top of page

Yezekel 1

Yezekelin ilk görüntüsü

1Otuzuncu ildə, dördüncü ayın beşinci günü mən Kevar çayı sahilində, sürgündə yaşayanlar arasında olanda göylər açıldı və Allahdan gələn görüntüləri gördüm.  2 Padşah Yehoyakinin sürgün olunmasının beşinci ilində, həmin ayın beşinci günü  3Xaldey ölkəsində, Kevar çayı sahilində Buzinin oğlu kahin Yezekelə Rəbbin sözü nazil oldu. Orada Rəbbin əli onun üzərində idi.  4Mən gördüm ki, budur, şimaldan çovğun yeli və dayanmadan şimşək çaxan böyük bir bulud gəlir. Onun ətrafında parıltı var idi, ortasında isə od içində kükrəyən metal kimi bir şey var idi.  5 Ən ortasında canlı məxluqa bənzəyən dörd varlıq mövcud idi. Onların görünüşü insana bənzəyirdi.  6Hər birinin dörd üzü və dörd qanadı var idi.  7Onların bacaqları düz idi. Ayaqları dana ayaqlarına oxşayırdı və cilalanmış tunc kimi parıldayırdı.  8Dörd yanlarında, qanadları altında insan əlləri var idi. Dördü də üzlərə və qanadlara malik idi.  9Onların qanadları bir-birinə toxunurdu. İrəli gedərkən sağa-sola dönmürdülər, hər biri üz tutduğu tərəfə irəliləyirdi.  10 Onların dörd tərəfə yönələn üzlərinin bənzəyişi belə idi: qabaq tərəfdə insan üzü, sağ tərəfdə aslan üzü, sol tərəfdə öküz üzü, arxada isə qartal üzü var idi.  11Onların üzləri və qanadları yuxarıya doğru açılmışdı. Hər canlının iki qanadı yanda o biri canlının qanadına toxunur, iki qanadı da bədənlərini örtürdü.  12Hər biri üz tutduğu tərəfə irəliləyirdi. Ruh hara gedirdisə, onlar da ora gedirdi. İrəli gedərkən sağa-sola dönmürdülər.  13 Bu canlılar görünüşcə yanar köz kimi, məşəl kimi bir şeyə bənzəyirdi. Canlı məxluqların arasında od hərəkətdə idi. Od parıldayırdı və ondan şimşək çaxırdı.  14Canlı məxluqlar şimşək çaxan kimi cəld o tərəf-bu tərəfə hərəkət edirdi.  15 Mən canlı məxluqlara baxıb gördüm ki, hər birinin yanında yerə dəyən bir təkər var.  16Təkərlərin görünüşü və quruluşu belə idi: onlar sarı yaqut kimi parıldayır və dördü də bir-birinə oxşayırdı. Onların görünüşü və quruluşu elə idi ki, sanki bir təkər o biri təkər içində yerləşmişdi.  17Getdikləri zaman dörd tərəfə də gedə bilirdilər. İrəli gedərkən sağa-sola dönmürdülər.  18 Təkərlərin sağanaqları hündür və qorxunc idi. Dördünün də sağanaqları hər tərəfdən gözlərlə dolu idi.  19Canlı məxluqlar irəlilədikcə təkərlər də yanında fırlanır, canlı məxluqlar yerdən qalxdıqca təkərlər də qalxırdı.  20Ruh hara gedirdisə, onlar da ora gedirdi, təkərlər də onlarla bərabər qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi.  21Onlar irəliləyəndə bunlar da irəliləyirdi, onlar dayananda bunlar da dayanırdı. Onlar yerdən qalxanda yanlarındakı təkərlər də qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi.  22 Yuxarı tərəfdə, canlı məxluqların başı üzərində büllur kimi parıldayan göy qübbəsinə oxşayan qorxunc bir şey uzanırdı.  23Qübbənin altında hər canlı məxluq qanadlarını yanındakılara doğru uzadır, başqa iki qanadla da bədənini örtürdü.  24 Onlar irəlilədikləri zaman qanadlarının gurultusunu eşitdim: sanki gur suların səsi, Külli-İxtiyarın sədası, güclü gurultu, qoşunun tappıltısı gəlirdi. Onlar dayandıqları zaman qanadlarını endirirdi.  25Onlar qanadları enmiş halda dayanarkən başları üzərindəki qübbədən bir səs gəldi.  26 Başları üzərindəki qübbənin üstündə sanki göy yaqutdan düzəldilmiş taxta oxşar bir şey var idi. Yüksəkdə, taxta oxşayan şeyin üzərində insana bənzər bir Şəxs var idi.  27 Mən gördüm ki, Onun belindən yuxarı hissəsi kükrəyən metala oxşayır, içi isə hər tərəfdən alov kimi idi. Mən Onun belindən aşağı görünüşünü də gördüm: sanki bir alov idi və ətrafında parıltı var idi.  28Yağış günü buludda olan göy qurşağının görünüşü necə olursa, hər tərəfdən gələn parıltının görünüşü də elə idi. Bu, Rəbbin izzətinə bənzər bir görüntü idi. Bunu görəndə mən üzüstə yerə yıxıldım və danışan bir Şəxsin səsini eşitdim.

 

 

Yezekel 2

Allahın Yezekelə çağırışı

1O mənə dedi: «Ey bəşər oğlu, ayağa qalx, Mən səninlə danışacağam».  2O mənimlə danışarkən Ruh daxilimə girdi və məni ayağa qaldırdı. Mənimlə danışan bir Şəxsin səsini eşitdim.  3O mənə dedi: «Ey bəşər oğlu, səni Mənə qarşı üsyan edən İsrail övladlarının – üsyankar bir millətin yanına göndərirəm. Onlar ataları ilə birgə bu günə qədər Mənə qarşı üsyan edir.  4Səni yanlarına göndərəcəyim xalq dikbaş və inadkardır. Sən onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir!”  5İstəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankar bir xalqdır. Ancaq bilsinlər ki, aralarında bir peyğəmbər var.  6Ancaq, ey bəşər oğlu, sən qanqallar və tikanlar arasında olsan da, əqrəblər içində otursan da, o adamlardan qorxma, onların sözlərindən çəkinmə. Üsyankar bir xalq olsalar da, onların sözlərindən çəkinmə, onlardan qorxma.  7Sən onlara Mənim sözlərimi söylə, istəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankardır.  8Ey bəşər oğlu, sənsə Mənim söylədiklərimə qulaq as, bu üsyankar xalq kimi sən də üsyankar olma. Ağzını aç və Mənim sənə verəcəyim şeyi ye».  9 Mən baxıb gördüm ki, mənə tərəf bir əl uzandı və əlin içində bir tumar var.  10O, tumarı qabağımda açdı. Tumarın önü və arxası yazılı idi, üzərində «mərsiyə, matəm, bəla» sözləri yazılmışdı.

 

Yezekel 3

1 O yenə mənə dedi: «Ey bəşər oğlu, aldığın şeyi – bu tumarı yeyib get və İsrail nəslinə söylə».  2Onda mən ağzımı açdım və O, tumarı mənə yedirdi.  3Sonra mənə dedi: «Ey bəşər oğlu, mədəni bununla doldur, sənə verdiyim bu tumarla qarnını doydur». Mən yedim, ağzım bal kimi şirin oldu.  4O mənə dedi: «Ey bəşər oğlu, qalx, İsrail nəslinin yanına get və sözlərimi onlara söylə.  5Sən ləhcəsi, danışığı anlaşılmaz, dili çətin olan bir xalqın yanına deyil, İsrail nəslinin yanına göndərilirsən,  6ləhcəsi, danışığı anlaşılmaz, dili çətin olan çoxlu xalq arasına göndərilmirsən. Əgər Mən səni onların yanına göndərsəydim, onlar sənə qulaq asardı.  7Ancaq İsrail nəsli sənə qulaq asmaq istəməyəcək, onlar Mənə də qulaq asmaq istəmir, çünki bütün İsrail nəsli inadkar və dikbaşdır.  8Bax Mən səni də onlar kimi inadkar edəcəyəm, onlar kimi dikbaş edəcəyəm.  9Sənin inadını çaxmaq daşından möhkəm olan almaz kimi möhkəm edəcəyəm. Üsyankar bir xalq olsalar da, onlardan qorxma, qarşılarında vahiməyə düşmə».  10O yenə mənə dedi: «Ey bəşər oğlu, Mənim dediyim bütün sözləri ürəyində saxla və qulaqlarınla eşit.  11Qalxıb sürgün olunmuş soydaşlarının yanına get, onlarla danışıb söylə: “Xudavənd Rəbb belə deyir!” Onlar istəyirlər sənə qulaq assın, istəyirlər yox».  12Sonra Ruh məni yuxarı qaldırdı və arxamdan böyük bir gurultu eşitdim: «Rəbbin izzətinə Öz yerində alqış olsun».  13Canlı məxluqların qanadları bir-birinə toxunduqca onların səsini, yanlarındakı təkərlərin şaqqıltısını – böyük gurultunu eşitdim.  14Ruh məni yuxarı qaldırdı və götürüb apardı. Mən də kədərli və acıqlı halda getdim. Rəbb əlini mənim üzərimdə möhkəm tutmuşdu.  15Mən Tel-Avivdə olan sürgün olunmuş adamların – Kevar çayının sahilində yaşayanların yanına gəldim və onların yaşadıqları yerdə qaldım. Orada onların arasında yeddi gün çaşqınlıq içində yaşadım.

