top of page

Yeremya 1

1Bunlar Binyamin torpağındakı Anatotda yaşayan kahinlərdən biri olan Xilqiya oğlu Yeremyanın sözləridir.  2 Yəhuda padşahı Amon oğlu Yoşiyanın dövründə – padşahlığının on üçüncü ilində Yeremyaya Rəbbin sözü nazil oldu.  3 Bu, Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründən Yəhuda padşahı Yoşiya oğlu Sidqiyanın padşahlığının on birinci ilinin sonunadək, beşinci ayda Yerusəlim əhalisinin sürgünə aparılmasına qədər davam etdi.

Yeremyaya çağırış

4Mənə Rəbbin bu sözü nazil oldu:  5«Mən sənə ananın bətnində

Surət verməzdən əvvəl səni tanıdım,

Doğulmazdan əvvəl səni təqdis edib

Millətlərə peyğəmbər etdim».

6Onda mən dedim: «Ah, ya Xudavənd Rəbb! Axı mənim danışıq qabiliyyətim yoxdur, çünki hələ cavanam».  7Rəbb mənə dedi: «Sən “cavanam” demə. Mən səni kimin yanına göndərsəm, gedəcəksən, sənə nə əmr etsəm, onu söyləyəcəksən.  8Adamlardan qorxma, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir.  9Rəbb əlini uzadıb ağzıma toxundu və mənə dedi: «Bax sözlərimi sənin dilinə qoydum.  10Bu gün səni millətlər və ölkələr üzərinə təyin etdim ki, onları kökündən yıxıb dağıdasan, qırıb məhv edəsən, əkib tikəsən».  11Mənə Rəbbin bu sözü nazil oldu: «Ey Yeremya, nə görürsən?» Mən dedim: «Badam ağacının bir budağını görürəm».  12Rəbb mənə dedi: «Düz görmüsən. Axı Mən hər sözümü yerinə yetirməkdə sayığam».  13Mənə yenə Rəbbin bu sözü nazil oldu: «Nə görürsən?» Mən dedim: «Şimaldan bu tərəfə yönəlmiş qaynar bir qazan görürəm».  14Rəbb mənə dedi: «Bu ölkədə yaşayanların hamısının üzərinə

Şimaldan bəla yağacaq.

15Çünki Mən şimal ölkələrinin bütün tayfalarını çağıracağam»

Rəbb belə bəyan edir.

«Hər biri gəlib öz taxtını

Yerusəlim darvazalarının girişində,

Onun bütün darvazalarının ətrafında

Və bütün Yəhuda şəhərlərində quracaq.

16Bütün pisliklərinə görə

Onların əleyhinə hökmlərimi bildirəcəyəm.

Çünki Məndən üz döndərib başqa allahlara buxur yandıraraq

Öz əl işlərinə səcdə etdilər.

17Sən belini qurşayıb qalx, sənə əmr edəcəyim bütün şeyləri onlara söylə. Onlardan qorxma, yoxsa Mən də səni onların önündə qorxuya salacağam.  18Budur, Mən bu gün səni bütün ölkənin – Yəhuda padşahlarının, bu yerin başçılarının, kahinlərinin və ölkə xalqının əleyhinə qalalı şəhər, dəmir sütun və tunc divar etdim.  19Onlar səninlə vuruşacaq, ancaq gücləri çatmayacaq, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir.

 

 

Yeremya 2

İsrailin yoldan azması

1Mənə Rəbbin sözü nazil oldu: «Get Yerusəlimə ucadan elan et ki,  2Rəbb belə deyir: “Mən sənin cavanlığındakı mehrini,

Gəlin olanda məhəbbətini,

Səhrada, ot bitməyən torpaqda ardımca gəldiyini yadıma saldım.

3Onda İsrail Rəbbə həsr olunmuşdu

Və Onun məhsulunun nübarı idi.

Onu udmaq istəyənlərin hamısı mühakimə olunur,

Üstlərinə bəla gəlirdi” Rəbb belə bəyan edir.

4Ey Yaqub nəsli, ey İsrail nəslinin bütün tayfaları,

Rəbbin sözünü eşidin,

5Rəbb belə deyir:

“Atalarınız Məndə nə haqsızlıq tapdılar ki,

Məndən uzaqlaşdılar və puç bütlər ardınca getdilər,

Özləri də puç adam oldular.

6Daha demədilər ki, Misir torpağından bizi çıxaran,

Səhrada, uçurumlarla dolu boz çöllərdə,

Ölüm kölgəsində qalan quraq torpaqda,

Bir insanın keçmədiyi, heç kəsin yaşamadığı

Diyarda gəzdirən Rəbb haradadır?

7Mən sizi bərəkətli torpağa gətirdim ki,

Onun meyvələrindən və nemətlərindən dadasınız.

Ancaq siz oraya girən kimi torpağımı murdar etdiniz,

Mülkümü iyrənc bir yerə çevirdiniz.

8Kahinlər ‹Rəbbi axtaraq› demədilər,

Qanun müəllimləri Məni tanımadılar,

Rəhbərlər Mənə qarşı üsyan etdilər,

Peyğəmbərlər Baalın adı ilə peyğəmbərlik etdilər,

Faydasız şeylərin dalınca getdilər”.

9Buna görə Rəbb belə bəyan edir:

“Mən yenə sizinlə çəkişəcəyəm,

Mən övladlarınızın övladları ilə də çəkişəcəyəm.

10Siz Kittim adalarına gedib görün,

Qedara adam göndərib öyrənin.

Görün belə bir şey oldumu?

11Bir millət allahlarını dəyişdirdimi?

Əslində onlar allah deyil.

Ancaq Mənim xalqım öz Calalını faydasız bütlərə dəyişdi.

12Ey göylər, siz buna heyrət edib tir-tir əsin və dəhşətə gəlin”

Rəbb belə bəyan edir.

13“Çünki xalqım iki pis əməl etdi:

Məni – axar suların mənbəyini atıb

Özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər.

14Məgər İsrail quldur? Yoxsa o, kölə doğulmuşdu?

Bəs nə üçün qarət malı oldu?

15Onun üstünə cavan aslanlar nərildədi və səslərini ucaltdılar.

Ölkəsini viran etdilər.

Şəhərləri yandı, bir nəfər sakin qalmadı.

16Nof və Taxpanxes sakinləri sənin başını yardı.

17Səni yolla aparan Allahın Rəbbi tərk etməklə

Bu işi öz başına gətirmədinmi?

18Bəs Şixor suyundan içmək üçün Misirə niyə gedirsən?

Fərat suyundan içmək üçün Aşşura niyə gedirsən?

19Səni öz pisliyin cəzalandıracaq,

Dönüklüyün töhmətini alacaqsan.

Sən də görüb bil ki, Allahın Rəbbi atmağın,

Məndən qorxmamağın pis və acı şeydir”

Ordular Rəbbi Xudavənd belə bəyan edir.

20“Sən boyunduruğunu ta qədimdən qırdın, iplərini qopardın

Və ‹sənə qulluq etməyəcəyəm› dedin.

Üstəlik hər uca təpənin üstündə,

Hər kölgəli ağacın altında yerə sərilib

Bütlərə səcdə edərək Mənə xəyanət etdin.

21Mən səni gözəl meynə, tər-təmiz toxum kimi əkmişdim.

Sən necə əleyhimə çıxıb cır, yabanı meynə oldun?

22İndi isə sən gilabı ilə yuyunsan, çoxlu sabun əritsən də,

yenə günahın önümdə ləkə kimi qalacaq”

Xudavənd Rəbb belə bəyan edir.

23“Axı necə deyə bilərsən ki, murdar olmadım,

Baal bütlərinin ardınca getmədim?

Dərədə necə rəftar etdiyinə bax, nə etdiyini gör.

Sən qızışan, ora-bura qaçan dişi dəvə kimi,

24Şəhvətlə havanı iyləyən, səhraya öyrəşmiş vəhşi eşşək kimisən.

Qızanda onu kim saxlaya bilər?

Onu istəyənlər özlərini yormaz, cütləşmə vaxtı onu tapar.

25Ayaqyalın gəzmə, boğazın susuzluqdan qurumasın.

Ancaq sən dedin: ‹Xeyr, olmaz!

Çünki mən yad allahları sevdim və onların ardınca gedəcəyəm›.

26Oğru tutulanda necə utanırsa,

İsrail nəsli də padşahları, başçıları, kahinləri

Və peyğəmbərləri ilə birgə eləcə utanırlar.

27Onlar ağaca ‹atamsan›, daşa ‹bizi sən doğdun› deyir.

Çünki Mənə tərəf üzlərini deyil, arxalarını çevirdilər.

Ancaq üstlərinə bəla gələndə ‹qalxıb bizi qurtar› deyirlər.

28Bəs özün üçün düzəltdiyin bütlərin haradadır?

Başına bəla gəldiyi vaxt səni qurtara bilərlərsə, gəlsinlər.

Sənin allahların şəhərlərinin sayı qədərdir, ey Yəhuda!

29Nə üçün Mənimlə çəkişirsiniz?

Hamınız Mənə qarşı üsyan etdiniz” Rəbb belə bəyan edir.

30“Övladlarınızı nahaq yerə cəzalandırdım,

Çünki onlar ibrət götürmədilər.

Öz qılıncınız qırıb-çatan aslan kimi

Peyğəmbərlərinizi tələf etdi”.

31Ey bu nəslin övladları, Rəbbin sözünə diqqət edin:

“Məgər Mən İsrail üçün bir səhra oldum?

Yaxud bir zülmət ölkəsi oldum?

Xalqım nə üçün deyir ki, biz öz-özümüzə ağayıq,

Bir daha Sənə tərəf gəlmərik?

32Qız öz bəzəklərini, gəlin öz cehizini unuda bilərmi?

Ancaq xalqım uzun müddət məni unutdu.

33Oynaşlarının dalına düşməkdə nə qədər mahirsən.

Ən pis arvadlar belə, səndən dərs ala bilər.

34Sənin ətəklərin öldürdüyün

Məzlum, günahsız adamların qanına bulaşıb,

Halbuki onları oğurluq üstündə tutmadın.

Hələ bununla belə,

35Sən deyirsən: ‹Mən təqsirsizəm,

Rəbbin qəzəbi hökmən məndən yan keçəcək›.

Bax Mən səni mühakimə edəcəyəm,

Çünki günah etmədiyini söyləyirsən.

36Nə üçün tez-tez dolanıb dönüklük edirsən?

Aşşurda pərt olduğun kimi Misirdə də pərt olacaqsan.

37Oradan da əllərinlə başını tutub çıxacaqsan,

Çünki bel bağladıqlarını Rəbb rədd etdi,

Onlarla uğur qazana bilməyəcəksən”.

 

 

Yeremya 3

Xəyanətkar İsrail

1Əgər bir adam öz arvadını boşasa,

Arvad da onu tərk edib başqasına ərə getsə,

O adam bir də arvadının yanına qayıdarmı?

Belə etsə, ölkə də tamamilə murdar olmazmı?

Sənsə çoxlu oynaşla zina etdin, yenə də Mənə tərəf dönürsən?»

Rəbb belə bəyan edir.

2«Başını çılpaq təpələrə tərəf qaldırıb bax.

Sevişmədiyin yer varmı?

Səhrada yaşayan bədəvi kimi

Yol kənarında oturdun və oynaşlarını gözlədin.

Zinakarlığın və pisliklərinlə ölkəni murdar etdin.

3Buna görə də yağışların ardı kəsildi və yaz yağışı yağmadı.

Tərs sifətli fahişəyə oxşadın, utanmaq istəmədin.

4İndi Məni “Atam, cavanlığımdan bəri mənim dostumsan.

5Sən həmişə qəzəbli olacaqsan,

Əbədi kin saxlayacaqsanmı?” deyə çağırırsan.

Belə danışırsan, amma gücün çatdığı qədər pislik edirsən».

6 Yoşiyanın padşahlığı dövründə Rəbb mənə dedi: «Dönük İsrailin nə etdiyini gördünmü? Hər uca təpənin üstünə, kölgəli ağacın altına gedib orada bütlərə səcdə edərək Mənə xəyanət etdi.  7İsrail bütün bunları edəndən sonra “o Mənə tərəf qayıdacaq” dedim, ancaq o qayıtmadı. Xəyanətkar bacısı Yəhuda da bunu gördü.  8Dəfələrlə zina etdiyi üçün dönük İsrailə talaq kağızı verib onu boşadım. Ancaq gördüm ki, onun xəyanətkar bacısı Yəhuda yenə qorxmadı, o da gedib fahişəlik etdi.  9Heç əhəmiyyət vermədən zinakarlığı ilə ölkəni murdar etdi, daşlara və ağaclara səcdə edib xəyanət etdi.  10Bütün bunlara baxmayaraq onun xəyanətkar bacısı Yəhuda Mənə bütün qəlbi ilə deyil, hiylə ilə üz tutdu» Rəbb belə bəyan edir.  11Rəbb mənə dedi: «Dönük İsrail xain Yəhuda ilə müqayisədə daha saleh oldu.  12Get, bu sözləri şimal səmtinə elan edib söylə: “Ey dönük İsrail, geri qayıt” Rəbb belə bəyan edir. “Sənə qəzəblə baxmayacağam, çünki Mən mərhəmətliyəm” Rəbb belə bəyan edir. “Əbədi kin saxlamaram.  13Ancaq sən öz təqsirini boynuna al ki, Allahın Rəbbə qarşı üsyan etdin, hər kölgəli ağacın altında yad allahlara könül verdin və Mənim sözümə qulaq asmadınız” Rəbb belə bəyan edir.  14“Ey dönük övladlar, geri qayıdın” Rəbb belə bəyan edir. “Çünki ağanız Mənəm. Sizi bir-bir şəhərdən, iki-iki tayfadan çıxarıb Siona gətirəcəyəm.  15Ürəyimə yatan çobanları sizə verəcəyəm, sizə ağıl və müdrikliklə rəhbərlik edəcəklər.  16Sizin törəyib çoxaldığınız günlərdə daha Rəbbin Əhd sandığından danışmayacaqlar” Rəbb belə bəyan edir. “O sandıq bir daha kimsənin ağlına gəlməyəcək, yada salınmayacaq, onun üçün heyfsilənməyəcəklər, yenisi də düzəldilməyəcək.  17O zaman Yerusəlimə ‹Rəbbin taxtı› deyəcəklər. Bütün millətlər Rəbbin adı naminə Yerusəlimdə toplaşacaq. Daha pis ürəklərinin inadkarlığına görə hərəkət etməyəcəklər.  18O günlərdə Yəhuda nəsli İsrail nəsli ilə birləşib şimal ölkəsindən atalarınıza irs olaraq verdiyim torpağa birgə gələcək”.  19Mən dedim:

“Necə də istərdim, səni oğullarımın arasına qoyum,

Sənə füsunkar torpağı – millətlər arasında ən gözəl irsi verim!

Güman etdim ki, Məni ‹Ata› deyə çağıracaqsınız,

Məndən üz döndərməyəcəksiniz.

20Bir arvad öz ərinə xəyanət edirsə,

Siz də Mənimlə eləcə xəyanətlə rəftar etdiniz, ey İsrail nəsli!”

Rəbb belə bəyan edir.

21“Çılpaq təpələr üzərində bir səs –

İsrail övladlarının

Ağlaşma və yalvarışları eşidilir,

Çünki onlar yollarını azdı,

Özlərinin Allahı Rəbbi unutdu.

22Geri qayıdın, ey dönük övladlar,

Dönüklüyünüzə şəfa verim”.

Onlar da deyəcək:

“Budur, biz Sənə tərəf gəlirik,

Çünki Allahımız Rəbb Sənsən.

23Doğrudan da, təpələrdən, dağlardan gələn

Hay-küy yalandır.

Əslində İsrailin xilası

Allahımız Rəbdədir.

24Cavanlığımızdan bəri

Rüsvayçı bütlər

Atalarımızın zəhmətini,

Sürülərini və mal-qaralarını,

Oğullarını və qızlarını tələf etdi.

25Biz xəcalətimiz içində yatırıq,

Rüsvayçılıq bizim yorğanımızdır,

Çünki cavanlığımızdan indiyədək

Biz və atalarımız

sözünə qulaq asmadıq">.

 

 

 

 

Yeremya 4

1Rəbb bəyan edir: «Ey İsrail, əgər geri qayıtsan,

Mənə tərəf qayıtsan,

İyrənc bütlərini önümdən götürsən,

Bir daha sərgərdan gəzməsən,

2Həqiqət, ədalət və doğruluqla

“Var olan Rəbbə and olsun!” deyə and içsən,

O zaman millətlər

Rəbb vasitəsilə bərəkət alacaq,

Onunla öyünəcək».

3Çünki Yəhuda adamlarına və Yerusəlimə Rəbb belə deyir:

«Özünüz üçün təzə əkin yeri şumlayın,

Ancaq tikanlar arasında əkməyin.

4Ey Yəhuda adamları və Yerusəlimdə yaşayanlar,

Özünüzü Rəbb üçün sünnət edin,

Ürəyinizin sünnət ətini kəsin.

Yoxsa pis əməllərinizə görə

Qəzəbim od kimi püskürüb yandıracaq,

Söndürən olmayacaq.

Yəhudaya hücum

5Yəhudada elan edin,

Yerusəlimdə car çəkib deyin:

“Ölkədə şeypur çalın!”

Ucadan qışqırıb söyləyin:

“Gəlin toplanıb

Qalalı şəhərlərə girək!”

6“Siona qaçın” deyə bayraq qaldırın,

Qaçıb qurtulun, dayanmayın.

Çünki Mən şimaldan

Bəla və böyük qırğın gətirəcəyəm».

7Aslan yuvasından çıxdı,

Millətləri məhv edən yola düşdü.

Öz yerindən çıxdı ki,

Ölkənizi viran etsin.

Şəhərləriniz yerlə yeksan olacaq,

Orada sakin qalmayacaq.

8Buna görə də çul geyinin,

Yas tutub ağlayın.

Çünki Rəbbin qızğın qəzəbi

Bizdən dönmədi.

9«O gün padşahın və başçıların

Ürəyi gedəcək» Rəbb belə bəyan edir.

«Kahinlər çaşacaq,

Peyğəmbərlər karıxacaq».

10Mən dedim: «Ah, ey Xudavənd Rəbb! Bu xalqı və Yerusəlimi tamamilə aldatdın. “Sizin üçün əmin-amanlıq olacaq” dedin, halbuki qılınc boğazımıza dirəndi».  11O vaxt bu xalqa və Yerusəlimə deyiləcək: «Səhradakı çılpaq təpələrdən əziz xalqıma tərəf isti bir külək əsir. Bu külək dən sovurmayacaq, taxıl təmizləməyəcək.  12Mənim əmrimlə bundan da güclü bir külək əsəcək və Mən indi onlara Öz hökmümü bildirəcəyəm».  13Budur, düşmən buludlar kimi gəlir,

Onun döyüş arabaları qasırğa kimi yüksəlir,

Atları qartallardan iti gedir.

Vay halımıza! Çünki bərbad olduq.

14Ey Yerusəlim, ürəyini pislikdən yuyub-təmizlə ki, xilas olasan.

Bəd fikirlərin nə vaxta qədər içində qalacaq?

15Artıq Dandan bir səs gəlir,

Efrayimin dağlıq bölgəsindən bəd xəbər eşidilir.

16«Millətlərə elan edin, Yerusəlimə xəbər çatdırın ki,

Uzaq bir ölkədən gələn qoşun onu mühasirəyə alacaq,

Yəhuda şəhərlərinin önündə nərə çəkəcək.

17Onlar tarla nəzarətçiləri kimi hər tərəfdən şəhərə doğru gəlir,

Çünki o Mənə qarşı üsyan etdi» Rəbb belə bəyan edir.

18«Bunları sənin başına gətirən öz işlərin, öz əməllərindir.

Cəzanın acısı lap ürəyinə çatıb.

19Ah, sinəmdəki dərdim!

Əzabdan qıvrılıram.

Ah, qəlbim, qəlbim çırpınır, susa bilmirəm.

Çünki, ey canım, şeypur səsini, döyüş nərəsini eşidirəm.

20Qırğın üstünə qırğın gəlir,

Bütün ölkə xaraba qalıb.

