olan bir nəfər Rəbbin sözü ilə öz yoldaşına dedi: «Məni vur». O adam onu vurmaq istəmədi.  36Onda peyğəmbər o adama dedi: «İndi ki sən Rəbbin sözünə qulaq asmadın, mənim yanımdan gedəndə bir şir səni öldürəcək». Peyğəmbərin yanından gedəndə bir şir ona rast gəlib onu öldürdü.  37Peyğəmbər başqa bir adam tapıb ona dedi: «Məni vur». O adam peyğəmbəri vurub yaraladı.  38Peyğəmbər getdi və gözlərini örtərək qiyafəsini dəyişib padşahın yolu üstündə dayandı.  39Padşah keçəndə onu səsləyib dedi: «Bu qulun döyüşün ortasına girmişdi. Bu zaman bir adam kənara çəkildi və mənim yanıma bir nəfər gətirib dedi: “Bu adamı qoru. Əgər aradan çıxsa, əvəzində ya canını verəcəksən ya da bir talant gümüş”.  40Bu qulun orada-burada çalışarkən o, yanımdan qaçdı». İsrail padşahı bu adama dedi: «Hökmün elə də olmalıdır, özün qərar vermisən».  41O cəld gözlərindən örtüyü götürdü. İsrail padşahı onun peyğəmbərlərdən biri olduğunu gördü.  42O, İsrail padşahına dedi: «Rəbb belə deyir: “Mənim lənətlədiyim adamı sən əldən buraxdın. Buna görə də onun yerinə sən öləcəksən və onun xalqının başına gələcək işlər sənin xalqının başına gələcək”».  43İsrail padşahı qaşqabaqlı və dilxor halda Samariyada olan evinə gəldi.

 

 

1 Padşahlar 21

Navotun bağı

1İzreeldə, Samariya padşahı Axavın sarayının yanında İzreelli Navotun bir üzüm bağı var idi.  2Bir müddət sonra Axav Navota dedi: «Üzüm bağını mənə ver ki, oranı özüm üçün bostan edim, çünki evimə yaxındır. Mən onun əvəzinə sənə daha yaxşı bağ verərəm ya da istəsən, onun dəyərini sənə pulla ödəyərəm».  3Navot Axava dedi: «Qoy atalarımın mirasını sənə verməyi Rəbb məndən uzaq etsin!»  4Axav evinə qaşqabaqlı və dilxor halda qayıtdı, çünki İzreelli Navot ona «atalarımın mirasını sənə vermərəm» demişdi. O, yatağı üzərinə uzanıb üzünü çevirdi və yemək yemədi.  5Arvadı İzevel yanına gəlib ona dedi: «Niyə qanın qaradır, heç yemək də yemirsən?»  6O dedi: «Mən İzreelli Navota “üzüm bağını pulla mənə sat ya da istəsən, onun əvəzində sənə başqa üzüm bağı verərəm” söylədim, o isə dedi: “Üzüm bağımı sənə vermərəm”».  7Arvadı İzevel ona dedi: «İndi İsrail üzərində padşahlıq edən sənsən ya yox? Qalx yemək ye, ürəyini sıxma. İzreelli Navotun üzüm bağını mən sənə verərəm».  8O, Axavın adından məktublar yazdı və onları Axavın möhürü ilə möhürlədi. Navotun şəhərində onunla birgə yaşayan ağsaqqallara və əyanlara məktublar göndərdi.  9İzevel məktublarda belə yazdı: «Oruc elan edin və Navotu xalqın arasında yuxarı başda əyləşdirin.  10İki nəfər yaramaz adamı onun qarşısında oturdun və onlar şahidlik edərək desinlər: “Sən Allahı və padşahı lənətlədin”. Sonra onu bayıra çıxarın və ölənə qədər daşqalaq edin».  11Navotun yaşadığı şəhərin adamları – orada yaşayan ağsaqqallar və əyanlar İzevelin onlara göndərdiyi məktublarda yazdığı kimi etdilər.  12Onlar oruc elan etdilər və Navotu xalqın arasında yuxarı başda əyləşdirdilər.  13İki nəfər yaramaz adam gəlib onun qarşısında oturdu. Onlar xalqın önündə Navota qarşı «Navot Allahı və padşahı lənətlədi» deyə şahidlik etdilər. Sonra onu şəhərin kənarına çıxartdılar və daşqalaq edib öldürdülər.  14Onlar İzevelə xəbər göndərib dedilər: «Navot daşqalaq olunaraq öldü».  15İzevel Navotun daşqalaq olunaraq öldüyünü eşidəndə Axava dedi: «Qalx İzreelli Navotun sənə pulla vermək istəmədiyi üzüm bağını özünə mülk götür, çünki Navot sağ deyil, ölüb».  16Axav İzreelli Navotun öldüyünü eşidəndə onun üzüm bağını özünə mülk götürmək üçün oraya yollandı.

Axavın nəsli barədə İlyasın peyğəmbərliyi

17Tişbeli İlyasa Rəbbin bu sözü nazil oldu:  18«Qalx Samariyada İsrailə padşahlıq edən Axavı qarşılamağa get. O, Navotun üzüm bağındadır. Axav onu mülk etmək üçün oraya yollandı.  19Sən ona söylə ki, Rəbb belə deyir: “Qatillik etdin, hələ özünə mülk də götürürsən?” Sonra ona söylə ki, Rəbb belə deyir: “Navotun qanını köpəklərin yaladıqları yerdə sənin də qanını köpəklər yalayacaq”».  20Axav İlyasa dedi: «Ey düşmənim, axır məni də tapdın». O dedi: «Bəli, səni də tapdım. Sən Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim etdin.  21“Budur, sənin üzərinə bəla gətirəcəyəm, səni yandırıb məhv edəcəyəm. İsraildə Axavın nəslindən divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam.  22Mən sənin evini Nevat oğlu Yarovamın evi kimi, Axiya oğlu Baaşanın evi kimi edəcəyəm. Çünki sən İsrailə günah etdirərək Məni qəzəbləndirdin”.  23 Rəbb İzevel barədə dedi: “İzreel divarının içərisində İzeveli köpəklər yeyəcək”.  24Axavın nəslindən şəhərdə öləni köpəklər, çöldə öləni isə quşlar yeyəcək».  25Həqiqətən, Axav kimi Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim edən hələ olmamışdı. Arvadı İzevel onu buna təhrik edirdi.  26Axav İsrail övladlarının önündən Rəbbin qovduğu Emorlular kimi bütlərə xidmət edərək çox iyrənc işlər etdi.  27Axav bu sözləri eşidəndə libasını cırıb əyninə çul geydi. O, oruc tutub çulda yatdı və qüssəyə batdı.  28Tişbeli İlyasa Rəbbin bu sözü nazil oldu:  29«Gördünmü Axav Mənim önümdə özünü necə aşağı tutdu? Önümdə özünü aşağı tutduğu üçün Mən bu bəlanı onun dövründə göndərməyəcəyəm, oğlunun dövründə bu bəlanı onun evinə göndərəcəyəm».

 

 

1 Padşahlar 22

Yehoşafat, Axav və peyğəmbər Mikeya

(2Saln. 18:2-27)

1Üç il keçdi. Bu müddətdə Aramla İsrail arasında müharibə getmirdi.  2Üçüncü ildə Yəhuda padşahı Yehoşafat İsrail padşahının yanına gəldi.  3İsrail padşahı əyanlarına dedi: «Bilirsiniz ki, Ramot-Gilead bizimdir? Biz isə onu Aram padşahının əlindən almaq üçün heç nə etmirik».  4Sonra o, Yehoşafata dedi: «Sən mənimlə birgə vuruşmaq üçün Ramot-Gileada gedirsənmi?» Yehoşafat İsrail padşahına dedi: «Məni özün kimi, xalqımı xalqın kimi, atlarımı atların kimi hesab et».  5Yehoşafat yenə İsrail padşahına dedi: «Əvvəlcə görək Rəbbin sözü nədir?»  6İsrail padşahı dörd yüzə qədər peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedilər: «Get, Xudavənd onu padşaha təslim edəcək».  7Yehoşafat dedi: «Burada olanlardan başqa, Rəbbin bir peyğəmbəri yoxdur ki, ondan soruşaq?»  8İsrail padşahı Yehoşafata dedi: «Rəbdən soruşmaq üçün bir nəfər də var: İmla oğlu Mikeya. Ancaq mənim ondan zəhləm gedir, çünki yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edir». Yehoşafat dedi: «Qoy padşah belə söyləməsin».  9İsrail padşahı bir saray xidmətçisini çağırıb dedi: «Tez İmla oğlu Mikeyanı buraya gətir».  10İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Samariya darvazalarının girəcəyindəki meydanda şahlıq libası geymiş halda hər biri öz taxtında oturmuşdu və bütün peyğəmbərlər onların önündə peyğəmbərlik edirdilər.  11Kenaana oğlu Sidqiya özünə dəmir buynuzlar düzəldib dedi: «Rəbb belə deyir: “Aramlıları qırıb qurtarana qədər onları beləcə buynuzlayacaqsan”».  12Bütün peyğəmbərlər də peyğəmbərlik edərək deyirdilər: «Ramot-Gileada get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək».  13Mikeyanı çağırmaq üçün gedən qasid ona dedi: «İndi peyğəmbərlər padşaha bir ağızdan xoş sözlər deyirlər. Sənin sözün də onlardan birinin sözü kimi olsun və yaxşılığa danış».  14Mikeya dedi: «Var olan Rəbbə and olsun ki, Rəbb mənə nə desə, onu söyləyəcəyəm».  15O, padşahın yanına gəldi və padşah ona dedi: «Mikeya, vuruşmaq üçün Ramot-Gileada gedək, yoxsa getməyək?» Mikeya ona dedi: «Get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək».  16Padşah ona dedi: «Səni neçə dəfə and içdirim ki, mənə Rəbbin adı ilə həqiqətdən başqa bir şey söyləməyəcəksən?»  17 Mikeya dedi: «Mən bütün İsrailliləri təpələr üstündə çobanı olmayan sürü kimi səpələnmiş gördüm. Rəbb dedi: “Onların ağaları yoxdur. Qoy hər biri salamat öz evinə qayıtsın”».  18İsrail padşahı Yehoşafata dedi: «Sənə demədimmi o mənim yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edəcək?»  19Mikeya dedi: «Onda Rəbbin sözünü eşit. Mən Rəbbi Öz taxtında oturmuş və bütün göylər ordusunu Onun sağında və solunda durmuş gördüm.  20Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə.  21Bir ruh irəli çıxıb Rəbbin önündə dayandı və dedi: “Mən onu tovlayaram”. Rəbb ona dedi: “Necə?”  22O dedi: “Mən çıxıb bütün peyğəmbərlərin ağzında yalançı bir ruh olaram”. Rəbb dedi: “Sən onu tovlayacaqsan, bunu bacarırsan, get və belə et”».  23Mikeya davam etdi: «İndi, budur, Rəbb sənin bütün bu peyğəmbərlərinin ağzına yalançı bir ruh qoymuşdur. Beləcə Rəbb sənin başına bəla gətirməyi qərara aldı».  24Kenaana oğlu Sidqiya yaxınlaşdı və Mikeyanın yanağına vurub dedi: «Rəbbin Ruhu səndə danışmaq üçün məndən sənə necə keçdi?»  25Mikeya dedi: «Sən gizlənmək üçün iç otağa girdiyin gün bunu biləcəksən».  26İsrail padşahı dedi: «Mikeyanı götür, onu şəhər rəisi Amonun və padşahın oğlu Yoaşın yanına göndər.  27Onlara söylə ki, padşah belə deyir: “Bu adamı zindana atın və mən salamat qayıdana qədər ona çox az çörək və su verərək zülm edin”».  28Mikeya dedi: «Əgər sən salamat qayıtsan, Rəbb mənim vasitəmlə danışmamışdır». Sonra dedi: «Ey camaat, hamınız eşidin!»

Axavın ölümü

(2Saln. 18:28-34)

29İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Ramot-Gileada getdilər.  30İsrail padşahı Yehoşafata dedi: «Mən qiyafəmi dəyişib döyüşə girəcəyəm, ancaq sən öz şahlıq libasını gey». İsrail padşahı qiyafəsini dəyişib döyüşə girdi.  31Aram padşahı öz döyüş arabalarının otuz iki başçısına «nə kiçiklə, nə də böyüklə vuruşun, yalnız İsrail padşahı ilə döyüşə girin» deyə əmr etmişdi.  32Döyüş arabalarının başçıları Yehoşafatı görəndə dedilər: «Yəqin İsrail padşahı budur». Dönüb onunla vuruşmağa getdilər. Onda Yehoşafat çığırdı.  33Döyüş arabalarının başçıları onun İsrail padşahı olmadığını görəndə ardınca getməyib geri qayıtdılar.  34Bir adam nişan almadan yay çəkib İsrail padşahını zirehlərin birləşdiyi yerdən vurdu. Padşah arabaçısına dedi: «Döndər və məni döyüşdən çıxar, çünki yaralanmışam».  35O gün döyüş qızışdı. Padşah öz döyüş arabasında Aramlıların önündə söykənib dayandı. Döyüş arabası onun yarasının qanına bulaşdı. Axşam o öldü.  36Günəş batmaqda ikən ordugahın içində «Hər kəs öz şəhərinə! Hər kəs öz ölkəsinə!» deyə car çəkildi.  37Beləcə padşah öldü və onu Samariyaya gətirib orada basdırdılar.  38Arabanı Samariya hovuzunun suyunda yudular. Rəbbin söylədiyi sözə görə köpəklər onun qanını yaladı. O hovuzda fahişələr yuyunardı.  39Axavın qalan işləri və onun etdiyi hər şey, fil sümüyündən tikdiyi saray və tikdiyi bütün şəhərlər barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  40Axav ataları ilə uyudu və yerinə oğlu Axazya padşah oldu.

Yəhuda padşahı Yehoşafat

(2Saln. 20:31-21:1)

41İsrail padşahı Axavın padşahlığının dördüncü ilində Asa oğlu Yehoşafat Yəhuda üzərində padşah oldu.  42Yehoşafat padşah olduğu vaxt otuz beş yaşında idi. O, Yerusəlimdə iyirmi beş il padşahlıq etdi. Anasının adı Şilxi qızı Azuva idi.  43O, atası Asanın yolu ilə getdi və Rəbbin gözündə doğru olan işlər edərək bunlardan kənara çıxmadı. Ancaq səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.  44Yehoşafat İsrail padşahı ilə sülh içində yaşadı.  45Yehoşafatın qalan işləri, onun göstərdiyi hünər və necə döyüşdüyü barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  46O, atası Asanın qovmadığı məbəd fahişəliyi ilə məşğul olan kişiləri ölkədən qovdu.  47Edomda padşah yox idi, bir canişin orada hökmranlıq edirdi.  48Yehoşafat qızıl dalınca Ofirə getmək üçün Tarşiş gəmiləri düzəltdi. Ancaq gedə bilmədilər, çünki gəmilər Esyon-Geverdə parçalandı.  49Onda Axav oğlu Axazya Yehoşafata dedi: «Qoy gəmilərdə sənin adamlarınla birgə mənim adamlarım da getsinlər». Ancaq Yehoşafat razı olmadı.  50Yehoşafat ataları ilə uyudu və atası Davudun şəhərində, ataların yanında basdırıldı. Onun yerinə oğlu Yehoram padşah oldu.