Rəbb Yezekeli İsrailə gözətçi qoyur

16Yeddi gün keçdikdən sonra mənə Rəbbin bu sözü nazil oldu:  17«Ey bəşər oğlu, səni İsrail nəslinə gözətçi qoydum. Sən sözü ağzımdan eşidəndə Mənim adımdan onlara xəbərdarlıq et.  18Mən pis adama “hökmən öləcəksən” dediyim zaman sən ona xəbərdarlıq etməsən, həyatı qurtulsun deyə pis adamı öz şər əməlindən döndərmək üçün xəbərdarlıq sözü söyləməsən, onda o pis adam öz təqsiri içində öləcək, lakin onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam.  19Ancaq sən pis adama xəbərdarlıq etsən, o isə pisliyindən və şər əməlindən dönməsə, öz təqsiri içində öləcək, lakin sən bunun məsuliyyətindən qurtarmış olursan.  20Əgər bir saleh adam öz salehliyindən dönüb pislik etsə və Mən onun qarşısına maneə qoysam, o öləcək. Ona xəbərdarlıq etmədiyin üçün o adam öz günahı içində öləcək və etdiyi saleh əməlləri hesaba alınmayacaq, lakin onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam.  21Ancaq günah etməməsi üçün saleh adama xəbərdarlıq etsən və o günah etməsə, hökmən yaşayacaq, çünki xəbərdarlığı qəbul etmişdir, sənsə məsuliyyətdən qurtarmış olursan».  22Orada Rəbbin əli mənim üzərimdə idi. O mənə dedi: «Qalx, düzənliyə çıx, Mən səninlə orada danışacağam».  23Mən qalxıb düzənliyə çıxdım. Orada da Kevar çayının sahilində gördüyüm izzət kimi Rəbbin izzəti durmuşdu. Mən üzüstə yıxıldım.  24Ruh daxilimə girdi və məni ayaq üstə qaldırdı. O mənimlə danışıb belə dedi: «Get, evində qapını arxadan bağla.  25Ey bəşər oğlu, sənə kəndir vuracaqlar, səni kəndirlərlə bağlayacaqlar, daha xalqın arasında gəzə bilməyəcəksən.  26Dilini damağına yapışdıracağam və sən lal olacaqsan, üsyankar bir xalq olsalar da, onları məzəmmət edə bilməyəcəksən.  27Yalnız Mən səninlə danışmağa başlayanda dilini açacağam, sən də onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir”. Qoy eşitmək istəyən eşitsin, eşitmək istəməyən eşitməsin, çünki onlar üsyankar bir xalqdır.

 

 

Yezekel 4

Yerusəlimin mühasirəsinin təsviri

1Sən ey bəşər oğlu, özün üçün bir kərpic götür və onu qarşına qoyub üstündə Yerusəlim şəhərini təsvir et.  2Onu mühasirəyə al, önündə mühasirə divarı tik, qarşısında torpaq qalağı düzəlt, ətrafında ordugahlar qur və ona qarşı hər tərəfdən qoçbaşı alətləri qoy.  3Bir dəmir sac götürüb onu dəmir divar olmaq üçün özünlə şəhərin arasına qoy və üzünü ona çevir. Şəhər mühasirədə olacaq və sən onu mühasirəyə al. Bu, İsrail nəslinə bir əlamət olacaq.  4Sən sol yanın üstünə uzan və İsrail nəslinin cəzasını öz üzərinə götür, o tərəfə uzandığın günlərin sayına görə onların cəzasını çəkəcəksən.  5Mən onların cəza illərinin sayı qədər sənin üçün gün ayırdım. Beləcə üç yüz doxsan gün İsrail nəslinin cəzasını çəkəcəksən.  6Bunu etdikdən sonra bu dəfə sağ yanın üstündə uzan və Yəhuda nəslinin cəzasını çək. Sənin üçün qırx gün – hər il üçün bir gün ayırdım.  7Üzünü Yerusəlimin mühasirəsinə çevir, çılpaq qolunu qaldırıb ona qarşı peyğəmbərlik et.  8Bax Mən səni kəndirlə bağlayacağam və təsvir etdiyin mühasirə günləri qurtarmayınca bir yanından o biri yanın üstünə çevrilə bilməyəcəksən.  9Sən buğda, arpa, paxla, mərci, darı və pərinc götürüb onları bir qaba qoy. Onlardan özünə çörək yap. Bir yanın üstünə uzandığın üç yüz doxsan gün ərzində onu ye.  10Gündəlik yeməyinin çəkisi iyirmi şekel olacaq, onu müəyyən vaxtlarda ye.  11Həmçinin suyu da ölçü ilə – bir hinin altıda biri qədər iç, onu da müəyyən vaxtlarda iç.  12Ondan arpa kökəsi düzəldərək hamının gözü qabağında insan nəcisinə od vurub üstündə bişirib ye».  13Rəbb yenə dedi: «Bax İsrail övladları da aralarına sürgün edəcəyim millətlərin içində beləcə murdar yemək yeyəcək».  14Mən dedim: «Aman, ya Xudavənd Rəbb! Mən heç vaxt murdar olmamışam. Cavanlığımdan indiyə qədər nə leş, nə də heyvan parçalamış ət yemişəm, bir murdar ət mənim ağzıma dəyməyib».  15O mənə dedi: «Yaxşı, Mən insan nəcisini mal təzəyi ilə əvəz edirəm. Çörəyini onun üstündə bişir».  16Yenə mənə dedi: «Ey bəşər oğlu, Mən Yerusəlimdən çörəyin kökünü kəsəcəyəm. Çörəyi dərd içində çəki ilə yeyəcəklər, suyu da çaşqınlıq içində ölçü ilə içəcəklər.  17Çünki çörəyə və suya möhtac olacaqlar. Hər kəs çaşqınlığa düşərək öz təqsiri içində əriyib yox olacaq.

 

 

Yezekel 5

1Sən ey bəşər oğlu, bir iti qılınc götürüb ondan dəllək ülgücü kimi istifadə et, onu başına və saqqalına çək. Sonra bir tərəzi götür və qırxdığın tükləri hissələrə ayır.  2Onların üçdə birini şəhərin mühasirə vaxtı qurtaranda şəhərin ortasında odda yandırar, üçdə birini götürüb şəhərin ətrafında doğrayar, üçdə birini isə küləyə sovurarsan, Mən də onların arxasınca qılınc çəkəcəyəm.  3Tüklərin bir azını da götürüb paltarının ətəyinə bağlayarsan.  4Onlardan bir qədər də götürüb odun içinə atar və onları odda yandırarsan. Bundan bütün İsrail nəslinin üstünə od yağacaq».  5Xudavənd Rəbb belə deyir: «Bu, Yerusəlimdir. Mən onu millətlərin, ətrafında olan ölkələrin arasında yerləşdirdim.  6Onun xalqı isə başqa millətlərdən, ətrafındakı ölkələrdən də çox pislik edərək hökmlərimə və qaydalarıma qarşı üsyan etdi, çünki hökmlərimi rədd etdilər, qaydalarıma əməl etmədilər».  7Buna görə də Xudavənd Rəbb belə deyir: «Siz ətrafınızda olan millətlərdən də çox azğınlıq etdiniz, qaydalarıma əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz, hətta ətrafınızda olan millətlərin hökmlərinə görə də davranmadınız».  8Buna görə də Xudavənd Rəbb belə deyir: «Budur, Mən Özüm də sənə qarşı durmuşam və başqa millətlərin gözü qabağında səni cəzalandıracağam.  9Bütün iyrənc işlərindən ötrü indiyə qədər etmədiyim və bundan sonra da bir daha etməyəcəyim şeyi sənin başına gətirəcəyəm.  10 Buna görə də sənin torpağında atalar oğullarını, oğullarsa atalarını yeyəcək. Səni cəzalandıracağam, salamat qalanlarının hamısını hər tərəfə sovuracağam».  11Xudavənd Rəbb bəyan edir: «Buna görə də, Varlığıma and olsun, bütün iyrənc və murdar şeylərinlə Müqəddəs məkanımı murdarladığın üçün Mən hökmən səni qırıb-çatacağam, sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm.  12Sənin əhalinin üçdə biri vəbadan öləcək, sənin içində aclıqdan tələf olacaq, üçdə biri ətrafında qılıncla həlak olacaq, üçdə birini isə hər tərəfə sovurub arxalarınca qılınc çəkəcəyəm.  13Beləcə hədsiz qəzəbimi göstərəcəyəm, onların üzərində qızğınlığımı söndürüb sakitləşəcəyəm. Onlara hədsiz qəzəbimi göstərəndə biləcəklər ki, Mən Rəbb qısqanclıqdan onlara belə söylədim.  14Ətrafında olan millətlər arasında, yoldan keçən hər kəsin gözü önündə səni viranəliyə və rüsvayçılıq hədəfinə çevirəcəyəm.  15Qəzəb və hiddətimlə, qızğın məzəmmətlərimlə səni cəzalandırarkən ətrafında olan millətlər üçün rüsvayçılıq, təhqir, ibrət və dəhşət hədəfi olacaqsan. Mən Rəbb bunu söylədim.  16Mən sizi məhv etmək üçün üstünüzə aclığın amansız oxlarını göndərəcəyəm. Aranızda aclığı gücləndirəcəyəm və çörəyin kökünü kəsəcəyəm.  17 Üstünüzə aclıq və vəhşi heyvanlar göndərəcəyəm, sizi uşaqlarınızdan məhrum edəcəklər. Aranızdan vəba və tökülən qan keçəcək, üstünüzə qılınc gətirəcəyəm. Mən Rəbb bunu söylədim».