Çadırlarım qəflətən,

Pərdələrim bir anda dağıdıldı.

21Nə vaxta qədər bayraq görəcəyəm,

Boru səsi eşidəcəyəm?

22Həqiqətən, xalqım ağılsızdır,

Məni tanımır.

Onlar cahil övladlardır,

Dərrakələri yoxdur,

Ağılları pislik etməyə çatır,

Yaxşılıq etməyin nə olduğunu bilmirlər.

23Yer üzünə baxdım,

Quruluşsuz və boşdur.

Göylərə baxdım,

İşıqları yoxdur.

24Dağlara baxdım, titrəyirdilər,

Bütün təpələr yerlərindən qopurdu.

25Baxıb gördüm ki, bir adam qalmayıb,

Göydəki quşların hamısı uçub getmişdir.

26Baxıb gördüm ki, bəhərli torpaq

Səhraya çevrilib,

Rəbbin önündə bütün şəhərləri

Onun qızğın qəzəbi ilə dağılıb».

27Bəli, Rəbb belə deyir:

«Bütün ölkə viran olacaq,

Ancaq tam məhv olmasına yol verməyəcəyəm.

28Buna görə yer yas tutacaq,

Yuxarıda göylər qaralacaq,

Çünki bunu Mən demişəm,

Fikrimdən daşınmayacağam,

Sözümdən dönməyəcəyəm.

29Bütün şəhərlərin əhalisi

Süvarilərin və oxatanların

Gurultusundan qaçacaq.

Onlar sıx meşələrə girir,

Qayalara dırmaşır.

Bütün şəhərlər tərk edilmiş,

Orada kimsə yaşamır.

30Bəs sən ey viran şəhər, nə edəcəksən?

Qırmızı paltar geyinsən də,

Qızıl bəzəklər taxsan da,

Gözlərinə sürmə sürtsən də,

Əbəs yerə özünü bəzəyirsən.

Sənə oynaşların xor baxır,

Canını almaq istəyir.

31Mən bir səs eşidirəm:

Sanki doğuş ağrısı çəkən,

Birinci dəfə doğan qadının –

Əllərini uzatmış,

Nəfəsi kəsilmiş Sion qızının səsidir.

O deyir: “Vay halıma!

Qatillərin önündə

Canım taqətdən düşdü”.

 

 

Yeremya 5

Yerusəlimin günahı

1Yerusəlimin küçələrini dolaşın,

Ətrafa baxıb fikirləşin,

Onun meydanlarını axtarın.

Əgər bir nəfər düz iş görən,

Həqiqət axtaran adam tapsanız,

Mən şəhəri bağışlayaram.

2Onlar “var olan Allaha and olsun” desələr də,

Yalandan and içirlər».

3Ya Rəbb, gözlərin həqiqətə tərəf yönəlməyibmi?

Sən onları vurdun,

Ancaq ağrı hiss etmədilər.

Sən onları qırdın,

Ancaq ibrət götürmədilər.

Üzləri qayadan bərk olub,

Dönmək istəmədilər.

4Mən dedim: «Bunlar ancaq yoxsul, ağılsız avamlardır,

Çünki Rəbbin yolunu,

Özlərinin Allahının hökmlərini bilmirlər.

5Qoy mən böyüklərin yanına gedib

Onlarla danışım,

Çünki Rəbbin yolunu,

Özlərinin Allahının hökmlərini bilirlər».

Ancaq onlar da boyunduruğu sındırıb

İpləri qopardılar.

6Buna görə də meşədən bir aslan çıxıb

Onları öldürəcək,

Səhradan qurd gəlib onları parçalayacaq,

Şəhər kənarında bəbir pusqu quracaq,

Şəhərdən çıxan hər adam parçalanacaq.

Çünki çox üsyan etdilər,

Dəfələrlə dönük oldular.

7«Buna görə səni necə bağışlaya bilərəm?

Övladların Məni tərk etdi,

Allah olmayan bütlərin adı ilə and içdi.

Mən onları doydurdum,

Amma onlar zina etdi,

Fahişələrin evlərinə yığışdı.

8Onlar harınlaşmış, şəhvətli atlar kimidir.

Hər biri qonşusunun arvadına kişnəyir».

9Rəbb bəyan edir: «Bunlara görə

Mən onlara cəza verməyimmi?

Belə bir millətdən qisas almayımmı?

10Onların bağlarını dolaşıb dağıdın,

Amma büsbütün məhv etməyin.

Meynə budaqlarını qoparıb atın,

Çünki onlar Rəbbə məxsus olmayan insanlardır».

11Rəbb bəyan edir: «İsrail və Yəhuda nəsli

Mənə tamamilə xəyanət etdi.

12Onlar Rəbb üçün yalandan dedi:

“O heç nə etməz,

Başımıza bəla gəlməz.

Nə qılınc görəcəyik, nə aclıq”.

13Peyğəmbərlər boşboğazdır.

Allahın sözü onlarda deyil,

Qoy onların başına bu iş gəlsin».

14Buna görə də Ordular Allahı Rəbb belə deyir:

«Belə sözlər dedikləri üçün,

Ey Yeremya, sözlərimi sənin ağzında atəşə,

Bu xalqı isə oduna çevirəcəyəm,

Atəş onları yandırıb-qurtaracaq».

15Rəbb bəyan edir: «Ey İsrail xalqı,

Uzaqdan üstünüzə bir millət gətirəcəyəm.

Dilini bilmədiyin,

Dediklərini anlamadığın

Güclü, qədim bir millət.

16Onların oxdanları

Açıq qəbir kimidir,

Hamısı igid döyüşçüdür.

17Onlar sənin məhsul və çörəyini yeyəcək.

Oğul və qızlarını yeyəcək,

Sürü və naxırlarını yeyəcək,

Meynə və əncir ağaclarını yeyəcək.

Güvəndiyin qalalı şəhərləri

Qılıncla dağıdacaq».

18Ancaq Rəbb bəyan edir: «Hətta o günlər sizi tamamilə qırıb-çatmayacağam.  19Bir vaxt onlar soruşacaq: “Nə üçün Allahımız Rəbb bütün bunları başımıza gətirdi?” Onda onlara belə söylə: “Necə Məni tərk edərək öz ölkənizdə yad allahlara xidmət etdinizsə, eləcə də özgə ölkədə yadellilərə xidmət edəcəksiniz”.  20Bunu Yaqub nəslinin içində bildirin,

Yəhudada elan edin.

21Ey gözləri olub görməyən, Qulaqları olub eşitməyən,

Ağılsız və dərrakəsiz xalq,

Bu sözə qulaq asın!

22Məndən qorxmursunuzmu?» Rəbb belə bəyan edir. «Mənim qarşımda titrəmirsinizmi?

Axı Mən əbədi qayda ilə

Dəniz üçün qumu sərhəd qoydum,

Dəniz bu sərhədi keçə bilməz.

Dalğaları coşsa da,

Üstün gələ bilməz.

Nərə çəksə də, keçə bilməz.

23Bu xalqın ürəyi inadlı və üsyankardır.

Onlar azıb öz yolları ilə getdi.

24Daha öz-özlərinə demirlər ki,

Payız və yaz yağışlarını vaxtında verən,

Müəyyən biçin həftələrini bizim üçün qoruyan

Allahımız Rəbbə sitayiş edək.

25Təqsirləriniz bunları sizdən aldı,

Günahlarınız sizi bu nemətdən məhrum etdi.

26Mənim xalqımın içində pis adamlar var:

Quş ovçuları kimi pusquda dururlar,

Tələ qurub adam tuturlar.

27Quşlarla dolu qəfəs kimi

Onların evləri hiylə ilə doludur.

Bunun sayəsində yüksəldilər, varlandılar.

28Onlar piylənib, yoğunlaşıb,

Pis işlərlə hədlərini aşıb,

Məhkəmə işlərini,

Yetimlərin işlərini

Ədalətlə həll etmirlər ki,

Qalib gəlsinlər.

Yoxsulların haqqını müdafiə etmirlər».

29Rəbb bəyan edir:

«Bunlara görə Mən onlara cəza verməyimmi?

Belə bir millətdən qisas almayımmı?

30Bu ölkədə heyrətli və dəhşətli bir iş oldu:

31Peyğəmbərlər yalandan peyğəmbərlik edir,

Kahinlər onların əli ilə hökmranlıq edir.

Xalqım da bunu bəyənir.

Amma axırda nə edəcəksiniz?»

 

 

Yeremya 6

Yerusəlimin mühasirəsi

1Ey Binyamin övladları,

Yerusəlimin içindən qaçıb qurtarın.

Teqoada şeypur çalın,

Bet-Hakkeremdə odla işarə verin,

Çünki şimaldan fəlakət,

Böyük qırğın zahir olur.

2Mən gözəl və zərif qızı –

Sion qızını talan edəcəyəm.

3Çobanlar öz sürüləri ilə

Ona qarşı gələcək,

Hər tərəfdən onun önündə çadır quracaq.

Hər kəs öz yerində sürüsünü otaracaq.

4Sion qızı ilə döyüşə hazırlaşın!

Qalxın, günorta çağı hücum edək!

Vay halımıza!

Gün tutqunlaşır,

Axşam kölgələri uzanır.

5Qalxın, gecə vaxtı hücum edək!

Onun imarətlərini dağıdaq!

6Ordular Rəbbi belə dedi:

«Ağac kəsin,

Yerusəlimin önündə torpaq qalağı qurun.

Bu şəhər cəzalanmalıdır,

Çünki zorakılıqla dolub-daşır.

7Bir bulaqdan necə su axarsa,

Bu şəhərdən də eləcə pislik fışqırır.

İçində zorakılıq və soyğunçuluq səsi eşidilir.

Önümdə həmişə dərd və yara görürəm.

8Ey Yerusəlim, ibrət al,

Yoxsa səndən üz döndərərəm,

Səni xarabaya, əhalisiz torpağa çevirərəm».

9Ordular Rəbbi belə deyir:

«Tənəkdən son üzümlər yığılan kimi

İsrailin qalan əhalisi də

Yığılıb qurtaracaq.

Üzümyığan kimi

Yenə meynə budaqlarına əlini uzat».

10Kiminlə danışım,

Kimə xəbərdarlıq edim ki, qulaq assın?

Axı qulaqları tıxanıb,

Eşidə bilmirlər.

Onların arasında Rəbbin sözünə lağ edilir,

Ondan xoşları gəlmir.

11Buna görə də mən Rəbbin qəzəbi ilə dolmuşam,

Özümü ələ almaqdan yorulmuşam.

«Qəzəbini küçədə olan uşaqların,

Yığılan cavanların üzərinə tök.

Bəli, ər də, arvad da,

Qoca da, yaşa dolmuş adam da ələ keçəcək.

12Evləri, tarlaları və arvadları da Başqalarına qalacaq.

Çünki əlimi ölkədə yaşayanlara qarşı uzadacağam»

Rəbb belə bəyan edir.

13«Ona görə ki böyüyündən kiçiyinə qədər

Hər kəs haram qazanc dalınca qaçır.

Peyğəmbərdən kahinə qədər hər kəs hiylə qurur.

14Xalqımın yarasını yüngülcəsinə müalicə edirlər, “Sülh, sülh” deyirlər,

Amma sülh yoxdur.

15İyrənc işlər görəndə utanırlarmı?

Yox, heç utanmırlar,

Utanıb qızarmaq bilmirlər.

Buna görə yıxılanlar arasında

Onlar da olacaq.

Mən onları cəzalandıranda

Yerə səriləcəklər» deyir Rəbb.

16Rəbb belə deyir: «Yolayrıcında dayanıb baxın,

Əzəldən olan yolları soruşun.

Yaxşı yolun harada olduğunu öyrənin,

O yolla gedin.

Onda ürəyiniz dinclik tapar.

Ancaq siz “o yolla getməyəcəyik” dediniz.

17Mən sizin üzərinizə

Gözətçilər qoyub dedim:

“Şeypur səsinə qulaq asın!”

Ancaq siz “qulaq asmayacağıq” dediniz.

18Buna görə də, ey millətlər, qulaq asın,

Ey camaat, bilin ki,

Onların başına nə gələcək.

19Eşit, ey yer üzü,

Mən bu xalqın başına fəlakət gətirəcəyəm.

Bu onların niyyətlərinin bəhrəsi olacaq.

Çünki Mənim sözlərimə qulaq asmadılar,

Mənim qanunumu rədd etdilər.

20Səbadan gətirilən kündür,

Uzaq ölkədən gəlmiş ətirli qamış

Nəyimə lazımdır?

Yandırma qurbanlarınız Mənə məqbul deyil,

Başqa qurbanlarınız da Mənə xoş deyil».

21Buna görə də Rəbb belə deyir:

«Mən bu xalqın qabağına

Maneələr qoyacağam.

Atalar və oğullar birlikdə

Onlara ilişib yıxılacaq.

Qonşu dostu ilə birgə həlak olacaq».

22Rəbb belə deyir:

«Budur, şimal ölkəsindən

Bir xalq gəlir,

Dünyanın uzaq yerlərindən

Böyük bir millət hərəkətə gəlir.

23Onlar əllərində ox-kaman və nizə tutub,

Rəhmsizdirlər, heç kəsə acımırlar.

Səsləri dəniz kimi gurlayır,

Atlara miniblər.

Onlar yekdilliklə səninlə

Müharibəyə hazırdır, ey Sion qızı!»

24Onlar haqqında xəbər eşitdik,

Əllərimiz yanımıza düşdü.

Doğan qadın kimi bizi

Sıxıntı və əzab bürüdü.

25Çölə çıxma, yola düşmə,

Çünki düşməndə qılınc,

Hər tərəfdə dəhşət var.

26Ey əziz xalqım!

Çul geyin və küldə yuvarlan.

Vahid oğluna yas tutan kimi

Yas tutub acı-acı ağla.

Çünki məhv edən qəflətən başımızın üstünü alacaq.

27Rəbb deyir: «Ey Yeremya, Mən səni qoydum ki,

Xalqımı yoxlayıb imtahan edəsən,

Onlara nəzər qoyub əməllərini sınayasan.

28Hamısı inadkar dönükdür,

Böhtançılar kimi dolaşan adamlardır.

Tunc və dəmir kimi sərtdirlər,

Hamısı pozğun olub.

29Körük basılır,

Atəşində qurğuşun əriyir.

Ancaq dəmirçi nahaq yerə əridir,

Çünki pislər ayrılmır.

30Onlara isə “atılmış gümüş” deyəcəklər,

Çünki Rəbb onları atdı».

 

 

Yeremya 7

Məbəddə bütpərəstlik

1Rəbdən Yeremyaya bu söz nazil oldu:  2«Rəbbin məbədinin qapısında dur və orada bu sözü elan edib söylə ki, ey bütün Yəhuda, Rəbbə ibadət etmək üçün bu qapılardan girənlər, Rəbbin sözünə qulaq asın.  3İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yollarınızı və əməllərinizi islah edin ki, Mən sizi bu yerdə yaşamağa qoyum.  4‹Burada Rəbbin məbədi var, Rəbbin məbədi var, Rəbbin məbədi var› deyib yalan sözlərə güvənməyin.  5Əgər yollarınızı və əməllərinizi tamamilə islah etsəniz, bir-birinizlə, həqiqətən, ədalətlə rəftar etsəniz,  6qəribə, yetimə və dul qadına zülm etməsəniz, bu yerdə günahsız qan tökməsəniz, özünüzə zərər vuraraq başqa allahların tərəfdarı olmasanız,  7o zaman burada əbədilik atalarınıza verdiyim torpaqda sizi yaşamağa qoyacağam.  8Siz isə faydasız olan yalan sözlərə güvənirsiniz.  9Siz oğurluq edirsiniz, adam öldürürsünüz, zina edirsiniz, yalandan and içirsiniz, Baal bütlərinə buxur yandırır, tanımadığınız başqa allahların tərəfdarı olursunuz.  10Sonra bütün bu iyrənc işləri görmək üçün Mənim adımla çağırılan bu məbədə gəlib önümdə durur və ‹biz əmin-amanlıqdayıq› deyirsiniz.  11 Mənim adımla çağırılan bu məbəd, sizcə, quldur yuvasına çevrildimi? Amma Mən nə etdiyinizi görürəm” Rəbb belə bəyan edir.  12 “İndi adımı ilk dəfə qoyduğum Şilodakı məskənimə gedin və xalqım İsrailin pisliyinə görə ona nə etdiyimi görün”.  13Rəbb bəyan edir: “Siz bütün bu işləri gördünüz, dəfələrlə xəbərdarlıq etdiyim halda Mənə qulaq asmadınız, sizi çağırdığım halda cavab vermədiniz.  14Buna görə də Şilo ilə necə rəftar etdimsə, Mənim adımla çağırılan, güvəndiyiniz məbədlə, sizə və atalarınıza verdiyim bu yerlə də elə rəftar edəcəyəm.  15Efrayim nəslindən olan soydaşlarınızı necə rədd etdimsə, sizi də eləcə önümdən rədd edəcəyəm.  16Sən isə, ey Yeremya, bu xalq üçün dua etmə, onlar üçün yalvarıb xahiş etmə və önümdə mərhəmət istəmə, çünki sözünə qulaq asmayacağam.  17Yəhuda şəhərlərində, Yerusəlim küçələrində onların nə etdiklərini görmürsənmi?  18Uşaqlar odun yığır, ataları od yandırır, qadınlar Göylər Mələkəsinə xəmir yoğurub kökə bişirir. Onlar başqa allahlara içmə təqdimləri verir ki, Məni qəzəbləndirsinlər”.  19Rəbb bəyan edir: “Onlar Mənimi incidirlər? Məgər özlərini rüsvay etmirlərmi?”  20Buna görə də Xudavənd Rəbb belə deyir: “Bax bu yerin, insanların, heyvanların, çöl ağaclarının, torpağın məhsulu üzərinə qəzəbim və qızğınlığım töküləcək, alışıb sönməyəcək”.  21İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yandırma qurbanlarımızı başqa qurbanlarınıza qatıb ət yeyin.  22Çünki atalarınızı Misir torpağından çıxaran vaxt yandırma qurbanı və başqa qurban barədə onlara əmr etmədim və bir söz demədim.  23Ancaq onlara bunu əmr edib dedim: ‹Sözümə qulaq asın. Onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım olacaqsınız. Hər barədə sizə əmr etdiyim yolla gedin ki, uğur qazanasınız›.  24Ancaq Məni eşitmədilər, qulaq asmadılar. Bunun əvəzinə öz istəklərinə, pis ürəklərinin inadkarlığına görə hərəkət etdilər, irəliyə deyil, geriyə getdilər.  25Atalarınız Misir torpağından çıxdıqları gündən bu günə qədər Öz qullarım olan peyğəmbərləri hər gün dəfələrlə yanınıza göndərdim.  26Amma Məni eşitmədilər, qulaq asmadılar, inadkarlıq etdilər, atalarından da pis işlər gördülər.  27Sən bütün bu sözləri onlara söyləyəcəksən, ancaq sənə qulaq asmayacaqlar, onları çağıracaqsan, ancaq sənə cavab verməyəcəklər”.  28Sən onlara söylə: “Bu həmin xalqdır ki, öz Allahı Rəbbin sözünə qulaq asmır və cəzadan ibrət almır. Onlarda həqiqət yox oldu, həqiqətdən heç danışmırlar.  29Ey Yerusəlim, saçını kəsib at,

Çılpaq təpələr üzərində mərsiyə oxu,

Çünki Rəbb qəzəbləndiyi nəsli

Rədd edib tərk etdi.

30Ona görə ki Yəhuda övladları gözümdə pis olan işlər gördü” Rəbb belə bəyan edir. “Mənim adımla çağırılan məbədə iyrənc bütlərini qoyub oranı murdarladılar.  31 Onlar oğul və qızlarını odda yandırmaq üçün Ben-Hinnom dərəsindəki Tofetdə səcdəgahlar düzəltdilər. Mən belə bir şeyi nə buyurdum, nə də ağlıma gətirdim”».  32Rəbb bəyan edir: «Buna görə də bir gün gələcək ki, oraya Tofet yaxud Ben-Hinnom dərəsi deyil, Qırğın dərəsi deyiləcək. Tofetdə yer qalmayana qədər ölüləri basdıracaqlar.  33 Bu xalqın cəsədləri göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, onları qorxudub qaçıran olmayacaq.  34 Yəhuda şəhərlərində, Yerusəlim küçələrində sevinc və şadlıq sədasını, bəy-gəlin səsini kəsəcəyəm, çünki ölkə viran olacaq».