İsrail padşahı Axazya

51Yəhuda padşahı Yehoşafatın padşahlığının on yeddinci ilində Axav oğlu Axazya Samariyada İsrail üzərində padşah oldu. O, iki il İsrail üzərində padşahlıq etdi.  52Axazya Rəbbin gözündə pis olan işlər etdi, ata-anasının və İsrailə günah

 

 

 

Yeremya 21

Allahın Sidqiyanın sözünü rədd etməsi

1Padşah Sidqiya Malkiya oğlu Paşxuru və Maaseya oğlu Sefanyanı Yeremyanın yanına göndərəndə Rəbdən Yeremyaya söz nazil oldu. Paşxur ilə Sefanya belə demişdi:  2 «Gəl bizim barəmizdə Rəbdən soruş. Çünki Babil padşahı Navuxodonosor bizə qarşı müharibə edir. Bəlkə Rəbb keçmişdə etdiyi möcüzələrə bənzər bir şey edər və Navuxodonosor bizdən əl çəkər?»  3O zaman Yeremya onlara dedi: «Sidqiyaya söyləyin ki,  4İsrailin Allahı Rəbb belə deyir: “Divarların o tərəfində sizi mühasirəyə alan Babil padşahı və Xaldeylilərlə müharibədə istifadə etdiyiniz silahları özünüzə qarşı çevirəcəyəm. Silahlarınızı bu şəhərin ortasına toplayacağam.  5Mən sizə qarşı əl qaldıracağam, güclü qolumla, qızğınlıq, qəzəb və böyük hiddətlə sizinlə vuruşacağam.  6Bu şəhərdə yaşayan insanı da, heyvanı da məhv edəcəyəm. Onlar şiddətli vəbadan öləcək”.  7Rəbb belə bəyan edir: “Bundan sonra Yəhuda padşahı Sidqiyanı və əyanlarını, həmçinin bu şəhərdə vəbadan, qılıncdan və aclıqdan sağ qalanları Babil padşahı Navuxodonosora və canlarını almaq istəyən düşmənlərinə təslim edəcəyəm. O onları qılıncdan keçirəcək, onlara nə rəhm, nə şəfqət, nə də mərhəmət edəcək”.  8Bu xalqa söylə ki, Rəbb belə deyir: “Budur, həyat yolunu və ölüm yolunu önünüzə qoyuram.  9Bu şəhərdə qalan qılınc, aclıq və vəbadan öləcək. Lakin kim bayıra çıxıb sizi mühasirəyə alan Xaldeylilərə təslim olsa, sağ qalacaq, heç olmasa öz canını qurtaracaq.  10Ona görə ki bu şəhərə yaxşılıq deyil, pislik etməyə niyyət etdim” Rəbb belə bəyan edir. “Bura Babil padşahına təslim ediləcək, o da buranı yandırıb yox edəcək”.

Zalım padşahları məzəmmət

11Yəhuda padşahının ailəsinə söylə ki,

Rəbbin sözünü eşidin.

12Ey Davud nəsli, Rəbb belə deyir:

“Hər səhər ədalətlə rəftar edin,

Məzlumu zalımın əlindən qurtarın.

Yoxsa pis əməllərinizə görə

Qəzəbim od kimi çıxıb yandıracaq,

Onu söndürən olmayacaq”.

13Rəbb bəyan edir:

“Mən sənə qarşıyam,

Ey vadinin üstündəki

Yaylada olan qayada oturan Yerusəlim!”

Siz deyirsiniz:

“Üstümüzə kim gələr?

Məskənlərimizə kim girər?”

14Rəbb bəyan edir:

“Mən sizi əməllərinizin

Bəhrəsinə görə cəzalandıracağam.

Meşələrinə elə od vuracağam ki,

Ətrafındakı hər şeyi yandırıb-yaxacaq”».

 

 

Yeremya 22

Allahın padşah sülaləsinə müraciəti

1Rəbb belə dedi: «Yəhuda padşahının sarayına get, orada bu sözü bildirib söylə ki,  2ey Davudun taxtı üzərində oturan Yəhuda padşahı, ey bu darvazalardan girən əyanlarla xalq, Rəbbin sözünü eşidin.  3Rəbb belə deyir: “Ədalət və salehliklə rəftar edin. Məzlumu zalımın əlindən qurtarın. Qəribə, yetimə və dul qadına haqsızlıq etməyin, zorakılıq etməyin, bu yerdə günahsız qan tökməyin.  4Əgər siz bu əmrə, həqiqətən, əməl etsəniz, o zaman Davudun taxtında oturan padşahlar döyüş arabalarına və atlara minib əyanları və xalqları ilə birgə bu sarayın darvazalarından girəcək.  5Lakin bu sözləri eşitməsəniz, Öz varlığıma and içirəm ki, bu ev viran qalacaq” Rəbb belə bəyan edir.  6Bəli, Yəhuda padşahının sarayı barədə Rəbb belə deyir: “Sən Mənim üçün Gilead,

Livanın zirvəsi kimisən.

Ancaq Mən hökmən səni bir çölə,

Kimsənin yaşamadığı şəhərlərə çevirəcəyəm.

7Sənə qarşı həlak edənlər təyin edəcəyəm,

Hamısının əlində silah olacaq.

Sənin ən yaxşı sidr ağaclarını kəsəcəklər,

Onları oda atacaqlar.

8 Bir çox millətlər bu şəhərin yanından keçib bir-birlərindən soruşacaq: ‹Bu böyük şəhəri Rəbb niyə belə xaraba qoydu?›  9Onda deyəcəklər: ‹Çünki özlərinin Allahı Rəbbin əhdini tərk etdilər, başqa allahlara səcdə və qulluq etdilər›”».

Padşah Şallum barədə vəhy

10Ölən padşah üçün ağlamayın,

Yas tutmayın.

Ancaq sürgünə gedən üçün acı-acı ağlayın,

Çünki daha qayıtmayacaq,

Doğma vətənini görməyəcək.

11Bəli, atası Yoşiyanın yerinə Yəhuda padşahı olan və buradan çıxıb gedən Yoşiya oğlu Şallum barədə Rəbb deyir: «O daha bura qayıtmayacaq,  12sürgün olunduğu yerdə öləcək və artıq bu ölkəni görməyəcək.

Padşah Yehoyaqim barədə vəhy

13Vay o adamın halına ki,

Sarayını haqsızlıqla,

Yuxarı otaqlarını ədalətsizliklə tikir,

Öz soydaşını müftə işlədir,

Ona muzdunu vermir.

14Vay o adamın halına ki,

“Özümə geniş yuxarı otaqları olan

Böyük bir saray tikdirəcəyəm” deyib

Oraya pəncərələr açır,

Ətrafını sidr ağacı ilə örtür.

Qırmızı rənglə boyayır.

15Çoxlu sidr ağacın olduğu üçünmü

Özünü padşah sanırsan?

Atan da doyunca yeyib-içirdi,

Ədalət və salehliklə rəftar edirdi.

Ona görə də işləri uğurlu oldu.

16Məhkəmədə məzlum, yoxsul adamın işinə baxırdı,

Ona görə də işləri uğurlu oldu».

Rəbb bəyan edir: «Məni tanımaq

Elə bu deyilmi?

17Ancaq sənin gözlərin və ürəyin

Öz haram qazancında,

Tökmək istədiyin günahsız qanda,

Etmək istədiyin qəddarlıqda,

Zorakılıqda qalıb».

18 Buna görə də Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqim barədə Rəbb belə deyir: «Onun üçün “vay qardaşım, vay bacım” söyləyib yas tutmayacaqlar,

“Vay ağam, heyf onun izzəti” söyləyib yas tutmayacaqlar.

19Onu sürüyüb Yerusəlim darvazalarından kənara atacaqlar,

Eşşək basdırılan kimi basdırılacaq».

Yerusəlim barədə vəhy

20«Livana qalxıb fəryad et,

Başanda səsini ucalt,

Avarimdən nalə çək,

Çünki bütün müttəfiqlərin əzildi.

21Hər şeyin əmin-amanlıqda olanda

Sənə nəsihət etdim,

Ancaq “qulaq asmayacağam” dedin.

Uşaqlığından xasiyyətin belədir,

Sözümə qulaq asan deyilsən.

22Külək bütün başçılarını alıb-aparacaq,

Müttəfiqlərin sürgünə gedəcək.

O zaman etdiyin bütün pisliklərdən ötrü

Utanıb rüsvay olacaqsan.

23Ey sən “Livanda”

yaşayan, Yuvasını sidr ağacından quran!

Sənə hamilə qadın kimi

Ağrılar, sancılar gələndə

Necə ah-zar edəcəksən!»

Padşah Yehoyakin barədə vəhy

24 Rəbb bəyan edir: «Varlığıma and olsun ki, ey Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakin, sağ əlimdəki möhür üzüyü olsan da, səni çıxarıb atardım.  25Canını almaq istəyənlərə, qorxduğun adamlara, Babil padşahı Navuxodonosora və Xaldeylilərə səni təslim edəcəyəm.  26Özünü, səni doğan ananı doğulmadığınız yad bir ölkəyə atacağam və orada öləcəksiniz.  27Qayıtmağa can atdığınız ölkəyə bir daha qayıtmayacaqsınız».  28Bu adam – Yehoyakin xor baxılan qırıq bir kasa, heç kəsin bəyənmədiyi bir qabdırmı? Bəs nə üçün özü də, övladları da aparılıb tanımadıqları bir ölkəyə atıldı?  29Ölkə, ey ölkə, Rəbbin sözünü eşit, ey ölkə!  30Rəbb deyir: «Bu adamı övladsız, ömründə işləri uğurlu olmayan bir kişi hesab edin. Çünki nəslindən heç kim uğur qazanmayacaq. Nəslindən heç kim Davudun taxtında oturmayacaq, Yəhudada bir daha padşahlıq etməyəcək».

 

Yeremya 23

Saleh padşah

1Rəbb bəyan edir: «Otlağımın qoyunlarını məhv edən və pərən-pərən salan çobanların vay halına!»  2Buna görə də İsrailin Allahı Rəbb xalqımı otaran çobanların əleyhinə belə deyir: «Siz Mənim sürümü pərən-pərən salıb qovdunuz, onların qayğısına qalmadınız. İndi Mən də etdiyiniz bəd əməllərə görə cəzanızın qayğısına qalacağam» Rəbb belə bəyan edir.  3«Sürümün qalanlarını sürgün etdiyim bütün ölkələrdən yığıb-toplayacağam, onları yenə ağıllarına qaytaracağam və törəyib çoxalacaqlar.  4Üstlərinə onları otaracaq çobanlar qoyacağam. Daha qorxub dəhşətə düşməyəcəklər, biri də itməyəcək» Rəbb belə bəyan edir.  5

«Budur, Davud üçün saleh bir Pöhrə Çıxaracağım günlər gəlir.

Bu Padşah müdrikliklə padşahlıq edəcək,

Ölkədə ədalətli və saleh işlər görəcək»

Rəbb belə bəyan edir.

6«Onun dövründə Yəhuda xilas olacaq,

İsrail əmin-amanlıqda yaşayacaq.

Onu “Rəbb salehliyimizdir” çağıracaqlar».

7Buna görə də Rəbb bəyan edir: «Bir gün gələcək ki, insanlar artıq “İsrail övladlarını Misir torpağından çıxaran Rəbbin varlığına and olsun” deməyəcək,  8amma “İsrail nəslindən törəyənləri şimal ölkəsindən və sürgün etdiyi bütün başqa ölkələrdən geri qaytaran Rəbbin varlığına and olsun” deyəcək. Beləcə öz torpaqlarında yaşayacaqlar».

Yəhudanın yalançı peyğəmbərləri

9Peyğəmbərlər haqqında: Ürəyim içimdə parçalandı,

Bütün sümüklərim titrədi.

Rəbbə görə,

Onun müqəddəs sözlərinə görə

Bir sərxoş kimi,

Şəraba aludə olan adam kimiyəm.

10Çünki ölkə zinakarlarla doludur,

Lənətə görə yas tutur.

Çöldəki otlaqlar quruyub,

Adamlar pis yola düşüb.

Güclərini zorakılığa sərf edirlər.

11Rəbb bəyan edir:

«Peyğəmbər də, kahin də allahsızdır,

Məbədimdə pisliklərini gördüm.

12Buna görə getdikləri yol

Qaranlıqda sürüşkən yer kimi olacaq,

Orada qovulub yıxılacaqlar.

Çünki cəzalanacaqları il

Başlarına fəlakət gətirəcəyəm»

Rəbb belə bəyan edir.

13«Samariya peyğəmbərləri arasında

Bu iyrənc işi gördüm:

Baalın adı ilə peyğəmbərlik edərək

Xalqım İsraili yoldan azdırdılar.

14Yerusəlim peyğəmbərləri arasında Bu qorxunc işi gördüm:

Zina edirlər,

Yalan dalınca gedirlər.

Zorakıların qoluna güc verirlər.

Beləcə heç kəs pisliyindən dönmür.

Hamısı Mənim üçün Sodom kimi,

Şəhər xalqı Homorra kimi oldu».

15Buna görə də Ordular Rəbbi

Peyğəmbərlər haqqında belə deyir:

«Baxın Mən onlara yovşan yedirəcəyəm,

Zəhərli su içirəcəyəm.

Çünki allahsızlıq Yerusəlim peyğəmbərlərindən

Bütün ölkəyə yayıldı».

16Ordular Rəbbi belə deyir: «Sizin üçün peyğəmbərlik edən

Peyğəmbərlərin sözünə qulaq asmayın.

Onlar sizə boş şeylər öyrədir.

Rəbbin ağzından çıxanları deyil,

Özlərinin uydurduqları görüntüləri söyləyirlər.

17Onlar Mənə xor baxanlara deyir:

“Rəbb söylədi ki, sizin üçün

Əmin-amanlıq olacaq”.

İnadkarlıqla ürəklərinin istədiyinə uyanlara deyirlər:

“Üstünüzə fəlakət gəlməyəcək”.

18Rəbbin sözünü anlayıb eşitmək üçün

Rəbbin məclisində kimsə durubmu?

Onun sözünə qulaq asıb eşidən varmı?

19Budur, Rəbbin fırtınası qəzəblə qopacaq,

Qasırğa fırlanıb

Pis adamların başında çatlayacaq.

20Ürəyinin istəyinə çatana qədər,

Onu bitirənə qədər

Rəbbin qəzəbi dayanmayacaq.

Gələcək günlərdə bunu açıq-aşkar anlayacaqsınız.

21Bu peyğəmbərləri Mən göndərmədim,

Amma ora-bura qaçdılar.

Onlara Mən söz demədim,

Amma peyğəmbərlik etdilər.

22Ancaq onlar məclisimdə dursaydılar,

Sözlərimi xalqıma çatdırardılar.

Pis yollarından, şər əməllərindən

Xalqı çəkindirərdilər».

23Rəbb bəyan edir:

«Mən yalnız yaxında olan Allah deyiləm,

Həm də uzaqda olan Allaham.

24Kimsə gizli yerlərdə saxlana bilər ki,

Mən onu görə bilməyim?»

Rəbb belə bəyan edir.

«Yeri, göyü Mən doldurmamışammı?»

Rəbb belə bəyan edir.

25«Mənim adımdan yalan söyləyən peyğəmbərlərin “Yuxu gördüm, yuxu gördüm!” sözlərini eşitdim.  26Nə vaxta qədər yalan söyləyən, öz ürəklərinin uydurmalarını bildirən peyğəmbərlər bu işlə məşğul olacaq?  27Ataları necə Baal bütünə görə adımı unutdularsa, onlar da zənn edir ki, bir-birlərinə danışdıqları yuxularla xalqıma adımı unutduracaq.  28Yuxu görən peyğəmbər yuxusunu söyləsin. Amma sözüm nazil olan adam onu dəqiq danışsın. Daha buğdanın yanında saman nədir?» Rəbb belə bəyan edir.  29«Mənim sözüm bir od kimi, qayaları parçalayan gürz kimi deyilmi?» Rəbb belə bəyan edir.  30«Buna görə də Mən peyğəmbərlərə qarşıyam, onlar sözlərimi bir-birlərindən oğurlayır» Rəbb belə bəyan edir.  31«Bax Mən peyğəmbərlərə qarşıyam. Onlar öz dillərini tərpədib “Rəbb belə deyir” söyləyir» Rəbb belə bəyan edir.  32«Bax Mən yalançı yuxular görüb peyğəmbərlik edənlərə qarşıyam» Rəbb belə bəyan edir. «Onlar bu yuxuları danışıb yalanları və boş lovğalıqları ilə xalqımı yoldan azdırır. Onları Mən göndərmədim, onlara heç nə buyurmadım. Bu xalqa heç bir faydaları yoxdur» Rəbb belə bəyan edir.  33«Əgər bu xalqdan biri yaxud bir peyğəmbər ya da bir kahin səndən “Bəs Rəbbin yük olan kəlamı nədir?” soruşsa, ona söylə: “Yük sizsiniz. Mən sizi atacağam” Rəbb belə bəyan edir.  34“Rəbbin yük olan kəlamıdır” deyən peyğəmbərə, kahinə yaxud adi adama gəlincə, Mən o adamı da, onun ailəsini də cəzalandıracağam.  35Hər biriniz öz yoldaşınıza, soydaşınıza belə deyin: “Rəbb nə cavab verdi? Rəbb nə söylədi?”  36Bir daha Rəbbin yük olan kəlamını yada salmayacaqsınız, çünki hər kəsin sözü özünə yük olacaq. Bununla siz var olan Allahın, Ordular Rəbbinin, Allahımızın sözlərini təhrif etdiniz.  37Peyğəmbərə belə söylə: “Rəbb sənə nə cavab verdi? Rəbb nə söylədi?”  38“Rəbbin yük olan kəlamıdır” desəniz də, Rəbb hökmən belə deyər: “‹Rəbbin yük olan kəlamıdır› deyirsiniz, halbuki Mən sizə xəbərdarlıq edib ‹Rəbbin yük olan kəlamıdır› deməməyi söyləmişdim.  39Buna görə də sizi tamamilə unudacağam, sizi də, özünüzə və atalarınıza verdiyim şəhəri də önümdən rədd edəcəyəm.  40Üzərinizə heç vaxt unudulmayan biabırçılıq, əbədi rüsvayçılıq gətirəcəyəm”».