 

 

Yezekel 6

Bütpərəstliyin pislənilməsi

1Mənə Rəbbin bu sözü nazil oldu:  2«Ey bəşər oğlu, üzünü İsrail dağlarına çevir və onların əleyhinə peyğəmbərlik edib  3söylə ki, ey İsrail dağları, Xudavənd Rəbbin sözünü dinləyin, dağlara, təpələrə, vadilərə və dərələrə Xudavənd Rəbb belə deyir: “Baxın Mən üstünüzə qılınc gətirəcəyəm və səcdəgahlarınızı məhv edəcəyəm.  4Qurbangahlarınız xarabalığa çevriləcək, buxur qurbangahlarınız sındırılacaq. Öldürülmüş adamlarınızı bütlərinizin qabağına atacağam.  5İsrail övladlarının cəsədlərini bütlərin qarşısında yerə sərəcək, sümüklərinizi qurbangahlarınızın ətrafına səpələyəcəyəm.  6Məskən saldığınız bütün yerlərdə şəhərlər viran olacaq, səcdəgahlar dağıdılacaq ki, qurbangahlarınız xarabalığa və viranəliyə çevrilsin, bütləriniz sındırılıb yox edilsin, buxur qurbangahlarınız kəsilsin və düzəltdiyiniz şeylər yer üzündən silinsin.  7Aranızda öldürülənlər yerə səriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm.  8Lakin Mən bəzilərinizi sağ buraxacağam. Ölkələr arasına səpələndiyiniz zaman millətlər içində qılıncdan qaçıb-qurtaranlarınız olacaq.  9Sizin qaçıb-qurtaranlarınız aralarına sürgün edildikləri millətlər arasında Məni yada salacaq. Mənə xəyanət edən ürəklərinə, bütlərə dikdikləri xəyanətkar gözlərinə görə pərt oldum. Etdikləri pisliklərdən, bütün iyrənc işlərindən ötrü öz-özlərindən ikrah edəcəklər.  10Onda biləcəklər ki, Rəbb Mənəm və onların başına bu bəlanı gətirəcəyimi nahaq yerə söyləməmişəm”.  11Xudavənd Rəbb belə deyir: “Əllərini bir-birinə vur, ayaqlarını yerə çırpıb söylə ki, İsrail nəslinin bütün pis və iyrənc işlərinə görə vay onların halına! Çünki qılıncdan, aclıqdan və vəbadan həlak olacaqlar.  12Uzaqda olan vəbadan öləcək, yaxında olan qılıncla həlak olacaq, mühasirə zamanı sağ qalan aclıqdan öləcək, Mən onlara hədsiz qəzəbimi göstərəcəyəm.  13Öz bütləri arasında, qurbangahların ətrafında, hər yüksək təpədə, hər dağın zirvəsində, hər kölgəli ağac altında, sıx yarpaqlı hər palıd ağacı altında, bütün bütlərinə ətirli buxur təqdim etdikləri yerlərdə onların həlak olanları yerə səriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm.  14Onlara qarşı əl qaldıracağam, səhradan Divlaya doğru yaşadıqları bütün yerlərdə ölkəni xaraba və sakinsiz qoyacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”».

 

 

Yezekel 7

İsrailin aqibəti

1Mənə Rəbbin bu sözü nazil oldu:  2«Sən ey bəşər oğlu, Xudavənd Rəbb İsrail torpağına belə deyir: “Axırı çatdı, ölkənin dörd tərəfinin axırı çatdı.  3İndi sənin axırın çatdı. Qəzəbimi sənin üstünə göndərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, bütün iyrənc işlərinin əvəzini başına gətirəcəyəm.  4Sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, Rəbb Mənəm”.  5Xudavənd Rəbb belə deyir: “Budur, bir bəla, tayı olmayan bir müsibət gəlir.  6Axırın çatıb, axırın çatıb, sənə qarşı qalxır. Budur, tezliklə gəlir!  7Ey ölkənin sakini, qiyamət günün çatdı, vaxt gəldi, gün yaxındadır. Dağların üstündən sevinc nidası deyil, çaxnaşma səsi gəlir.  8Tezliklə qızğınlığımı üstünə tökəcəyəm, sənə qarşı qəzəbimi bütünlüklə göstərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracaq, bütün iyrənc işlərinin əvəzini başına gətirəcəyəm.  9Sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, zərbə vuran Mən Rəbbəm.  10Budur o gün! Gün gəldi, sənin qiyamət günün çatdı: əsa çiçəkləndi, qürur gül açdı.  11Zorakılıq çoxalıb pisliyin əsası oldu. Buna görə də xalqdan, onların izdihamından, var-dövlətindən və əzəmətindən əsər-əlamət qalmayacaq.  12Vaxt gəldi, gün yaxınlaşdı. Alıcı sevinməsin, satıcı heyfsilənməsin, çünki bütün kütlənin üstünə qəzəb yağacaq.  13Hətta onlar yaşasalar da, satıcı satdığı torpağa qayıtmayacaq, çünki onların bütün camaatına aid olan bu vəhy hədəfindən dönməyəcək. Heç kəs təqsiri ilə həyatını davam etdirə bilməyəcək.  14Şeypur çalındı və hər şey hazırlandı, ancaq müharibəyə gedən yoxdur. Çünki qəzəbim bütün camaatın üstünə yağacaq.  15Bayırda qılınca, içəridə vəba və aclığa tuş gələcəklər, çöldə olan qılıncdan öləcək, şəhərdə olanı aclıq və vəba yeyəcək.  16Sağ qalanları qaçıb-qurtulsa da, dərələrdəki göyərçinlər kimi dağlarda yaşayacaq, hər kəs təqsirindən ötrü ah-zar edəcək.  17Hamının əli yanına düşəcək, hər kəsin dizləri titrəyəcək.  18Çula bürünəcəklər, onları dəhşət saracaq. Hamının üzündə xəcalət olacaq, hamının başı daz olacaq.  19Gümüşlərini küçələrə atacaqlar, qızılları napak sayılacaq. Rəbbin qəzəb günündə qızıl-gümüşləri onları qurtara bilməyəcək, bədənlərini qidalandırmayacaq, qarınlarını doydurmayacaq, çünki bu şeylər onların təqsirlərinə bais oldu.  20Bər-bəzəklərinin gözəlliyi onları qürurlandırdı. Öz iyrənc və mənfur bütlərini bu şeylərdən düzəltdilər. Ona görə də bunları özləri üçün murdar bir şeyə çevirdim.  21Bunları qənimət kimi özgələrə, qarət malı kimi dünyadakı pis adamların əlinə verəcəyəm və onları murdarlayacaqlar.  22Mən xalqdan üz döndərəcəyəm, müqəddəs məskənim murdarlanacaq, quldurlar içəri girib oranı murdarlayacaq.  23Sən zəncir düzəlt, çünki ölkə qanlı cinayətlərlə, şəhər zorakılıqla dolub.  24Millətlərin ən qəddarını onların üstünə gətirəcəyəm və evlərini əllərindən alacaqlar. Güclülərin qüruruna son qoyacağam, müqəddəs yerləri murdarlanacaq.  25Dəhşət gəlir. Əmin-amanlıq axtaracaqlar, amma tapmayacaqlar.  26Bəla üstündən bəla gələcək, qara xəbər dalınca qara xəbər çatacaq. Peyğəmbərlərdən görüntü istəyəcəklər, kahinin qanun öyrətməyi bitəcək, ağsaqqallar nəsihət verməyəcək.  27Padşah yas tutacaq, əmirləri məyusluq bürüyəcək, ölkə xalqının əli yanına düşəcək. Onları əməllərinə görə cəzalandıracağam, hökmlərinə görə hökm edəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm”».