 

 

Yeremya 8

1Rəbb bəyan edir: «O vaxt Yəhuda padşahlarının və başçılarının, kahinlərinin, peyğəmbərlərin və Yerusəlimdə yaşayanların sümüklərini qəbirlərindən çıxarıb atacaqlar.  2Onların sümükləri sevdikləri, qulluq etdikləri, tərəfdarı olduqları, müraciət və səcdə etdikləri günəşin, ayın və bütün səma cisimlərinin önünə töküləcək. Onlar bir yerə yığılıb basdırılmayacaq, torpağın üstündə peyin kimi olacaq.  3 Bu pis tayfadan sağ qalanların hamısı sürgün etdiyim hər yerdə həyatı yox, ölümü seçəcək» Ordular Rəbbi belə bəyan edir.

Günah və mükafat

4Onlara söyləyəcəksən ki, Rəbb belə deyir: «Yıxılanlar qalxmazmı?

Yoldan azan geri qayıtmazmı?

5Bəs nə üçün bu xalq yoldan azdı?

Nə üçün Yerusəlim daim dönüklük edir?

Onlar yalandan bərk yapışıb,

Dönmək istəmir.

6Mən diqqət edib qulaq asdım:

Heç kəs düz danışmır,

“Nə etdim?” deyib öz pisliyindən tövbə etmir.

Hər biri döyüşə atılan at kimi

Öz yoluna tərəf dönür.

7Hətta göydə uçan leylək də

Öz vaxtını bilir,

Qumru, qaranquş, durna da

Uçub gələcəkləri vaxtı gözləyir,

Amma Mənim xalqım Rəbbin hökmlərini bilmir.

8Nə haqla deyirsiniz ki, biz müdrikik,

Rəbbin Qanunu bizdədir?

Budur, alimlərin hiyləgər qələmi

Onu yalan şərh edir.

9Müdriklər rüsvay oldu,

Çaşıb tora düşdü.

Onlar Rəbbin sözünü rədd etdi.

Bəs onların müdrikliyi nədədir?

10Buna görə də arvadlarını başqa adamlara, Tarlalarını isə başqa sahiblərə verəcəyəm,

Ona görə ki böyükdən kiçiyə qədər

Hər kəs haram qazanc dalınca qaçır.

Peyğəmbərdən kahinə qədər

Hər biri yalan iş görür.

11Əziz xalqımın yarasını Yüngülcəsinə müalicə edirlər.

“Sülh, sülh” deyirlər,

Amma sülh yoxdur.

12İyrənc işlər görəndə utanırlarmı?

Yox, heç utanmırlar,

Utanıb-qızarmaq bilmirlər.

Buna görə yıxılanlar arasında

Onlar da olacaq.

Onları cəzalandırdığım vaxt

Yerə səriləcəklər» deyir Rəbb.

13«Onları qırıb-çatacağam»

Rəbb belə bəyan edir.

«Tənək üzüm gətirməyəcək,

Əncir ağacı bar verməyəcək,

Yarpaqlar solacaq.

Mən onlara nə verdimsə,

Hamısı əllərindən alınacaq».

14«Nə üçün yerimizdə oturmuşuq?

Yığılın, gedib qalalı şəhərlərə girək,

Orada həlak olaq,

Çünki Allahımız Rəbb

Bizi ölümə təslim etdi,

Bizə zəhərli su içirdi,

Ona görə ki Rəbbə qarşı günah etdik.

15Sülh gözləyirik, amma xeyir gəlmir.

Şəfa vaxtını gözləyirik,

Amma dəhşət gəlir.

16Dandan onların atlarının fınxırtısı eşidilir,

Ayğırlarının kişnəmə səsindən

Bütün ölkə titrəyir.

Onlar gəlir,

Torpağı və orada olan hər şeyi,

Şəhəri və orada yaşayanları yeyib-qurtarır.

17Baxın Mən üstünüzə ilanlar,

Ovsunla ram olmayan gürzələr göndərəcəyəm,

Onlar sizi sancacaq» Rəbb belə bəyan edir.

Yeremyanın xalqın taleyi üçün narahatlığı

18Dərdimə təsəlli yoxdur,

Ürəyim köksümdə taqətsizdir.

19Baxın uzaq ölkədən

Əziz xalqımın fəryadını eşidirəm:

«Məgər Rəbb Sionda yoxdur?

Onun padşahı orada deyilmi?

Onlar nə üçün oyma bütləri,

Yad olan puç şeyləri ilə

Məni qəzəbləndirirlər?

20Biçin sona çatdı, yay qurtardı,

Biz xilas olmadıq».

21Əziz xalqımın yarasından

Mən də yaralandım,

Yas tutub dəhşətə gəldim.

22Məgər Gileadda məlhəm yoxdur?

Orada həkim yoxdur?

Əgər varsa,

Əziz xalqıma nə üçün şəfa verilmədi?

 

 

Yeremya 9

1Kaş ki başım bulaq olaydı,

Gözlərim yaş çeşməsinə dönəydi,

Əziz xalqımdan öldürülənlərə

Gecə-gündüz yas tutaydım.

2Kaş ki kimsə mənə səhrada

Səyyahların sığınacağını verəydi!

Mən xalqımı tərk edib

Onlardan uzaqlaşardım.

Çünki onların hamısı

Zinakar və xain yığınıdır.

3«Dillərini yalan üçün

Kaman kimi dartırlar.

Həqiqət naminə güc göstərmirlər.

Çünki pisliyi pislik dalınca edirlər,

Məni tanımırlar» Rəbb belə bəyan edir.

4«Hər kəs dostundan çəkinsin,

Heç qardaşına da etibar etməsin.

Çünki hər qardaş başqasına badalaq gəlir,

Hər dost böhtançıdır.

5Hər kəs öz dostunu aldadır,

Doğru söyləmir.

Onlar dillərini yalan danışmağa öyrətdi,

Yorulana qədər günah işlətdi.

6Ey Yeremya, hiylə içində yaşayırsan,

Hiylədən ötrü Məni tanımaq istəmirlər»

Rəbb belə bəyan edir.

7Buna görə də Ordular Rəbbi belə deyir:

«Mən onları əridəcəyəm,

Sınaqdan keçirəcəyəm.

Axı Mən əziz xalqımla

Başqa cür necə rəftar edə bilərəm?

8Dilləri öldürücü oxdur,

Məkrlə danışırlar.

Ağzı ilə qonşusuna xoş sözlər söyləyir,

Ürəyində isə ona tələ qururlar».

9Rəbb bəyan edir:

«Bunlara görə Mən onlara cəza verməyimmi?

Belə bir millətdən qisas almayımmı?»

10Dağlar üçün ağlayıb nalə çəkəcəyəm,

Çölün otlaqları üçün mərsiyə oxuyacağam.

Çünki hamısı yandı,

Daha kimsə oradan keçmir,

Naxırın böyürtüsü eşidilmir.

Quşlar və heyvanlar da qaçıb getdi.

11«Yerusəlimi daş qalaqlarına,

Çaqqal yuvasına döndərəcəyəm.

Yəhuda şəhərlərini

Sakinsiz bir xarabalığa çevirəcəyəm» deyir Rəbb.

12Bir müdrik adam varmı, bunu anlasın? Rəbbin dili ilə danışan bir adam varmı, bunu izah etsin? Niyə bu ölkə məhv oldu, səhra kimi yandı və heç kəs oradan keçmir?  13Rəbb deyir: «Ona görə belə oldu ki, onlar üçün qoyduğum qanunumu rədd etdilər, sözümə qulaq asıb əməl etmədilər,  14ürəklərinin inadkarlığına görə rəftar etdilər və atalarının öyrətdiyi kimi Baal bütlərinə itaət etdilər.  15 Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Mən bu xalqa yovşan yedirəcək, zəhərli su içirəcəyəm.  16Onları özlərinin və atalarının tanımadıqları millətlər arasına səpələyəcəyəm. Onları məhv edənədək arxalarınca qılınc göndərəcəyəm”».  17Ordular Rəbbi belə deyir:

«İndi düşünün,

Mərsiyəçi qadınları çağırın gəlsinlər,

Bu işdə bacarıqlı olanları

Gətirin gəlsinlər.

18Qoy onlar tələsib o qədər

Bizim üçün fəryad etsinlər ki,

Gözlərimizdən yaş axsın,

Kirpiklərimizdən su süzülsün».

19Çünki Siondan fəryad səsi eşidilir:

«Biz necə talan olunduq,

Yaman rüsvay edildik.

Çünki ölkəni tərk edirik,

Məskənlərimiz dağıdılır».

20Ey qadınlar, Rəbbin sözünü eşidin,

Ağzından çıxan sözə qulaq asın.

Qızlarınıza fəryad etməyi öyrədin,

Hər kəs yoldaşına mərsiyə oxumağı öyrətsin.

21Çünki ölüm pəncərələrimizə dırmaşdı,

Saraylarımıza girdi ki,

Küçədə uşaqları,

Meydanlarda cavanları qırıb-çatsın.

22Sən söylə ki, Rəbb belə bəyan edir:

«İnsan cəsədləri tarlada peyin kimi,

Biçinçinin ardınca qalan taya kimi yerə yıxılacaq.

Onları yığıb aparan olmayacaq».

23Rəbb belə deyir:

«Müdrik müdrikliyi ilə öyünməsin,

İgid öz gücü ilə öyünməsin,

Varlı öz sərvəti ilə öyünməsin.

24Ancaq öyünən onunla öyünsün ki, Mən Rəbbin dünyada

Məhəbbət, ədalət və salehlik yaratdığını

Dərk edir və Məni tanıyır.

Çünki Mən bunlardan xoşlanıram»

Rəbb belə bəyan edir.

25Bəli, Rəbb bəyan edir: «Gün gələcək ki, yalnız bədəni sünnət olanları cəzalandıracağam.  26Misiri, Yəhudanı, Edomu, Ammon övladlarını, Moavı, çöldə yaşayıb kəkillərini qırxanların hamısını cəzalandıracağam, çünki bütün bu millətlər sünnətsizdir, bütün İsrail nəslinin də ürəyi sünnətsizdir».

 

 

Yeremya 10

Allaha ibadət və bütlərə pərəstiş

1Rəbbin sizə söylədiyi sözü eşidin, ey İsrail nəsli!  2Rəbb belə deyir: «Başqa millətlərin yolu ilə getməyin,

Göy əlamətlərindən qorxmayın,

Bunlardan başqa millətlər qorxur.

3Çünki xalqların adətləri boş şeydir.

Meşədə ağac kəsirlər,

Usta əli kəski ilə onu düzəldir.

4Sonra qızıl-gümüşlə bəzəyirlər,

Çəkiclə, mıxla bərkidirlər ki,

Yerindən tərpənməsin.

5Bütləri xiyar bostanındakı müqəvva kimi

Danışa bilmir.

Onları daşımaq lazımdır,

Çünki gedə bilmirlər.

Onlardan qorxmayın,

Çünki nə pislik edə bilərlər,

Nə də yaxşılıq».

6Sənin kimi Allah yoxdur, ya Rəbb.

Sən böyüksən, əzəmətdə adın ucadır.

7Ey millətlərin Padşahı, Sənə kim hörmət etməz?

Sənə hörmət yaraşır,

Çünki millətlərin bütün müdrikləri arasında,

Bütün ölkələrində Sənin kimisi yoxdur.

8Bütlərə səcdə edənlərin hamısı

Ağılsız və axmaqdır,

Boş şeylərdən təlim alırlar.

Büt bir ağacdır!

9Tarşişdən döyülmüş gümüş,

Ufazdan qızıl gətirilir.

Ustanın və zərgərin əli ilə düzəldilən bütə

Bənövşəyi və tunc qırmızı paltar geyindirilir.

Hamısı bacarıqlı toxucu işidir.

10Ancaq Rəbb həqiqi Allahdır.

Var olan Allahdır,

Əbədi Padşah Odur.

Qəzəbindən dünya titrəyər,

Hiddətinin qarşısında

Millətlər dura bilməz.

11Allah mənə dedi ki, onlara belə söylə: «Yeri və göyü yaratmayan allahlar yer üzündən və göyün altından yox olacaq».

12Rəbb qüdrəti ilə yer üzünü yaratdı, Hikməti ilə dünyanı qurdu,

Dərrakəsi ilə göyləri yaydı.

13O gurlayanda göylərdəki sular çağlayır, Yerin ucqarlarından buludları yüksəldir,

Yağış üçün şimşək çaxdırır,

Anbarlarından külək çıxarır.

14Hər kəs ağılsız oldu,

Bilikləri qalmadı.

Hər zərgər düzəltdiyi bütdən utanacaq,

Çünki onun tökdüyü büt puçdur,

Onda nəfəs yoxdur.

15Onlar boş şey,

Masqaraçıların işidir.

Cəza vaxtı məhv olacaqlar.

16Yaquba Nəsib Olan isə onlara bənzəməz,

Çünki hər şeyi yaradan Odur.

İsrail Onun irs qəbiləsidir,

Onun adı Ordular Rəbbidir.

17Ey sən mühasirəyə alınan şəhərdə yaşayan,

Şələ-küləni yerdən yığışdır.

18Çünki Rəbb belə deyir:

«Mən bu dəfə ölkənin sakinlərini

Sapandla kənara atacağam.

Onları dara salacağam ki,

Düşmən əlinə keçsinlər».

Yeremyanın duası

19Əzabıma görə vay halıma!

Yaram sağalmaz.

Ancaq mən dedim:

«Həqiqətən, bu mənim dərdimdir,

Mən də ona dözməliyəm.

20Çadırım yıxıldı,

Bütün iplərim qopdu.

Uşaqlarım məni tərk etdi,

Onlar artıq yoxdur.

Çadırımı quran, pərdələrimi asan qalmadı.

21Çünki xalqın çobanları ağılsız oldu,

Rəbdən soruşmadılar.

Buna görə də uğur qazanmadılar,

Bütün sürüləri dağıldı.

22Dinləyin, bir xəbər yayılır:

Şimal ölkəsindən böyük gurultu gəlir ki,

Yəhuda şəhərlərini xarabalığa,

Çaqqal yuvasına çevirsin.

23Ya Rəbb, bilirəm ki,

İnsanın ömrü öz əlində deyil.

Addımlarını düzəltmək

Gedən adamın işi deyil.

24Mənə cəza ver, ya Rəbb,

Ancaq qəzəbinlə yox, ədalətinlə.

Yoxsa məni heçə çıxardarsan.

25Qəzəbini Səni tanımayan millətlərin, Adını çağırmayan tayfaların üzərinə tök.

Çünki onlar Yaqub nəslini yedi,

Onu yeyib-qurtardı,

Yurdunu viran etdi».

 

 

Yeremya 11

Allahla olan əhdə xəyanət

1Rəbdən Yeremyaya bu söz nazil oldu:  2«Bu əhdin sözlərinə qulaq asın, Yəhuda adamlarına və Yerusəlimdə yaşayanlara söyləyib  3bildirin ki, İsrailin Allahı Rəbb belə deyir: “Bu əhdin sözlərinə qulaq asmayana lənət olsun.  4Bu əhd barəsində Mən atalarınızı Misir torpağından, dəmir əridən sobanın içindən çıxardığım vaxt əmr edib dedim: ‹Mənim sözümə qulaq asın, sizə əmr etdiyim hər şeyi edin. Onda siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam.  5Belə etsəniz, Mən də atalarınıza and içib vəd verdiyim şeyə əməl edərəm, bu gün sizin olan torpağı – süd və bal axan torpağı sizə verərəm›”». Mən də cavab verib «amin, ya Rəbb» dedim.  6Rəbb mənə dedi: «Bu sözlərin hamısını Yəhuda şəhərlərində və Yerusəlim küçələrində car çəkib söylə: “Bu əhdin sözlərinə qulaq asın, onlara əməl edin”.  7Bəli, Mən atalarınıza onları Misir torpağından çıxardığım gündən indiyə qədər ciddi xəbərdarlıq etdim. Onlara dəfələrlə xəbərdarlıq edib dedim: “Mənim sözümə qulaq asın”.  8Ancaq onlar qulaq asmadı, diqqət etmədi, inadkarlıqla qara ürəklərinin istədiyinə uydu. Buna görə də Mən əhddə deyilən bütün cəzaları onların başına gətirdim. Mən onlara bu əhdə əməl etməyi əmr etmişdim, onlarsa əməl etmədi».  9Sonra Rəbb mənə dedi: «Yəhuda adamları və Yerusəlimdə yaşayanlar arasında bir qəsd üzə çıxdı.  10Sözlərimə qulaq asmaq istəməyən əcdadlarının günahlarına qayıtdılar, başqa allahların tərəfdarı olub onlara qulluq etdilər. İsrail və Yəhuda nəsli onların ataları ilə bağladığım əhdimi pozdu.  11Buna görə də Rəbb belə deyir: “Mən onların üzərinə bəla gətirəcəyəm və onun içindən çıxa bilməyəcəklər. Onlar Mənə üz tutub fəryad edəcək, amma Mən onları eşitməyəcəyəm.  12O zaman Yəhuda şəhərlərinin əhalisi və Yerusəlimdə yaşayanlar gedib buxur yandırdıqları allahlara üz tutub fəryad edəcək, amma başlarına bəla gələn vaxt bu allahlar onlara heç kömək etməyəcək.  13Çünki şəhərlərinin sayı qədər sənin bütlərin var, ey Yəhuda. Siz Yerusəlim küçələrinin sayı qədər rüsvayçı şeylərə qurbangahlar, Baal bütlərinə buxur yandırmaq üçün qurbangahlar düzəltdiniz”.  14Sən bu xalq üçün dua etmə, onlar üçün yalvarıb xahiş etmə. Çünki fəlakətlərindən ötrü Mənə tərəf fəryad edəndə qulaq asmayacağam.  15Sevimli xalqım, pis niyyətlər qurarkən

Mənim evimdə nə işin var?

Təqdis olunmuş ətin çoxluğu ilə

Üzərinizdən bəla çəkilərmi?

Çünki sən pis iş görəndə sevinirsən.

16Rəbb sənin adını

“Dadlı meyvəsi olan

Yaşıl zeytun ağacı” qoydu.

İndi isə böyük fırtınanın gurultusu ilə

Ağaca od vuracaq,

Onun budaqları qırılacaq.

17Səni əkən Ordular Rəbbi başına fəlakət gətirməyə qərar verdi. Çünki İsrail və Yəhuda nəsli pislik etdi, Baal bütlərinə buxur yandırmaqla Məni qəzəbləndirdi».

Yeremyaya qarşı qəsd

18O vaxt Rəbb onların etdiklərini mənə göstərdi. O bunu mənə aşkar etdi, mən də xəbərdar oldum.  19Mənsə kəsilməyə aparılan müti quzu kimi idim, bilmirdim ki, onlar «ağacı və meyvəsini məhv edək, onu dirilər arasından yox edək ki, adı bir daha xatırlanmasın» deyərək mənə qəsd qururlar.  20Ancaq, ey Ordular Rəbbi,

Ürəkləri və fikirləri sınayan ədalətli Hakim,

Mənə imkan ver ki, onlardan alacağın qisasını görüm!

Çünki mən öz işimi Sənə tapşırdım.

21«Buna görə də Rəbb səni öldürmək istəyən və “Rəbbin adı ilə peyğəmbərlik etmə, yoxsa bizim əlimizdə ölərsən” deyən Anatot əhalisi barədə belə deyir.  22Bəli, Ordular Rəbbi belə deyir: “Bax Mən onları cəzalandıracağam: cavanları qılıncla həlak olacaq, oğul və qızları aclıqdan öləcək.  23Onların nəsli də qalmayacaq, çünki Mən onlar üçün cəza gəldiyi ildə Anatot əhalisinin başına fəlakət gətirəcəyəm”».

 

 

Yeremya 12

Yeremyanın Allahla söhbəti

1Əgər Səninlə mübahisə etsəm,

Sən haqlı çıxarsan, ya Rəbb.

Ancaq yenə də ədalət barədə

Səninlə danışmaq istəyirəm.