 

 

Yeremya 24

İki səbət əncirlə müqayisə

1Babil padşahı Navuxodonosor Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini, Yəhuda başçılarını, ustaları və sənətkarları Yerusəlimdən sürgün edib Babilə apardı. Bu hadisədən sonra Rəbb mənə Öz məbədi önündə qoyulmuş iki səbət əncir göstərdi.  2Bir səbətdə ilk məhsula oxşayan çox yaxşı əncirlər, o biri səbətdə isə əzik olduqları üçün yeməyə yararsız olan çox pis əncirlər var idi.  3Rəbb mənə dedi: «Nə görürsən, Yeremya?» Mən dedim: «Əncir. Yaxşı əncirlər çox yaxşıdır, pis əncirlər isə çox pis, əzilib yararsız hala düşmüşdür, onları yemək olmaz».  4Mənə Rəbbin bu sözü nazil oldu:  5«İsrailin Allahı Rəbb belə deyir: “Buradan Xaldey ölkəsinə sürgünə göndərdiyim Yəhuda əsirlərini bu yaxşı əncirlər kimi yaxşı hesab edəcəyəm.  6Yaxşı yaşasınlar deyə gözlərim onların üzərində olacaq və onları yenə bu ölkəyə qaytaracağam. Onları dirçəldəcəyəm, yıxmayacağam, onları əkəcəyəm, çıxarmayacağam.  7Onlara ürək verəcəyəm ki, Mənim Rəbb olduğumu bilsinlər. Onlar Mənim xalqım, Mən də onların Allahı olacağam, çünki onlar bütün qəlbləri ilə Mənə üz tutacaq”.  8Rəbb belə deyir: “Amma Yəhuda padşahı Sidqiyanı, onun başçılarını, Yerusəlimdə salamat qalıb bu ölkədə yaxud Misirdə yaşayanları yeməyə yararsız olan əzik əncir kimi edəcəyəm.  9Onları yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. Onlar sürgün etdiyim hər yerdə rüsvay olub ibrətə çevriləcək, kinayə və lənət qazanacaqlar.  10Özlərinə və atalarına verdiyim torpaqdan silinib qurtarana qədər üstlərinə qılınc, aclıq və vəba göndərəcəyəm”».

 

 

Yeremya 25

Yetmiş illik sürgün

1Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində bütün Yəhuda xalqı barədə Yeremyaya söz nazil oldu. Bu, Babil padşahı Navuxodonosorun padşahlığının birinci ilində oldu.  2Yeremya peyğəmbər bütün Yəhuda xalqına və Yerusəlimdə yaşayanların hamısına bu sözü bildirib dedi:  3«İyirmi üç il ərzində – Yəhuda padşahı Amon oğlu Yoşiyanın padşahlığının on üçüncü ilindən bu günə qədər Rəbbin sözü mənə nazil oldu. Mən də dəfələrlə bu sözləri sizə bildirdim, amma siz qulaq asmadınız.  4Rəbb peyğəmbər qullarını dəfələrlə yanınıza göndərdi, amma eşitmədiniz, qulaq asmadınız.  5Onlar sizə belə söylədi: “İndi öz pis yolunuzdan, pis əməllərinizdən dönün ki, Rəbbin əbədi olaraq sizə və atalarınıza verdiyi torpaqda yaşayasınız.  6Başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olmayın, əl işiniz olan bütlərlə Məni qəzəbləndirməyin ki, Mən də sizə pislik etməyim”.  7Rəbb bəyan edir: “Ancaq siz Mənə qulaq asmadınız, əl işiniz olan bütlərlə Məni qəzəbləndirib özünüzə ziyan vurdunuz”.  8Buna görə də Ordular Rəbbi deyir: “İndi ki sözlərimə qulaq asmadınız,  9Mən də bütün şimal tayfalarını və qulum Babil padşahı Navuxodonosoru çağıracağam”. Bu, Rəbbin sözüdür. “Onları bu ölkənin, burada yaşayanların və bütün ətraf millətlərin üstünə gətirəcəyəm. Bunları tamamilə məhv edəcəyəm, ölkəni dəhşət və rişxənd hədəfinə çevirəcək, əbədi bir xarabalığa döndərəcəyəm.  10 Sevinc və şadlıq sədasını, bəy-gəlin səsini, dəyirman daşlarının taqqıltısını, çıraq işığını onların içindən yox edəcəyəm.  11 Bütün bu ölkə xarabaya, dəhşətli bir yerə çevriləcək. Bu millətlər Babil padşahına yetmiş il qulluq edəcək”.  12Rəbb bəyan edir: “Yetmiş il bitəndən sonra isə günahlarına görə Babil padşahını, onun millətini və Xaldey ölkəsini cəzalandıracağam. Oranı əbədi olaraq viranəliyə çevirəcəyəm.  13O ölkə üçün söylədiklərimin hamısını, Yeremyanın bütün millətlər barəsində bu kitabda yazılmış peyğəmbərlik sözlərinin hamısını oranın başına gətirəcəyəm.  14Bir çox millət, böyük padşahlar onları özlərinə qul edəcək. Əməllərinə və əllərinin işinə görə onlara əvəz verəcəyəm”».

Rəbbin qəzəb kasası

15Bəli, İsrailin Allahı Rəbb mənə belə dedi: «Budur, qəzəbimlə dolu bir şərab kasası! Onu əlimdən al və səni yanına göndərəcəyim bütün millətlərə içirt.  16Onlar içən kimi səndələyəcəklər, üstlərinə göndərəcəyim qılıncın qorxusundan ağılları çaşacaq».  17Onda mən kasanı Rəbbin əlindən aldım və Onun məni yanlarına göndərdiyi bütün millətlərə içirtdim.  18Kasadan bunlar içdi: indiki kimi viranəliyə, dəhşətə, rişxənd hədəfinə və lənətə düçar olsunlar deyə Yerusəlim əhalisi, Yəhuda şəhərləri, padşahları və başçıları,  19Misir padşahı firon, əyanları, başçıları və bütün xalqı,  20Misirdə yaşayan bütün yadellilər, Us ölkəsinin bütün padşahları, Filişt ölkəsinin bütün padşahları – Aşqelon, Qəzzə, Eqron padşahları və Aşdodda sağ qalanlar,  21Edom, Moav, Ammon övladları,  22bütün Sur və Sidon padşahları, dənizin o tayındakı ölkələrin padşahları,  23Dedan, Tema, Buz və kəkillərini qırxanların hamısı,  24bütün Ərəbistan padşahları, səhrada yaşayan yadelli xalqın padşahları,  25bütün Zimri, Elam və Midiya padşahları,  26sıra ilə bütün yaxın və uzaq şimal padşahları, yer üzünün bütün padşahları. Hamıdan sonra bu kasanı Şeşak padşahı da içəcək.  27«Sən onlara söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “İçib sərxoş olun, sonra qusun, üstünüzə göndərəcəyim qılıncla vurulub-yıxılın və bir daha ayağa qalxmayın”.  28Əgər onlar kasanı əlindən alıb içmək istəməsələr, söylə ki, Ordular Rəbbi belə deyir: “Mütləq içməlisiniz!  29Bax Mənim adımla çağırılan şəhərin üstünə fəlakət gətirməyə başlayıram. Elə sanırsınız ki, siz cəzasız qalacaqsınız? Sizi cəzasız qoymayacağam. Mən yer üzündə yaşayan hər kəsin üstünə qılınc gətirəcəyəm” Ordular Rəbbi belə bəyan edir.  30 Buna görə də bütün bu peyğəmbərlik sözlərini onlara bildirib söylə: “Rəbb uca yerdən nərə çəkəcək,

Müqəddəs məskənindən gurlayacaq.

Öz otlağına qarşı şiddətlə nərə çəkəcək,

Dünyada yaşayanların hamısına qarşı hayqıracaq,

Üzüm əzənlər kimi bağıracaq.

31Hay-küy dünyanın ucqarlarına qədər yayılacaq,

Çünki Rəbbin millətlərlə davası var.

Bütün bəşəri mühakimə edəcək,

Pisləri qılınca təslim edəcək”

Rəbb belə bəyan edir.

32Ordular Rəbbi belə deyir:

“Bax millətdən millətə bəla yayılır,

Dünyanın uzaq yerlərindən

Böyük qasırğa qopur”.

33O gün Rəbb dünyanı bir ucundan o biri ucuna qədər öldürülənlərlə dolduracaq. Onlar üçün yas tutulmayacaq, bir yerə yığılıb basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar.  34Ey çobanlar, ağlayıb fəryad edin,

Ey sürü başçıları, torpaqda eşələnin.

Çünki qətl olunma,

Pərən-pərən salınma vaxtınız çatdı.

Siz qiymətli bir qab kimi yıxılacaqsınız.

35Çobanlar qaça bilməyəcək,

Sürü başçıları qurtula bilməyəcək.

36Çobanların fəryadını,

Sürü başçılarının bağırtısını eşit,

Çünki Rəbb onların otlaqlarını viran edir.

37Rəbbin qızğın qəzəbindən

Dinc pəyələr də məhv oldu.

38Rəbb cavan aslan kimi

Yuvasını tərk etdi.

Rəbbin qəzəbi üzündən –

Zor işlədənin qızğın qəzəbi üzündən

Ölkələri viran oldu».

 

 

Yeremya 26

Yeremyanın ölümlə hədələnməsi

1Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının əvvəlində Rəbdən bu söz nazil oldu:  2«Rəbb belə deyir: “Rəbbin məbədinin həyətində dur, ibadət etmək üçün Yəhuda şəhərlərindən oraya gələn hər kəsə müraciət et. Sənə buyurduğum hər şeyi onlara bildir, bir söz də əskiltmə.  3Bəlkə qulaq asarlar, öz pis yollarından dönərlər. Mən də pis əməllərinə görə başlarına gətirəcəyim fəlakətdən vaz keçərəm”.  4Onlara söylə ki, Rəbb belə deyir: “Əgər sizə verdiyim qanuna görə davranmasanız, Mənə qulaq asmasanız,  5dəfələrlə sizin yanınıza göndərdiyim qullarım olan peyğəmbərlərin sözlərinə qulaq asmasanız – necə ki qulaq asmırsınız – o zaman  6 bu məbədi də Şilo kimi edəcəyəm, bu şəhəri yer üzünün bütün millətləri arasında lənətə düçar edəcəyəm”».  7Kahinlər, peyğəmbərlər və bütün xalq Yeremyanın Rəbbin məbədində söylədiyi bu sözləri eşitdi.  8Yeremya Rəbbin xalqa çatdırmasını buyurduğu sözləri deyib qurtaranda kahinlər, peyğəmbərlər və oradakı bütün xalq onu tutub söylədi: «Sən ölməlisən.  9Nə üçün “bu məbəd Şilo kimi olacaq, bu şəhər xaraba qalacaq, orada yaşayan olmayacaq” deyib Rəbbin adı ilə peyğəmbərlik edirsən?» Rəbbin məbədində olan bütün xalq Yeremyanın ətrafına yığıldı.  10Yəhuda başçıları bunları eşidən kimi padşah sarayından çıxıb Rəbbin məbədinə qalxdı və məbədin Yeni darvazasının girəcəyində oturdu.  11O zaman kahinlər və peyğəmbərlər başçılara və bütün xalqa söylədi: «Bu adam ölümə layiqdir, çünki öz qulağınızla eşitdiyiniz kimi bu şəhərin əleyhinə peyğəmbərlik etdi».  12Onda Yeremya bütün başçılara və xalqa dedi: «Rəbb məni göndərdi ki, bu məbədin və şəhərin əleyhinə eşitdiyiniz bütün peyğəmbərlik sözlərini bildirim.  13İndi yaşayışınızı və əməllərinizi islah edin. Allahınız Rəbbin sözünə qulaq asın. O zaman Rəbb başınıza gətirəcəyini bildirdiyi bəladan vaz keçəcək.  14Mən isə sizin ixtiyarınızdayam. Gözünüzdə nə yaxşı və düzdürsə, mənimlə eləcə də rəftar edin.  15Ancaq yaxşı bilin ki, məni öldürsəniz, günahsız qanın məsuliyyətini özünüzün, bu şəhərin və orada yaşayanların üzərinə götürmüş olursunuz. Çünki Rəbb, həqiqətən, məni yanınıza göndərdi ki, bütün bu sözləri sizə çatdırım».  16Başçılar və bütün xalq kahinlərə və peyğəmbərlərə dedi: «Bu adama ölüm hökmü çıxarmaq olmaz, çünki bizimlə Allahımız Rəbbin adından danışdı».  17Ölkə ağsaqqallarından bir neçəsi qalxıb toplaşmış bütün xalqa dedi:  18 «Yəhuda padşahı Xizqiyanın dövründə Moreşetli Mikeya peyğəmbərlik edib bütün Yəhuda xalqına söylədi ki, Ordular Rəbbi belə deyir: “Sion tarla kimi şumlanacaq,

Yerusəlim daş qalağına dönəcək,

Məbədin tikildiyi dağ

Meşəli təpələrə çevriləcək”.

19Yəhuda padşahı Xizqiya yaxud Yəhuda xalqından biri onu öldürdümü? Əksinə, Xizqiya Rəbdən qorxub Ondan lütf istədi, Rəbb də onlara göndərəcəyini söylədiyi bəladan vaz keçdi. Biz isə özümüzə böyük pislik gətirmək təhlükəsindəyik».

Padşahın Uriya peyğəmbəri öldürməsi

20Qiryat-Yearimli Şemaya oğlu Uriya adlı bir adam da Rəbbin adı ilə peyğəmbərlik edirdi. O da eynilə Yeremya kimi danışaraq bu şəhərin və ölkənin əleyhinə peyğəmbərlik edirdi.  21Padşah Yehoyaqim, bütün cəngavərləri və başçıları onun sözlərini eşitdi. Padşah onu öldürmək istədi. Ancaq Uriya bunu eşidən kimi qorxub Misirə qaçdı.  22Bundan sonra padşah Yehoyaqim öz adamlarını – Akbor oğlu Elnatanı və bir neçə nəfəri Misirə göndərdi.  23Uriyanı Misirdən çıxarıb padşah Yehoyaqimin yanına gətirdilər. Padşah onu qılıncla öldürüb ümumi qəbiristanlığa atdırdı.  24Ancaq Yeremya öldürülmək üçün xalqa təslim edilmədi, çünki Şafan oğlu Axiqam onu qorudu.