 

 

Yezekel 8

Rəbbin məbədində bütpərəstlik

1Sürgünlüyümüzün altıncı ilində, altıncı ayın beşinci günü mən evdə oturmuşdum və Yəhuda ağsaqqalları da qarşımda əyləşmişdi. O zaman orada üstümə Xudavənd Rəbbin əli endi.  2 Mən baxıb insana oxşar bir surət gördüm: belindən aşağı oda bənzəyir, belindən yuxarı isə metal kimi parıldayırdı.  3O, ələ bənzər bir şey uzatdı və məni saçımdan tutdu. Onda Ruh məni yerlə göy arasına qaldırdı və Allahın görüntülərində Yerusəlimə, içəri həyətin şimal qapısının giriş yerinə gətirdi. Orada Allahda qısqanclıq oyadan qısqanclıq bütü qurulmuşdu.  4 Düzənlikdə gördüyümə bənzər İsrail Allahının izzəti də orada idi.  5O mənə dedi: «Ey bəşər oğlu, indi başını şimal tərəfə qaldır». Mən başımı şimal tərəfə qaldırıb gördüm ki, həmin qısqanclıq bütü qurbangah qapısının şimalında – giriş yerindədir.  6O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi nə edirlər? İsrail nəsli burada çoxlu iyrənc işlər edir ki, Mən Müqəddəs məkanımdan uzaqlaşım. Hələ bundan da iyrənc şeylər görəcəksən».  7O məni həyətin giriş yerinə gətirdi. Mən baxıb gördüm ki, divarda bir dəlik var.  8O mənə dedi: «Ey bəşər oğlu, gəl divarı dəl». Mən divarı dəlib gördüm ki, bir qapı var.  9O mənə dedi: «İçəri gir, onların orada pis və iyrənc işlərini gör».  10Mən içəri girib gördüm ki, hər cür sürünənlərin, mənfur heyvanların surəti və İsrail nəslinin bütlərinin hamısının təsviri hər tərəfdən divara çəkilib.  11İsrail nəslinin ağsaqqallarından yetmiş nəfər onların önündə durmuşdu. Şafan oğlu Yaazanya da onların arasında dayanmışdı. Hər birinin əlində buxurdan var idi və buxurun ətri bulud kimi göyə qalxırdı.  12O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi İsrail nəslinin ağsaqqalları öz bütlərinin otaqlarında, qaranlıq yerlərdə nə edir? Ona görə ki onlar “Rəbb bizi görmür, Rəbb ölkəni tərk etdi” deyir».  13O yenə mənə dedi: «Hələ onların bundan da iyrənc işlərini görəcəksən».  14O məni Rəbbin məbədinin şimal tərəfdəki qapısının giriş yerinə gətirdi. Mən gördüm ki, Tammuz bütü üçün ağlayan qadınlar orada oturub.  15O mənə dedi: «Görürsənmi, bəşər oğlu? Hələ bundan da iyrənc şeylər görəcəksən».  16O məni Rəbbin məbədinin içəri həyətinə gətirdi. Gördüm ki, Rəbbin məbədinin giriş yerində eyvanla qurbangah arasında arxaları Rəbbin məbədinə, üzləri isə şərqə çevrilmiş təxminən iyirmi beş kişi var. Onlar şərqə üz tutaraq günəşə sitayiş edirdi.  17O mənə dedi: «Görürsənmi, bəşər oğlu? Məgər Yəhuda nəsli üçün burada etdikləri iyrənc işlər az idi ki, üstəlik ölkəni zorakılıqla doldurur və bununla Məni daha da qəzəbləndirirlər? Bax indi onlar budağı burnuma soxaraq Məni təhqir edir.  18Buna görə Mən də qəzəblə rəftar edəcəyəm, onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm. Məni ucadan çağırsalar da, onlara qulaq asmayacağam».

 

 

Yezekel 9

Yerusəlimin cəzalandırılması

1Sonra Onun «qoy şəhəri cəzalandıranların hər biri öz qırğın silahı əlində şəhərə yaxınlaşsın» deyə ucadan qışqırdığını eşitdim.  2Mən gördüm ki, şimal tərəfdəki yuxarı qapının yolu ilə altı nəfər gəldi. Hər birinin toppuzu əlində idi. Onların arasında kətan paltar geyinmiş, belində yazı qutusu olan bir adam var idi. Onlar içəri girdi və tunc qurbangahın yanında dayandı.  3İsrail Allahının izzəti dayandığı keruvun üstündən qalxıb məbədin kandarına getdi. Rəbb kətan paltar geyinmiş, belində yazı qutusu olan adamı çağırıb  4 ona dedi: «Yerusəlim şəhərini gəz və orada edilən bütün iyrənc işlərdən ötrü ah-nalə edən adamların alnına işarə qoy».  5Sonra o biri adamlara bunu dediyini eşitdim: «Onun ardınca şəhəri gəzin və adamları qırın, yazığınız gəlməsin və rəhm etməyin.  6Qocanı, cavanı, ərə getməmiş qızı, uşaqlarla qadınları ölənəcən vurun, ancaq üstündə işarə olan adamlara toxunmayın. Mənim Müqəddəs məkanımdan başlayın». Onlar da məbədin önündə olan ağsaqqalları qırmağa başladı.  7Rəbb onlara dedi: «Məbədi murdarlayın, həyətləri cəsədlərlə doldurun. Haydı, işə başlayın!» Sonra onlar gedib şəhərdəkiləri qırdı.  8Onlar adamları qırarkən mən tək qalmışdım. Onda mən üzüstə düşərək fəryad edib dedim: «Aman, ya Xudavənd Rəbb! Yerusəlim üzərinə qəzəbini tökərkən İsrailin bütün yerdə qalanlarını da həlak edəcəksənmi?»  9O mənə dedi: «İsrail və Yəhuda nəslinin təqsiri böyükdür, çox böyükdür. Ölkə qanla, şəhər azğınlıqla doludur. Çünki onlar “Rəbb ölkəni tərk etdi, Rəbb görmür” deyir.  10Mənim də onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, əməllərinin əvəzini başlarına gətirəcəyəm».  11Mən gördüm ki, belində yazı qutusu olan, kətan paltar geyinmiş adam «mənə əmr etdiyin şeyə əməl etdim» deyib xəbər gətirdi.

 

 

Yezekel 10

Rəbbin izzəti məbədi tərk edir

1Mən baxıb gördüm ki, keruvların başı üzərindəki qübbənin üstündə göy yaqut daşı kimi görünüşcə taxta bənzər bir şey peyda oldu.  2 Rəbb kətan geyinmiş adama belə söylədi: «Keruvların altındakı fırlanan təkərlərin arasına girib keruvların arasından iki ovuc odlu köz götür və şəhərin üzərinə səpələ». O adam gözümün qabağında oraya girdi.  3O adam oraya girəndə keruvlar məbədin cənub tərəfində durmuşdu. Bu zaman bulud içəri həyətə doldu.  4Rəbbin izzəti keruvun üstündən qalxıb məbədin kandarına getdi. Məbədi bulud bürüdü və həyət Rəbbin izzətinin nuru ilə doldu.  5Keruvların qanadlarının səsi bayır həyətə qədər gəlirdi. Bu səs Külli-İxtiyar Allah danışdığı zaman çıxan səs kimi uca idi.  6Rəbb kətan geyinmiş adama «keruvların və fırlanan təkərlərin arasından od götür» deyə əmr edəndə o girib bir təkərin yanında durdu.  7Onda keruvlardan biri keruvların arasından əlini uzadıb onların ortasında olan odu götürdü və kətan geyinmiş adamın ovcuna qoydu. O adam da odu götürüb çıxdı.  8Keruvların qanadları altında insan əlinə bənzər bir şey göründü.  9 Mən baxıb gördüm ki, keruvların yanında dörd təkər və hər keruvun yanında bir təkər var. Təkərlər sarı yaqut kimi parıldayırdı.  10Dördünün də görünüşü eyni cür idi, sanki bir təkər o biri təkər içində yerləşmişdi.  11Getdikləri zaman dörd tərəfə hərəkət edirdilər, gedərkən sağa-sola dönmürdülər. Baş hansı tərəfə yönəlmişdisə, o tərəfə də gedirdilər, gedərkən sağa-sola dönmürdülər.  12 Onların bütün bədəni, kürəyi, əlləri, qanadları və təkərləri – dördünün də təkərləri hər tərəfdən gözlərlə dolu idi.  13Mən bu təkərlərə «fırlanan təkərlər» deyildiyini eşitdim.  14 Canlı məxluqların hər birinin dörd üzü var idi: birincisi keruv üzü, ikincisi insan üzü, üçüncüsü aslan üzü və dördüncüsü qartal üzü idi.  15Keruvlar yerdən qalxdı. Bunlar Kevar çayının sahilində gördüyüm həmin canlı məxluqlar idi.  16Keruvlar gedəndə onların yanında olan təkərlər də gedirdi. Keruvlar yerdən qalxmaq üçün qanadlarını qaldıranda təkərlər də onların yanından ayrılmırdı.  17Onlar dayananda bunlar da dayanırdı, onlar yerdən qalxanda bunlar da birlikdə yerdən qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi.  18Rəbbin izzəti məbədin kandarından çıxdı və keruvların üstündə durdu.  19Keruvlar gedəndə qanadlarını qaldırıb gözümün önündə yerdən qalxdı, təkərlər də yanlarında idi. Onlar Rəbbin məbədinin şərq darvazasının giriş yerində dayandı. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi.  20Bunlar Kevar çayının sahilində, İsrail Allahının altında gördüyüm həmin canlı məxluqlar idi. Mən bildim ki, onlar keruvdur.  21Hər birinin dörd üzü və dörd qanadı var idi. Qanadları altında insan əllərinə bənzər bir şey var idi.  22Onların üzlərinin bənzəyişi Kevar çayı sahilində gördüyüm üzlərə oxşayırdı. Hər biri üz tutduğu tərəfə irəliləyirdi.