Nə üçün pis adamlar əməllərində

Uğur qazanır,

Bütün xainlər dinc yaşayır?

2Onları Sən əkdin, kök saldılar,

Qol-budaq atdılar,

Bar verdilər.

Sən onların dillərinə yaxınsan,

Amma ürəklərindən uzaqsan.

3Məni isə, ya Rəbb, Sən tanıyırsan,

Görürsən və sınayırsan.

Ürəyim Səninlədir.

Onları qurbanlıq qoyun kimi ayır,

Qırğın günü üçün hazırla.

4Nə vaxta qədər torpaq yas tutacaq,

Bütün çöl otları quruyacaq?

Orada yaşayanların pisliyi üzündən

Heyvanlar və otlar məhv oldu.

Onlar isə «bu adam aqibətimizi görməyəcək» deyir.

Allahın cavabı

5«Ey Yeremya, əgər sən piyadalarla qaçanda yoruldunsa,

Atlarla necə yarışa bilərsən?

Əgər əmin-amanlıq olan torpaqda büdrəsən,

İordan çayının kənarındakı sıx meşədə nə edəcəksən?

6Hətta öz qardaşların – ata evin də

Sənə xəyanət etdi,

Onlar da sənin ardınca

Ucadan bağırdı.

Sənə yaxşı sözlər söyləsələr də,

Onlara inanma.

7Evimi tərk etdim,

İrsimi əldən verdim,

Sevgilimi düşmənlərə təslim etdim.

8İrsim Mənim üçün

Meşədəki aslan kimi oldu.

Üstümə nərə çəkdi,

Buna görə də ona nifrət etdim.

9İrsim Mənim üçün

Alabəzək yırtıcı quş oldumu?

Hər tərəfdən yırtıcı quşlar

Onun üstünə töküldü.

Gedin bütün vəhşi heyvanları toplayın,

Yeyib-qurtarmaq üçün onun üstünə gətirin.

10Çoxlu çoban bağımı viran etdi,

Tarlamı tapdalayıb əzdi,

Gözəl zəmimi boş çölə çevirdi.

11Onu xaraba qoydular,

Xarabalıq içində önümdə ağlayır.

Bütün ölkə viran oldu,

Amma heç kəsin vecinə deyil.

12Çöldəki bütün çılpaq təpələrə məhv edənlər gəldi.

Çünki ölkənin bir ucundan o biri ucuna qədər

Rəbbin qılıncı qırıb-çatır.

Heç kim salamat qalmır.

13Onlar buğda əkdi, qanqal biçdi.

Zəhmət çəkdilər, xeyir görmədilər.

Rəbbin qızğın qəzəbindən ötrü

Məhsullarınızdan utanacaqsınız».

14Rəbb belə deyir: «Xalqım İsrailə irs olaraq verdiyim mülkə toxunan bütün bədxah qonşularıma gəlincə, Mən onları torpaqlarından çıxarıb atacağam, onların arasından Yəhuda nəslini də çıxarıb atacağam.  15Amma onları çıxarıb atdıqdan sonra yenə hallarına acıyacağam. Hər kəsi öz mülkünə, öz torpağına qaytaracağam.  16Əgər onlar xalqımın yolunu yaxşı öyrənsələr, xalqımı Baal adı ilə and içməyi öyrətdikləri kimi “var olan Rəbbə and olsun” deyib Mənim adımla and içsələr, o zaman xalqımın arasında sakin olacaqlar.  17Ancaq qulaq asmasalar, o zaman belə bir milləti mütləq kökündən çıxarıb yox edəcəyəm» Rəbb belə bəyan edir.

 

 

Yeremya 13

Kətan qurşaqla müqayisə

1Rəbb mənə belə dedi: «Get özünə bir kətan qurşaq al və belinə bağla, amma onu suya qoyma».  2Mən Rəbbin sözünə görə qurşaq aldım və belimə bağladım.  3Mənə yenə Rəbbin sözü nazil oldu:  4«Belindəki aldığın qurşağı götürüb qalx və Fərat çayına tərəf get. Onu orada qayanın oyuğunda gizlət».  5Mən gedib Rəbbin əmr etdiyi kimi onu Fərat çayının yaxınlığında gizlətdim.  6Uzun müddət sonra Rəbb mənə dedi: «Qalx Fərat çayına tərəf get və sənə gizlətməyi əmr etdiyim qurşağı oradan götür».  7Mən Fərat çayına tərəf getdim və qurşağı gizlətdiyim yerdən qazıb götürdüm. Gördüm ki, qurşaq çürüyüb və daha heç nəyə yaramır.  8O zaman mənə Rəbbin bu sözü nazil oldu:  9«Rəbb belə deyir: “Yəhudanın təkəbbürünü və Yerusəlimin böyük qürurunu beləcə çürüdəcəyəm.  10Sözlərimə qulaq asmayan, inadkarlıqla ürəklərinin istədiyinə uyan, başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olan bu pis xalq heç bir şeyə yaramayan həmin qurşaq kimi olacaq”.  11Rəbb deyir: “Qurşaq insanın belinə necə yapışırsa, bütün İsrail nəslini və Yəhuda nəslini özümə eləcə yapışdırdım ki, Öz xalqım olub Mənə şöhrət, tərif və izzət gətirsinlər, ancaq onlar qulaq asmadı”.  12Buna görə onlara bu sözü çatdır ki, İsrailin Allahı Rəbb belə deyir: “Hər tuluq şərabla dolacaq”. Onda sənə deyəcəklər: “Hər tuluğun şərabla dolacağını biz də bilmirikmi?”  13O zaman onlara söylə ki, Rəbb belə deyir: “Bütün bu ölkədə yaşayanları, Davudun taxtı üzərində oturan padşahları, kahinləri, peyğəmbərləri, bütün Yerusəlimdə yaşayanları sərxoş olana qədər şərabla doyduracağam”.  14Rəbb bəyan edir: “Mən onları ata və oğulları ilə birlikdə bir-birlərinə çırpacağam. Onlara rəhm etməyəcək, aman verməyəcək, həlak etməyə heyfsilənməyəcəyəm”».

Əsarət barədə xəbərdarlıq

15Eşidin və qulaq asın,

Qürurlu olmayın,

Çünki Rəbb belə söylədi.

16O nə qədər ki qaranlıq çökdürməyib,

Zülmət dağlarında ayaqlarınız büdrəməyib,

Allahınız Rəbbi izzətləndirin.

Siz işıq gözləyirsiniz,

Amma Rəbb onu ölüm kölgəsinə çevirər,

Dərin zülmətə döndərər.

17Ancaq siz ona qulaq asmasanız,

Gözlərim acı-acı yaş tökəcək,

Göz yaşları sel kimi axacaq.

Çünki Rəbbin sürüsünü

Sürgün etdilər.

18Padşaha və onun anasına söylə:

«Taxtınızdan enin,

Çünki şərəf tacınız başınızdan düşdü».

19Negev şəhərlərinin darvazaları bağlandı,

Açan yoxdur.

Bütün Yəhuda sürgün edildi,

Hamı sürgün edildi.

20Başınızı qaldırıb

Şimaldan gələnləri görün.

Sənə verilən sürü,

Sənin gözəl sürün haradadır?

21Rəbb müttəfiq kimi hazırladığın adamları

Sənə hakim qoyanda nə deyəcəksən?

Məgər doğan qadının çəkdiyi sancı kimi

Səni də ağrı tutmayacaqmı?

22Əgər ürəyində

«Bütün bunlar nə üçün başıma gəldi» desən,

Bil ki, günahının çoxluğundan

Ətəklərin qaldırıldı və zorlandın.

23Kuşlu öz dərisini,

Bəbir öz xallarını dəyişdirə bilərmi?

Pislik etməyə alışmış

Siz də yaxşılıq edə bilməzsiniz.

24«Bundan ötrü səni çöl küləyi ilə

Sovrulan saman çöpü kimi səpələyəcəyəm.

25Sənə düşən püşk,

Mənim sənə ayırdığım pay budur»

Rəbb belə bəyan edir.

«Çünki Məni unutdun,

Yalana güvəndin.

26Bundan ötrü Mən də sənin ətəklərini

Üzünə qaldıracağam ki,

Ayıbın görünsün.

27Çöldəki təpələr üzərində

Gördüyün iyrənc işləri,

Zinakarlığını, şəhvətlə kişnəməyini,

Həyasız əxlaqsızlığını gördüm.

Vay halına, ey Yerusəlim!

Sən nə vaxta qədər

Təmizlənə bilməyəcəksən?»

 

 

Yeremya 14

Qılınc, aclıq, vəba

1Bu, quraqlıq haqqında Yeremyaya nazil olan Rəbbin sözüdür.

2«Yəhuda yas tutur,

Onun şəhər darvazaları qəmli görünür.

Adamlar qara geyinmişlər,

Yerusəlimin fəryadı ucalmışdır.

3Əyanlar nökərlərini su dalınca göndərir,

Onlar isə quyu yanına gəlib

Su tapmır,

Boş qablarla geri dönürlər,

Utanıb xəcalət çəkərək

Başlarını örtürlər.

4Ölkədə yağış olmadığı üçün

Torpaq cadar-cadar oldu.

Əkinçilər utanır,

Başlarını örtür.

5Hətta çöldəki maral da

Balasını doğub tərk edir,

Çünki ot yoxdur.

6Vəhşi eşşəklər çılpaq təpələrdə durub,

Çaqqal kimi tez-tez nəfəs alır.

Onların gözləri korlaşır,

Çünki otlaq yoxdur».

7Ya Rəbb, hərçənd təqsirlərimiz

Bizə qarşı şəhadət edir,

Sən Öz adından ötrü səy göstər.

Çünki dəfələrlə dönüklük etmiş,

Sənə qarşı günah etmişik.

8Ey İsrailin Ümidgahı,

Məşəqqət zamanı Xilaskarı!

Nə üçün Sən bu torpaqda bir qərib,

Gecələmək üçün yoldan ayrılan bir səyyah kimisən?

9Nə üçün çaşmış adam,

Qurtarmağa gücü çatmayan

İgid kimi olmusan?

Ancaq Sən aramızdasan, ya Rəbb.

Biz Sənə məxsusuq,

Bizi tərk etmə.

10 Rəbb bu xalq barədə belə deyir: «Onlar gəzib-dolaşmağı o qədər sevir ki, ayaq saxlamırlar. Buna görə də Rəbb onlardan razı deyil. İndi onların təqsirkarlığını yada salacaq, günahları üçün cəza verəcək».  11Rəbb mənə dedi: «Sən bu xalqın uğur qazanması üçün dua etmə.  12Oruc tutsalar da, Mən onların fəryadını eşitməyəcəyəm. Yandırma qurbanı və taxıl təqdimi gətirdikləri zaman onlardan razı olmayacağam. Mən onları qılınc, aclıq və vəba ilə qırıb-çatacağam».  13Mən dedim: «Ah, Xudavənd Rəbb, peyğəmbərlər onlara belə deyir: “Qılınc görməyəcəksiniz, aclıq olmayacaq. Ancaq Mən bu yerdə sizə həqiqi sülh verəcəyəm”».  14Rəbb mənə dedi: «Peyğəmbərlər Mənim adımla yalançı peyğəmbərlik edir. Onları Mən göndərməmişəm, onlara əmr edib söz deməmişəm. Sizə peyğəmbərlik etdikləri şeylər yalan bir görüntü, falçılıq, boş bir şey, öz ürəklərinin uydurmasıdır.  15Buna görə də Rəbb o peyğəmbərlər barədə belə deyir: “Onları göndərmədiyim halda Mənim adımla peyğəmbərlik edən, ‹bu torpaqda qılınc və aclıq olmayacaq› deyən bu peyğəmbərlər özləri qılınc və aclıqdan həlak olacaq.  16Peyğəmbərlik etdikləri xalq da qılınc və aclıq üzündən Yerusəlim küçələrinə atılacaq. Onların özlərini, arvadlarını, oğullarını və qızlarını basdıran olmayacaq, çünki onların pisliklərini öz başlarına gətirəcəyəm”.  17Onlara bu sözü söylə:

“Qoy gözlərim gecə-gündüz

Dayanmadan yaş töksün.

Çünki bakirə qıza bənzəyən əziz xalqım

Ağır bir yara aldı,

Şiddətli bir zərbə yedi.

18Çölə çıxıram,

Qılıncla öldürülənləri görürəm,

Şəhərə girirəm,

Aclıqdan üzülənləri görürəm.

Çünki peyğəmbər də, kahin də

Bixəbər olaraq ölkəni dolaşır”».

19Məgər Sən Yəhudanı birdəfəlik rədd etmisən?

Məgər Siona nifrət edirsən?

Niyə bizi elə vurdun ki,

Sağaltmaq mümkün olmasın?

Sülh gözlədik, amma xeyir gəlmədi.

Şəfa vaxtını gözlədik,

Ancaq dəhşət gəlir.

20Ya Rəbb, pisliyimizi,

Atalarımızın təqsirkarlığını bilirik.

Çünki Sənə qarşı günah etdik.

21Öz adın naminə bizdən imtina etmə,

Öz izzətli taxtını alçaltma.

Bizimlə olan əhdini pozma, yada sal.

22Millətlərin bütləri arasında

Yağış yağdıra biləni varmı?

Göylər leysan tökə bilərmi?

Bunu edən Sən deyilsənmi, ya Rəbb Allahımız?

Ümidimiz Sənədir.

Çünki bütün bu şeyləri Sən etdin.

 

 

Yeremya 15

Yəhuda xalqının məhvi

1Rəbb mənə dedi: «Musa ilə Şamuel önümdə dursalar da, yenə ürəyim bu xalqa tərəf yönəlməz. Onları qarşımdan rədd et ki, getsinlər.  2 Sənə “Hara gedək?” dedikləri zaman onlara söylə ki, Rəbb belə deyir: “Vəba üçün ayrılanlar vəbaya,

Qılınc üçün ayrılanlar qılınca,

Aclıq üçün ayrılanlar aclığa,

Sürgün üçün ayrılanlar sürgünə”.

3Rəbb bəyan edir: “Onların başına dörd növ bəla gətirəcəyəm: öldürmək üçün qılıncı, parçalamaq üçün itləri, yeyib həlak etmək üçün göydəki quşları və yerdəki heyvanları.  4 Yəhuda padşahı Xizqiya oğlu Menaşşeyə, onun Yerusəlimdə etdiyi işlərə görə onları yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam”.  5Ey Yerusəlim, bəs sənə kim acıyacaq?

Sənin üçün kim yas tutacaq?

Halını soruşmaq üçün

Kim yolundan dönüb sənin yanına gələcək?

6Rəbb bəyan edir: “Sən Məni rədd etdin,

Geri çəkildin.

Mən də əlimi uzadıb səni məhv edirəm.

Daha bağışlamaqdan yoruldum.

7Onları ölkənin şəhər darvazalarında

Kürəklə sovurdum,

Xalqımı övladsız qoydum,

Onları məhv etdim.

Çünki yollarından dönmədilər.

8Mənim önümdə onların dul qadınlarının sayı

Dəniz qumundan da çox oldu.

Günorta çağı

Cavanlarının analarını ağlar qoymaq üçün

Məhv edəni gətirdim.

Qəflətən onları qorxu və dəhşətə saldım.

9Yeddi uşaq doğan qadın zəifləyib can verdi,

Onun günəşi günorta çağı batdı,

Utanıb alçaldı.

Onlardan sağ qalanlarını

Düşmənlərinin önündə

Qılınca təslim edəcəyəm”»

Rəbb belə bəyan edir.

10Vay mənim halıma!

Ey anam, sən məni bütün ölkə ilə

Mübahisə və dava etmək üçün doğmusan!

Mən heç kəsə sələm vermədim,

Heç kəs də mənə sələm vermədi.

Ancaq hamı məni lənətləyir.

11Rəbb dedi:

«Bundan sonra mütləq səni

Xeyir üçün xilas edəcəyəm.

Bəla və kədər vaxtı düşmənlərini

Sənə yalvarmağa məcbur edəcəyəm.

12Dəmiri, şimaldan gələn dəmiri və tuncu

Kim qıra bilər?

13Sənin sərvətini və xəzinələrini

Qarət malı kimi başqalarına havayı verəcəyəm.

Bunu ölkənin hər tərəfində

Sənin günahlarından ötrü edəcəyəm.

14Mən səni tanımadığın ölkədə

Düşmənlərinə qul edəcəyəm.

Çünki qəzəbim od tutub

Sizi yandıracaq».

15Sən bilirsən, ya Rəbb!

Məni yada sal və qayğıma qal.

Məni təqib edənlərdən qisasımı al,

Səbirli olduğuna görə məni həlak etmə.

Bil ki, Sənin üçün rüsvay oldum.

16Sözlərini tapıb yedim,

Sözlərin mənə sevinc və ürəyimə şadlıq gətirdi.

Çünki Sənə məxsusam,

Ey Ordular Allahı Rəbb!

17Kef çəkənlərin məclisində oturaraq

Sevinib coşmadım,

Əlin üzərimdə olduğuna görə

Tək-tənha oturdum.

Çünki məni qəzəblə doldurmuşdun.

18Nə üçün ağrım kəsilməz,

Yaram çarəsizdir,

Şəfasına ümid yoxdur?

Məgər mənim üçün suyu qurumuş,

Etibarsız bir vadi olacaqsan?

19Buna görə Rəbb belə deyir:

«Əgər sən tövbə etsən,

Səni yenə qəbul edib xidmətimə təyin edərəm.

Əgər cəfəngiyat danışmaq əvəzinə

Qiymətli sözlər söyləsən,

O zaman Mənim dilimlə danışacaqsan.

Onlar özləri sənə tərəf dönəcək,

Amma sən onlara tərəf qayıtmayacaqsan.

20Səni bu xalq üçün

Möhkəm tunc bir divar edəcəyəm.

Sənə qarşı döyüşəcəklər,

Ancaq qalib gələ bilməyəcəklər.

Çünki Mən səninlə olacağam ki,

Səni qurtarıb azad edim»

Rəbb belə bəyan edir.

21«Səni pis adamların əlindən azad edəcəyəm,

Zülmkarların pəncəsindən satın alacağam».

 

 

Yeremya 16

Fəlakət dövrü

1Mənə Rəbbin bu sözü nazil oldu:  2«Özünə arvad alma, qoy bu yerdə oğulların və qızların olmasın.  3Çünki bu yerdə doğulan oğullar və qızlar, onları doğan analar və onları törədən atalar üçün Rəbb belə deyir:  4“Onlar ölümcül xəstəliklərdən öləcək. Onlar üçün yas tutulmayacaq, basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar. Qılınc və aclıqla qırılıb-qurtaracaqlar. Cəsədləri də göydəki quşlara və yerdəki heyvanlara yem olacaq”.  5Çünki Rəbb belə deyir: “Yas evinə girmə, ağlamaq üçün getmə, başsağlığı vermə, çünki bu xalqın arasından Öz sülhümü, məhəbbətimi və mərhəmətimi götürdüm” Rəbb belə bəyan edir.  6“Bu ölkədə böyüklər də, kiçiklər də öləcək, qəbirə qoyulmayacaq, adamlar onlar üçün yas tutmayacaq, özlərini yaralayıb saçlarını qırxmayacaq.  7Ölüdən ötrü yas tutana təsəlli vermək üçün kimsə onunla çörək kəsməyəcək, ata-anaları üçün onlara təsəlli kasasını içirməyəcək.  8Sən onlarla oturaraq yeyib-içmək üçün ziyafət məclislərinə də girmə”.  9 Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax bu yerdə sizin günlərinizdə gözlərinizin önündə sevinc və şadlıq sədasını, bəy-gəlin səsini yox edəcəyəm”.  10Bütün bu sözləri xalqa bildirəndə onlar sənə belə deyəcək: “Nə üçün Rəbb başımıza bu qədər böyük bəla gətirəcəyini söylədi? Təqsirimiz nədir? Allahımız Rəbbə qarşı nə günah etmişik?”  11Sən onlara söylə ki: “Sizin atalarınız Məni tərk etdi” Rəbb belə bəyan edir. “Başqa allahların tərəfdarı oldular, onlara qulluq və səcdə etdilər, Məni tərk edib qanunuma əməl etmədilər.  12Siz atalarınızdan da artıq pislik etdiniz, özünüz də Mənə qulaq asmayaraq qara ürəklərinizin inadı ilə hərəkət etdiniz.  13Buna görə də sizi bu ölkədən atalarınızın və özünüzün tanımadığı bir ölkəyə atacağam. Orada gecə-gündüz başqa allahlara qulluq edəcəksiniz, çünki sizə mərhəmət etməyəcəyəm”».  14Buna görə də Rəbb bəyan edir: «Bir gün gələcək ki, insanlar artıq “İsrail övladlarını Misir torpağından çıxaran Rəbbin varlığına and olsun” deməyəcəklər,  15amma “İsrail övladlarını şimal ölkəsindən və qovduğu başqa ölkələrdən çıxaran Rəbbin varlığına and olsun” deyəcəklər. Çünki onları atalarına verdiyim torpağa qaytaracağam».  16Rəbb bəyan edir: «Mən çoxlu balıqçı göndərəcəyəm, onları tutacaqlar. Ondan sonra Mən çoxlu ovçu göndərəcəyəm, hər dağ və təpə üzərindən, qaya oyuqlarından onları ovlayacaqlar.  17Çünki Mənim nəzərim onların bütün yollarını izləyir. Onlar Məndən gizlənə bilməz, təqsirləri də Mənim nəzərimdən qaça bilməz.  18İlk növbədə onların təqsirlərinin və günahlarının əvəzini alacağam. Çünki iyrənc bütlərinin qurbanları ilə ölkəmi murdarladılar, mülkümü murdar bütlərlə doldurdular».  19Ya Rəbb, qüvvətim və qalam,

Sıxıntı günündə sığınacağım!