 

 

Yeremya 27

Yəhudanın Babilə təslim edilməsi

1Yəhuda padşahı Yoşiya oğlu Sidqiyanın padşahlığının əvvəlində Rəbdən Yeremyaya bu söz nazil oldu:  2«Rəbb mənə belə dedi: “Özünə qayışlarla bağlanan taxta bir boyunduruq düzəlt və boynuna tax.  3Sonra Yerusəlimə, Yəhuda padşahı Sidqiyanın yanına gələn qasidlər vasitəsilə Edomun, Moavın, Ammon övladlarının, Surun və Sidonun padşahlarına xəbər göndər”.  4Ağalarına söyləmək üçün onlara bildir ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Ağalarınıza söyləyin ki,  5dünyanı da, yer üzündə olan insanı da, heyvanı da böyük gücümlə və uzanan qolumla Mən yaratdım və kimə istəsəm, ona da verərəm.  6Bəli, bütün bu ölkələri Babil padşahı qulum Navuxodonosorun ixtiyarına verirəm. Hətta vəhşi heyvanları da xidmət etmək üçün ona verirəm.  7Ölkəsinin axırı çatana qədər bütün millətlər ona, oğluna və nəvəsinə qulluq edəcək. Sonra isə bir çox millətlər və böyük padşahlar onu özlərinə qul edəcək.  8Hansı millət və ölkə Babil padşahı Navuxodonosora qulluq etməsə, onun boyunduruğuna girməsə, həmin milləti onun əli ilə qırıb-çatana qədər qılınc, aclıq və vəba ilə cəzalandıracağam” Rəbb bəyan edir.  9“Siz isə öz peyğəmbərlərinizə, falçılarınıza, yuxugörənlərinizə, gələcəyideyənlərinizə və cadugərlərinizə qulaq asmayın. Onlar sizə ‹Babil padşahına qulluq etməyəcəksiniz› söyləyir.  10Onlar sizə yalandan peyğəmbərlik edir. Bunun nəticəsində öz ölkənizdən qovulacaqsınız. Sizi sürgün edəcəyəm və məhv olacaqsınız.  11Ancaq Babil padşahının boyunduruğuna girən və ona qulluq edən milləti öz torpağında saxlayacağam. Torpağı əkib orada yaşayacaqlar” Rəbb belə bəyan edir».  12Mən bütün bu sözləri Yəhuda padşahı Sidqiyaya bildirib dedim: «Babil padşahının boyunduruğuna girin, özünə və xalqına qulluq edin ki, sağ qalasınız.  13Babil padşahına qulluq etmək istəməyən hər millət Rəbbin dediyi kimi məhv olacaq. Sən və xalqın qılınc, aclıq və vəbadan nə üçün öləsiniz?  14Sizə “Babil padşahına qulluq etməyəcəksiniz” deyən peyğəmbərlərə qulaq asmayın, çünki onlar sizə yalandan peyğəmbərlik edir.  15Rəbb bəyan edir: “Onları Mən göndərmədim, onlar Mənim adımla yalandan peyğəmbərlik edir. Bunun nəticəsində Mən sizi sürgün edəcəyəm, siz də, sizə peyğəmbərlik edən peyğəmbərlər də həlak olacaqsınız”».  16Mən kahinlərə və bütün bu xalqa söylədim: «Rəbb belə deyir: “‹Rəbbin məbədindən götürülən əşyalar tezliklə Babildən geri qaytarılacaq› deyib sizə peyğəmbərlik edən peyğəmbərlərinizin sözlərinə qulaq asmayın. Çünki sizə yalandan peyğəmbərlik edirlər.  17Onlara qulaq asmayın, Babil padşahına qulluq edin ki, sağ qalasınız. Bu şəhər niyə viran olsun?  18Əgər onlar peyğəmbərdirsə, Rəbbin sözünü söyləyirlərsə, qoy indi Ordular Rəbbinə yalvarsınlar ki, Rəbbin məbədində, Yəhuda padşahının sarayında və Yerusəlimdə qalan əşyalar Babilə aparılmasın”.  19Sütunlar, hovuz, ayaqlıqlar və bu şəhərdə qalan başqa əşyalar barədə Ordular Rəbbi belə deyir.  20Bəli, Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Yəhuda ilə Yerusəlimin bütün əyanlarını Yerusəlimdən Babilə sürgün etdiyi zaman Babil padşahı Navuxodonosorun aparmadığı,  21Rəbbin məbədində, Yəhuda padşahının sarayında və Yerusəlimdə qalan əşyalar barədə İsrailin Allahı Ordular Rəbbi belə deyir:  22“Onlar Babilə aparılacaq və Babillilərin işinə baxacağım günə qədər orada qalacaq. O zaman onları oradan çıxaracağam və bu yerə qaytaracağam” Rəbb belə bəyan edir».

 

 

Yeremya 28

Yalançı peyğəmbər Xananya

1Həmin il Yəhuda padşahı Sidqiyanın padşahlığının əvvəlində – dördüncü ilinin beşinci ayında Giveonlu Azzur oğlu Xananya peyğəmbər Rəbbin məbədində, kahinlərin və bütün xalqın önündə mənə söylədi:  2«İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Babil padşahının boyunduruğunu qırdım.  3Əvvəl Rəbbin məbədində olan, Babil padşahı Navuxodonosorun buradan götürüb Babilə apardığı bütün əşyaları iki il ərzində bu yerə qaytaracağam.  4Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Babilə sürgün olunmuş bütün Yəhudalıları bu yerə qaytaracağam” Rəbb belə bəyan edir, “çünki Babil padşahının boyunduruğunu qıracağam”».  5O zaman Yeremya peyğəmbər kahinlərin və Rəbbin məbədində dayanan bütün xalqın önündə Xananya peyğəmbərə cavab verib  6söylədi: «Amin! Qoy Rəbb belə etsin! Qoy Rəbb Öz evinin əşyalarını, sürgün olunmuş bütün adamları Babildən buraya qaytararaq söylədiyin peyğəmbərlik sözlərini yerinə yetirsin!  7Ancaq indi sən və bütün xalq eşidərkən deyəcəyim bu sözə qulaq as:  8qədim zamanlardan bəri məndən və səndən əvvəl yaşayan peyğəmbərlər bir çox ölkələrin və böyük padşahlıqların əleyhinə müharibə, fəlakət və vəba olacağını qabaqcadan söylədi.  9Əgər salamatlıq olacağını söyləyən peyğəmbərin sözü doğru çıxarsa, həqiqətən, onun Rəbbin göndərdiyi peyğəmbər olduğu bilinər».  10O zaman Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu götürüb qırdı.  11Xananya bütün xalqın önündə söylədi: «Rəbb belə deyir: “İki il ərzində Babil padşahı Navuxodonosorun boyunduruğunu bütün millətlərin boynundan götürüb beləcə qıracağam”». Yeremya isə öz yoluna davam etdi.  12Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu götürüb qırdıqdan sonra Yeremyaya Rəbbin bu sözü nazil oldu:  13«Gedib Xananyaya söylə ki, Rəbb belə deyir: “Sən taxta boyunduruğu qırdın, ancaq onun yerinə dəmir boyunduruq düzəltməli olacaqsan”.  14Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bütün bu millətlərin boynuna dəmir boyunduruq taxdım ki, Babil padşahı Navuxodonosora qulluq etsinlər və onlar ona xidmət edəcək. Vəhşi heyvanları da onun ixtiyarına verdim”».  15Yeremya peyğəmbər Xananya peyğəmbərə dedi: «İndi eşit, ey Xananya, axı səni Rəbb göndərməyib. Sən bu xalqı yalana inandırdın.  16Buna görə də Rəbb belə deyir: “Bax Mən səni yer üzündən yox edəcəyəm. Bu il öləcəksən, çünki xalqı Rəbbə qarşı üsyana təhrik etdin”».  17Xananya peyğəmbər həmin ilin yeddinci ayında öldü.

 

 

Yeremya 29

Sürgün olunanlara məktub

1Yeremya peyğəmbər sürgündə sağ qalan xalqın ağsaqqallarına, kahinlərə, peyğəmbərlərə və Navuxodonosorun Yerusəlimdən Babilə sürgün etdiyi bütün xalqa Yerusəlimdən bir məktub göndərdi. Məktubun mətni aşağıda verilir.  2Bu məktub padşah Yehoyakinin, onun anasının, saray əyanlarının, Yəhuda və Yerusəlim başçılarının, ustaların, sənətkarların Yerusəlimdən sürgünə aparılmasından sonra göndərildi.  3Onu Yəhuda padşahı Sidqiyanın Babil padşahı Navuxodonosorun yanına göndərdiyi Şafan oğlu Elasa və Xilqiya oğlu Gemarya apardı. Belə dedi:  4«Mən İsrailin Allahı olan Ordular Rəbbi Yerusəlimdən Babilə sürgün etdiyim adamlara belə söyləyirəm:  5“Evlər tikib yaşayın, bağçalar salıb meyvələrini yeyin.  6Arvad alıb oğul-qız atası olun. Oğullarınıza arvad alın, qızlarınızı ərə verin ki, oğul-qızları olsun. Orada azalmayıb çoxalın.  7Sizi sürgün etdiyim şəhərin rifahı üçün çalışın və o şəhər üçün Rəbbə dua edin. Çünki ora rifah içində olarsa, siz də rifahda yaşayarsınız”.  8İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Aranızdakı peyğəmbərləriniz və falçılarınız sizi aldatmasın, gördüyünüz yuxulara əhəmiyyət verməyin.  9Çünki onlar Mənim adımla sizə yalandan peyğəmbərlik edir. Onları Mən göndərmədim” Rəbb belə bəyan edir.  10 Çünki Rəbb belə deyir: “Babildə yetmiş iliniz bitəndə Mən sizə yenə baş çəkəcəyəm və sizi buraya qaytaracağım barədə verdiyim xoş sözü yerinə yetirəcəyəm.  11Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.  12Siz Məni çağıracaqsınız, gəlib Mənə dua edəcəksiniz, Mən də sizi eşidəcəyəm.  13 Məni axtaracaqsınız, əgər bütün qəlbinizlə axtarsanız, tapacaqsınız.  14Məni tapmağınıza izin verəcəyəm” Rəbb belə bəyan edir. “Sizi sürgündən geri qaytaracağam, sürgün etdiyim bütün yerlərdən və millətlərin arasından toplayacağam. Oradan sizi sürgün olunduğunuz yerə qaytaracağam” Rəbb belə bəyan edir.  15Siz belə dediniz: “Rəbb bizə Babildə peyğəmbərlər verib”.  16Davudun taxtında oturan padşah, bu şəhərdə yaşayan bütün xalq, sizinlə birgə sürgünə aparılmamış soydaşlarınız barədə Rəbb belə deyir.  17Bəli, Ordular Rəbbi belə deyir: “Bax Mən onların üzərinə qılınc, aclıq və vəba göndərəcəyəm. Onları pisliyinə görə yeməyə yararsız olan əzik əncirə döndərəcəyəm.  18Onları qılınc, aclıq və vəba ilə təqib edəcəyəm, yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. Onları qovduğum bütün millətlərin arasında lənət, dəhşət, rişxənd və rüsvayçılıq hədəfi olacaqlar”.  19Rəbb bəyan edir: “Ona görə ki sözlərimə qulaq asmadılar. Həmin sözləri qullarım olan peyğəmbərlər vasitəsilə dəfələrlə onlara çatdırdım, ancaq siz qulaq asmadınız” Rəbb belə bəyan edir.  20Buna görə də, ey Yerusəlimdən Babilə göndərdiyim bütün sürgün olunmuş adamlar, Rəbbin sözünü eşidin.  21Mənim adımla sizə yalandan peyğəmbərlik edən Qolaya oğlu Axav və Maaseya oğlu Sidqiya barədə İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən onları Babil padşahı Navuxodonosora təslim edəcəyəm və o, gözlərinizin önündə onları öldürəcək.  22Onlar barədə Babildəki bütün sürgün olunmuş Yəhudalılar bundan sonra ‹Rəbb səni Babil padşahının diri-diri yandırdığı Sidqiya və Axav kimi etsin› deyə lənət edəcək.  23Çünki İsraildə çirkin işlər gördülər, qonşularının arvadları ilə zina etdilər, onlara əmr etmədiyim halda Mənim adımdan yalan sözlər söylədilər. Mən bunu bilirəm və buna şahidəm” Rəbb belə bəyan edir».

Şemayaya müraciət

24Nexelamlı Şemaya barədə söylə ki,  25İsrailin Allahı Ordular Rəbbi belə deyir: «Sən Yerusəlimdə olan başqa xalqa, kahin Maaseya oğlu Sefanyaya və başqa kahinlərə öz adından məktublar göndərdin. Sefanyaya belə dedin:  26“Rəbb Öz məbədinin cavabdehi kimi Yehoyadanın yerinə səni kahin qoydu. Peyğəmbər kimi davranan hər dəliyə kündə və dəmir yaxa vurmalısan.  27Bəs nə üçün sizə özünü peyğəmbər elan edən Anatotlu Yeremyanı məzəmmət etmirsən?  28Çünki Yeremya biz Babildəkilərə bu xəbəri göndərdi ki, sürgün uzun çəkəcək. Buna görə də evlər tikib, içində yaşayın, bağça salıb, meyvələrini yeyin”».  29Kahin Sefanya bu məktubu Yeremya peyğəmbərə uca səslə oxudu.  30Bu vaxt Yeremyaya Rəbbin bu sözü nazil oldu:  31«Bütün sürgün olunmuşlara xəbər göndərib söylə ki, Nexelamlı Şemaya barədə Rəbb belə deyir: “İndi ki Mən göndərmədiyim halda Şemaya peyğəmbərlik edib sizi yalana inandırdı,  32Mən Rəbb də deyirəm ki, Nexelamlı Şemayanı və onun nəslini cəzalandıracağam. Bu xalqın arasında onun nəslindən olan bir kəs sağ qalmayacaq, xalqıma edəcəyim xeyirxahlığı görməyəcək, çünki o, xalqı Rəbbə qarşı üsyana təhrik etdi” Rəbb belə bəyan edir».

 

 

Yeremya 30

Allahın öz xalqına vədi

1Yeremyaya Rəbdən bu söz nazil oldu:  2«İsrailin Allahı Rəbb belə deyir: “Sənə söylədiyim bütün sözləri bir kitaba yaz”.  3Çünki Rəbb bəyan edir: “Xalqım İsraili və Yəhudanı sürgündən qaytaracağım günlər yaxınlaşır. Onları atalarına verdiyim torpağa qaytaracağam və oranı mülk edəcəklər”. Bu, Rəbbin sözüdür.  4İsrail və Yəhuda üçün Rəbbin söylədiyi sözlər bunlardır.  5Rəbb belə deyir: “Qorxu səsi eşitdik,

Asayiş deyil, dəhşət səsi.

6İndi soruşun, bilin ki,

Kişi də uşaq doğarmı?

Elə isə nə üçün doğan qadın kimi

Hər kişinin əllərini belində görürəm?

Nə üçün hamının bənizi solub?

7Ah, bu nə dəhşətli gündür!

Bir daha belə gün olmayacaq,

Yaqub nəsli üçün sıxıntı dövrü olacaq,

Ancaq yenə də bundan qurtulacaq”.

8Ordular Rəbbi bəyan edir: “O gün boynundakı boyunduruğu qıracaq, iplərini qoparacağam. Bundan sonra yadellilər onları özlərinə qul etməyəcək.  9Ancaq özlərinin Allahı Rəbbə, onlara təyin edəcəyim padşahları Davuda qulluq edəcəklər”.

10Rəbb bəyan edir: “Qorxma, ey qulum Yaqub,

Dəhşətə düşmə, ey İsrail.

Çünki səni uzaq yerlərdən,

Nəslini sürgün olunduğu ölkədən qurtaracağam.

Yaqub nəsli yenə geri qayıdacaq,

Rahatlıq tapıb qayğısız olacaq,

Onu kimsə qorxutmayacaq.

11Çünki Mən səninləyəm,

Səni qurtaracağam”

Rəbb belə bəyan edir.

“Səni aralarına apardığım

Millətlərin hamısını yox etsəm də,

Səni tamamilə məhv etməyəcəyəm,

Səni ədalətlə tərbiyələndirəcəyəm,

Amma cəzasız da qoymayacağam”.

12Çünki Rəbb belə deyir:

“Sənin yaran şəfa tapmaz,

Xoran sağalmaz.

13Məhkəmədə işinə baxan yoxdur,

Xəstəliyinə dərman yoxdur,

Sənin dərdinə əlac yoxdur.

14Bütün müttəfiqlərin səni unutdu,

Səni arayıb-axtarmırlar.

Düşmən vuran kimi Mən səni vurdum.

Rəhmsizcəsinə cəzalandırdım.

Çünki təqsirkarlığın böyükdür,

Günahların çoxdur.

15Niyə yarandan ötrü qışqırırsan?

Dərdin şəfa tapmaz.

Bu işləri ona görə sənə etdim ki,

Təqsirkarlığın böyükdür,

Günahların çoxdur.

16Ancaq səni yeyənlərin də hamısı yem olacaq.

Bütün düşmənlərin sürgünə gedəcək.

Səni soyanlar soyulacaq,

Səni qarət edənlər qarət olunacaq”.

17Rəbb bəyan edir:

“Mən səni yenə sağaldacağam,

Yaralarına şəfa verəcəyəm.

Çünki deyirlər ki,

Sion rədd edilib,

Onu axtaran yoxdur”.

18Rəbb belə deyir:

“Mən Yaqubun çadırlarını

Sürgündən geri qaytaracağam.

Onun məskənlərinə rəhm edəcəyəm.

Şəhər yenidən viranələri üzərində tikiləcək,

Saray öz yerində bərpa olunacaq.

19Onların arasından

Şükür və şənlik səsləri eşidiləcək.

Mən onları çoxaldacağam, azalmayacaqlar,

İzzətləndirəcəyəm, alçalmayacaqlar.

20Övladları əvvəlki kimi olacaq,

İcması önümdə möhkəm duracaq.

Onları sıxışdıranların hamısını cəzalandıracağam.

21Rəhbərləri özlərindən olacaq,

Başçıları aralarından çıxacaq.

Onu özümə yaxınlaşdıracağam,

O da Mənə yaxınlaşacaq.

Başqa cür kim Mənə özü yaxınlaşmağa

Cürət edə bilər?”

Rəbb belə bəyan edir.

22“Beləcə siz Mənim xalqım,

Mən də sizin Allahınız olacağam”».