 

 

Yezekel 11

Allahın cəzası

1Ruh məni yerdən qaldırdı və şərqə yönəlmiş Rəbbin məbədinin şərq darvazasına gətirdi. Orada darvazanın girəcəyində iyirmi beş nəfər var idi. Mən onların arasında xalqın başçıları Azzur oğlu Yaazanyanı və Benaya oğlu Pelatyanı gördüm.  2Rəbb mənə dedi: «Ey bəşər oğlu, pis şeylər niyyət edən və bu şəhərdə bəd məsləhətlər verən adamlar bunlardır.  3Onlar “ev tikmək vaxtı deyil. Şəhər qazan, bizsə ətik” deyir.  4Buna görə də onlara qarşı peyğəmbərlik et, ey bəşər oğlu, peyğəmbərlik et».  5Rəbbin Ruhu üzərimə endi və mənə dedi: «Söylə ki, Rəbb belə deyir: “Ey İsrail nəsli, siz nə deyirsiniz, nə düşünürsünüz, Mən bilirəm.  6Bu şəhərdə çoxlu adam öldürdünüz, şəhərin küçələrini ölülərlə doldurdunuz”.  7Buna görə də Xudavənd Rəbb belə deyir: “Şəhərdə qoyduğunuz ölülər ət, şəhərsə qazandır. Ancaq Mən sizi şəhərdən çıxaracağam.  8Siz qılıncdan qorxursunuz, Mən də üstünüzə qılınc gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir.  9“Mən sizi şəhərdən çıxarıb yadellilərə təslim edəcəyəm. Sizi beləcə cəzalandıracağam.  10Qılıncla həlak olacaqsınız. Sizi İsrail ərazisində cəzalandıracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm.  11Bu şəhər sizə qazan olmayacaq, siz də onun içində ət olmayacaqsınız. Sizi İsrail ərazisində cəzalandıracağam.  12Onda biləcəksiniz ki, Rəbb Mənəm. Siz qaydalarıma əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz, ətrafınızda olan millətlərin hökmlərinə görə davrandınız”».  13Mən peyğəmbərlik edən zaman Benaya oğlu Pelatya öldü. Mən üzüstə yerə yıxıldım və ucadan fəryad edib dedim: «Aman, ya Xudavənd Rəbb! Məgər Sən İsrailin yerdə qalanlarını tamamilə məhv edəcəksən?»  14Onda mənə Rəbbin bu sözü nazil oldu:  15«Öz qohum-əqrəbana, qəyyumlarına və bütün İsrail nəslinə gəlincə, ey bəşər oğlu, Yerusəlimdə yaşayanlar onların hamısına belə deyir: “Rəbdən uzaq olun. Bu ölkə mülk olaraq bizə verildi”.  16Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: “Onları uzaqdakı millətlərin arasına aparıb ölkələr arasına səpələdiyimə baxmayaraq, qısa bir müddət Mən onlara getdikləri ölkələrdə Müqəddəs məkan oldum”.  17Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: “Sizi xalqlar arasından toplayacağam, səpələndiyiniz ölkələrdən yığıb bir yerə gətirəcəyəm, İsrail torpağını sizə verəcəyəm.  18Oraya qayıdanda bütün mənfur və iyrənc şeyləri o yerdən yox edəcəklər.  19 Mən onlara eyni ürək verəcəyəm, onların daxilinə yeni ruh qoyacağam. Kökslərindən daş ürəyi çıxarıb onlara ətdən olan ürək verəcəyəm ki,  20qaydalarıma əməl etsinlər, hökmlərimi saxlayıb yerinə yetirsinlər. O zaman onlar Mənim xalqım, Mən də onların Allahı olacağam.  21Ancaq ürəkləri öz mənfur və iyrənc şeylərinin ardınca gedənlərə gəlincə, Mən onların əməllərinin əvəzini başlarına gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».  22 Bu zaman keruvlar qanadlarını qaldırdı, təkərlər də onların yanında idi. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi.  23Rəbbin izzəti şəhərin mərkəzindən qalxdı və şəhərin şərqindəki dağın üzərində dayandı.  24Ruh məni qaldırıb Allahın Ruhundan gələn görüntüdə Xaldey ölkəsinə, sürgün olunanların yanına gətirdi. Sonra mənə görünən görüntü qeyb oldu.  25Rəbbin mənə göstərdiyi şeylərin hamısını sürgündə olanlara danışdım.

 

 

Yezekel 12

Sürgünün rəmzi

1Mənə Rəbbin bu sözü nazil oldu:  2 «Ey bəşər oğlu, sən üsyankar bir xalqın arasında yaşayırsan. Onların görmək üçün gözləri var, ancaq görmürlər, eşitmək üçün qulaqları var, ancaq eşitmirlər, çünki onlar üsyankar bir xalqdır.  3Ey bəşər oğlu, sən sürgünə getmək üçün şeylərini hazırla və onların gözü önündə günün günorta çağı köç, onların gözü önündə öz yerindən başqa bir yerə köç et. Üsyankar bir xalq olsalar da, bəlkə bunu başa düşdülər.  4Öz şeylərini sürgünə getmək üçün lazım olan şeylər kimi onların gözü önündə günün günorta çağı çıxart. Özün də hamının gözü önündə axşamüstü sürgünə gedən kimi çıx.  5Onların gözü önündə divarda deşik aç və şeylərini oradan çıxart.  6Hamının gözü önündə şeylərini çiynində daşı və qaranlıqda çıxart. Üzünü də ört ki, torpağı görməyəsən, çünki səni İsrail nəslinə əlamət göstərirəm».  7Mənə necə əmr olunmuşdusa, eləcə də etdim. Şeylərimi sürgünə getmək üçün lazım olan şeylər kimi günün günorta çağı çıxartdım və axşamüstü divarı əllərimlə deşdim. Şeylərimi qaranlıqda çıxartdım və onların gözü önündə çiynimdə daşıdım.  8Səhər tezdən mənə Rəbbin bu sözü nazil oldu:  9«Ey bəşər oğlu, İsrail nəsli – o üsyankar xalq sənə “Nə edirsən?” demədimi?  10Sən onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu xəbərdarlıq Yerusəlimdə olan rəhbər və orada yaşayan bütün İsrail nəsli üçündür”.  11Sən belə de: “Mən sizin üçün əlamətəm. Mən necə etdimsə, onlara da belə ediləcək, sürgünə və əsarətə gedəcəklər.  12Aralarında yaşayan rəhbər şeylərini qaranlıqda çiynində daşıyacaq və bayıra çıxacaq. Şeylərini çıxarmaq üçün divarı deşəcəklər. O, üzünü örtəcək ki, torpağı gözləri ilə görməsin.  13 Onun üstünə tor sərəcəyəm və Mənim tələmə düşəcək. Onu Babilə – Xaldey ölkəsinə gətirəcəyəm. Oranı görməyəcək, amma orada öləcək.  14Ətrafındakıların hamısını – köməkçilərini və bütün qoşunlarını küləyin əsdiyi dörd tərəfə səpəcək və onların arxasınca qılınc çəkəcəyəm.  15Mən onları millətlər arasına yayanda və başqa ölkələr arasına səpələyəndə biləcəklər ki, Rəbb Mənəm.  16Ancaq onlardan bir azını qılıncdan, aclıqdan və vəbadan sağ buraxacağam ki, öz iyrənc işlərinin hamısını aralarına gedəcəkləri millətlərə danışsınlar. Onda biləcəklər ki, Rəbb Mənəm”».  17Mənə Rəbbin bu sözü nazil oldu:  18«Ey bəşər oğlu, çörəyini titrəyərək ye, suyunu əsə-əsə, qorxu ilə iç.  19Ölkə xalqına söylə ki, İsrail torpağında, Yerusəlimdə yaşayanlar üçün Xudavənd Rəbb belə deyir: “Onlar çörəklərini qorxu ilə yeyəcək, sularını dəhşətlə içəcək, çünki orada yaşayanların hamısının zorakılığından ötrü ölkələri bolluqdan məhrum olacaq.  20Adam yaşayan şəhərlər viran olacaq və ölkə xarabalığa çevriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».  21Mənə Rəbbin bu sözü nazil oldu:  22«Ey bəşər oğlu, İsrail torpağında nə üçün “günlər keçir, hər görüntü puç olur” məsəlini işlədirsiniz?  23Buna görə də onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu məsələ son qoyacağam, artıq İsraildə bu məsəli işlətməyəcəklər. Ancaq sən onlara söylə ki, hər görüntünün yerinə yetəcəyi günlər yaxınlaşdı.  24Daha bundan sonra İsrail nəslinin arasında heç bir boş görüntü və aldadıcı falçılıq olmayacaq.  25Çünki Rəbb Mənəm, Mən deyirəm və dediyim söz yerinə yetir, artıq təxirə salınmır. Ey üsyankar xalq, bu sözü sizin dövrünüzdə deyirəm və onu yerinə yetirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».  26Mənə Rəbbin bu sözü nazil oldu:  27«Ey bəşər oğlu, İsrail nəsli belə deyir: “Ona gələn görüntü uzun müddət sonra olacaq, o, uzaq gələcək barədə peyğəmbərlik edir”.  28Buna görə də onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Heç bir sözümü təxirə salmayacağam, dediyim söz yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir».