Millətlər yer üzünün qurtaracağınadək hər yerdən

Sənin yanına gəlib deyəcək:

«Atalarımız saxta və puç bütlərə –

Heç bir fayda görmədikləri şeylərə varis oldu.

20Adam da özünə bütlər düzəldər?

Axı onlar allah deyil.

21Buna görə də onlara göstərəcəyəm,

Əlimi və qüdrətimi nümayiş etdirəcəyəm.

Onda biləcəklər ki, adım Rəbdir.

 

 

Yeremya 17

Yəhudanın günahı və cəzası

1Yəhudanın günahı dəmir qələmlə yazıldı,

Ürəklərinin lövhələri və qurbangahlarının buynuzları üzərinə

Almaz uclu alətlə həkk edildi.

2Onlar kölgəli ağacların yanında,

Yüksək təpələrdə, çöldəki dağlarda

Qurbangahlarına və Aşera bütlərinə

Öz uşaqlarına göstərdikləri qədər maraq göstərir.

3Sənin mal-dövlətini,

Bütün xəzinələrini, səcdəgahlarını

Ölkənin hər tərəfində işlənən günahlardan ötrü

Qarətə təslim edəcəyəm.

4Sənə verdiyim irsi

Öz qəbahətinlə yox edəcəksən.

Tanımadığın ölkədə səni

Düşmənlərinə qul edəcəyəm.

Çünki siz Mənim qəzəbimdən

Od alışdırdınız,

O əbədi yanacaq».

5Rəbb belə deyir:

«O adam lənətlidir ki,

İnsana güvənir,

Bəşərin gücünə arxalanır,

Ürəyi Rəbdən ayrılır.

6O, çöldəki yulğun ağacı kimi olacaq,

Xeyir gələndə onu görməyəcək.

Səhrada olan quraq yerlərdə

Heç kəs yaşamayan şoranlıqda sakin olacaq.

7Nə xoşbəxtdir o adam ki

Rəbbə güvənir,

Rəbbi özünə arxa sayır.

8O, sular kənarında Əkilmiş ağac kimi olacaq.

Elə ağac ki çay kənarında kök salar,

İsti gələndə qorxmaz,

Yarpağı həmişə yaşıl qalar,

Quraqlıq olan il qayğı çəkməz,

Bəhər verməkdən qalmaz».

9İnsan ürəyi hər şeydən hiyləgərdir,

Çarəsi yoxdur.

Onu kim başa düşə bilər?

10«Mən Rəbb ürəyi yoxlayıram, İnsanın fikrini sınayıram ki,

Hər kəsə əməllərinə görə,

İşlərinin bəhrəsinə görə əvəz verim».

11Haqsızlıqla var-dövlət toplayan adam

Özünün yumurtlamadığı yumurtaların üstünə

Oturan kəklik kimidir.

Ömrünün ortasında var-dövləti əldən gedəcək,

Axırda o adam axmaq çıxacaq.

12Müqəddəs məkanımızdakı yer

Əvvəlcədən ucaldılmış izzət taxtıdır.

13Ya Rəbb, İsrailin Ümidgahı,

Səni tərk edənlərin hamısı utanacaq.

Rəbb deyir:

«Məndən üz döndərənlərin adı

Toz-torpağa yazılacaq,

Çünki Rəbbi – axar sular mənbəyini tərk etdilər».

14Ya Rəbb, mənə şəfa versən,

Mən sağalaram.

Məni xilas etsən,

Mən xilas olaram.

Çünki həmd etdiyim Sənsən.

15Bax onlar mənə

«Rəbbin sözü hanı?

Qoy yerinə yetsin!» deyir.

16Mən Sənin xidmətində

Çoban olmaqdan boyun qaçırmadım.

Bəla gününün gəlməsini istəmədim.

Sən bilirsən ki,

Ağzımdan nə çıxdısa,

Sənin gözünün önündədir.

17Məni dəhşətə salma,

Fəlakət günündə sığınacağım Sənsən.

18Qoy məni təqib edənlər utansın,

Mənsə utanmayım.

Qoy onlar qorxuya düşsün,

Mən isə qorxmayım.

Qara günü onların başına gətir,

Tamamilə qırılana qədər onları qır.

Şənbə gününə əməl edilməsi

19Rəbb mənə belə dedi: «Get Yəhuda padşahlarının girib-çıxdıqları Xalq darvazasında və Yerusəlimin bütün darvazalarında dayanıb  20onlara söylə ki, ey Yəhuda padşahları, Yəhuda və Yerusəlimin bütün əhalisi, bu darvazalardan girənlər, Rəbbin sözünə qulaq asın.  21 Rəbb belə deyir: “Öz canınızı qorumaq üçün Şənbə günü yük daşımayın, Yerusəlim darvazalarından içəri gətirməyin.  22 Şənbə günü evlərinizdən yük çıxarmayın, heç bir iş görməyin. Atalarınıza əmr etdiyim kimi Şənbə gününü təqdis edin.  23Ancaq onlar eşitmədi, qulaq asmadı. İnadkarlıq edərək Məni eşitmədilər və nəsihət almaq istəmədilər”.  24Rəbb bəyan edir: “Əgər siz Şənbə günü bu şəhərin darvazalarından yük daşımamaq, Şənbə gününü təqdis etmək və bu gün heç bir işlə məşğul olmamaqla Mənə, həqiqətən, itaət etsəniz,  25o zaman Davudun taxtında oturan padşahlar və başçılar döyüş arabalarına və atlara minib Yəhuda adamları, Yerusəlimdə yaşayanlarla birgə bu şəhərin darvazalarından girəcək. Bu şəhər əbədi olaraq məskunlaşmış qalacaq.  26Yəhuda şəhərlərindən, Yerusəlimin ətrafından, Binyamin torpağından, yamaclı-düzənlikli bölgədən, dağlıq bölgədən və Negevdən adamlar gəlib Rəbbin məbədinə yandırma qurbanları, başqa qurbanlar, taxıl təqdimləri, kündür və şükür təqdimləri gətirəcək.  27Əgər siz Şənbə günü yük daşıyıb Yerusəlim darvazalarından girərək Şənbə gününü təqdis etməməklə Mənim sözümə qulaq asmasanız, onda Mən şəhərin darvazalarına od vuracağam, alov Yerusəlimin saraylarını yandırıb-yaxacaq və heç vaxt sönməyəcək”».

 

 

Yeremya 18

Yeremya dulusçunun evində

1Rəbdən Yeremyaya bu söz nazil oldu:  2«Qalx dulusçunun evinə en, orada sözlərimi sənə bildirəcəyəm».  3Mən dulusçunun evinə endim. Gördüm ki, o, çarx üzərində işləyir.  4Palçıqdan düzəltdiyi qab əlində xarab olanda dulusçu özünün istədiyi kimi palçıqdan başqa bir qab düzəldirdi.  5Mənə yenə Rəbbin sözü nazil oldu:  6«Ey İsrail nəsli, Mən də sizinlə bu dulusçunun etdiyi kimi rəftar edə bilmərəmmi?» Rəbb belə bəyan edir. «Bilin ki, palçıq dulusçunun əlində necədirsə, siz də Mənim əlimdə o cürsünüz, ey İsrail nəsli.  7Bir vaxt Mən bir milləti yaxud ölkəni kökündən dağıdacağımı, yıxıb məhv edəcəyimi söyləyəndə  8əgər Mənim xəbərdarlıq etdiyim bu millət öz pis əməlindən dönərsə, ona göndərmək istədiyim bəladan vaz keçəcəyəm.  9Başqa vaxt bir milləti yaxud da ölkəni qurub-tikəcəyimi söyləyəndə  10əgər bu millət sözümə qulaq asmayıb pis əməl edərsə, ona vəd verdiyim yaxşılıqdan vaz keçəcəyəm.  11İndi Yəhuda adamlarına, Yerusəlimdə yaşayanlara söylə ki, Rəbb belə deyir: “Mən sizə bir bəla hazırlayıram, sizə bir qəsd qururam. İndi hər biriniz öz pis yolunuzdan dönüb yaşayışınızı və əməllərinizi islah edin”.  12Ancaq onlar deyir: “Boş sözdür, biz öz niyyətlərimizin dalınca gedəcəyik, hər birimiz öz qara ürəyimizin inadına görə rəftar edəcəyik”».  13Buna görə Rəbb belə deyir:

«İndi millətlər arasında soruşun ki,

Kim belə sözlər eşitmişdir?

Bakirə qıza bənzəyən İsrail

Dəhşətli bir iş etdi.

14Livanın qarı qayalı dağ yamaclarından

Heç əskik olarmı?

Uzaqdan axan soyuq sular quruyarmı?

15Amma xalqım Məni unutdu,

Saxta allahlara buxur yandırdı.

Bu allahlar onların gedəcəyi yollarda,

Qədim yollarda büdrəmələrinə səbəb oldu,

Onları hamar olmayan

Dolanbac yollarda gəzdirdilər.

16Ölkələri viran ediləcək,

Əbədi kinayə hədəfinə çevriləcək.

Onda oradan ötən hər kəs

Heyrətə gəlib başını bulayacaq.

17Onları səmum küləyi kimi

Düşmən önündə pərən-pərən salacağam.

Onlara fəlakət günündə

Üzümü deyil, arxamı göstərəcəyəm».

18O zaman onlar dedi: «Gəlin Yeremyaya qəsd quraq. Çünki qanunu öyrədəcək kahin, nəsihət verəcək müdrik adam, söz deyəcək peyğəmbər heç vaxt əskik olmayacaq. Gəlin ona dilimizlə hücum edək, sözlərinə qulaq asmayaq».  19Ya Rəbb, mənə yaxşı qulaq as,

Mənimlə çəkişənlərin sözünü eşit.

20Yaxşılığın əvəzində pislik edilərmi?

Onlar canımı almaq üçün quyu qazır.

Unutma, mən önündə ona görə dayanmışam ki,

Onlar üçün yaxşı şey istəyim,

Onlardan qəzəbini döndərim.

21Buna görə də onların övladlarını

Aclığa ver, qılınc ağzına təslim et.

Qadınları uşaqsız və dul qalsın,

Ərlərini ölüm aparsın.

Cavanlarını müharibədə qılınc öldürsün.

22Sən onların üzərinə

Qəflətən qarətçilər göndərəndə

Qoy evlərindən fəryad eşidilsin.

Çünki məni tutmaq üçün quyu qazdılar,

Ayağımın altında gizlincə tələ qurdular.

23Ancaq, ya Rəbb, məni öldürmək üçün

Qurduqları bütün qəsdləri Sən bilirsən.

Təqsirlərini bağışlama,

Günahlarını önündən silmə.

Sənin önündə yıxılsınlar,

Qəzəbin vaxtı onlara qarşı hərəkət et.

 

 

Yeremya 19

Sınmış kuzə ilə müqayisə

1Rəbb belə dedi: «Get, dulusçunun düzəltdiyi bir gil kuzə al. Sonra isə xalqın və kahinlərin ağsaqqallarından bir neçəsini götür,  2 Xarsit darvazasının girişində olan Ben-Hinnom dərəsinə get. Sənə deyəcəyim sözləri orada elan edib söylə ki,  3ey Yəhuda padşahları, Yerusəlimdə yaşayanlar, Rəbbin sözünü eşidin, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən bu yerin üzərinə elə bir bəla gətirəcəyəm ki, hər eşidənin qulağı cingildəyəcək.  4Çünki onlar Məndən üz döndərdi, buranı yad bir ölkəyə çevirdi. Orada özlərinin, atalarının və Yəhuda padşahlarının tanımadıqları başqa allahlara buxur yandırdılar və bu yeri günahsız qanla doldurdular.  5 Öz uşaqlarını odda Baal bütlərinə yandırma qurbanı vermək üçün Baal səcdəgahlarını qurdular. Mən belə bir şeyi nə buyurdum, nə söylədim, nə də ağlıma gətirdim”».  6Rəbb bəyan edir: «Buna görə də bir gün gələcək ki, daha bu yerə Tofet yaxud Ben-Hinnom dərəsi deyil, Qırğın dərəsi deyiləcək.  7Bu yerdə Yəhuda ilə Yerusəlimin niyyətlərini boşa çıxaracağam. Onları düşmənlərinin önündə canlarını almaq istəyənlərin əli ilə qılıncla həlak edəcəyəm. Cəsədlərini göydəki quşlara və yerdəki heyvanlara yem olaraq verəcəyəm.  8Bu şəhəri viran edəcəyəm, rişxənd hədəfinə çevirəcəyəm. Oradan keçən hər kəs onun başına gələn bəlaları görüb heyrət içində fit çalacaq.  9Oğullarının və qızlarının ətini özlərinə yedirdəcəyəm. Canlarını almaq istəyən düşmənləri onları mühasirəyə alanda çəkdikləri sıxıntıdan ötrü bir-birlərinin ətini yeyəcəklər».  10Sonra səninlə gedən adamların gözü önündə kuzəni sındırıb  11onlara söylə ki, Ordular Rəbbi belə deyir: «Necə ki dulusçunun əlində qab sınanda bir də düzəlmir, Mən də bu xalqı və şəhəri beləcə məhv edəcəyəm. Basdırmağa yer qalmadığı üçün ölüləri Tofetdə də basdıracaqlar.  12Bu yer və sakinləri ilə belə rəftar edəcəyəm, bu şəhəri Tofet kimi edəcəyəm» Rəbb belə bəyan edir.  13«Yerusəlimin evləri və Yəhuda padşahlarının sarayları Tofetin ərazisi kimi murdar olacaq, çünki bütün evlərin damları üzərində səma cisimlərinə buxur yandırdılar, yad allahlara içmə təqdimləri gətirdilər».  14Peyğəmbərlik etmək üçün Rəbbin Tofetə göndərdiyi Yeremya oradan qayıtdı. O, Rəbbin məbədinin həyətində dayanıb bütün xalqa dedi:  15«İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Mən bu şəhər barədə söylədiyim bütün fəlakətləri onun və ətrafında olan kəndlərin üzərinə gətirəcəyəm, çünki inadkarlıq edərək sözlərimə qulaq asmırlar”».

 

 

Yeremya 20

Yeremyanın Paşxurla mübahisəsi

1Rəbbin məbədində baş nəzarətçi olan kahin İmmer oğlu Paşxur Yeremyanın bu sözlərlə peyğəmbərlik etdiyini eşitdi.  2Paşxur Yeremya peyğəmbəri döydü və Rəbbin məbədinin yanındakı Yuxarı Binyamin darvazasında olan kündəyə saldı.  3Ertəsi gün Paşxur Yeremyanı kündədən çıxartdı. Yeremya ona dedi: «Rəbb sənin adını Paşxur deyil, Maqor-Missaviv qoydu.  4Çünki Rəbb belə deyir: “Bax Mən səni özün və bütün səni sevənlər üçün dəhşətə çevirəcəyəm. Onlar öz düşmənlərinin qılıncı ilə həlak olacaq və sənin gözlərin bunu görəcək. Bütün Yəhudanı Babil padşahına təslim edəcəyəm. O, xalqı Babilə sürgün edəcək və qılıncla həlak edəcək.  5Bu şəhərin bütün var-dövlətini, qazancını, qiymətli şeylərini və Yəhuda padşahlarının bütün xəzinələrini düşmənlərə təslim edəcəyəm. Onları qarət edəcəklər, götürüb Babilə aparacaqlar.  6Sən Paşxur və evində yaşayanların hamısı Babilə sürgün olunacaqsınız. Sən və yalandan peyğəmbərlik etdiyin bütün dostların orada öləcəksiniz, orada da basdırılacaqsınız”».

Yeremyanın şikayəti

7Ya Rəbb, Sən məni məcbur etdin,

Mən də məcbur oldum.

Sən məndən güclüsən,

Sən mənə üstün gəldin.

Bütün gün mənə gülürlər,

Hər kəs mənimlə əylənir.

8Çünki mən danışmağa başlayan kimi

Fəryad edib

«Zorakılıq və talan!» deyə qışqırıram.

Rəbbin sözündən ötrü

Mən bütün gün rüsvay oldum,

Təhqir edildim.

9Mən fikirləşdim:

«Daha Onu yada salmayacağam,

Onun adı ilə danışmayacağam».

Onda Onun sözü sümüklərimdə həbs edilən,

Ürəyimdə yanan bir od oldu.

Onu içimdə saxlamaqdan yoruldum,

Artıq bunu edə bilmirəm.

10 Çünki çoxlarının

«Hər tərəfdə dəhşət!

Onu mühakimə edin,

Biz də onu mühakimə edək!»

Deyə pıçıldaşdığını eşitdim.

Bütün güvəndiyim adamlar

Büdrəməyimi gözləyərək

«Bəlkə aldanar, onda onu məğlub edərik,

Ondan qisasımızı alarıq» dedilər.

11Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədir.

Buna görə də məni təqib edənlər büdrəyəcək,

Qalib gələ bilməyəcək.

Uğur qazana bilmədikləri üçün

Böyük xəcalət çəkəcəklər.

Rüsvayçılıq əbədi olacaq,

Heç vaxt unudulmayacaq.

12Ancaq, ey Ordular Rəbbi,

Sən salehi sınağa çəkirsən,

Fikri və ürəyi görürsən.

Qoy gözüm Sənin onlardan alacağın

Qisası görsün!

Çünki işimi Sənə tapşırdım.

13Rəbbi tərənnüm edin,

Rəbbə həmd edin!

Çünki fəqiri

Zalımların əlindən qurtardı.

14 Doğulduğum gün lənətə gəlsin!

Anamın məni doğduğu günə

Bir daş düşsün!

15Atamı çox sevindirərək

«Bir oğlan uşağın oldu!»

Deyə müjdə verən adam

Lənətə gəlsin.

16Qoy o adam Rəbbin

Yazığı gəlməyib dağıtdığı

Şəhərlər kimi olsun!

Səhər fəryad,

Günorta nalə eşitsin.

17Çünki bətndə ikən məni öldürmədi.

Onda anamın qarnı qəbrim olardı,

Bətni daim hamilə qalardı.

18Nə üçün ana bətnindən çıxdım?

Əzab-əziyyət görmək,

Ömrümü rüsvayçılıqla keçirmək üçünmü?

.