23Budur, Rəbbin fırtınası qəzəblə qopacaq,

Şiddətli qasırğası

Pis adamların başında çatlayacaq.

24Rəbb Öz ürəyinin istədiyini

Tamamilə edənə qədər

Qızğın qəzəbini söndürməyəcək.

Siz gələcəkdə bunu anlayacaqsınız.

 

 

Yeremya 31

1Rəbb bəyan edir: «O zaman Mən bütün İsrail qəbilələrinin Allahı olacağam, onlar da Mənim xalqım olacaq».

İsrail xalqının öz yurduna dönməsi

2Rəbb belə deyir: «Mən İsrailə dinclik verməyə gedəndə

Qılıncdan qaçıb qurtulan xalq

Çöldə lütf tapdı».

3Rəbb uzaqdan mənə görünüb dedi:

«Səni əbədi bir məhəbbətlə sevdim,

Buna görə də sevgi ilə

Səni Özümə tərəf çəkdim.

4Səni yenidən ayağa qaldıracağam,

Sən də ayağa qalxacaqsan,

Ey bakirə qıza bənzəyən İsrail!

Sən yenə dəflərinlə bəzənib

Şadlıq edənlərlə birgə rəqsə qoşulacaqsan.

5Yenə də Samariya dağlarında bağ salacaqsan,

Bağ salanlar onun meyvələrindən dadacaq.

6Bir gün gələcək ki,

Efrayimin dağlıq bölgəsində

Keşikçilər “qalxın, Siona,

Allahımız Rəbbin yanına çıxaq”

Deyə qışqıracaq».

7Rəbb belə deyir:

«Yaqubu sevinclə tərənnüm edin,

Millətlərin başçısı üçün səs qaldırın!

Ucadan həmd edib bildirin!

“Ya Rəbb, xalqını,

İsraildən sağ qalanları xilas et!” deyin.

8Mən onları şimal ölkəsindən qaytaracağam,

Dünyanın uzaq yerlərindən toplayacağam.

Aralarında kor, topal,

Hamilə və doğan qadın da olacaq.

Böyük bir camaat olub buraya qayıdacaqlar.

9Onlar ağlaya-ağlaya gələcək,

Yalvardıqları zaman

Onlara yol göstərib geri qaytaracağam.

Axar sular boyunca

Büdrəməyəcəkləri düz yolla aparacağam.

Çünki Mən İsrailin atasıyam,

Efrayim də ilk oğlumdur.

10Ey millətlər, Rəbbin sözünü eşidin,

Uzaqlardakı adalarda elan edib deyin:

“İsraili səpələyən onu bir yerə toplayacaq,

Sürüsünü qoruyan çoban kimi

Onu qoruyacaq”.

11Çünki Rəbb Yaqubu satın aldı,

Ondan güclü olanın əlindən qurtardı.

12Onlar Sionun yüksək təpəsinə gəlib

Tərənnüm edəcək.

Rəbbin verdiyi nemətlər –

Taxıl, təzə şərab, zeytun yağı,

Qoyun-keçi, mal-qara önünə axışacaqlar.

Canları sulanmış bağça kimi olacaq,

Bir daha taqətdən düşməyəcəklər.

13O zaman bakirə qız, cavan və qoca kişilər

Birlikdə rəqs edib sevinəcək,

Mən onların yasını şadlığa çevirəcəyəm,

Sevincə çevirəcəyəm.

Kədərlərinə təsəlli verib

Onları sevindirəcəyəm.

14Kahinləri bol yeməklə doyduracağam,

Xalqım nemətlərimlə doyacaq»

Rəbb belə bəyan edir.

15Rəbb belə deyir: «Ramada bir səs eşidildi,

Yas və acı fəryad səsləri!

Rəhilə uşaqları üçün ağlayır,

Təsəlli istəmir.

Çünki onlar daha yoxdur».

16Rəbb belə deyir:

«Səsini ağlamaqdan,

Gözlərini yaş tökməkdən qoru,

Çünki çəkdiyin zəhmətin əvəzi veriləcək,

Xalqım düşmən ölkəsindən qayıdacaq»

Rəbb belə bəyan edir.

17«Gələcəyin üçün ümid var,

Övladların öz yurdlarına dönəcək»

Rəbb belə bəyan edir.

18Bəli, Mən Efrayimin nalələrini eşitdim:

«Sən məni

Öyrədilməmiş dana kimi tərbiyələndirdin,

Mən də tərbiyə aldım.

Məni geri qaytar, qayıdım,

Çünki Allahım Rəbb Sənsən.

19Mən yolumdan azdıqdan sonra tövbə etdim,

Ağlım başıma gələndə əllərimi yanıma çırpdım.

Cavanlığımda etdiyim eyib işlərdən

Utandım, rüsvay oldum.

20Efrayim əziz oğlum deyilmi?

Mənim razı olduğum övlad deyilmi?

Hər dəfə əleyhinə danışanda

Yenə onu yadıma salıram.

Ürəyim onun üçün sızlayır,

Ona hədsiz rəhmim gəlir»

Rəbb belə bəyan edir.

21«Yol işarələri qoy,

Yol göstərən lövhələr düzəlt.

Böyük yola – getdiyin yola fikir ver.

Geri dön, ey bakirə qıza bənzəyən İsrail,

Öz şəhərlərinə qayıt!

22Nə vaxta qədər sərgərdan gəzəcəksən,

Ey dönük qız?

Rəbb dünyada yeni bir şey yaradacaq:

Qadın kişini qoruyacaq».

23İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Mən onların sürgün olunmuşlarını geri qaytaranda Yəhuda torpağında və onun şəhərlərində yenə belə söyləyəcəklər: “Ey ədalət yurdu, ey müqəddəs dağ,

Rəbb sənə xeyir-dua versin!”

24Xalq – əkinçilər, sürüləri ilə gəzən çobanlar Yəhudada və onun şəhərlərində birlikdə yaşayacaq.  25Çünki Mən yorğun adama su verəcəyəm, taqətsiz adamı doyduracağam».  26Bu zaman oyanıb baxdım, yuxum şirin olmuşdu.  27Rəbb bəyan edir: «İsrail və Yəhuda torpaqlarında insan toxumu və heyvan toxumu əkəcəyim günlər yaxınlaşır.  28Kökündən çıxarıb yox edəndə, yıxıb-dağıdanda və bəla gətirəndə onlara necə nəzarət etdimsə, dirçəldib yerləşdirəndə də eləcə nəzarət edəcəyəm» Rəbb belə bəyan edir.  29 «O vaxt adamlar daha “atalar kal üzüm yedi, oğulların dişi qamaşır” deməyəcək.  30Hər kəs öz təqsirinə görə öləcək. Kal üzüm yeyənin öz dişləri qamaşacaq».

Yeni Əhd

31 Rəbb bəyan edir: «İsrail xalqı və Yəhuda xalqı ilə Yeni Əhd bağlayacağım günlər yaxınlaşır.  32Bu Əhd atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhdə bənzəməyəcək. Onların ağası olduğum halda o əhdimi pozdular» Rəbb belə bəyan edir.  33 «O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq» Rəbb belə bəyan edir.  34«Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını “Rəbbi tanıyın” deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam» Rəbb belə bəyan edir.  35Gündüz işıq olsun deyə günəşi çıxaran,

Gecə işıq olsun deyə aya və ulduzlara qaydalar qoyan,

Dalğaları kükrəsin deyə dənizi qabardan Rəbb –

Adı Ordular Rəbbi Olan belə deyir:

36«Əgər qoyulan bu qayda-qanunlar

Önümdən götürülərsə,

Yalnız onda İsrail nəsli əbədilik

Bir millət olmaqdan çıxar»

Rəbb belə bəyan edir.

37Rəbb belə deyir:

«Əgər yuxarıda göylər ölçülə bilsə,

Aşağıda yerin təməlləri üzə çıxarıla bilsə,

Mən də onda bütün etdikləri işlərdən ötrü

Bütün İsrail nəslini rədd edərəm»

Rəbb belə bəyan edir.

38Rəbb bəyan edir: «Xananel qülləsindən Künc darvazasına qədər şəhərin Mənim üçün yenidən tikiləcəyi günlər gəlir.  39Oradan da ölçü ipi Qarev təpəsinə doğru uzanıb Qoaya dönəcək.  40Ölülərin və küllərin atıldığı bütün vadi, Qidron vadisinə qədər uzanan tarlalar, şərqdə At darvazasının küncünədək Rəbb üçün müqəddəs olacaq. Şəhər bir daha kökündən çıxarılmayacaq, heç vaxt dağıdılmayacaq».

 

 

Yeremya 32

Yeremyanın tarla alması

1Yəhuda padşahı Sidqiyanın padşahlığının onuncu, Navuxodonosorun padşahlığının on səkkizinci ilində Rəbdən Yeremyaya söz nazil oldu.  2Bu zaman Babil padşahının ordusu Yerusəlimi mühasirəyə almışdı. Yeremya peyğəmbər Yəhuda padşahının sarayındakı mühafizəçilər həyətində məhbus idi.  3Yəhuda padşahı Sidqiya onu burada həbs edərək demişdi: «Sən nə üçün bu cür peyğəmbərlik edib söyləyirsən ki, Rəbb belə deyir: “Bu şəhəri Babil padşahına təslim edəcəyəm, o buranı ələ keçirəcək.  4Yəhuda padşahı Sidqiya Xaldeylilərin əlindən qaçıb qurtarmayacaq, hökmən Babil padşahına təslim ediləcək. Onunla üz-üzə söhbət edəcək, göz-gözə dayanacaq.  5Sidqiya Babilə aparılacaq, Mən ona baş çəkənə qədər orada qalacaq. Əgər Xaldeylilərlə vuruşsanız, uğur qazanmayacaqsınız?” Rəbb belə bəyan edir».  6Yeremya dedi: «Mənə Rəbbin bu sözü nazil oldu:  7“Əmin Şallum oğlu Xanamel sənin yanına gəlib deyəcək ki, Anatotdakı tarlamı satın al. Çünki qəyyumum kimi tarlamın geri satınalma hüququ sənə məxsusdur”.  8Sonra Rəbbin sözünə uyğun olaraq əmim oğlu Xanamel mühafizəçilər həyətində yanıma gəlib dedi: “Binyamin bölgəsində olan Anatotdakı tarlamı satın al, çünki miras haqqı da, qəyyumluq haqqı da sənə məxsusdur. Onu özün üçün satın al”. O zaman Rəbb sözünün yerinə yetdiyini başa düşdüm.  9Beləcə Anatotdakı tarlanı əmim oğlu Xanameldən satın aldım. Tarlanın əvəzində ona on yeddi şekel gümüş çəkib verdim.  10Satış qəbzini çağırdığım şahidlərin önündə imzalayıb möhürlədim, gümüşü tərəzidə çəkdim.  11Qayda-qanunlar yazılmış, möhürlənmiş satış qəbzini və açıq müqavilə kağızını götürdüm.  12Əmim oğlu Xanamelin, satış qəbzini imzalayan şahidlərin və mühafizəçilər həyətində oturan bütün Yəhudalıların gözü önündə satış qəbzini Maxseya oğlu Neriya oğlu Baruka verdim.  13Onların gözü önündə Baruka əmr edib dedim:  14“İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: ‹Uzun müddət qalsın deyə bu möhürlənmiş satış qəbzini və açıq müqavilə kağızını götürüb bir gil qabın içinə qoy›”.  15Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bu ölkədə yenə evlər, tarlalar və bağlar satın alınacaq”.  16Satış qəbzini Neriya oğlu Baruka verdikdən sonra Rəbbə dua edib dedim:  17“Ah Xudavənd Rəbb, böyük gücünlə və uzanan qolunla yeri, göyü yaratdın. Edə bilməyəcəyin heç bir şey yoxdur.  18Sən minlərlə insana məhəbbət göstərirsən, amma ataların etdiyi günahların əvəzini övladlarından alırsan. Sən böyük və güclü Allahsan, adın Ordular Rəbbidir.  19Tədbirlərin əzəmətli, işlərin böyükdür! İnsanların bütün əməlləri Sənin nəzərin altındadır, hər kəsə işlərinə və etdiklərinin nəticəsinə görə əvəz verirsən.  20Sən Misirdə, İsraildə və bütün insanlar arasında bu günə qədər əlamətlər və möcüzələr göstərdin. Bu gün olduğu kimi şöhrət qazandın.  21Sən Öz xalqın İsraili əlamətlərlə, möcüzələrlə, qüdrətli əllə, uzanan qolunla böyük dəhşət saçaraq Misir torpağından çıxartdın.  22Atalarına verəcəyinə and içdiyin bu torpağı – süd və bal axan torpağı onlara verdin.  23Onlar gəlib torpağı özlərinə mülk etdilər, amma Sənin sözünə qulaq asmadılar, Sənin qanununa uyğun yaşamadılar, əmr etdiyin şeylərin heç birinə əməl etmədilər. Buna görə də bütün bu fəlakətləri başlarına gətirdin.  24Şəhəri ələ keçirmək üçün divarlarının yanına torpaq qalaqları yığılır. Şəhər qılınc, aclıq və vəba üzündən oraya hücum edən Xaldeylilərə təslim ediləcək. Söylədiklərin yerinə yetdi, Sən də bunu görürsən!  25Amma, ya Xudavənd Rəbb, Sən mənə ‹tarlanı gümüşlə özün üçün satın al və şahidlər çağır› dedin. Şəhər isə Xaldeylilərə təslim edilir”».  26Yeremyaya Rəbbin bu sözü nazil oldu:  27«Bütün bəşərin Allahı Rəbb Mənəm. Mənim edə bilməyəcəyim bir şey varmı?  28 Buna görə də Rəbb belə deyir: “Bax Mən bu şəhəri Xaldeylilərə və Babil padşahı Navuxodonosora təslim edəcəyəm, o da oranı alacaq.  29Şəhərə hücum edən Xaldeylilər gəlib oraya od vuracaq. Şəhəri də, evləri də yandıracaqlar. O evlərin damlarında Baalın şərəfinə buxur yandırıb başqa allahlara içmə təqdimləri gətirərək Məni qəzəbləndirmişdilər.  30Çünki İsrail və Yəhuda övladları cavanlıqlarından bəri həmişə gözümdə pis olan işlər görür. İsrail övladları gördükləri işlərlə Məni qəzəbləndirməkdən başqa bir şey etmədi” Rəbb belə bəyan edir.  31“Bu şəhər tikildiyi vaxtdan indiyə qədər Məni o qədər qəzəbləndirdi ki, onu önümdən rədd edib atacağam.  32Çünki İsrail və Yəhuda övladlarının – özlərinin, padşahlarının, başçılarının, kahinlərinin, peyğəmbərlərinin, Yəhudada və Yerusəlimdə yaşayanların Məni qəzəbləndirmək üçün etdikləri pisliklərin sayı-hesabı yoxdur.  33Onlar Mənə üzlərini deyil, arxalarını çevirdi. Onları dəfələrlə öyrətdimsə də, Mənə qulaq asmadılar və dərs almadılar.  34 Mənim adımla çağırılan bu məbədə iyrənc bütlərini qoyaraq onu murdarladılar.  35 Ben-Hinnom dərəsində Molek bütünə qurban olaraq oğullarını və qızlarını odda qurban etməkdən ötrü Baal üçün səcdəgahlar qurdular. Mən belə iyrənc bir şeyi etməyi və Yəhudanı günaha batırmağı nə onlara buyurdum, nə də ağlıma gətirdim.  36Siz bu şəhər barədə ‹qılınc, aclıq və vəba ilə Babil padşahına təslim edilir› deyirsiniz”. Amma indi İsrailin Allahı Rəbb deyir:  37“Onları qızğın qəzəb və böyük hiddətlə sürgün etdiyim bütün ölkələrdən toplayacağam. Onları buraya qaytarıb əmin-amanlıq içində yaşamalarını təmin edəcəyəm.  38Onlar Mənim xalqım olacaq, Mən də onların Allahı olacağam.  39Onlara eyni ürək, eyni həyat tərzi verəcəyəm ki, özlərinin və övladlarının yaxşılığı üçün Mənə həmişə hörmət etsinlər.  40Onlarla əbədi bir əhd bağlayacağam. Onlara yaxşılıq etməkdən dönməyəcəyəm, ürəklərinə elə təsir edəcəyəm ki, Mənə hörmət etsinlər və Məndən heç vaxt ayrılmasınlar.  41Onlara yaxşılıq etməyə şad olacağam. Həqiqətən, bütün ürəyimlə, bütün canımla onları bu ölkədə dirçəldəcəyəm”.  42Rəbb belə deyir: “Bu xalqın başına bütün bu böyük fəlakətləri necə gətirdimsə, söz verdiyim bütün yaxşılıqları da onlara bəxş edəcəyəm.  43Sizin ‹viran olmuş, insansız, heyvansız qalmış, Xaldeylilərə təslim olunmuş› dediyiniz bu torpaqda yenə tarlalar satın alınacaq.  44Binyamin bölgəsində, Yerusəlim ətrafındakı kəndlərdə, Yəhuda şəhərlərində, dağlıq bölgənin, yamaclı-düzənlikli bölgənin və Negevin şəhərlərində tarlalar gümüşlə satın alınacaq, satış qəbzləri şahidlərin önündə imzalanıb möhürlənəcək, çünki onların sürgün olunmuşlarını geri qaytaracağam” Rəbb belə bəyan edir».