 

 

Yezekel 13

Yalançı peyğəmbərlərin cəzalanması

1Mənə Rəbbin bu sözü nazil oldu:  2«Ey bəşər oğlu, peyğəmbərlik edən İsrail peyğəmbərlərinə qarşı peyğəmbərlik et və öz-özlərindən peyğəmbərlik edən adamlara söylə ki, Rəbbin sözünü eşitsinlər.  3Xudavənd Rəbb belə deyir: “O axmaq peyğəmbərlərin vay halına! Onlar öz ruhları ilə ilhamlanır və heç bir vəhy almayıb.  4Ey İsrail, sənin peyğəmbərlərin viranəliklərdə dolaşan tülkülərə bənzəyir.  5Ey peyğəmbərlər, siz divarın dəliklərinə çıxmadınız, Rəbbin günündə döyüşdə bərk dayanmaq üçün İsrail nəslinin ətrafında divar qurmadınız.  6Onlar boş şeylər görərək falçılıq edib yalan danışır. Söyləyirlər ki, bunu Rəbb bəyan edir, Rəbb isə onları göndərməyib. Yenə də ümid verirlər ki, sözləri yerinə yetəcək.  7Sizin gördüyünüz görüntü boş və etdiyiniz falçılıq yalan deyilmi? Siz bunlara ‹Rəbb bəyan edir› deyirsiniz, Mənsə belə söyləmədim”.  8Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boş sözlər söyləyib yalan şeylər gördünüz, Mən sizə qarşıyam” Xudavənd Rəbb belə bəyan edir.  9“Mən boş şeylər görən və falçılıq edib yalan danışan peyğəmbərləri Öz əlimlə cəzalandıracağam. Onlar Mənim xalqımın məclisində olmayacaq, İsrail nəslinin siyahısına yazılmayacaq və İsrail torpağına girməyəcək. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm.  10 Bunu ona görə edəcəyəm ki, onlar sülh olmadığı halda ‹sülh› deyib xalqımı azdırır. Biri bünövrəsiz divar tikəndə o biri ona suvaq vurur.  11Sən suvaq vuranlara söylə ki, o divar uçacaq. Şiddətli yağış yağacaq və dolu dənələrini yerə salacağam. Tufan küləyi divara qarşı əsəcək.  12Bəs divar uçanda sizə ‹vurduğunuz suvaq necə oldu› deməyəcəklərmi?”  13Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Öz qəzəbimlə tufan küləyi əsdirib, Öz hiddətimlə şiddətli yağış və dolu yağdıracağam ki, divar qızğınlığımla məhv olsun.  14Beləcə suvaq vurduğunuz divarı uçurub yerlə yeksan edəcəyəm və bünövrəsi görünəcək. Siz də yıxılan divarın altında həlak olacaqsınız. Onda biləcəksiniz ki, Rəbb Mənəm.  15Öz qızğınlığımı divarın və ona suvaq vuranların üzərində söndürəcəyəm. Sizə deyəcəyəm ki, divar da yoxdur, ona suvaq vuran İsrail peyğəmbərləri də.  16O peyğəmbərlər Yerusəlim üçün peyğəmbərlik edir və sülh olmadığı halda orada sülh olacağı barədə görüntülər görür” Xudavənd Rəbb belə bəyan edir.  17Sən ey bəşər oğlu, öz-özlərindən peyğəmbərlik edən xalqının qadınlarına üzünü tut və onların əleyhinə peyğəmbərlik edib  18söylə ki, Xudavənd Rəbb belə deyir: “Canları ovlamaq üçün hər kəsin biləyinə yastıqçalar tikən və hər boyda olan adamın başına örtüklər düzəldən qadınların vay halına! Elə bilirsiniz ki, xalqımın canlarını ovlamaqla öz canınızı salamat saxlayacaqsınız?  19Xalqımın önündə bir neçə ovuc arpa və bir neçə parça çörək üçün Məni izzətdən saldınız. Yalana qulaq asan xalqıma yalan söyləyərək ölməyə layiq olmayanları öldürdünüz və yaşamağa layiq olmayanları yaşatdınız”.  20Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi Mən sizin ovsun yastıqçalarınıza qarşıyam. Həmin yastıqçalarla siz orada adamları quş kimi ovlayırsınız. Mən onları qollarınızdan qoparacağam. Quş kimi ovladığınız adamları azad edəcəyəm.  21Örtüklərinizi də yırtacaq və xalqımı əlinizdən qurtaracağam. Onlar daha bir ov kimi sizin əlinizdə əsir olmayacaq. Onda biləcəksiniz ki, Rəbb Mənəm.  22Mənim kədərlənməsini istəmədiyim salehin ürəyini siz yalanlarla kədərləndirdiniz, pis adamın qoluna güc verdiniz ki, öz pis yolundan dönməsin və canını qurtarmasın.  23Buna görə də artıq boş görüntülər görməyəcək və falçılıq etməyəcəksiniz. Mən Öz xalqımı sizin əlinizdən qurtaracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».

 

 

Yezekel 14

Rəbb bütpərəstliyi pisləyir

1İsrail ağsaqqallarından bəzisi yanıma gəlib önümdə oturdu.  2Onda mənə Rəbbin bu sözü nazil oldu:  3«Ey bəşər oğlu, bu adamlar öz bütlərinə könül verdi və təqsir etmələrinə bais olan şeyləri üzləri önünə qoydu. Bundan sonra Mən onlara cavab verəcəyəmmi?  4Buna görə də onlara müraciət edib söylə ki, Xudavənd Rəbb belə deyir: “İsrail nəslindən kimsə öz bütlərinə könül verib təqsir etməsinə bais olan şeyə səcdə etsə və peyğəmbərə müraciət etsə, Mən Rəbb ona bütlərinin çoxluğuna görə cavab verəcəyəm.  5Ona görə ki bütlərindən ötrü Mənə yad olan bütün İsrail nəslinin ürəyini yenidən Özümə cəlb edim”.  6Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Bütlərinizdən dönün, onları rədd edin və bütün iyrənc işlərinizdən üz döndərin.  7Əgər İsrail nəslindən hər kəs və İsraildə yaşayan qəriblərdən kimsə Məni tərk etsə, öz bütünə könül verib təqsir etməsinə bais olan şeyə səcdə etsə və özü barədə Məndən soruşmaq üçün peyğəmbərə müraciət etsə, Mən Rəbb ona cavab verəcəyəm.  8Mən üzümü həmin adama qarşı çevirəcəyəm, onu ibrət və kinayə hədəfi edəcəyəm, xalqımın arasından silib atacağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm.  9Əgər peyğəmbər yoldan azıb bir söz söyləsə, bilin ki, o peyğəmbərin yoldan azmasına səbəb olan Mən Rəbbəm. Mən ona qarşı əlimi qaldıracaq və onu xalqım İsrailin arasından silib-atacağam.  10Onlar öz təqsirlərinin cəzasını çəkəcək. Peyğəmbərdən soruşanın cəzası necə olacaqsa, peyğəmbərin də cəzası elə olacaq.  11Bunu ona görə edəcəyəm ki, İsrail nəsli bir də Mənim yolumdan sapmasın və bir daha bütün günahları ilə özlərini murdar etməsin. Beləcə onlar Mənim xalqım, Mən də onların Allahı olacağam” Xudavənd Rəbb belə bəyan edir».  12Mənə Rəbbin bu sözü nazil oldu:  13«Ey bəşər oğlu, əgər bir ölkə Mənə xain çıxıb günah edərsə, Mən ona qarşı əlimi qaldıraram, çörəyinin kökünü kəsib üstünə aclıq göndərərəm və oradan insanla heyvanı silib ataram.  14“Əgər Nuh, Daniel və Əyyub – bu üç adam orada olsa belə, salehlikləri ilə ancaq öz canlarını qurtarar” Xudavənd Rəbb belə bəyan edir.  15“Əgər Mən bu ölkəyə vəhşi heyvanlar göndərsəm, onlar oranı sakinsiz qoysa və o torpaq bu heyvanlara görə xaraba qalıb keçilməz olsa,  16bu üç adam orada olsa belə” bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, yalnız öz canlarını qurtarar, ölkə isə xaraba qalar.  17Yaxud o ölkənin üzərinə qılınc gətirsəm və ona ‹ey qılınc, ölkəni qırıb keç› deyərək insanı və heyvanı oradan silib atsam,  18bu üç adam orada olsa belə” bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, yalnız öz canlarını qurtarar.  19Yaxud o ölkəyə vəba göndərsəm, qan tökməklə onun üstünə qəzəbimi yağdıraraq insanı və heyvanı oradan silib atsam,  20Nuh, Daniel və Əyyub orada olsa belə” bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, salehlikləri ilə yalnız öz canlarını qurtarar”.  21 Çünki Xudavənd Rəbb belə deyir: “Hələ Mən Yerusəlimdən insanı və heyvanı silib atmaq üçün dörd ağır cəzamı – qılıncı, aclığı, vəhşi heyvanları və vəbanı onun üzərinə göndərəndə daha nələr olacaq!  22Amma orada bir dəstə salamat qalacaq. Sağ qalan oğlan və qızlar oradan çıxarılıb sizin yanınıza gələcək. Siz də onların əməllərini və işlərini görəcəksiniz. Onda Yerusəlim üzərinə gətirdiyim bəlaya görə, oraya etdiyim hər şeydən ötrü təsəlli tapacaqsınız.  23Onların əməllərini və işlərini gördüyünüz zaman bu sizə təsəlli olacaq. Onda biləcəksiniz ki, oraya etdiyim hər şeyi boş-boşuna etmədim” Xudavənd Rəbb belə bəyan edir».