 

 

Yeremya 44

Yeremyanın Misirdəki Yəhudalılara müraciəti

1Misir ölkəsində, Miqdolda, Taxpanxesdə, Nofda yaşayan və Patros torpağında sakin olan bütün Yəhudalılar barədə Yeremyaya bu söz nazil oldu:  2«İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yerusəlim və bütün Yəhuda şəhərləri üzərinə gətirdiyim bəlanın hamısını gördünüz.  3Etdikləri pislikdən ötrü o şəhərlər bu gün viran olmuş və sakinsiz qalmışdır. Onlar özlərinin, sizin və atalarının tanımadıqları başqa allahlara buxur yandırıb qulluq edərək Məni qəzəbləndirdi.  4Mən dəfələrlə qullarım olan peyğəmbərləri sizin yanınıza göndərib ‹Mənim nifrət etdiyim iyrənc işləri görməyin› dedim.  5Ancaq onlar eşitmədi, qulaq asmadı. Pisliklərindən dönmədilər, başqa allahlara buxur yandırmağı dayandırmadılar.  6Buna görə də qızğınlığım və qəzəbim daşıb-töküldü, Yəhuda şəhərlərində, Yerusəlim küçələrində od qaladı. Onlar bu gün olduğu kimi xaraba və viranə oldular”.  7İndi İsrailin Allahı – Ordular Allahı Rəbb belə deyir: “Kişinizi də, qadınınızı da, uşağınızı da, südəmərinizi də Yəhuda içində qırıb-çatacağam ki, sizdən heç kəs sağ qalmasın.  8Sakin olmaq üçün gəldiyiniz Misir torpağında əlinizlə düzəltdiyiniz başqa allahlara buxur yandırmaqla Məni qəzəbləndirdiniz. Beləcə öz başınıza fəlakət gətirirsiniz. Dünyanın bütün millətlərinin qarşısında lənət və rüsvayçılıq hədəfinə çevriləcəksiniz.  9Yəhuda ölkəsində, Yerusəlim küçələrində atalarınızın, Yəhuda padşahlarının, onların arvadlarının, sizin və arvadlarınızın etdikləri pislikləri unutdunuzmu?  10Bu günə qədər itaətkarlıq etmədilər, qorxmadılar, qanunuma, sizə və atalarınıza verdiyim qaydalara əməl etmədilər”.  11Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən sizə pislik edib bütün Yəhudalıları qırıb-çatmağı qərara aldım.  12Misirə gəlib sakin olmağı qərara alan Yəhudanın sağ qalanlarını aradan götürəcəyəm və onların hamısı Misir ölkəsində həlak olacaq. Qılıncdan keçiriləcək və aclıqdan tələf olacaqlar, böyükdən kiçiyə qədər qılınc və aclıqdan öləcəklər. Lənət, dəhşət, nifrin və rüsvayçılıq hədəfinə çevriləcəklər.  13Yerusəlimi qılınc, aclıq və vəba ilə necə cəzalandırdımsa, Misir torpağında yaşayanları da eləcə cəzalandıracağam.  14Sakin olmaq üçün Misir torpağına gələn Yəhudanın sağ qalanlarından heç kəs qaçıb qurtarmayacaq, heç kəs salamat qalıb Yəhuda torpağına qayıtmayacaq. Oraya qayıdıb sakin olmaq istəsələr də, bir neçə qaçqından başqa qayıdan olmayacaq”».  15Arvadlarının başqa allahlara buxur yandırdıqlarını bilən bütün kişilər, orada dayanan qadınlar – böyük bir camaat və Misir torpağında, Patrosda yaşayan bütün xalq Yeremyaya müraciət edib dedi:  16«Sənin bizə Rəbbin adı ilə söylədiyin sözə qulaq asmayacağıq.  17Dediyimiz hər şeyi mütləq edəcəyik: Göylər Mələkəsi ilahəyə buxur yandırıb içmə təqdimləri verəcəyik. Bir zamanlar bu işi biz, atalarımız, padşahlarımız və başçılarımız Yəhuda şəhərlərində, Yerusəlim küçələrində etdik. O zaman çörəklə doyur, uğur qazanır və heç bir zərər görmürdük.  18Göylər Mələkəsi ilahəyə buxur yandırmağı, ona içmə təqdimlər verməyi dayandırdığımız vaxtdan bəri hər şeyə möhtac olduq, qılınc və aclıqdan həlak oluruq».  19Qadınlar da dedi: «Biz Göylər Mələkəsi ilahəyə buxur yandırarkən, ona içmə təqdimləri verərkən məgər ərlərimizin xəbəri yox idi ki, onun təsvirinə oxşar kökələr düzəldib içmə təqdimləri veririk?»  20O zaman Yeremya kişilərə və qadınlara – ona bu cavabı vermiş bütün xalqa belə dedi:  21«Sizin, atalarınızın, padşahlarınızın, başçılarınızın və ölkə xalqının Yəhuda şəhərlərində və Yerusəlim küçələrində buxur yandırmağınızı Rəbb yadına salmadımı, ağlına gətirmədimi?  22Rəbb pis işlərinizə, etdiyiniz iyrənc şeylərə daha dözə bilmir. Ona görə də indi ölkəniz sakini olmayan xarabalığa, viranəliyə və lənət hədəfinə çevrildi.  23Siz buxur yandırıb Rəbbə qarşı günah etdiniz, Rəbbin sözünə qulaq asmadınız, qanununa, qaydalarına və göstərişlərinə əməl etmədiniz. Buna görə də bu gün başınıza bu fəlakət gəldi».  24Yeremya qadınlar da daxil olmaqla bütün xalqa dedi: «Ey Misirdə olan bütün Yəhuda xalqı, Rəbbin sözünə qulaq asın.  25İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Göylər Mələkəsi ilahəyə buxur yandırıb içmə təqdimləri gətirməklə verdiyimiz vədi mütləq yerinə yetirəcəyik” deyərək siz və arvadlarınız dilinizlə dediyinizi öz əlinizlə yerinə yetirdiniz. Eybi yox, verdiyiniz sözə əməl edin və vədlərinizi yerinə yetirin.  26Ey Misir torpağında yaşayan bütün Yəhuda xalqı, bu işlərə görə Rəbbin sözünü eşidin: “Mən Öz böyük adıma and içdim ki, bir daha Misir torpağında heç bir Yəhudalı şəxs ‹var olan Xudavənd Rəbbin haqqına and olsun› deyib Mənim adımı çəkməyəcək.  27İndi Mən onlara yaxşılıq etmək üçün deyil, pislik etmək üçün məqam gözləyirəm. Misir torpağında olan bütün Yəhudalılar yox olana qədər qılınc və aclıqdan həlak olacaq.  28Az sayda adam qılıncdan qurtarıb Misir torpağından Yəhuda torpağına qayıdacaq. Misir torpağına sakin olmağa gələn Yəhuda xalqından sağ qalanların hamısı o zaman biləcək ki, kimin sözü yerinə yetdi, Mənimki yoxsa onlarınkı?  29Mən sizi bu yerdə cəzalandıracağam ki, başınıza bəla gələcəyi barədə sözlərimin mütləq yerinə yetəcəyini biləsiniz” Rəbb belə bəyan edir. “Bunun əlaməti belə olacaq”.  30 Rəbb belə deyir: “Yəhuda padşahı Sidqiyanı canını almaq istəyən düşməni Babil padşahı Navuxodonosora necə təslim etdimsə, Misir padşahı firon Xofranı da canını almaq istəyən düşmənlərinə eləcə təslim edəcəyəm”».

 

 

Yeremya 45

Allahın Baruka vədi

1Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Neriya oğlu Baruk, Yeremyanın dediyi bu sözləri kitaba yazanda Yeremya peyğəmbər ona belə söylədi:  2«Ey Baruk, sənin barəndə İsrailin Allahı Rəbb belə deyir:  3“Sən dedin ki, vay mənim halıma! Çünki Rəbb dərdlərimə kədər də qatdı, iniltimdən yoruldum, rahatlıq tapmıram”.  4Sən ona söylə ki, Rəbb belə deyir: “Bax Mən tikdiyimi dağıdacağam, əkdiyimi çıxaracağam, özü də bütün ölkədə.  5Əgər sən özün üçün çox şey istəyirsənsə, istəmə. Çünki Mən bütün bəşərin üzərinə bəla gətirəcəyəm” Rəbb belə bəyan edir. “Ancaq hara gedirsən, get, heç olmasa canını qoruyacağam”».

 

 

Yeremya 46

Misirin məğlub olması

1Bu, millətlər barədə Yeremya peyğəmbərə nazil olan Rəbbin sözüdür.  2 Misir haqqında, Misir padşahı firon Nekonun ordusu barədə nazil olan sözdür. Bu ordu Fərat çayı sahilində olan Karkemişdə idi. Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Babil padşahı Navuxodonosor onu məğlub etdi.  3«Qalxan və sipər hazırlayıb

Döyüşə girin!

4Atlarınızı yəhərləyin,

Ayğırlarınıza minin, ey atlılar!

Dəbilqə geyinib sıraya düzülün,

Nizələrinizi itiləyib zireh geyinin!

5Nə üçün mən bunu gördüm?

Onlar dəhşətə düşüb geri döndü,

Döyüşçüləri məğlub oldu,

Tez qaçıb heç geriyə də baxmadı.

Hər tərəfdə dəhşət var!»

Rəbb belə bəyan edir.

6«Bərk qaçan qaça bilməyəcək,

Güclü qurtula bilməyəcək.

Şimalda Fərat çayı sahilində

Büdrəyib yıxılacaqlar.

7Nil kimi qalxan,

Suları sel kimi çalxalanan kimdir?

8Nil kimi qalxan,

Suları sel kimi çalxalanan Misirdir.

O deyir: “Qalxıb yer üzünü basacağam.

Şəhərləri və orada yaşayanları həlak edəcəyəm”.

9Ey atlar, şahə qalxın!

Ey döyüş arabaları, dəli kimi cumun!

Ey qalxanla silahlanmış Kuş və Put döyüşçüləri,

Kaman götürən və onu çəkən Ludlular, irəli gedin!

10O gün Ordular Rəbbi Xudavəndin günüdür,

Düşmənlərindən qisas alması üçün

Qisas günüdür.

Onları qılınc yeyib-doyacaq,

Qanlarını içib susuzluğunu yatıracaq.

Çünki şimal ölkəsində, Fərat çayı sahilində

Ordular Rəbbi Xudavənd qurban kəsir.

11Ey bakirə qıza bənzəyən Misir,

Gileada çıx, məlhəm al.

Çoxlu dərman içməyin əbəsdir,

Sənin dərdinə əlac yoxdur.

12Millətlər sənin rüsvayçılığını eşitdi,

Fəryadın yer üzünü bürüdü.

Çünki döyüşçü döyüşçünü büdrətdi,

İkisi də birdən yıxıldı».

13 Babil padşahı Navuxodonosorun gəlib Misir torpağına hücum edəcəyi barədə Rəbb Yeremya peyğəmbərə bu sözləri nazil etdi:  14«Misirdə bildirin,

Miqdolda eşitdirin,

Nofda və Taxpanxesdə elan edib deyin:

“Qalx və hazırlaş,

Çünki ətrafında olanları

Qılınc yeyib-qurtardı”.

15Cəngavərlərin nə üçün yerə yıxıldı,

Dayana bilmədi?

Çünki Rəbb onu yerə vurdu.

16Dəfələrlə büdrədilər,

Bir-birlərinin üstünə yıxılıb dedilər:

“Qalxın zalımların qılıncından qaçıb

Öz xalqımızın yanına,

Doğma vətənimizə qayıdaq”.

17Orada onlar bağırdılar:

“Misir padşahı firon boşboğazdır,

O, fürsəti əldən verdi”.

18Adı Ordular Rəbbi olan Padşah bəyan edir:

“Varlığıma and olsun ki,

Tavor və dəniz sahilindəki Karmel dağları

Dağlar arasında necə nəzərə çarparsa,

Gələn şəxs də elə olacaq.

19Ey Misirdə yaşayan,

Sürgünə getmək üçün əşyalarını hazırla.

Çünki Nof viran olub yanacaq,

İçində bir sakin qalmayacaq.

20Misir çox gözəl bir düyədir,

Ancaq şimaldan üstünə mozalan gəlir.

21Onun muzdlu əsgərləri də

Bəslənmiş dana kimidir.

Onlar üz çevirib birlikdə qaçdı,

Yerlərində durmadı.

Çünki fəlakətlərinin günü,

Cəzalarının vaxtı gəlmişdi.

22Sürünən ilan kimi fışıltıları gəlir,

Çünki ordu ilə irəliləyirlər,

Ağac kəsənlər kimi ona qarşı

Balta ilə gəlirlər.

23Keçilməz olsa da,

Yenə meşəni kəsəcəklər”

Rəbb belə bəyan edir.

“Çünki onlar çəyirtkələrdən çoxdur,

Hesaba gəlməzlər.

24Misir utandırılacaq,

Şimal xalqına təslim ediləcək”.

25İsrailin Allahı olan Ordular Rəbbi deyir: “Mən No şəhərinin allahı Amonu, fironu, Misiri, onun allahlarını, padşahlarını və firona güvənənləri cəzalandıracağam.  26Canlarını almaq istəyənlərə – Babil padşahı Navuxodonosora və onun əyanlarına təslim edəcəyəm. Ancaq sonra əvvəllər olduğu kimi adamlar yenə Misirdə yaşayacaq” Rəbb belə bəyan edir.

Rəbbin Öz xalqına vədi


27 “Qorxma, ey qulum Yaqub, Dəhşətə düşmə, ey İsrail.

Çünki səni uzaq yerlərdən,

Nəslini sürgün olunduğu ölkədən qurtaracağam.

Yaqub geri qayıdacaq,

Rahatlıq tapıb qayğısız olacaq,

Onu qorxudan olmayacaq.

28Qorxma, ey qulum Yaqub,

Çünki Mən səninləyəm”

Rəbb belə bəyan edir.

“Səni aralarına sürgün etdiyim

Millətlərin hamısını yox etsəm də,

Səni tamamilə məhv etməyəcəyəm,

Ədalətlə tərbiyələndirəcəyəm.

Amma cəzasız qoymayacağam”».

 

 

Yeremya 47

Filiştlilər barədə vəhy

1Firon Qəzzəyə hücum etməzdən əvvəl Yeremya peyğəmbərə Filiştlilər barədə Rəbbin bu sözü nazil oldu:  2«Rəbb belə deyir:

“Budur, şimaldan sular qalxır,

Onlar sel kimi daşacaq,

Ölkənin və oradakı hər şeyin,

Şəhərin və orada yaşayanların üstünə axacaq.

İnsanlar fəryad edəcək,

O ölkədə yaşayanların hamısı nalə çəkəcək.

3Ayğırlarının yeri döyən dırnaqlarının səsindən,

Döyüş arabalarının vəlvələsindən,

Təkərlərinin gurultusundan

Əlləri taqətdən düşdüyü üçün

Atalar dönüb oğullarına baxmır.

4Çünki Filiştlilərin məhv ediləcəyi gün gəlir.

Sur və Sidona yardım edə bilən,

Sağ qalan hər kəs yox ediləcək.

Rəbb Kaftor

sahilindən gələn Filiştlilərin sağ qalanlarını həlak edəcək.

5Qəzzə saçını yolacaq,

Aşqelon susdurulacaq.

Ey düzənliklərində sağ qalanlar,

Nə vaxta qədər bədənlərinizi yaralayacaqsınız?

6‹Ey Rəbbin qılıncı,

Nə vaxt sakitləşəcəksən?

Qınına dön, dayan və sakit ol!› deyəcəksiniz.

7Rəbb əmr etdiyi halda

Qılınc necə susa bilər?

Rəbb onu oraya – Aşqelona,

Dəniz sahilinə qarşı göndərdi”».

 

 

Yeremya 48

Moav barədə vəhy

1Moav barədə İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Vay Nevonun halına!

Çünki viranəliyə çevriləcək.

Qiryatayim dağılacaq,

Ələ keçiriləcək.

Qalası dağılacaq,

Darmadağın olacaq.

2Artıq Moavın şöhrəti qalmayıb.

Xeşbonda

onun məhvi üçün niyyət qururlar: “Gəlin onu yox edək ki,

Daha bir də belə millət olmasın”.

Ey Madmen,

sən də susdurulacaqsan, Qılınc səni qovacaq.

3Xoronayimdən fəryad səsi gələcək:

“Şəhər dağıldı və böyük qırğın oldu!”

4Moav dağıdıldı,

Övladlarının fəryadı ucaldı.

5Ağlaya-ağlaya Luxit yoxuşundan çıxırlar,

Çünki Xoronayim enişində

Qırğına görə acı fəryadlar eşidilir.

6Qaçın, canınızı qurtarın!

Çöldəki yulğun ağacı kimi az-az görünün.

7Öz istehkamlarına və mal-dövlətinə güvəndiyin üçün

Sən də ələ keçiriləcəksən.

Allahın Kemoş da kahinləri və başçıları ilə birlikdə

Sürgün ediləcək.

8Rəbbin söylədiyi kimi

Məhv edən hər şəhərin üstünə gələcək,

Heç bir şəhər qurtulmayacaq.

Vadi yerlə yeksan olacaq,

Yayla viran ediləcək.

9Moav torpağına duz tökün ki,

Bərəkətsiz olsun.

Şəhərləri elə viran olacaq ki,

Orada kimsə yaşamayacaq.

10Rəbbin işini yarımçıq görənə

Lənət olsun!

Qılıncını qan tökməkdən saxlayana

Lənət olsun!

11Moav cavanlığından bəri qayğısız idi.

Tortası dibdə qalan şəraba oxşayırdı.

Qabdan qaba boşaldılmadı,

Sürgünə getmədi.

Buna görə də dadını dəyişmədi,

Ətrini itirmədi.

12Ancaq onu qabdan qaba tökəcək adamları göndərəcəyim günlər gəlir» Rəbb belə bəyan edir. «Bəli, onu tökəcəklər, qablarını boşaldacaqlar, küplərini parça-parça edəcəklər.  13İsrail xalqı güvəndiyi Bet-Eldən necə utandısa, Moav da allahı Kemoşdan eləcə utanacaq.  14Nə üçün “biz igidik,

Döyüşə qabil əsgərlərik” deyirsiniz?

15Moav məhv olacaq,

Onun şəhərlərinə hücum edəcəklər.

Ən seçmə döyüşçüləri öldürülməyə gedəcək»

Adı Ordular Rəbbi olan Padşah bunu bəyan edir.

16«Moavın fəlakəti gəlmək üzrədir,

Onun bəlası sürətlə yaxınlaşır.

17Ey onun ətrafında olanlar,

Onun adını bilənlər,

Onun üçün yas tutub deyin:

“Qüdrətli əsa, əzəmətli dəyənək

Necə də qırıldı!”

18Ey qıza bənzəyən Divonun sakini,

Cah-calalından düş,

Susuz yerdə otur.

Çünki Moavı məhv edən

Sənin də üstünə gələcək,

Qalalarını dağıdacaq.

19Ey Aroer sakini,

Yol kənarında durub gözlə!

Qaçan kişidən, qurtulan qadından

“Nə olub?” deyə soruş.

20Moav alçaldıldı,

Çünki dağıldı.

Fəryad et, bağır!

Moavın məhv olduğunu

Arnon vadisində bildir.

21Yayladakı şəhərlər – Xolon, Yahsa, Mefaat,  22Divon, Nevo, Bet-Divlatayim,  23Qiryatayim, Bet-Qamul, Bet-Meon,  24Qeriyot, Bosra – uzaq və yaxın bütün Moav şəhərləri məhkum oldu.  25Moavın buynuzu kəsildi, qolu qırıldı» Rəbb belə bəyan edir.  26«Moavı sərxoş edin, çünki Rəbbin qarşısında qürurlandı. Moav öz qusduğuna bələnəcək, masqaraya çevriləcək.  27Bəs İsrail sənə masqara olmadımı? Məgər o, oğrular arasında tutuldu ki, ondan danışanda həqarətlə başını yelləyirsən?  28Ey Moav sakinləri,

Şəhərlərinizi tərk edib

Qayalara sığının.

Yuvasını uçurumun ağzında quran

Göyərçin kimi olun.

29Moavın qüruru, onun hədsiz məğrurluğu, Təkəbbürü, təşəxxüsü, lovğalığı,

Özünü yüksək tutması barədə biz eşitmişdik.

30Azğınlığını bilirəm»

Rəbb belə bəyan edir.

«Öyünməsi də boş şeydir, etdikləri də.

31Buna görə də Moav üçün nalə çəkəcəyəm,

Bütün Moav üçün fəryad edəcəyəm,

Qir-Xeres xalqı üçün yas tutacağam.