 

 

Yeremya 33

Vətənə qayıtmaq vədi

1Yeremya hələ mühafizəçilər həyətində məhbus olanda ikinci dəfə ona Rəbbin sözü nazil oldu.  2O dedi: «Dünyanı yaradan, qurub möhkəmləndirən, adı Rəbb Olan belə deyir:  3“Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə bildirim”.  4Mühasirə zamanı torpaq qalaqları və qılınca qarşı sipər olmaq üçün bu şəhərin uçurulmuş evləri və Yəhuda padşahlarının uçurulmuş sarayları barədə İsrailin Allahı Rəbb belə deyir:  5“Xaldeylilər vuruşmaq, evləri qəzəb və qızğınlıqla həlak etdiyim insanların cəsədləri ilə doldurmaq üçün gələcək. Bu insanların etdikləri pisliklərə görə bu şəhərdən üz döndərdim.  6Yenə də bu şəhərə sağlamlıq və şəfa verəcəyəm. Əhalisini sağaldacağam, onların tam salamatlıq və əmin-amanlıq içində yaşamalarını təmin edəcəyəm.  7Yəhuda və İsrail sürgünlərini yenə geri qaytaracağam. Onları əvvəlki kimi dirçəldəcəyəm.  8Onları Mənə qarşı etdikləri bütün günahlardan təmizləyəcəyəm. Mənə qarşı etdikləri günahları da, üsyankarlıqları da bağışlayacağam.  9Dünyanın bütün millətlərinin önündə bu şəhər Mənim üçün sevinc, tərif və şərəf mənbəyinə çevriləcək. Bu millətlər Yerusəlim xalqına etdiyim yaxşılıqları, verdiyim əmin-amanlığı görəndə qorxuya düşüb titrəyəcək”.  10Rəbb belə deyir: “Deyirsiniz ki, bu şəhər viran olmuş, insansız və heyvansız qalmışdır. Ancaq tərk edilmiş, insansız və heyvansız qalmış Yəhuda şəhərlərində, Yerusəlim küçələrində  11 sevinc və şadlıq sədası, bəy-gəlin səsi, Rəbbin məbədinə şükür təqdimləri gətirənlərin səsi yenə eşidiləcək: ‹Ordular Rəbbinə şükür edin,

Çünki O, xeyirxahdır,

Məhəbbəti əbədidir›.

Çünki Mən ölkədən sürgün olunanları əvvəlki kimi geri qaytaracağam” Rəbb belə bəyan edir.  12Ordular Rəbbi deyir: “Viran olmuş, insansız və heyvansız qalmış bu ölkənin bütün şəhərlərində yenə çobanların öz sürülərini dincəltdikləri otlaqlar olacaq.  13Dağlıq bölgənin, yamaclı-düzənlikli bölgənin, Negev, Binyamin bölgəsinin şəhərlərində, Yerusəlimin ətrafındakı kəndlərdə, Yəhuda şəhərlərində sürülər yenə çoban dəyənəyinin altından keçəcək” Rəbb belə deyir.  14 Rəbb bəyan edir: “İsrail və Yəhuda nəslinə verdiyim xoş vədi yerinə yetirəcəyim günlər gəlir.  15O zaman, o günlər

Davud üçün saleh bir Pöhrə yetişdirəcəyəm.

O, ölkədə ədalət və salehliklə davranacaq.

16O günlər Yəhuda xilas olacaq,

Yerusəlim əmin-amanlıqda yaşayacaq.

O, ‹Rəbb salehliyimizdir› deyə çağırılacaq”.

17 Rəbb belə deyir: “Davud nəslindən İsrail taxtında oturan bir adam heç vaxt əskik olmayacaq.  18 Levili kahinlərdən önümə yandırma qurbanı gətirən, taxıl təqdimi yandıran, qurban kəsən bir kəs heç vaxt əskik olmayacaq”».  19Yeremyaya Rəbbin bu sözü nazil oldu:  20«Rəbb belə deyir: “Necə ki müəyyən vaxtlarda gecə və gündüz olması üçün gecə-gündüzlə kəsdiyim əhdi poza bilməzsiniz,  21eləcə də padşahlıq etməsi üçün taxtında oturan bir oğlu barədə qulum Davudla və Mənə xidmət edən Levili kahinlərlə bağladığım əhd pozula bilməz.  22Qulum Davudun nəslini və Mənə xidmət edən Levililəri saysız-hesabsız göy cisimləri və ölçülməz olan dəniz qumu qədər çoxaldacağam”».  23Yeremyaya Rəbbin bu sözü nazil oldu:  24«Bu xalqın “Rəbb seçdiyi iki ailəni rədd etdi” dediyini görmürsənmi? Xalqımı artıq bir millət kimi saymayaraq ona xor baxırlar.  25Rəbb belə deyir: “Necə ki gecə-gündüzlə əhd bağlayıb yer və göyün dəyişməz qaydalarını qoydum,  26eləcə də Yaqub nəsli ilə qulum Davudu da rədd etməyəcəyəm. Davudun oğullarından birini İbrahim, İshaq və Yaqub nəslinə padşahlıq etmək üçün seçəcəyəm. Çünki Mən onların sürgün olunmuşlarını geri qaytaracağam və onlara rəhm edəcəyəm”».

 

 

Yeremya 34

Padşah Sidqiyaya müraciət

1Babil padşahı Navuxodonosor öz hakimiyyəti altındakı bütün padşahlıqlar və xalqlardan yığılan ordusu ilə birgə Yerusəlimə və ətrafındakı şəhərlərə qarşı döyüşən vaxt Rəbdən Yeremyaya bu söz nazil oldu:  2«İsrailin Allahı Rəbb deyir ki, get Yəhuda padşahı Sidqiya ilə danış, söylə ki, Rəbb belə deyir: “Bu şəhəri Babil padşahına təslim edəcəyəm və o buraya od vuracaq.  3Sən Sidqiya onun əlindən qaçıb qurtulmayacaqsan, mütləq ələ keçib ona təslim ediləcəksən. Babil padşahını öz gözünlə görəcəksən, o səninlə üzbəüz danışacaq. Sonra Babilə aparılacaqsan”.  4Ancaq, ey Yəhuda padşahı Sidqiya, Rəbbin sözünə qulaq as. Rəbb sənin barəndə belə deyir: “Qılıncla öldürülməyəcəksən,  5əmin-amanlıqda öləcəksən. Səndən əvvəl padşah olan atalarının şərəfinə ətirli maddə yandırdıqları kimi sənin də şərəfinə ətirli maddə yandırıb ‹ah, ağamız› deyərək yas tutacaqlar. Çünki Mən Rəbb bunu söylədim”».  6Yeremya peyğəmbər bütün bu sözləri Yerusəlimdə Yəhuda padşahı Sidqiyaya söylədi.  7Həmin vaxt Babil padşahının ordusu Yerusəlimə və Yəhudanın hələ ələ keçirilməmiş şəhərləri olan Lakişə və Azeqaya hücum edirdi. Yəhudanın qalalı şəhərlərindən yalnız bunlar qalmışdı.

Qullara azadlıq

8Padşah Sidqiya Yerusəlimdəki xalqla əhd kəsərək qulların azadlığını elan etdikdən sonra Rəbdən Yeremyaya söz nazil oldu.  9Bu əhdə görə hər kəs İbrani xalqından olan kişi və qadın qullarını azad etməli, Yəhudi soydaşını yanında qul kimi saxlamamalı idi.  10Bir-birləri ilə belə əhd bağlayan bütün başçılar və xalq buna qulaq asıb öz kişi və qadın qullarını azad etdilər, bir daha heç kəsi özlərinə qul etməyəcəklərinə söz verdilər, qulaq asıb qullarını azad etdilər.  11Amma sonra fikirlərini dəyişib azad etdikləri kişi və qadın qulları yenə özlərinə qul etdilər.  12Bundan sonra Rəbdən Yeremyaya bu söz nazil oldu:  13«İsrail Allahı Rəbb belə deyir: “Mən atalarınızı Misir torpağından – köləlik diyarından çıxardığım gün onlarla əhd bağlayıb dedim:  14 ‹Sizə satılıb altı il qulluq edən İbrani soydaşlarınızı yeddinci il azad edib sərbəst buraxın›. Ancaq atalarınız Məni eşidib qulaq asmadı.  15İndi isə siz tövbə edib gözümdə doğru olanı etdiniz. Hamınız soydaşlarınızın azadlığını elan etdiniz. Mənim önümdə, Mənim adımla çağırılan məbəddə bu barədə əhd bağladınız.  16Amma sonra fikrinizi dəyişib adıma hörmətsizlik etdiniz. İstəklərinə görə azad etdiyiniz kişi və qadın qullarınızı təzədən zorla qul etdiniz”.  17Buna görə də Rəbb belə deyir: “Qul olan soydaşlarınızı – öz həmvətənlərinizi azad etməyərək Mənə qulaq asmadınız. İndi Mən də sizə azadlıq – qılınc, vəba və aclıqdan məhv olmanız üçün azadlıq elan edəcəyəm. Sizi yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam.  18Əhdimi pozan, önümdə bağladığım əhdin şərtlərinə əməl etməyən bu adamları iki yerə bölüb parçaları arasından keçdikləri dana kimi edəcəyəm.  19Dana parçalarının arasından keçmiş Yəhuda və Yerusəlim başçılarını, saray əyanlarını, kahinləri və bütün ölkə xalqını  20öz düşmənlərinə – canlarını almaq istəyənlərə təslim edəcəyəm. Cəsədləri göydəki quşlara və yerdəki heyvanlara yem olacaq.  21Yəhuda padşahı Sidqiyanı və onun başçılarını canlarını almaq istəyən düşmənlərinə – Babil padşahının üzərinizdən çəkilən ordusuna təslim edəcəyəm”.  22Rəbb bəyan edir: “Mən əmr edib Babilliləri bu şəhərə tərəf geri qaytaracağam. Onlar hücum edib şəhəri ələ keçirəcək, ona od vuracaq. Yəhuda şəhərlərini heç kəsin yaşamadığı bir viranəliyə çevirəcəyəm”».

 

 

Yeremya 35

Rekavlıların nümunəsi

1Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründə Rəbdən Yeremyaya bu söz nazil oldu:  2«Rekavlıların evinə gedib onlarla danış. Onları Rəbbin məbədinin otaqlarından birinə aparıb içməyə şərab ver».  3Bunun üçün Xavassinya oğlu Yeremya oğlu Yaazanyanı, onun qardaşlarını, bütün övladlarını və Rekav ailəsinin o biri üzvlərini yanıma alıb  4Allah adamı İqdalya oğlu Xananın oğullarının Rəbbin məbədindəki otağına apardım. Bu otaq astana keşik çəkən Şallum oğlu Maaseyanın otağı üzərindəki başçılar otağının yanında idi.  5Mən Rekav ailəsinin üzvlərinin qabağına şərab dolu camlar və kasalar qoyaraq «buyurun, şərab için» dedim.  6Lakin onlar dedi: «Biz şərab içmirik. Çünki atamız Rekav oğlu Yehonadav bizə belə əmr etdi: “Siz və nəsliniz heç vaxt şərab içməyin!  7Özünüz üçün ev tikməyin, toxum əkməyin, bağ salmayın. Bu şeyləri almayın, etməyin, ömrünüz boyu çadırlarda yaşayın. Belə etsəniz, köç etdiyiniz torpaqlarda uzun müddət yaşayarsınız”.  8Atamız Rekav oğlu Yehonadavın bizə əmr etdiyi hər şeyə qulaq asdıq. Nə biz, nə arvadlarımız, nə də oğul-qızlarımız heç vaxt şərab içmədik.  9İçində yaşamaq üçün evlər tikmədik, bağlar, tarlalar və əkinlər salmadıq.  10Çadırlarda yaşadıq. Atamız Yehonadav nə əmr etdisə, hamısına qulaq asıb əməl etdik.  11Amma Babil padşahı Navuxodonosor bu ölkəyə hücum edən zaman “gəlin Xaldey və Aram ordusundan qaçmaq üçün Yerusəlimə gedək” dedik. Buna görə də Yerusəlimdə qalırıq».  12Bundan sonra Yeremyaya Rəbbin bu sözü nazil oldu:  13«İsrailin Allahı olan Ordular Rəbbi deyir ki, get Yəhuda adamlarına və Yerusəlimdə yaşayanlara bunları söylə: “Siz heç bir dərs almayacaq, sözlərimə qulaq asmayacaqsınız?” Rəbb belə bəyan edir.  14“Rekav oğlu Yehonadav öz nəslinə şərab içməmələrini əmr etdi, nəsli də onun əmrinə əməl etdi və bu günə qədər də şərab içmirlər. Çünki atalarının əmrinə qulaq asdılar. Mən isə sizinlə dəfələrlə danışdığım halda Mənə qulaq asmadınız.  15Öz qullarım olan peyğəmbərləri dəfələrlə sizin yanınıza göndərdim. Onlar sizə dedi: ‹İndi hər biriniz öz pis yolunuzdan dönün, əməllərinizi islah edin, başqa allahların tərəfdarı olaraq onlara qulluq etməyin. Onda sizə və atalarınıza verdiyim ölkədə yaşayacaqsınız›. Amma Məni eşitməyib qulaq asmadınız.  16Rekav oğlu Yehonadavın övladları atalarının əmr etdiyinə əməl etdi, amma bu xalq Mənə qulaq asmadı”.  17Buna görə də İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Mən söylədiyim bütün fəlakətləri Yəhuda və Yerusəlimdə yaşayan hər kəsin başına gətirəcəyəm. Çünki onlara xəbərdarlıq etdim, qulaq asmadılar, onları çağırdım, cavab vermədilər”».  18Yeremya Rekav nəslinə dedi: «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Siz atanız Yehonadavın əmrinə qulaq asdınız, onun bütün əmrlərinə əməl etdiniz, sizə əmr etdiyi hər şeyi yerinə yetirdiniz”.  19Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Rekav oğlu Yehonadavın nəslindən Mənə xidmət edən bir adam heç vaxt əskik olmayacaq”».