 

 

Yezekel 15

Yerusəlimin tənəklə müqayisəsi

1Mənə Rəbbin bu sözü nazil oldu:  2«Ey bəşər oğlu, üzüm tənəyinin ağacı hər hansı bir meşə ağacındakı budağın ağacından nə ilə üstündür?  3Bir işdə istifadə etmək üçün ondan ağac alınırmı? Üstünə əşyalar asmaq üçün ondan payacıq düzəldilirmi?  4Budur, o yanmaq üçün oda atılır. Od onun uclarını yandırandan və ortası qovrulandan sonra daha bir işə yarayarmı?  5Bütöv olanda da bir işə yaramırdı, od onu yandırıb-qurtaranda və ortası qovrulanda heç bir işə yaramayacaq.  6Buna görə də Xudavənd Rəbb belə deyir: “Meşə ağacları arasında üzüm tənəyini yanan şey kimi necə oda verdimsə, Yerusəlimdə yaşayanları da eləcə oda atacağam.  7Mən üzümü onlara qarşı çevirəcəyəm. Oddan qaçsalar da, od yenə onları yandıracaq. Üzümü onlara qarşı çevirəndə biləcəksiniz ki, Rəbb Mənəm.  8Ölkəni viran edəcəyəm, çünki onlar xainlik etdi” Xudavənd Rəbb belə bəyan edir».

 

 

Yezekel 16

Xəyanət etmiş Yerusəlim

1Mənə Rəbbin bu sözü nazil oldu:  2«Ey bəşər oğlu, murdar əməllərini Yerusəlimə bildirib söylə ki,  3Xudavənd Rəbb Yerusəlimə belə deyir: “Əslin və mənşəyin Kənan torpağındandır: atan Emorludur, anan isə Xetli.  4Doğulduğun gün göbək bağın kəsilmədi, səni su ilə yuyub təmizləmədilər, duzla ovulmadın və qundağa bələnmədin.  5Heç kəs sənə şəfqətlə baxmadı, rəhm etmədi ki, bunların birini sənə etsin. Doğulduğun gün səndən iyrəndikləri üçün çölə atıldın.  6Mən sənin yanından keçərkən öz qanın içində qımıldandığını gördüm və öz qanında ikən sənə ‹Yaşa!› dedim. Bəli, öz qanında ikən sənə ‹Yaşa!› dedim.  7Səni çöl bitkiləri kimi çoxaltdım. Sən boy atıb böyüdün və həddi-büluğa çatdın. Döşlərin böyüdü, saçların uzandı. Ancaq sən lüt və çılpaq idin.  8Mən yanından keçəndə səni gördüm. Bu vaxt sənin məhəbbət çağın idi. Mən sənin üstünə ətəyimi atıb çılpaqlığını örtdüm. And edib səninlə əhd bağladım” bəyan edir Xudavənd Rəbb, “sən də Mənim oldun.  9Mən səni su ilə yudum, qanını tamamilə üstündən təmizlədim, yağla məsh etdim.  10Sənə əlvan naxışlı paltar geyindirdim, ayağına yunusbalığı dərisindən çarıq geydirdim, belinə incə kətan qurşaq bağladım və səni ipəklərlə örtdüm.  11Səni bəzəklərlə bəzədim, qollarına bilərzik, boynuna zəncir taxdım.  12Burnuna halqa, qulaqlarına sırğa keçirdim və başına şərəf tacı qoydum.  13Sən qızıl-gümüşlə bəzəndin, incə kətandan, ipəkdən və əlvan naxışlı qumaşdan paltar geyindin. Narın un, bal və zeytun yağı yedin. Həddindən artıq gözəl oldun və padşahlıq əzəmətinə yüksəldin.  14Gözəlliyinə görə millətlər arasında şöhrətləndin. Mənim sənə bəxş etdiyim əzəmətdən ötrü gözəlliyin qüsursuz idi” Xudavənd Rəbb belə bəyan edir.  15“Ancaq sən gözəlliyinə güvəndin, şöhrətləndiyinə görə fahişəlik etdin, hər yoldan keçənə özünü təslim edib pozğunluq etdin.  16Öz paltarlarından götürüb özünə müxtəlif səcdəgahlar düzəltdin və onların üstündə fahişəlik etdin. Beləsi nə olmuşdu, nə də olacaq.  17Mənim sənə verdiyim qızıl-gümüşümdən hazırlanan zinətlərini götürüb özünə kişi surətləri düzəltdin və onlarla pozğunluq etdin.  18Əlvan naxışlı paltarını götürüb onların üstünə örtdün, zeytun yağımı və buxurumu onların önünə qoydun.  19Sənə verdiyim çörəyimi, sənə yedirdiyim narın unu, zeytun yağını və balı da ətirli buxur olaraq onların önünə qoydun. Bu iş baş verdi” Xudavənd Rəbb belə bəyan edir.  20“Mənim üçün doğduğun oğul və qızlarını götürüb bütlərə yemək olsun deyə qurban etdin. Fahişəliyin az idi ki,  21hələ övladlarımı da kəsdin və onları bütlərə təqdim etdin?  22Bütün iyrənc işlərini və fahişəliyini edərkən öz cavanlıq günlərini xatırlamadın, o zaman lüt və çılpaq idin, öz qanın içində qımıldanırdın”.  23Xudavənd Rəbb bəyan edir: “Vay, vay sənin halına! Sən bütün pis əməllərindən sonra  24özünə fahişəlik yuvaları qurdun və hər meydanda səcdəgahlar düzəltdin.  25Hər yolun başında öz səcdəgahlarını düzəltdin. Öz gözəlliyini murdar etdin, hər yoldan keçənə ayaqlarını araladın və fahişəliyini artırdın.  26Cinsiyyət üzvləri böyük olan qonşuların Misirlilərlə pozğunluq etdin, Məni qəzəbləndirmək üçün fahişəliyini artırdın.  27Buna görə də əlimi sənə qarşı uzadıb sənə təyin olunan yeməyi azaltdım. Sənə nifrət edən Filişt qızları səninlə istədikləri kimi rəftar etsinlər deyə səni onlara təslim etdim. Hətta onlar sənin əxlaqsız əməllərindən utanır.  28Aşşurlularla da pozğunluq etdin, çünki doymurdun. Onlarla pozğunluq etdin, ancaq bu da sənə kifayət etmədi.  29Öz pozğunluğunu ticarət ölkəsi olan Xaldey torpağına qədər yaydın, ancaq bu da sənə kifayət etmədi”.  30Xudavənd Rəbb bəyan edir: “Bütün bunları edərkən ürəyin nə qədər aciz oldu, sən həyasız fahişə kimi davrandın.  31Hər yolun başında fahişəlik yuvaları qurarkən, bütün meydanlarda səcdəgahlar düzəldərkən hətta fahişə kimi də olmadın, çünki işinin əvəzində verilən hədiyyəyə xor baxdın.  32Zina edən, ərinin əvəzinə yadları qəbul edən bir qadın oldun.  33Bütün fahişələrə hədiyyə verirlər, ancaq bütün oynaşlarına sən hədiyyələr verirsən. Onlara rüşvət verirsən ki, hər tərəfdən sənin yanına gəlsinlər və səninlə pozğunluq etsinlər.  34Fahişəlik etməkdə başqa qadınlara bənzəmirsən, çünki heç kəs sənin dalınca düşmür ki, fahişəlik edəsən, əksinə, bunun üçün sən hədiyyə verirsən, sənə hədiyyə verilmir. Bu cəhətdən başqalarına bənzəmirsən”.  35Buna görə də, ey fahişə, Rəbbin sözünə qulaq as.  36Xudavənd Rəbb belə deyir: “Həyasızlığın aşkara çıxdığı üçün, oynaşlarınla fahişəlik edərkən çılpaqlığın açıldığı üçün, bütün iyrənc bütlərindən və onlara qurban verdiyin oğullarının qanından ötrü –  37bütün bunlara görə əyləndiyin bütün oynaşlarını – sənin sevdiklərini də, nifrət etdiklərini də bir yerə yığacağam. Onları hər tərəfdən sənə qarşı bir yerə yığacağam. Onların önündə səni çılpaq edəcəyəm və ayıbını bütünlüklə görəcəklər.  38Zina edən və qan tökən qadınlara verilən cəza ilə səni cəzalandıracaq, qanlı qəzəbimə və qısqanclığıma təslim edəcəyəm.  39Səni oynaşlarının əlinə verəcəyəm. Fahişəlik yuvalarını dağıdacaq, səcdəgahlarını uçuracaq, paltarlarını əynindən soyunduracaq, zinətlərini əlindən alacaq, səni lüt və çılpaq qoyacaqlar.  40Camaatı üzərinə qaldıracaq, səni daşqalaq edəcək və qılıncları ilə parça-parça doğrayacaqlar.  41Evlərinə od vuracaq, çoxlu qadının gözü önündə səni cəzalandıracaqlar. Fahişəliyinə son qoyacağam və daha oynaşlarına hədiyyə verməyəcəksən.  42Beləcə sənin üzərində qəzəbimi yatırdacağam, qısqanclığımı söndürəcəyəm. Mən susacağam və bir daha qəzəblənməyəcəyəm.  43İndi ki sən cavanlıq günlərini yadına salmadın və bütün bu əməllərinlə Məni hiddətləndirdin, Mən də əməllərinin əvəzini başına gətirəcəyəm” bəyan edir Xudavənd Rəbb. “Bütün iyrənc işlərinə əlavə olaraq pozğunluq etmədinmi?  44Bax məsəl söyləyən hər kəs sənə qarşı bu məsəli deyəcək: ‹Anası necədirsə, qızı da elədir›.  45Sən ərindən və övladlarından ikrah edən ananın qızısan, sən ərlərindən və övladlarından ikrah edən bacılarının bacısısan. Ananız Xetli, atanız isə Emorlu idi.  46Böyük bacın öz qızları ilə sənin şimalında yaşayan Samariyadır. Kiçik bacın isə qızları ilə sənin cənubunda yaşayan Sodomdur.  47Ancaq sən onların yolları ilə də getmədin, onların etdiyi iyrənc işlər qədər də etmədin. Bütün bunları kiçik bir iş sayıb öz əməllərində onlardan da pozğun oldun.  48Varlığıma and olsun” bəyan edir Xudavənd Rəbb, “bacın Sodomla qızları səninlə qızlarının etdiyi işləri etmədi.  49Bacın Sodomun və onun qızlarının günahı bundan ibarət idi: qürur, toxluq və qayğısızlıq içində yaşayarkən məzluma və fəqirə əl tutmadılar.  50Qürurlanıb Mənim önümdə iyrənc işlər etdilər. Mən bunu görəndə onları rədd etdim.  51Samariya sənin etdiyin günahların yarısını belə, etməmişdi. İyrənc işlərdə onları da ötüb keçdin. Beləcə etdiyin iyrənc işlərlə bacılarını saleh kimi göstərdin.  52Sən də öz rüsvayçılığının yükünü daşı, çünki bacılarını təmizə çıxardın. Etdiyin günahlar onlarınkından da iyrənc olduğuna görə onlar səndən saleh göründü. Xəcalətindən utan, öz rüsvayçılığının yükünü daşı, çünki bacılarını saleh kimi göstərdin.  53Sodomdan və onun qızlarından sürgün olunmuşları, Samariyadan və onun qızlarından sürgün olunmuşları, onlarla birgə səndən sürgün olunmuşları yenidən öz yerlərinə qaytaracağam.  54Onda öz rüsvayçılığının yükünü daşıyacaqsan və etdiyin hər işdən utanacaqsan, çünki sən onlara təsəlli oldun.  55Bacıların Sodomla qızları əvvəlki vəziyyətlərinə qayıdacaq, Samariya ilə qızları əvvəlki vəziyyətlərinə qayıdacaq, sən və qızların da əvvəlki vəziyyətinizə qayıdacaqsınız.  56Pisliyin üzə çıxmadan, qürurlu olduğun günlərdə bacın Sodomun adını çəkməzdin.  57İndi sən ətrafındakıların hamısı ilə birgə Aram qızları və Filişt qızları – səni təhqir edən ətraf xalqlar tərəfindən rüsvay edilirsən.  58Sən pozğunluğunun və iyrənc əməllərinin cəzasını çəkəcəksən” Rəbb belə bəyan edir.  59Bəli, Xudavənd Rəbb belə deyir: “Sən əhdi pozub anda xor baxdın. Buna görə də sən necə etdinsə, Mən də sənə elə edəcəyəm.  60Ancaq Mən cavanlıq günlərində səninlə etdiyim əhdimi yada salacağam. Səninlə əbədi bir əhd bağlayacağam.  61Səndən böyük və səndən kiçik bacılarını yanına aldığın zaman öz əməllərini yada salıb utanacaqsan. Qızların olmaq üçün onları sənə verəcəyəm, amma səninlə bağladığım əhddə bu yox idi.  62Səninlə yenidən əhd bağlayacağam və biləcəksən ki, Rəbb Mənəm.  63Eləcə bütün etdiklərini bağışladığım zaman bunu yada salıb utanacaqsan, rüsvayçılığından bir daha ağzını açmayacaqsan” Xudavənd Rəbb belə bəyan edir».