32Ey Sivma tənəyi,

Sənin üçün Yazer xalqından çox ağlayacağam.

Budaqların Ölü dənizi aşıb Yazerə çatdı.

Məhv edən sənin yay meyvələrinin,

Yetişmiş üzümünün üstünə atıldı.

33Moavın meyvə bağlarından, tarlalarından

Sevinc və fərəh götürüldü.

Üzümsıxanlardan axan şərabı kəsdim.

Heç kəs sevinc nidası ilə üzüm əzmir.

Gələn səda sevinc nidası deyil.

34 Xeşbonun fəryadı Elaleyə qədər eşidilir. Yahsaya qədər, Soardan Xoronayimə, Eqlat-Şelişiyaya qədər səslərini ucaltdılar. Çünki Nimrim suları da qurudu.  35Moavda səcdəgahlarda qurban gətirənləri, öz allahlarına buxur yandıranları məhv edəcəyəm» Rəbb belə bəyan edir.  36«Buna görə də Moav üçün ürəyim ney kimi inləyir. Qir-Xeres xalqı üçün ürəyim ney kimi inləyir. Çünki əldə etdiyi mal-dövlət yox oldu.  37Hər kəs saçını, saqqalını kəsəcək, əlini yaralayacaq, belinə çul sarıyacaq.  38Moav damlarından, meydanlarından yalnız ağlaşma səsi gəlir. Çünki Moavı heç kəsin bəyənmədiyi bir qab kimi qırdım» Rəbb belə bəyan edir.  39«Moav necə viran oldu! Necə də fəryad edirlər! Moav xəcalətdən arxaya dönür. Bütün ətrafındakılar üçün rişxənd və dəhşət nümunəsi oldu».  40Rəbb belə deyir: «Bax düşmən qartal kimi uçub

Moav üzərində qanadlarını gərəcək.

41Qeriyot ələ keçiriləcək,

Qalalar alınacaq.

O gün Moav döyüşçülərinin ürəyi

Doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq.

42Moav viran olacaq,

Xalqlar arasından silinəcək.

Çünki Rəbb qarşısında qürurlandı.

43Ey Moav sakinləri, Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq»

Rəbb belə bəyan edir.

44«Dəhşətdən qaçan dərin çuxura düşəcək,

Dərin çuxurdan çıxa bilən tələyə düşəcək.

Çünki Moavın üzərinə

Cəza ilini gətirəcəyəm»

Rəbb belə bəyan edir.

45«Xeşbonun kölgəsində Qaçqınlar taqətsiz durmuşlar.

Çünki Xeşbondan od,

Sixonun ortasından alov çıxdı.

Moavın alnını,

Hər yana səs salanların başlarını

Yandırıb-yaxdı.

46Vay halına, ey Moav!

Kemoşun xalqı yox oldu.

Oğulların sürgünə göndərildi,

Qızların əsir alındı.

47Ancaq gələcəkdə

Moavdan sürgün olunanları geri qaytaracağam»

Rəbb belə bəyan edir.

Moav barədəki hökm burada sona çatır.

 

 

Yeremya 49

Ammon barədə vəhy

1Ammon övladları barədə Rəbb belə deyir: «İsrailin övladları yoxmu?

Onun varisi yoxmu?

Elə isə nə üçün Milkom Qada sahib oldu?

Niyə onun xalqı Qad şəhərlərində yaşayır?

2Bu səbəbdən də o günlər gəlir ki,

Ammon övladlarının Rabba şəhərinə

Döyüş nərələri eşitdirəcəyəm»

Rəbb belə bəyan edir.

«Rabba bir xarabalıq qalağı olacaq,

Qəsəbələri yandırılacaq.

Beləcə İsrail onu torpağından qovanları qovacaq»

Rəbb belə deyir.

3«Nalə çək, ey Xeşbon,

Çünki Ay şəhəri viran oldu.

Fəryad edin, ey Rabba qızları,

Çula bürünüb yas tutun.

Divarlar arasında ora-bura qaçın.

Çünki Milkom kahinləri və başçıları ilə birlikdə

Sürgünə gedəcək.

4Vadilərlə nə üçün öyünürsən?

Taqətin kəsilir,

Ey dönük qız!

Sən mal-dövlətinə güvənərək

“Üstümə kim gələ bilər” deyirdin.

5Ətrafında olanların hamısından

Sənin üzərinə dəhşət gətirəcəyəm»

Ordular Rəbbi Xudavənd belə bəyan edir.

«Hamı o yan-bu yana qaçacaq,

Qaçanları toplayan olmayacaq.

6Ancaq bundan sonra sürgün olunan

Ammon övladlarını geri qaytaracağam»

Rəbb belə bəyan edir.

Edom barədə vəhy


7Edom barədə Ordular Rəbbi belə deyir: «Teman şəhərində müdriklik qalmadımı?

Ağıllı adamların nəsihəti tükəndimi?

Onların müdrikliyi söndümü?

8Qaçın, arxaya dönün,

Dərin mağaralarda gizlənin,

Ey Dedanda yaşayanlar!

Çünki Esavı cəzalandırdığım vaxt

Başına fəlakət gətirəcəyəm.

9Əgər üzüm yığanlar sənin bağına gəlsəydi,

Bir neçə salxımı saxlamazdılarmı?

Gecə oğrular gəlsəydi,

Yalnız istədiklərini oğurlamazdılarmı?

10Amma mən Esavı çıl-çılpaq soyunduracağam.

Onun gizli yerlərini aşkar edəcəyəm.

Özü də gizlənə bilməyəcək,

Övladları, qohum-qonşuları həlak olacaq,

Özü də məhv olacaq.

11Öz yetimlərini burax,

Onları Mən yaşadaram.

Dul qadınların da Mənə güvənsin».

12Rəbb belə deyir: «Layiq olmayanlar da cəza kasası içmək məcburiyyətində ikən sənmi cəzasız qalacaqsan? Yox, cəzasız qalmayacaqsan, mütləq bu kasadan içəcəksən».  13Rəbb bəyan edir: «Adım naminə and içirəm ki, Bosra xarabalığa çevriləcək, dəhşət, rüsvayçılıq, viranəlik və lənətə düçar olacaq. Bütün şəhərləri əbədi olaraq viran qalacaq.  14Rəbdən bir xəbər eşitdim:

Millətlər arasına göndərdiyi qasid

“Edoma hücum etmək üçün yığılıb

Döyüşə hazırlaşın!” deyir.

15Bax səni millətlər arasında kiçildəcəyəm,

İnsanlar sənə xor baxacaq.

16Ey sən qaya

çatları arasında məskən salan, Təpələrin başını əldə saxlayan!

Saldığın dəhşət və ürəyinin qüruru səni aldatdı.

Yuvanı qartal kimi yuxarılarda qursan da,

Səni oradan endirəcəyəm»

Rəbb belə bəyan edir.

17«Edom dəhşət hədəfi olacaq,

Oradan keçən hər kəs

Bütün yaralarından ötrü

Heyrət içində ona fit çalacaq».

18Rəbb deyir: «Sodomla Homorranı və ətrafındakı kəndləri

Necə dağıtdımsa,

Orada da kimsə yaşamayacaq,

O yerdə bəşər oğlu sakin olmayacaq.

19Budur, aslan İordan çayının kənarındakı sıx meşədən

Yaxşı sulanan otlağa qalxdığı kimi

Mən də Edomluları bir anda öz yurdundan qovacağam.

Seçib ona rəhbər qoyacağım adam kimdir?

Mənim kimisi varmı?

Mənimlə dava edən,

Mənim qabağımda duran bir çoban varmı?»

20Buna görə də Rəbbin Edoma qarşı fikrini,

Temanda yaşayanlara qarşı məqsədini eşidin:

Sürünün ən kiçikləri də sürgün ediləcək,

Xalqına görə Edom otlaqları

Səhraya çevriləcək.

21Dağılmalarının gurultusundan

Yer üzü titrəyəcək.

Qışqırıqlarının səsi

Qırmızı dənizədək eşidiləcək.

22Düşmən qartal kimi qalxıb üstünə cumacaq,

Bosra üzərində qanadlarını gərəcək.

O gün Edom döyüşçülərinin ürəyi

Doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq.

Dəməşq barədə vəhy


23Bu sözlər Dəməşq barədədir: «Xamat və Arpad utanacaq,

Çünki pis xəbər eşidib

Ruhdan düşdülər.

Sakit durmayan dəniz kimi

Coşub narahat oldular.

24Dəməşq əldən düşdü,

Qaçmağa üz qoydu,

Onu vahimə bürüdü.

Doğan qadın kimi

Onu sancı və ağrı tutdu.

25Necə oldu ki, Məni sevindirən,

Şöhrətli şəhər tərk edilmədi?

26Buna görə də cavanları

Meydanlarında həlak olacaq.

O gün bütün döyüşçüləri susdurulacaq»

Ordular Rəbbi belə bəyan edir.

27«Dəməşqin divarlarına od salacağam,

Ben-Hadadın saraylarını yandırıb məhv edəcək».

Qedar və Xasor barədə vəhy

28Babil padşahı Navuxodonosorun məğlub etdiyi Qedar və Xasor padşahlıqları barədə Rəbb belə deyir: «Qalxın Qedara hücum edin,

Şərq xalqını məhv edin.

29Onların çadırlarını və sürülərini

Əllərindən alacaqlar,

Çadır pərdələri, bütün əşyaları və dəvələri

Götürülüb aparılacaq.

Onlara “Hər tərəfdən dəhşət!”

Deyib bağıracaqlar.

30Ey Xasorda yaşayanlar,

Qaçın, uzaqlaşın,

Dərin mağaralarda gizlənin»

Rəbb belə bəyan edir.

«Çünki Babil padşahı Navuxodonosor

Sizin barənizdə bir fikrə gəldi,

Sizə qarşı tədbir tökdü.

31Qalxın qayğısız və asayiş içində yaşayan

Xalqın üzərinə hücum edin»

Rəbb belə bəyan edir.

«Onların şəhər darvazaları və sürgüləri yoxdur,

Xalqı da özbaşına buraxılıb.

32Dəvələri qarət ediləcək,

Saysız sürüləri qənimət kimi aparılacaq.

Kəkillərini qırxanları

Dörd tərəfə səpələyəcəyəm.

Hər yandan başlarına fəlakət gətirəcəyəm»

Rəbb belə bəyan edir.

33«Xasor çaqqal yuvasına,

Əbədi viranəliyə çevriləcək.

Orada kimsə yaşamayacaq,

O yerdə bəşər oğlu sakin olmayacaq».

Elam barədə vəhy

34Yəhuda padşahı Sidqiyanın padşahlığının əvvəlində Rəbb Yeremya peyğəmbərə Elam barədə bu sözləri nazil etdi:  35«Ordular Rəbbi belə deyir:

“Baxın Elamın kamanını,

Əsas qüvvələrini sındıracağam.

36Elam üzərinə göylərin hər tərəfindən Dörd küləyi gətirəcəyəm,

Xalqını dörd tərəfə səpələyəcəyəm.

Elamdan sürgün olunanların

Aralarına getmədiyi bir millət qalmayacaq.

37Düşmənlərinin qarşısında,

Canını almaq istəyənlərin önündə

Elamı dəhşətə salacağam.

Başlarına fəlakət gətirib

Şiddətli qəzəbimi yağdıracağam”

Rəbb belə bəyan edir.

“Onları tamamilə yox edənə qədər

Arxalarınca qılınc göndərəcəyəm.

38Elamda taxtımı quracaq,

Elam padşahı ilə başçılarını məhv edəcəyəm”

Rəbb belə bəyan edir.

39“Ancaq gələcəkdə

Elamdan sürgün olunanları geri qaytaracağam”

Rəbb belə bəyan edir».

 

 

Yeremya 50

Babil barədə vəhy

1Rəbb Babil və Xaldey ölkəsi barədə Yeremya peyğəmbər vasitəsilə bu sözləri nazil etdi:  2«Millətlərə bildirib elan edin.

Bayraq qaldırıb xəbər verin,

Heç nəyi gizlətməyin!

Deyin ki, Babil ələ keçiriləcək,

Bel allahı utandırılacaq,

Marduk allahı dəhşətə düşəcək,

Bütləri alçaldılacaq,

Məbudları parça-parça olacaq.

3Çünki onun üstünə şimaldan

Bir millət hücum edəcək,

Ölkəsini viran edəcək.

Orada yaşayan olmayacaq,

İnsan da, heyvan da qaçıb gedəcək».

4Rəbb bəyan edir: «O gün, o zaman

İsrail xalqı ilə Yəhuda xalqı

Birlikdə gələcək,

Onlar ağlaya-ağlaya gəlib

Özlərinin Allahı Rəbbi axtaracaq.

5Üzləri Siona tərəf

Oraya gedən yolu soruşacaqlar,

Onlar gəlib unudulmaz, əbədi bir əhdlə

Rəbbə bağlanacaq.

6Xalqım itmiş qoyunlar kimidir,

Çobanları onları azdırdı,

Dağlarda özbaşına dolandırdı,

Onlar dağdan təpəyə getdi,

Yatdıqları yeri unutdu.

7Kim onları tapdısa, yedi.

Düşmənləri dedi:

“Biz təqsirkar deyilik,

Çünki onlara əsl otlaq olan Rəbbə –

Atalarının Ümidgahı Rəbbə qarşı günah etdilər”.

8Babildən qaçıb qurtarın! Xaldey ölkəsini tərk edin,

Sürüyə yol göstərən təkə kimi olun!

9Çünki Mən şimal ölkəsindən

Babilə qarşı böyük millətlər ittifaqını

Oyandırıb çıxaracağam.

Babilin önündə düzülüb

Onu şimaldan ələ keçirəcəklər.

Oxları mahir döyüşçü oxları kimi olacaq,

Heç biri əliboş qayıtmayacaq.

10Xaldey ölkəsi qarət olunacaq,

Onu qarət edənlər maldan doyacaq»

Rəbb belə bəyan edir.

11«Ey irsimi talayanlar,

İndi ki sevinib şadlıqla coşursunuz,

Xırmanda taxıl döyən düyə kimi tullanırsınız,

Ayğır kimi kişnəyirsiniz,

12Ananız çox utanacaq,

Sizi doğanın üzü qızaracaq.

Xaldey millətlərin ən zəifi,

Quraq, boz bir səhra olacaq.

13Rəbbin qəzəbi üzündən

Heç kəs orada yaşamayacaq,

Tamamilə viran olacaq.

Hər keçən Babilin aldığı

Bütün yaraları görəndə

Heyrət içində fit çalacaq.

14Ey bütün kaman çəkənlər,

Babilin ətrafında döyüş üçün düzülün.

Oraya ox atın, oxunuzu əsirgəməyin.

Çünki o, Rəbbə qarşı günah etdi.

15Hər tərəfdən ona qarşı nərə çəkin,

O təslim oldu,

Qüllələri yıxıldı, divarları uçuldu.

Çünki bu, Rəbbin qisasıdır.

Ondan qisas alın,

O nə etdisə, başına onu gətirin.

16Babildə əkinçiləri məhv edin,

Biçin vaxtı oraqçıları rədd edin.

Zalımların qılıncı üzündən

Hər kəs öz xalqının yanına qayıtsın,

Hamı öz ölkəsinə qaçsın.

İsrailin qayıtması

17İsrail dağılmış bir sürüyə bənzər,

Onu aslanlar qaçırtdı.

Onu əvvəl Aşşur padşahı yedi,

Sonra Babil padşahı Navuxodonosor

Onun sümüklərini qırdı».

18Buna görə də İsrailin Allahı olan

Ordular Rəbbi belə deyir:

«Aşşur padşahını necə cəzalandırdımsa,

Babil padşahı ilə ölkəsini də

Eləcə cəzalandıracağam.

19Lakin İsraili yenə öz otlağına gətirəcəyəm,

O, Karmeldə və Başanda otlayacaq.

Efrayim və Gilead dağlıq bölgələrində

İstədiyi qədər yeyib-doyacaq.

20O gün, o zaman

İsraildə təqsir axtarılacaq,

Ancaq olmayacaq.

Yəhudada da günah axtarılacaq,

Ancaq tapılmayacaq.

Çünki salamat qoyduğum adamları bağışlayacağam»

Rəbb belə bəyan edir.

Rəbbin Babili cəzalandırması

21«Meratayim torpağına,

Peqodda yaşayanlara hücum et.

Onları təqib edib öldür,

Bütünlüklə yox et»

Rəbb belə bəyan edir.

«Sənə nə buyururamsa, hamısını et.

22Ölkədə müharibə və böyük qırğın

Gurultusu eşidilir.

23Bütün dünyanın gürzü

Necə də qırılıb parçalandı!

Babil necə də millətlər arasında

Viranə oldu!

24Sənin üçün tələ qurdum, ey Babil,

Sən də bilmədən tələmə düşdün.

Tutulub yaxalandın,

Çünki Rəbbə qarşı çıxdın.

25Rəbb cəbbəxanasını açdı,

Qəzəbinin silahlarını çıxartdı.

Çünki Ordular Rəbbi Xudavəndin

Xaldey ölkəsində edəcəyi bir iş var.

26Hər yandan ona hücum edin,

Anbarlarını açın,

Mallarını qalaq-qalaq yığın.

Onu tamamilə məhv edin,

Ondan bir şey qalmasın.

27Bütün buğalarını kəsin,

Sallaqxanaya getsinlər.

Vay onların halına!

Çünki onların günü,

Cəza vaxtı gəldi.

28Allahımız Rəbbin qisasını,

Onun məbədinin qisasını

Sionda elan etmək üçün

Babil ölkəsindən qaçıb qurtaranların

Səsini eşidin!

29Bütün oxçuları, kaman çəkənləri Babilə qarşı çağırın.

Ətrafını mühasirəyə alın,

Heç kəs qaçıb qurtara bilməsin.

Ona işlərinə görə əvəz verin.

O nə etdisə, başına onu gətirin.

Çünki Rəbbə, İsrailin Müqəddəsinə qarşı

Məğrurluq etdi.

30Buna görə də cavanları

Meydanlarda həlak olacaq,

O gün bütün döyüşçüləri susdurulacaq»

Rəbb belə bəyan edir.

31«Budur, Mən sənə qarşıyam, ey məğrur»

Ordular Rəbbi Xudavənd belə bəyan edir.

«Çünki sənin günün,

Səni cəzalandıracağım vaxt gəldi.

32Məğrur büdrəyib-yıxılacaq,

Onu qaldıran olmayacaq,

Şəhərlərinə od salacağam,

Bütün ətrafda olanları

Yandırıb yox edəcək».

33Ordular Rəbbi belə deyir:

«Bütün İsrail xalqı da,

Yəhuda xalqı da əziyyət çəkir.

Onları əsir tutanlar möhkəm saxlayır,

Buraxmaq istəmir.

34Amma onların Satınalanı güclüdür,

Onun adı Ordular Rəbbidir.

Rəbb mütləq onların işinə baxacaq ki,

Ölkəyə rahatlıq versin,

Amma Babil sakinlərinə təşviş gətirsin».

35Rəbb bəyan edir: «Xaldeylilərə qarşı qılınc gəlsin!

Babildə yaşayanlara, Babil başçılarına,

Müdriklərinə qarşı qılınc gəlsin!

36Yalançı peyğəmbərlərə qarşı qılınc gəlsin!

Axmaqlıqları üzə çıxacaq.

Döyüşçülərinə qarşı qılınc gəlsin!

Onlar çaşqınlığa düşəcək.

37Atlarına, döyüş arabalarına,

Aralarındakı yadelli muzdlulara qarşı qılınc gəlsin!

Hamısı arvad kimi ürkək olacaq.

Xəzinələrinə qarşı qılınc gəlsin!

Onlar qarət ediləcək.

38Sularına quraqlıq gəlsin!

Onlar quruyacaq.

Çünki Babil bütlər ölkəsidir,

Onlar qorxunc bütlərlə dəli oldu.

39Buna görə də orada vəhşi heyvanlar, Çaqqallar, bayquşlar yaşayacaq,

Daha insan yaşamayacaq,

Əbədi olaraq orada heç kəs sakin olmayacaq.

40Sodomla Homorranı və ətrafındakı kəndləri Allah necə dağıtdısa,

Orada kimsə yaşamayacaq,

O yerdə bəşər oğlu sakin olmayacaq.