 

 

Yeremya 36

Yehoyaqimin Yeremyanın tumarını yandırması

1Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Rəbdən Yeremyaya bu söz nazil oldu:  2«Bir tumar götür, Yoşiyanın dövründə səninlə ilk dəfə danışdığım gündən indiyə qədər İsrail, Yəhuda və başqa millətlər haqqında sənə söylədiyim bütün sözləri oraya yaz.  3Bəlkə Yəhuda xalqı başına gətirməyi niyyət etdiyim bütün fəlakətlər barəsində xəbər alanda öz pis yolundan dönər, Mən də onların təqsirlərini və günahlarını bağışlayaram».  4O zaman Yeremya Neriya oğlu Baruku çağırdı. Baruk da Rəbbin Yeremyaya söylədiyi bütün sözləri onun dilindən eşidib tumara yazdı.  5Yeremya Baruka əmr edib dedi: «Mən məhbusam, Rəbbin məbədinə gedə bilmərəm.  6Sən oruc günü Rəbbin məbədinə get. Oradakı xalqa mənim dilimdən eşidib tumara yazdığın Rəbbin sözlərini oxu. Yəhuda şəhərlərindən gələn bütün xalqa bunu oxu.  7Bəlkə onda Rəbbə yalvarışla müraciət edib öz pis yollarından dönərlər. Çünki Rəbbin bu xalq barədə ifadə etdiyi qəzəb və hiddət böyükdür».  8Neriya oğlu Baruk Yeremya peyğəmbərin əmr etdiyi hər şeyə əməl etdi, tumarda yazılmış Rəbbin sözlərini Onun məbədində oxudu.  9Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının beşinci ilinin doqquzuncu ayında Yerusəlimdə yaşayan və Yəhuda şəhərlərindən Yerusəlimə gələn bütün xalq Rəbbin önündə oruc elan etdi.  10Mirzə Şafan oğlu Gemaryanın yuxarı həyətdə, məbədin Yeni darvazasının girişindəki otağında Baruk tumardan Yeremyanın sözlərini Rəbbin məbədinə yığışmış bütün xalqa oxudu.  11Şafan oğlu Gemarya oğlu Mikeya tumardan oxunan Rəbbin sözlərini eşidən kimi  12aşağı enib saraydakı mirzə otağına getdi. Bütün başçılar orada toplaşmışdı: mirzə Elişama, Şemaya oğlu Delaya, Akbor oğlu Elnatan, Şafan oğlu Gemarya, Xananya oğlu Sidqiya və başqaları.  13Mikeya Barukun xalqa oxuduğu tumardan hər şeyi onlara danışdı.  14Bundan sonra bütün başçılar Kuşi oğlu Şelemya oğlu Netanya oğlu Yehudini Barukun yanına göndərdi. Yehudi Baruka «xalqa oxuduğun tumarı götür gəl» dedi. Neriya oğlu Baruk əlində tumar onların yanına getdi.  15Başçılar ona dedi: «Buyur əyləş, bunu bizə də oxu». Baruk da tumarı onlara oxudu.  16Onlar bütün bu sözləri eşidəndə qorxu içində bir-birlərinə baxıb Baruka dedilər: «Bütün bu sözləri mütləq padşaha bildirməliyik».  17Sonra Barukdan soruşdular: «İndi bizə söylə, bütün bu sözləri necə yazdın? Yeremya diktə etdimi?»  18Baruk onlara dedi: «Bütün bu sözləri Yeremya mənə diktə etdi, mən də mürəkkəblə tumara yazdım».  19Başçılar Baruka dedi: «Sən də, Yeremya da gedin gizlənin. Harada olduğunuzu heç kəs bilməsin».  20Sonra onlar tumarı mirzə Elişamanın otağında qoyub həyətdə olan padşahın yanına getdilər. Eşitdikləri hər şeyi ona danışdılar.  21Padşah tumarı götürüb gətirməsi üçün Yehudini göndərdi. Yehudi tumarı mirzə Elişamanın otağından götürüb gətirdi. Onu padşaha və padşahın yanında duran bütün başçılara oxudu.  22Bu zaman doqquzuncu ay idi və padşah qış sarayında yaşayırdı. Onun önündə odlu manqal yanırdı.  23Yehudi tumardan hələ üç-dörd sütun oxumuşdu ki, padşah mirzə bıçağı ilə onları kəsib manqaldakı oda atdı. Bunu o vaxta qədər etdi ki, bütün tumar manqalda yanıb-qurtardı.  24Tumardakı bütün sözləri eşidən padşah və onun əyanları nə qorxuya düşdülər, nə də paltarlarını cırdılar.  25Elnatan, Delaya və Gemarya tumarı yandırmaması üçün yalvarsa da, padşah onlara qulaq asmadı.  26Əksinə, o, şahzadə Yeraxmeelə, Azriel oğlu Serayaya və Avdeel oğlu Şelemyaya əmr etdi ki, mirzə Baruku və Yeremya peyğəmbəri tutsunlar. Ancaq Rəbb onları gizlətmişdi.  27Barukun Yeremyanın dilindən eşidib yazdığı tumarı padşah yandırandan sonra Rəbdən Yeremyaya bu söz nazil oldu:  28«Başqa bir tumar götür, bütün əvvəlki sözləri – Yəhuda padşahı Yehoyaqimin yandırdığı ilk tumarda olanları oraya yaz.  29Yəhuda padşahı Yehoyaqim üçün də söylə ki, Rəbb belə deyir: “Sən bu tumarı yandırıb söylədin ki, nə üçün Babil padşahının mütləq gəlib bu ölkəni xarabalığa çevirəcəyini, oradakı insanları da, heyvanları da məhv edəcəyini bu tumara yazdın?”  30Buna görə də Yəhuda padşahı Yehoyaqim barədə Rəbb belə deyir: “Onun nəslindən heç kəs Davudun taxtında oturmayacaq. Cəsədi gündüzün istisinə, gecənin ayazına atılacaq.  31Özünü, nəslini və əyanlarını günahlarından ötrü cəzalandıracağam. Haqqında danışdığım bütün fəlakətləri onların, Yerusəlimdə yaşayanların və Yəhuda adamlarının başına gətirəcəyəm, çünki qulaq asmadılar”».  32Yeremya başqa bir tumar götürüb mirzə Neriya oğlu Baruka verdi. Yəhuda padşahı Yehoyaqimin oda atıb yandırdığı tumardakı bütün sözləri Baruk Yeremyanın diktəsi ilə tumara yazdı. O sözlərə bənzər bir çox söz də oraya əlavə olundu.

 

 

Yeremya 37

Yeremya həbsxanada

1Babil padşahı Navuxodonosorun Yəhudaya təyin etdiyi Yoşiya oğlu Sidqiya, Yehoyaqim oğlu Yehoyakinin yerinə padşah oldu.  2Ancaq Yeremya peyğəmbər vasitəsilə Rəbbin söylədiyi sözlərə nə padşah Sidqiya, nə onun əyanları, nə də ölkə xalqı qulaq asdı.  3Padşah Sidqiya Şelemya oğlu Yehukalı və Maaseya oğlu kahin Sefanyanı Yeremya peyğəmbərin yanına göndərdi ki, ona desinlər: «Bizim üçün Allahımız Rəbbə dua et».  4O vaxt Yeremya xalqın arasında açıq gedib-gəlirdi, çünki onu hələ zindana atmamışdılar.  5Bu zaman fironun qoşunları Misirdən çıxmışdı. Yerusəlimi mühasirəyə alan Xaldeylilər bu barədə xəbər eşidən kimi Yerusəlimdən çəkildi.  6O vaxt Yeremya peyğəmbərə Rəbbin bu sözü nazil oldu:  7«İsrailin Allahı Rəbb belə deyir: “Məndən soruşmaq üçün sizi yanıma göndərən Yəhuda padşahına söyləyin ki, sizə kömək etməyə çıxan fironun ordusu öz ölkəsinə – Misirə qayıdacaq.  8Xaldeylilər yenə gəlib bu şəhərə hücum edəcək və onu ələ keçirib yandıracaq”.  9Rəbb belə deyir: “Xaldeylilər mütləq geri çəkiləcək” deyib özünüzü aldatmayın, çünki onlar geri çəkilməyəcək.  10Əgər sizə hücum edən bütün Xaldey ordusunu məğlub etsəniz və onların arasında yalnız yaralı adamlar qalsa belə, yenə hər biri öz çadırından qalxıb bu şəhəri yandıracaq».  11Firon ordusunun üzündən Xaldey ordusu Yerusəlimdən çəkilən zaman  12Yeremya Binyamin torpağına getmək üçün Yerusəlimdən yola düşdü. Oradakı xalq arasında öz irs payını almaq istəyirdi.  13Binyamin darvazasına çatanda keşikçilərin başçısı Xananya oğlu Şelemya oğlu İriyanı orada gördü. İriya «sən Xaldeylilərin tərəfinə keçirsən» deyərək onu tutdu.  14Yeremya «yalandır, mən Xaldeylilərin tərəfinə keçmirəm» dedi. Ancaq İriya Yeremyaya qulaq asmadı və onu tutub başçıların yanına gətirdi.  15Başçılar Yeremyaya qəzəblənib onu döydülər. Sonra onu mirzə Yonatanın evinə – həbsxanaya saldılar, çünki o evi həbsxana etmişdilər.  16Yeremya çəni olan zirzəmidə zindana salındı, uzun müddət orada qaldı.  17O zaman padşah Sidqiya adam göndərib onu gətirtdi. Padşah öz sarayında gizlicə ondan soruşdu: «Rəbdən bir söz varmı?» Yeremya «var» deyə cavab verdi, «Babil padşahına təslim ediləcəksən».  18Sonra Yeremya padşah Sidqiyaya dedi: «Sənə, əyanlarına və bu xalqa qarşı nə günah etdim ki, məni həbsxanaya saldınız?  19“Babil padşahı sizə və bu ölkəyə hücum etməyəcək” deyə sizin üçün peyğəmbərlik edən peyğəmbərləriniz indi haradadır?  20Ey ağam padşah, indi xahiş edirəm, qulaq as. Xahiş edirəm, bu yalvarışımı qəbul et və məni mirzə Yonatanın evinə qaytarma, qoy orada ölməyim».  21Padşah Sidqiya əmr etdi və Yeremyanı keşikçilər həyətində saxladılar. Şəhərdə çörək ehtiyatı qurtarana qədər hər gün ona çörək bişirənlər küçəsindən gətirib bir parça çörək verirdilər. Beləcə Yeremya mühafizəçilər həyətində qaldı.

 

 

Yeremya 38

Yeremyanın quyuya atılması

1Mattan oğlu Şefatya, Paşxur oğlu Gedalya, Şelemya oğlu Yehukal və Malkiya oğlu Paşxur Yeremyanın bütün xalqa dediyi bu sözləri eşitdi:  2«Rəbb belə deyir: “Bu şəhərdə qalan adam qılıncdan, aclıqdan və vəbadan öləcək. Ancaq Xaldeylilərə təslim olan yaşayacaq, heç olmasa öz canını qurtarıb sağ qalacaq”.  3Rəbb belə deyir: “Bu şəhər hökmən Babil padşahının ordusuna təslim ediləcək və o bu şəhəri tutacaq”».  4Başçılar padşaha dedi: «Qoy bu adam öldürülsün. Çünki belə sözlər deyib bu şəhərdə salamat qalan döyüşçüləri və bütün xalqı ruhdan salır. Yəqin bu adam xalqa yaxşılıq deyil, pislik arzulayır».  5Padşah Sidqiya dedi: «Onu sizin əlinizə verirəm, çünki padşah sizin əleyhinizə bir iş görə bilməz».  6O zaman onlar Yeremyanı götürüb padşahın oğlu Malkiyanın mühafizəçilər həyətində olan quyusuna atdılar. Yeremyanı kəndirlə oraya saldılar. Quyuda su yox idi, yalnız çirkab var idi. Yeremya çirkaba batdı.  7Padşah sarayında olan hərəmağası Kuşlu Eved-Melek Yeremyanın quyuya atıldığını eşitdi. Bu zaman padşah Binyamin darvazasında oturmuşdu.  8Eved-Melek padşah sarayından gəlib padşaha belə söylədi:  9«Ağam padşah, bu adamlar Yeremya peyğəmbəri quyuya ataraq onunla pis rəftar etdi. O orada acından öləcək, çünki daha şəhərdə çörək qalmadı».  10Padşah Kuşlu Eved-Melekə əmr edib dedi: «Özünlə otuz nəfər götür, nə qədər ki ölməyib, Yeremya peyğəmbəri quyudan çıxart».  11Eved-Melek adamları özü ilə götürüb saray xəzinəsinin altında olan bir otağa girdi və oradan yırtıq paltarlar, cırıq əskilər götürdü. Sonra onları iplərlə quyuya Yeremyaya salladılar.  12Kuşlu Eved-Melek Yeremyaya dedi: «Yırtıq paltarları və əskiləri iplərin üstündən qoltuqlarının altına qoy». Yeremya belə də etdi.  13Yeremyanı iplərlə çəkib quyudan çıxartdılar. Yeremya mühafizəçilər həyətində qaldı.

Sidqiyanın yenə Yeremyaya sual verməsi

14Padşah Sidqiya adam göndərib Yeremya peyğəmbəri öz yanına – Rəbbin məbədinin üçüncü girişinə gətirdi. Padşah Yeremyaya dedi: «Səndən bir şey soruşacağam, məndən heç nə gizlətmə».  15Yeremya Sidqiyaya dedi: «Sənə bildirsəm, məni öldürəcəksən. Sənə nəsihət versəm də, mənə qulaq asmayacaqsan».  16Padşah Sidqiya Yeremyaya gizlicə and içib dedi: «Bizə nəfəs verən, var olan Allaha and olsun ki, səni öldürməyəcəyəm və canını almaq istəyən adamlara təslim etməyəcəyəm».  17Yeremya Sidqiyaya dedi: «İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Əgər sən Babil padşahının başçılarına təslim olsan, canın qurtaracaq və bu şəhər də odda yanmayacaq, ailənlə birgə sağ qalacaqsan.  18Ancaq Babil padşahının başçılarına təslim olmasan, bu şəhər Xaldeylilərə təslim ediləcək və onu yandıracaqlar. Sən də onların əlindən qaçıb qurtara bilməyəcəksən”».  19Padşah Sidqiya Yeremyaya dedi: «Xaldeylilərin tərəfinə keçən Yəhudilərdən qorxuram. Xaldeylilər məni onların əlinə verə bilər, onlar da mənimlə pis rəftar edər».  20Yeremya dedi: «Verməzlər. Xahiş edirəm, sənə söyləyəcəyimə əməl edərək Rəbbin sözünə qulaq as. Onda xeyir taparsan, canın da amanda qalar.  21Ancaq sən təslim olmaq istəmədiyin halda Rəbb mənə bunu göstərir:  22Yəhuda padşahının sarayında qalan bütün qadınlar Babil padşahına təslim ediləcək. Onda o qadınlar deyəcək: “Güvəndiyin adamlar səni aldadıb

Məğlubiyyətə düçar etdi.

Ayaqların palçığa batanda

Onlar səni qoyub qaçdı”.

23Sənin bütün arvadların və oğulların Xaldeylilərə təslim ediləcək. Özün də onların əlindən qaçıb qurtara bilməyəcəksən, Babil padşahı səni ələ keçirəcək. Bu şəhər də yandırılacaq».  24Sidqiya Yeremyaya dedi: «Bu söhbəti heç kəs bilməməlidir, yoxsa ölə bilərsən.  25Əgər səninlə danışdığımı başçılar eşitsə, yanına gəlib “padşaha nə söylədin və padşah sənə nə dedi, bizə bildir, bizdən gizlətmə, yoxsa səni öldürərik” desə,  26onlara “padşaha yalvardım ki, məni Yonatanın evinə qaytarmasın və orada ölməyim” söylə».  27Bütün başçılar Yeremyanın yanına gəlib ondan söz soruşdu. O da padşahın əmr etdiyi kimi bütün bu sözləri onlara söylədi. Daha ona bir söz demədilər, çünki bu söhbəti heç kəs eşitməmişdi.  28 Yerusəlim alındığı zaman Yeremya orada idi və mühafizəçilər həyətində qalırdı.

 

 

Yeremya 39

Yerusəlimin süqutu

(2Pad. 25:1-12; Yer. 52:4-16)

1Yəhuda padşahı Sidqiyanın padşahlığının doqquzuncu ilinin onuncu ayında Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin qarşısına gəlib şəhəri mühasirəyə aldı.  2Sidqiyanın padşahlığının on birinci ilində, dördüncü ayın doqquzuncu günü şəhər divarında dəlik açıldı.  3Babil padşahının bütün başçıları – Nerqal-Sareser, Samqar-Nevo, baş məmur Sarsekim, baş məsləhətçi Nerqal-Sareser və bütün başqa əyanlar içəri girib Orta darvazada oturdu.  4Yəhuda padşahı Sidqiya və bütün döyüşçülər onları görəndə gecə vaxtı şəhərdən, padşah bağçası yolundan, iki divar arasındakı qapıdan çıxıb qaçdılar və Aravaya üz tutdular.  5Xaldey ordusu onları təqib edib Yerixo düzənliyində Sidqiyaya çatdı. Sidqiyanı tutub Xamat torpağındakı Rivlaya, Babil padşahı Navuxodonosorun yanına gətirdilər. O, Sidqiya barədə hökm verdi.  6Babil padşahı Rivlada Sidqiyanın gözü önündə onun oğlanlarını öldürtdü. Babil padşahı bütün Yəhuda əyanlarını da öldürtdü.  7Sidqiyanın isə gözlərini kor etdi və onu Babilə aparmaq üçün zəncirlədi.  8Xaldeylilər padşah sarayını və xalqın evlərini yandırdılar, Yerusəlimin divarlarını uçurtdular.  9Keşikçilər rəisi Nevuzaradan şəhərdə sağ qalan xalqı, onun tərəfinə keçənləri – sağ qalan bütün əhalini Babilə sürgün etdi.  10Keşikçilər rəisi Nevuzaradan xalqdan heç bir şeyi olmayan bəzi yoxsulları Yəhuda torpağında saxladı, həmin gün onlara üzümlüklər və zəmilər verdi.