41Budur, şimaldan bir ordu gəlir,

Dünyanın uzaq yerlərindən

Böyük bir millət və çoxlu padşahlar

Hərəkətə gəlir.

42Onlar ox-kaman və nizə ilə silahlanmış,

Qəddar və rəhmsizdir.

Atların üstündə gələrkən

Səsləri dəniz kimi gurlayır.

Döyüşə hazır döyüşçülər

Önündə düzüləcək, ey Babil xalqı!

43Babil padşahı onların xəbərini eşitdi,

Əlləri yanına düşdü.

Doğan qadın kimi

Onu üzüntü və sancı bürüdü.

44Budur, aslan İordan çayının kənarındakı sıx meşədən

Yaxşı sulanan otlağa qalxdığı kimi

Mən də Xaldeyliləri bir anda öz yurdundan qovacağam.

Seçib ona rəhbər qoyacağım adam kimdir?

Mənim kimisi varmı?

Mənimlə dava edəcək,

Mənim qabağımda duracaq

Bir çoban varmı?»

45Buna görə də Rəbbin Babilə qarşı fikrini,

Xaldey ölkəsinə qarşı məqsədini eşidin:

«Sürünün ən kiçikləri də sürgün ediləcək,

Xalqına görə otlaqlar səhraya çevriləcək.

46“Babil süqut etdi” səsindən yer üzü titrəyəcək,

Millətlər arasında onun fəryadı eşidiləcək».

 

 

Yeremya 51

1Rəbb belə deyir: «Mən Babildə və Lev-Qamayda

yaşayanlara qarşı Həlakedici bir külək əsdirəcəyəm.

2Babilə taxılsovuranlar

göndərəcəyəm, Onu sovurub ölkəsini boş qoyacaqlar,

Qara gündə hər yandan ona hücum edəcəklər.

3Oxçu kamanını çəkməsin,

Zirehini geyməsin.

Onun cavanlarına rəhm etməyin,

Ordusunu tamamilə məhv edin.

4Öldürülənlər Xaldey ölkəsində,

Yaralılar Babil küçələrində

Yerə səriləcək.

5Ancaq İsrailin Müqəddəsinə qarşı

Ölkələri təqsirlə dolduğu halda

Özlərinin Allahı Ordular Rəbbi

İsrail və Yəhuda xalqlarını tərk etmədi.

6Babilin içindən qaçın! Hər kəs canını qurtarsın!

Onun günahına görə məhv olmayın.

Çünki Rəbbin qisas zamanıdır,

Ona öz əvəzini verəcək.

7Babil Rəbbin əlində bir qızıl kasa idi, Bütün dünyanı sərxoş edirdi.

Millətlər onun şərabını içdi,

Ona görə də çılğınlaşdı.

8Babil qəflətən düşüb parça-parça olacaq, Onun üçün yas tutun!

Yarasına məlhəm sürtün,

Bəlkə şəfa tapar.

9Babilə şəfa vermək istədik, Amma sağalmadı.

Onu tərk edək,

Hər birimiz öz ölkəmizə qayıdaq.

Çünki Babilin hökmü göylərə çatır,

Buludlara qədər yüksəlir.

10Rəbb bizə bəraət verdi.

Gəlin Allahımız Rəbbin nələr etdiyini

Sionda elan edək!

11Oxları itiləyin,

Kaman qablarını doldurun!

Rəbb Midiya padşahlarını hərəkətə gətirdi.

Məqsədi Babili yox etməkdir,

Rəbb Öz qisasını, məbədinin qisasını alacaq.

12Babil divarlarına qarşı

Bayraq yüksəldin!

Keşikçiləri çoxaldın,

Növbətçiləri öz yerinə qoyun,

Pusquda durun.

Çünki Rəbb Babildə yaşayanlara qarşı

Həm niyyət qurdu,

Həm də söylədiyini yerinə yetirdi.

13Ey axar suların sahilində yaşayanlar, Çoxlu xəzinələri olanlar,

Axırınız gəldi,

Vaxtınız yetişdi».

14Ordular Rəbbi öz varlığına and içdi:

«Səni çəyirtkə sürüsü ilə dolduran kimi

Mütləq əsgərlərlə dolduracağam,

Sənə qarşı zəfər nərəsi çəkəcəklər».

Rəbbin mədhi

15Rəbb qüdrəti ilə yer üzünü yaratdı,

Hikməti ilə dünyanı qurdu,

Dərrakəsi ilə göyləri yaydı.

16O gurlayanda göydəki sular çağlayır, Yerin ucqarlarından buludları yüksəldir,

Yağış üçün şimşək çaxdırır,

Anbarlarından külək çıxarır.

17Hər kəs ağılsız oldu,

Bilikləri qalmadı.

Hər zərgər düzəltdiyi bütdən utanacaq,

Çünki onun tökdüyü büt puçdur,

Onda nəfəs yoxdur.

18Onlar boş şey, masqaraçıların işidir,

Cəza vaxtı məhv olacaqlar.

19Yaquba Nəsib Olan isə onlara bənzəməz,

Çünki irs qəbiləsi ilə birgə

Hər şeyi yaradan Odur.

Onun adı Ordular Rəbbidir.

Babilin cəzalanması

20«Sən mənim toppuzum, döyüş silahımsan,

Səninlə millətləri qırıram,

Səninlə padşahlıqları məhv edirəm.

21Səninlə atları və süvariləri qırıram,

Səninlə döyüş arabaları və minicilərini qırıram,

22Səninlə kişi və qadınları qırıram,

Səninlə qoca və cavanları qırıram,

Səninlə gənc oğlan və qızları qırıram.

23Səninlə çoban və sürüsünü qırıram,

Səninlə əkinçi və öküzlərini qırıram,

Səninlə valilərlə vəkilləri qırıram.

24Amma Babildə və Xaldey ölkəsində yaşayanlara

Sionda etdikləri bütün pis əməllərinin əvəzini

Gözlərinizin önündə verəcəyəm»

Rəbb belə bəyan edir.

25«Budur, sənə qarşıyam,

Ey həlak edən dağ»

Rəbb belə bəyan edir.

«Ey bütün dünyanı həlak edən!

Sənə əlimi qaldırıb

Qayanın başından yuvarlayacağam,

Səni yanmış bir dağa çevirəcəyəm.

26Səndən künc və təməl daşı götürməyəcəklər,

Sən əbədi bir viranə olacaqsan»

Rəbb belə bəyan edir.

27«Yer üzündə bayraq qaldırın!

Millətlər arasında şeypur çalın!

Millətləri Babilə qarşı döyüşə hazırlayın!

Urartu, Minni və Aşkenaz padşahlıqlarını

Ona qarşı toplayın.

Ona qarşı bir sərkərdə təyin edin,

Üstünə çəyirtkə sürüsü qədər atlar göndərin.

28Millətləri – Midiya padşahlarını,

Valilərini və bütün vəkillərini,

Başçılıqları altındakı bütün ölkələri

Babilə qarşı döyüşə hazırlayın!

29Ölkə titrəyib lərzəyə gəlir!

Çünki Rəbbin Babilə qarşı niyyəti –

Oranı sakinsiz bir viranəyə çevirmə niyyəti

Yerinə yetməlidir.

30Babil döyüşçüləri vuruşmaqdan əl çəkdi,

Öz qalalarında oturdu.

Gücləri tükəndi,

Ürkək qadınlara döndülər.

Yaşadıqları yerlər oda verildi,

Darvaza sürgüləri qırıldı.

31Qasid qasid dalınca,

Xəbərçi xəbərçi dalınca qaçıb

Bu xəbəri Babil padşahına çatdırır:

“Şəhər hər tərəfdən alındı,

32Çay keçidləri tutuldu,

Qamışlıqlar yandırıldı,

Döyüşçülər çaşqınlığa düşdü”».

33İsrailin Allahı olan Ordular Rəbbi belə deyir:

«Vaxtı gələndə xırman yeri necə tapdalanırsa,

Babil xalqı da elə olacaq.

Qısa müddətdən sonra

Onun da biçin zamanı gələcək».

34«Babil padşahı Navuxodonosor

Bizi əzib yedi,

Boş bir qaba çevirdi.

Canavar kimi uddu,

Gözəl yeməklərimizlə qarnını doydurdu.

Sonra bizi qusdu.

35Bizə və əhalimizə qarşı edilən zorakılıq

Babilin başına gəlsin»

Deyir Sion sakini.

«Tökülən qanımızın haqq-hesabı

Qoy Xaldeylilərdən soruşulsun»

Deyir Yerusəlim.

Rəbbin İsrailə köməyi

36Buna görə Rəbb belə deyir:

«Məhkəmədə işinizə Mən baxacağam,

Qisasınızı Mən alacağam.

Onun çayını qurudacaq,

Bulağının suyunu kəsəcəyəm.

37Babil daş qalaqlarına,

Çaqqal yuvasına dönəcək.

Dəhşət hədəfi olacaq,

İstehza ilə ona fit çalacaqlar.

Orada heç kəs yaşamayacaq.

38Xalqı cavan aslanlar kimi kükrəyəcək,

Şir balaları kimi nərildəyəcək.

39Ancaq qızışdıqları vaxt

Ziyafət düzəldib onları sərxoş edəcəyəm.

Qoy keflənsinlər,

Əbədi yuxuya dalsınlar,

Heç vaxt oyanmasınlar»

Rəbb belə bəyan edir.

40«Onları quzu, qoç və təkə kimi

Kəsməyə aparacağam.

Babilin sonu

41Şeşak

necə alındı! Bütün dünyanın qürurlandığı yer

Necə dəhşətli hala düşdü.

Babil millətlər arasında

Necə dəhşətli hala düşdü!

42Babili çay basacaq,

Onu gurlayan dalğalar örtəcək.

43Qəsəbələri viran olacaq,

Torpaqları heç kəsin yaşamadığı,

Bəşər oğlunun keçmədiyi

Quraq bir çölə dönəcək.

44Babildə Bel bütünü cəzalandıracağam,

Udduğunu ona qusduracağam.

Artıq millətlər oraya axın-axın gəlməyəcək,

Babil divarı da yıxılacaq.

45Oradan çıx, ey xalqım! Hamınız canınızı qurtarın!

Rəbbin qızğın qəzəbindən qaçın!

46Ölkədə eşitdiyiniz şayiələrə görə

Cəsarətinizi itirib qorxmayın.

Bir il bir şayiə gəlir,

O biri il başqası.

Ölkədə zorakılıq,

Başçının başçıya qarşı çıxması barədə

Şayiələr yayılır.

47Buna görə də yəqin ki

Babilin bütlərini cəzalandıracağım günlər gəlir.

Bütün ölkə utandırılacaq,

Öldürülənləri onun ortasında yerə səriləcək.

48O zaman yer, göy və onlardakı hər şey Babilin başına gələnlərə sevinəcək.

Çünki şimaldan gələn məhv edənlər

Ona hücum edəcək»

Rəbb belə bəyan edir.

49«İsrailin öldürülənlərinə görə Babil də məhv olmalıdır,

Necə ki yer üzündə öldürülən hər kəs

Babilə görə məhv oldu.

50Ey qılıncdan qurtulanlar,

Qaçın, ləngiməyin!

Rəbbi uzaqdan yada salın,

Yerusəlim barədə düşünün!»

51Biz utandıq,

Çünki təhqir eşitdik,

Üzümüzü rüsvayçılıq örtdü.

Çünki yadellilər Rəbbin məbədinin

Müqəddəs yerlərinə girdi.

52«Buna görə də bütlərini

Cəzalandıracağım günlər gəlir,

Bütün ölkədə yaralılar inildəyəcək»

Rəbb belə bəyan edir.

53«Babil göylərə çıxsa da,

Ucalardakı qalasını möhkəmləndirsə də,

Məhv edənləri üstünə göndərəcəyəm»

Rəbb belə bəyan edir.

54«Babildən fəryad,

Xaldey ölkəsindən böyük qırğın səsi eşidilir.

55Çünki Rəbb Babili məhv edir,

Onun hay-küyünü susdurur.

Düşmən dalğaları axar sular kimi kükrəyir,

Səslərinin gurultusu ucalır.

56Çünki Babilə qarşı bir məhv edən çıxacaq,

Döyüşçüləri əsir tutulacaq,

Kamanları qırılacaq.

Çünki Rəbb əvəz verən bir Allahdır,

Mütləq cəzalandıracaq.

57Babil başçılarını, müdriklərini,

Valilərini, vəkillərini, döyüşçülərini

Elə sərxoş edəcəyəm ki,

Əbədi yuxuya dalacaq,

Heç vaxt oyanmayacaqlar»

Adı Ordular Rəbbi olan Padşah belə bəyan edir.

58Ordular Rəbbi deyir:

«Babilin qalın divarları yerlə yeksan ediləcək,

Uca darvazaları oda veriləcək.

Xalqlar boş-boşuna zəhmət çəkir,

Ümmətlərin çəkdiyi əziyyət

Oda təslim ediləcək».

Yeremyanın sözünün Babilə çatması

59Yəhuda padşahı Sidqiyanın padşahlığının dördüncü ilində ordu təsərrüfatçısı Maxseya oğlu Neriya oğlu Seraya, Sidqiya ilə birgə Babilə gedərkən Yeremya peyğəmbər ona bu əmri tapşırdı.  60Yeremya Babilin başına gələcək bütün fəlakətləri, Babil barədə yazılmış bütün bu sözləri bir tumara yazdı.  61Yeremya Serayaya dedi: «Babilə çatanda bütün bu sözləri oxumağı unutma.  62De ki: “Ya Rəbb, buranı dağıdacağını, içində insanın da, heyvanın da yaşamayacağını, ölkənin əbədi viran qalacağını söylədin”.  63 Bu tumarı oxuyub qurtaranda sən ona bir daş bağlayıb Fərat çayının ortasına at və  64söylə: “Qoy Babil də belə batsın və Mənim onun başına gətirəcəyim fəlakətdən bir daha çıxa bilməsin, qoy onlar taqətdən düşsün”». Yeremyanın sözləri buraya qədərdir.

 

 

Yeremya 52

Yerusəlimin süqutu

(2Pad. 24:18-25:21)

1Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi.  2O, Yehoyaqimin etdiyi kimi Rəbbin gözündə pis olan işlər gördü.  3Həqiqətən, Rəbbin qəzəbinə görə Yerusəlimin və Yəhudanın başına bu iş gəldi. Axırda Rəbb onları hüzurundan kənar etdi. Sidqiya Babil padşahına qarşı üsyan etdi.  4 Sidqiyanın padşahlığının doqquzuncu ilində, onuncu ayın onuncu günü Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin üzərinə hücum etdi, oraya qarşı ordugah qurdu və ətrafında mühasirə divarları düzəltdi.  5Padşah Sidqiyanın hakimiyyətinin on birinci ilinə qədər şəhər mühasirədə qaldı.  6Dördüncü ayın doqquzuncu günü şəhərdə aclıq elə gücləndi ki, ölkə xalqının yeməyə çörəyi qalmadı.  7 Həmin vaxt şəhərin divarlarında dəlik açıldı. Gecə ikən Xaldeylilər şəhərin ətrafında olanda bütün döyüşçülər padşah bağçasının yanında olan iki divar arasındakı darvazadan qaçıb Arava yoluna çıxdı.  8Ancaq Xaldeylilərin qoşunu padşahı təqib etdi və Yerixo düzənliyində Sidqiyaya çatdı. Sidqiyanın bütün ordusu onu tərk edib dağıldı.  9Padşahı tutub Xamat torpağındakı Rivlaya, Babil padşahının yanına apardılar. Babil padşahı onun haqqında hökm verdi.  10O, Sidqiyanın gözü önündə oğullarını öldürtdü, sonra bütün Yəhuda başçılarını da Rivlada öldürtdü.  11 Həmçinin Sidqiyanın gözlərini çıxartdı, onu qandallayıb Babilə apardı. Babil padşahı onu ölənə qədər zindanda saxladı.  12Babil padşahı Navuxodonosorun padşahlığının on doqquzuncu ilində, beşinci ayın onuncu günü Babil padşahına xidmət edən keşikçilər rəisi Nevuzaradan Yerusəlimə gəldi.  13O, Rəbbin məbədinə, padşah sarayına, Yerusəlimdəki bütün evlərə od vurub bütün əsas binaları yandırdı.  14Keşikçilər rəisinə tabe olan bütün Xaldey ordusu hər tərəfdən Yerusəlim divarlarını uçurtdu.  15Keşikçilər rəisi Nevuzaradan yoxsul adamların bir hissəsini, şəhərdə qalan xalqı, Babil padşahının tərəfinə keçən fərariləri və sağ qalan sənətkarları sürgün etdi.  16Ancaq o, bağçılıq, əkinçilik etmək üçün ölkədəki yoxsulların bir hissəsini orada saxladı.  17 Xaldeylilər Rəbbin məbədində olan tunc sütunları, dayaqları və tunc hovuzu parçalayıb tunclarını Babilə apardı.  18İbadət zamanı işlədilən qazanları, kürəkləri, maqqaşları, piyalələri, nimçələri və bütün tunc qabları götürüb apardılar.  19Keşikçilər rəisi xalis qızıldan və gümüşdən olan tasları, buxurdanları, piyalələri, qazanları, çıraqdanları, nimçələri, kasaları götürüb apardı.  20Rəbbin məbədi üçün padşah Süleymanın düzəltdiyi iki sütun, hovuz və altındakı on iki tunc buğa heykəli və dayaqlardan alınan tuncun ağırlığı hesaba gəlməzdi.  21Bir sütunun hündürlüyü on səkkiz qulac idi, dairəsi on iki qulac idi. Hər biri dörd barmaq qalınlığında idi, içləri boş idi.  22Üzərində tunc bir başlıq var idi. Başlığın hündürlüyü beş qulac idi. Bu başlığın ətrafında hörmə tor və narlar var idi, hamısı tuncdan düzəldilmişdi. O biri sütun da narlarla bəzənmişdi və əvvəlkinə bənzəyirdi.  23Yanlarda doxsan altı nar var idi. Başlığı əhatəyə alan hörmə torların üzərində cəmi yüz nar var idi.  24Keşikçilər rəisi Nevuzaradan başçı kahin Serayanı, başçı kahinin müavini Sefanyanı və astanada keşik çəkən üç nəfəri əsir aldı.  25Şəhərdə qalan döyüşçülərin sərkərdəsini, padşahın məsləhətçilərindən şəhərdə olan yeddi nəfəri, ölkə xalqını orduya yazan sərkərdənin mirzəsini və ölkə xalqından şəhərdə qalan altmış nəfəri əsir tutdu.  26Keşikçilər rəisi Nevuzaradan onları götürüb Rivlaya, Babil padşahının yanına apardı.  27Babil padşahı Xamat torpağında olan Rivlada onları öldürdü. Beləcə Yəhuda xalqı öz ölkəsindən sürgün olundu.  28Navuxodonosorun sürgünə apardığı xalqın sayı belədir: yeddinci ildə üç min iyirmi üç nəfər Yəhudi;  29Navuxodonosorun padşahlığının on səkkizinci ilində Yerusəlimdən səkkiz yüz otuz iki nəfər;  30iyirmi üçüncü ilində keşikçilər rəisi Nevuzaradanın sürgün etdiyi yeddi yüz qırx beş nəfər Yəhudi. Ümumilikdə dörd min altı yüz nəfər idi.

Padşah Yehoyakinin azad edilməsi

(2Pad. 25:27-30)

31Yəhuda padşahı Yehoyakinin sürgündə olmasının otuz yeddinci ilində Evil-Merodak Babil padşahı oldu. Həmin ilin on ikinci ayının iyirmi beşinci günü Evil-Merodak Yəhuda padşahı Yehoyakinə mərhəmət göstərərək onu zindandan azad etdi.  32Onunla mehribanlıqla söhbət etdi və onun üçün özü ilə birgə Babildə olan padşahların taxtından yuxarı bir taxt qoydurdu.  33Yehoyakin həbsxana paltarlarını əynindən çıxartdı. O yaşadığı müddətdə həmişə Babil padşahının süfrəsində yemək yeyərdi.  34Bütün ömrü boyu ona Babil padşahı tərəfindən öləcəyi günə qədər gündəlik azuqə verilirdi.

bottom of page