Yeremyanın azad olunması

11Babil padşahı Navuxodonosor Yeremya barədə keşikçilər rəisi Nevuzaradana əmr edib dedi:  12«Onu aparıb yaxşı bax, pis rəftar etmə. Özü sənə nə desə, onu elə».  13Keşikçilər rəisi Nevuzaradan, baş məmur Nevuşazban, baş məsləhətçi Nerqal-Sareser və Babil padşahının başqa əyanları adam göndərib  14Yeremyanı mühafizəçilər həyətindən gətirdilər və evinə aparmaq üçün Şafan oğlu Axiqam oğlu Gedalyaya tapşırdılar. O da xalqın arasında yaşamağa başladı.  15Mühafizəçilər həyətində məhbus ikən Yeremyaya Rəbbin bu sözü nazil olmuşdu:  16«Get Kuşlu Eved-Melekə söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bu şəhərin üzərinə yaxşılıq deyil, pislik gətirərək dediyim sözləri yerinə yetirəcəyəm. O gün bunlar sənin gözlərin önündə baş verəcək.  17Ancaq o gün səni xilas edəcəyəm” Rəbb belə bəyan edir. “Qorxduğun adamlara təslim edilməyəcəksən.  18Bəli, Mən səni xilas edəcəyəm, sən qılıncla həlak olmayacaqsan. Heç olmasa öz canını qurtaracaqsan, çünki sən Mənə güvəndin” Rəbb belə bəyan edir».

 

 

Yeremya 40

Yeremya Gedalyanın yanında

1Keşikçilər rəisi Nevuzaradan Yeremyanı Ramada qoyub getdikdən sonra Rəbbin sözü Yeremyaya nazil oldu. Nevuzaradan onu Babilə sürgün olunan bütün Yerusəlim və Yəhuda xalqı ilə birgə zəncirlənmiş halda Ramaya aparmışdı.  2Keşikçilər rəisi Yeremyanı tapıb ona dedi: «Bu yerin başına Allahın Rəbb bu bəlanı gətirəcəyini söylədi,  3sonra da onu yerinə yetirib dediyi kimi etdi. Çünki Rəbbə qarşı günah etdiniz, sözünə qulaq asmadınız, buna görə də başınıza bu iş gəldi.  4İndi səni əlinə vurulan zəncirlərdən azad edirəm. Əgər mənimlə birgə Babilə getmək istəyirsənsə, gəl gedək, sənin qayğına qalaram. Ancaq mənimlə birgə Babilə getmək istəmirsənsə, getmə. Bax bütün ölkə sənin qarşındadır, hara getmək sənin üçün yaxşı və düzgündürsə, ora da get».  5Yeremya hələ qayıtmamış Nevuzaradan dedi: «Babil padşahının Yəhuda şəhərləri üzərinə qoyduğu Şafan oğlu Axiqam oğlu Gedalyanın yanına qayıt və onunla birgə xalq arasında yaşa. Yaxud da hara getmək istəyirsən, ora get». Keşikçilər rəisi ona azuqə və hədiyyə verib buraxdı.  6Yeremya Mispaya Axiqam oğlu Gedalyanın yanına getdi və onunla birgə ölkədə qalan xalq arasında yaşadı.

Gedalyanın öldürülməsi

(2Pad. 25:22-26)

7Çöldə olan bütün qoşun başçıları və onların adamları eşitdi ki, Babil padşahı, Axiqam oğlu Gedalyanı ölkəyə başçı qoymuş və ölkənin yoxsul əhalisindən Babilə sürgün olunmamış kişiləri, qadınları və uşaqları onun ixtiyarına vermişdir.  8Bu adamlar Mispaya, Gedalyanın yanına gəldi: Netanya oğlu İsmail, Qareahın oğulları Yoxanan və Yonatan, Tanxumet oğlu Seraya, Netofalı Efayın oğulları, Maakalının oğlu Yezanya və onların adamları.  9Şafan oğlu Axiqam oğlu Gedalya onlara və öz adamlarına and içib dedi: «Xaldeylilərə qulluq etməkdən qorxmayın. Ölkədə qalıb Babil padşahına qulluq edin, sizin üçün yaxşı olar.  10Mənə gəlincə, bizim yanımıza gələcək Xaldeylilərin qabağında sizi təmsil etmək üçün Mispada qalacağam. Ancaq siz şərab, yay meyvələri və zeytun yağı yığıb qablarınıza doldurun və aldığınız şəhərlərdə yaşayın».  11Moavda, Ammonlular arasında, Edomda və başqa ölkələrdə olan bütün Yəhudilər Babil padşahının Yəhudada müəyyən sayda əhali saxladığını və Şafan oğlu Axiqam oğlu Gedalyanı onlara başçı qoyduğunu eşitdi.  12Yəhudilərin hamısı sürgün olunduqları bütün yerlərdən qayıtdı. Yəhuda torpağına, Mispada olan Gedalyanın yanına gəldilər, çoxlu şərab və yay meyvələri topladılar.  13Qareah oğlu Yoxanan və çöllərdə olan bütün qoşun başçıları Mispada olan Gedalyanın yanına gəlib  14ona dedi: «Ammonluların padşahı Baalisin sənin canını almaq üçün Netanya oğlu İsmaili göndərdiyini bilirsənmi?» Ancaq Axiqam oğlu Gedalya onlara inanmadı.  15Qareah oğlu Yoxanan Mispada Gedalyaya gizlicə söylədi: «Burax gedim, Netanya oğlu İsmaili öldürüm, heç kəs bilməyəcək. Nə üçün o səni öldürsün və ətrafına yığılmış bütün Yəhudilər dağılsın, Yəhudadan sağ qalanlar da məhv olsun?»  16Ancaq Axiqam oğlu Gedalya Qareah oğlu Yoxanana dedi: «Bu işi etmə, çünki İsmail barəsində yalan danışırsan».

 

 

Yeremya 41

1 Elə oldu ki, yeddinci ayda padşah nəslindən və əyanlarından olan Elişama oğlu Netanya oğlu İsmail on nəfərlə birgə Mispaya, Axiqam oğlu Gedalyanın yanına gəldi. Orada birlikdə yemək yeyərkən  2Netanya oğlu İsmail və onunla birgə olan on nəfər qalxıb Babil padşahının ölkəyə başçı qoyduğu Şafan oğlu Axiqam oğlu Gedalyanı qılıncla vurub-öldürdülər.  3İsmail Mispada Gedalya ilə birgə olan bütün Yəhudiləri və oradakı Xaldey döyüşçülərini də öldürdü.  4Gedalyanın öldürülməsindən bir gün sonra, hələ heç kəs olanları bilməyərkən  5Şekemdən, Şilodan və Samariyadan saqqalları qırxılmış, paltarları cırıq, bədənlərinə yara vurmuş, Rəbbin məbədinə gətirmək üçün əllərində taxıl təqdimi və buxur olan səksən nəfər adam gəldi.  6Onları qarşılamaq üçün Mispadan Netanya oğlu İsmail gəldi. O ağlaya-ağlaya adamların qabağına çıxıb onlara dedi: «Axiqam oğlu Gedalyanın yanına gəlin».  7Adamlar şəhərə girəndə Netanya oğlu İsmail və yanında olan adamlar onları öldürüb cəsədlərini quyuya atdılar.  8Ancaq onlar arasında olan on nəfər İsmailə dedi: «Bizi öldürmə, çünki bizim tarlada saxlanan buğda, arpa, zeytun yağı və balımız var». İsmail də fikrindən dönüb onları yoldaşları ilə birgə öldürmədi.  9İsmailin öldürdüyü Gedalya ilə adamlarının cəsədlərini atdığı quyunu padşah Asa İsrail padşahı Baaşaya qarşı müdafiə tədbiri olaraq qazmışdı. Netanya oğlu İsmail onu öldürülənlərlə doldurdu.  10Sonra İsmail keşikçilər rəisi Nevuzaradanın Axiqam oğlu Gedalyanın ixtiyarına verdiyi Mispadakı bütün xalqı və padşah qızlarını əsir tutdu. Netanya oğlu İsmail Mispada qalan bütün xalqı əsir götürüb Ammonlulara sığınmaq üçün yola düşdü.

Yoxananın xalqı xilas etməsi

11Qareah oğlu Yoxanan və onunla birgə olan bütün qoşun başçıları Netanya oğlu İsmailin etdiyi bütün pisliklər barədə eşitdi.  12Onda bütün adamlarını götürüb Netanya oğlu İsmaillə vuruşmağa getdilər. Onu Giveonda olan böyük hovuzun yanında tapdılar.  13İsmailin yanında olan bütün xalq Qareah oğlu Yoxananı və onunla olan bütün qoşun başçılarını görəndə sevindi.  14İsmailin Mispadan sürgün etdiyi bütün xalq dönüb geri qayıtdı və Qareah oğlu Yoxananın yanına getdi.  15Ancaq Netanya oğlu İsmail səkkiz nəfərlə birgə Yoxanandan qaçıb-qurtuldu və Ammonluların yanına getdi.  16Qareah oğlu Yoxanan və yanındakı bütün qoşun başçıları sağ qalanların hamısını – Axiqam oğlu Gedalyanı öldürən Netanya oğlu İsmailin Mispadan əsir apardığı döyüşçüləri, qadınları, uşaqları və hərəmağalarını Giveondan götürüb gətirdilər.  17Xaldeylilərdən qaçmaq üçün Misirə tərəf yola düşdülər və Bet-Lexem yaxınlığındakı Gerut-Kimhamda qaldılar.  18Çünki Netanya oğlu İsmail Babil padşahının ölkəyə başçı qoyduğu Axiqam oğlu Gedalyanı öldürdüyü üçün Xaldeylilərdən qorxurdular.

 

 

Yeremya 42

Yeremyanın duasına Rəbbin cavabı

1Bütün qoşun başçıları, Qareah oğlu Yoxanan, Hoşaya oğlu Yezanya və böyükdən kiçiyə qədər bütün xalq yaxınlaşıb  2Yeremya peyğəmbərə dedi: «Xahiş edirik, yalvarışımız sənə məqbul olsun, bizim üçün – bu qalan xalq üçün Allahın Rəbbə dua et, çünki necə ki görürsən, o boyda xalqdan azalıb bu qədər qalmışıq.  3Qoy hara gedəcəyimizi, nə edəcəyimizi Allahın Rəbb bizə bildirsin».  4Yeremya peyğəmbər onlara dedi: «Razıyam. İstədiyiniz kimi Allahınız Rəbbə dua edəcəyəm və barənizdə Rəbb nə cavab versə, sizə bildirəcəyəm. Sizdən heç nəyi gizli saxlamayacağam».  5Onlar Yeremyaya dedi: «Allahın Rəbbin bizə bildirmək üçün sənə nazil etdiyi hər sözə əməl etməsək, qoy Rəbb Özü əleyhimizə həqiqi və etibarlı şahid olsun.  6Səni yanına göndərdiyimiz Allahımız Rəbbin sözünü bəyənsək də, bəyənməsək də, ona qulaq asacağıq ki, işimiz yaxşı getsin. Bəli, Allahımız Rəbbin sözünə qulaq asacağıq».  7On gün sonra Rəbbin sözü Yeremyaya nazil oldu.  8Qareah oğlu Yoxananı, onunla birgə olan bütün qoşun başçılarını, böyükdən kiçiyə qədər bütün xalqı çağırıb  9onlara dedi: «Yalvarışınızı önünə təqdim etmək üçün məni yanına göndərdiyiniz İsrailin Allahı Rəbb belə deyir:  10“Əgər bu ölkədə qalsanız, Mən sizi dirçəldərəm, daha dağıtmaram, sizi əkərəm, daha çıxarmaram. Çünki başınıza gətirdiyim bütün bəlalara görə təəssüflənirəm.  11Babil padşahından qorxmayın. Siz ondan qorxursunuz, ancaq qorxmayın” Rəbb belə bəyan edir. “Çünki Mən sizinləyəm və sizi azad edib onun əlindən qurtaracağam.  12Mən sizə mərhəmət göstərəcəyəm ki, o da rəhm edib sizi öz torpağınıza qaytarsın”.  13Ancaq siz “bu torpaqda yaşamayacağıq” deyərək Allahınız Rəbbin sözünə qulaq asmasanız,  14“yox, biz Misir torpağına gedəcəyik, orada müharibə görməyəcəyik, şeypur səsi eşitməyəcəyik, aclıq çəkməyəcəyik və orada qalacağıq” desəniz,  15onda, ey qalan Yəhudalılar, Rəbbin sözünü eşidin. İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Əgər siz, doğrudan da, Misirə gedib orada sakin olmağı qərara alsanız,  16o zaman qorxduğunuz həmin qılınc Misir torpağında sizə yetişəcək. Qorxduğunuz aclıq Misirdə sizi təqib edəcək və orada öləcəksiniz.  17Misirə gedib sakin olmağı qərara alan hər kəs qılınc, aclıq və vəbadan öləcək. Onlardan heç kəs sağ qalmayacaq, başlarına gətirdiyim bəladan qaçıb qurtarmayacaq”.  18Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yerusəlimdə yaşayanların üzərinə necə qəzəbim və qızğınlığım töküldüsə, siz Misirə getsəniz, eləcə qızğınlığım üzərinizə töküləcək. Siz lənət, dəhşət, nifrin və rüsvayçılıq hədəfi olacaqsınız. Bir daha bu yeri görməyəcəksiniz”.  19Ey Yəhudanın qalan camaatı, sizin üçün Rəbb “Misirə getməyin” söylədi. Yaxşı bilin ki, bu gün sizə xəbərdarlıq etdim.  20Çünki siz fəlakət gətirən bir səhv etdiniz. Məni Allahınız Rəbbin yanına göndərib dediniz: “Allahımız Rəbbə bizim üçün dua et, Allahımız Rəbbin deyəcəyi hər şeyi bizə bildir, biz elə də edərik”.  21Mən bu gün sizə xəbər verdim, ancaq siz məni yanınıza göndərdiyi heç bir işdə Allahınız Rəbbin sözünə qulaq asmadınız.  22İndi yaxşı bilin ki, gedib sakin olmaq istədiyiniz yerdə qılınc, aclıq və vəbadan öləcəksiniz».

 

Yeremya 43

Yeremyanın Misirə aparılması

1Yeremya bütün xalqa özlərinin Allahı Rəbbin sözlərini, Onun Yeremya vasitəsilə onlara nazil etdiyi hər şeyi söyləməyi qurtaranda  2Xoşaya oğlu Azarya, Qareah oğlu Yoxanan və bütün dikbaş adamlar Yeremyaya dedi: «Sən yalan söyləyirsən. “Gedib Misirdə sakin olmayın” demək üçün Allahımız Rəbb səni bizim yanımıza göndərmədi.  3Ancaq Neriya oğlu Baruk səni bizə qarşı təhrik edir ki, Xaldeylilər bizi öldürsün yaxud da Babilə sürgün etsin».  4Qareah oğlu Yoxanan, bütün qoşun başçıları və xalq Rəbbin Yəhuda torpağında qalmaq əmrinə qulaq asmadı.  5 Əksinə, Qareah oğlu Yoxanan və bütün qoşun başçıları sürgün olunduqları millətlərin arasından Yəhuda torpağında sakin olmaq üçün qayıdan Yəhudalıların qalanını –  6kişiləri, qadınları, uşaqları, padşahın qızlarını, keşikçilər rəisi Nevuzaradanın Şafan oğlu Axiqam oğlu Gedalyanın yanında qoyduğu hər kəsi, Yeremya peyğəmbəri və Neriya oğlu Baruku götürüb getdilər.  7Onlar Rəbbin sözünə qulaq asmayıb Misir torpağına getdi və Taxpanxesə çatdı.  8Taxpanxesdə Yeremyaya Rəbbin bu sözü nazil oldu:  9«Əlinə böyük daşlar al və onları Yəhuda kişilərinin gözü önündə Taxpanxesə firon sarayına girilən yerdə olan kərpic döşəmənin palçığında gizlət.  10Sonra onlara söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən xəbər göndərib qulum Babil padşahı Navuxodonosoru gətirdəcəyəm və gizlətdiyim bu daşların üstündə onun taxtını quracağam. Padşah öz çadırını onların üstündə açacaq.  11 O gəlib Misir ölkəsini məğlub edəcək. Ölüm üçün ayrılanlar ölümə, sürgün üçün ayrılanlar sürgünə, qılınc üçün ayrılanlar qılınca təslim ediləcək.  12Misir allahlarının məbədlərində od qalayacağam. Babil padşahı onları yandıracaq, bütləri alıb aparacaq. Bir çoban paltarını necə bitdən təmizləyirsə, o da Misir ölkəsini eləcə təmizləyəcək. Sonra oradan sağ-salamat çıxacaq.  13O, Misir torpağında Günəş allahının məbədinin dik daşlarını dağıdacaq, Misir allahlarının məbədlərini yandıracaq”»

bottom of page