 

 

Yezekel 17

İsrailin qartal və tənəklə müqayisəsi

1Mənə Rəbbin bu sözü nazil oldu:  2«Ey bəşər oğlu, İsrail nəslinə bir tapmaca de və bir məsəl danışıb  3söylə ki, Xudavənd Rəbb belə deyir: “Qanadları böyük, lələkləri uzun, üstü rəngbərəng tüklərlə dolu iri bir qartal Livana uçdu və sidr ağacının başından bir zoğ götürdü.  4Onun körpə budaqlarının başını qoparıb ticarət ölkəsinə apardı və onu tacirlər şəhərinə qoydu.  5O torpağın toxumunu götürüb bərəkətli torpaqda əkdi. Söyüd ağacı əkilən kimi onu gur axan suların kənarında yerləşdirdi.  6O da böyüyüb enli, balacaboy bir üzüm meynəsi oldu. Budaqları qartala doğru əyilirdi, kökləri isə altında qalırdı. Beləcə şaxə verən, budaq salan bir üzüm tənəyi oldu.  7Böyük qanadları, çoxlu tükləri olan başqa iri qartal da var idi. Üzüm tənəyi köklərini ona tərəf döndərdi, budaqlarını əkildiyi ləklərdən ona doğru uzatdı ki, sulansın.  8O, gur axan suların kənarında, bərəkətli torpaqda əkildi ki, qol-budaq atsın, meyvə yetirsin və möhtəşəm bir üzüm tənəyi olsun”.  9Sən söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu üzüm tənəyi bəhərli olacaqmı? Əvvəlki qartal onun köklərini qırıb meyvələrini qurumaq üçün qoparmayacaqmı? Onun təzə bitən bütün pöhrələri quruyacaq. Kökündən qırıb atmaq üçün böyük qüvvəyə yaxud çoxlu adama ehtiyac olmayacaq.  10O əkilsə də, bəhrəsi olacaqmı? Şərq küləyi ona toxunan kimi tamamilə qurumayacaqmı? Bəli, bitdiyi ləklərdə quruyacaq”».  11Mənə Rəbbin bu sözü nazil oldu:  12 «İndi o üsyankar nəslə söylə: “Bu şeylərin mənasını bilmirsinizmi?” Onlara de: “Budur, Babil padşahı Yerusəlimə gəldi, oranın padşahını və başçılarını götürüb Babilə, öz yanına apardı.  13Padşah nəslindən olan bir nəfəri götürərək onunla əhd kəsib and içdirdi. Ölkənin igid adamlarını da götürüb apardı ki,  14padşahlıq alçaldılıb daha qalxa bilməsin və əhdinə sadiq olub yerində qalsın.  15Ancaq Yəhuda padşahı atlar və çoxlu əsgər versinlər deyə elçilərini Misirə göndərərək Babil padşahına qarşı üsyan qaldırdı. O uğur qazanacaqmı? Bu işləri görən salamat qalacaqmı? Əhdi pozan salamat qalacaqmı?”  16Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, hökmən onu taxta oturdan padşahın ölkəsində – Babildə öləcək, çünki içdiyi anda xor baxdı, bağladığı əhdi pozdu.  17Babillilər çoxlu adam qırmaq üçün torpaq qalağı və mühasirə divarları düzəldəndə firon güclü ordusu, böyük qoşunu ilə müharibədə ona kömək edə bilməyəcək.  18Çünki o, əhdi pozaraq içdiyi anda xor baxdı, söz verdiyi halda bütün bu işləri etdiyinə görə özü də qaçıb qurtara bilməyəcək”.  19Buna görə də Xudavənd Rəbb belə deyir: “Varlığıma and olsun ki, önümdə içdiyi anda xor baxdığına görə, əhdimi pozduğu üçün onu cəzalandıracağam.  20Onun üstünə Öz torumu sərəcəyəm, onu Öz tələmə salıb Babilə gətirəcəyəm. Mənə xəyanət etdiyinə görə orada onu mühakimə edəcəyəm.  21Onun bütün fərari əsgərləri qılıncla həlak olacaq, yerdə qalanlar küləyin əsdiyi dörd tərəfə dağılacaq. Onda biləcəksiniz ki, Mən Rəbb bunu söylədim”.  22Xudavənd Rəbb belə deyir: “Mən hündür sidr ağacının başından

Bir zoğ götürüb əkəcəyəm.

Onun budaqlarının başından

Zərif bir budaq qoparacağam,

Onu hündür, dik bir dağın zirvəsində əkəcəyəm.

23Onu İsrailin uca dağına əkəcəyəm.

O, qol-budaq atıb meyvə verəcək,

Möhtəşəm bir sidr ağacı olacaq.

Hər cür quş onun altına sığınacaq,

Budaqlarının kölgəsində yuva quracaq.

24Bütün çöl ağacları biləcək ki,

Hündür ağacı Mən Rəbb alçaltdım,

Alçaq ağacı yüksəltdim,

Yaşıl ağacı qurutdum,

Quru ağacı yaşıllaşdırdım.

Mən Rəbb bunu söylədim və

Hökmən yerinə yetirəcəyəm”».

 

 

Yezekel 18

Əməllər üçün cavabdehlik

1Mənə Rəbbin bu sözü nazil oldu:  2 «Siz İsrail torpağı üçün “Atalar kal üzüm yedi,

Oğulların dişi qamaşır”

məsəlini söyləyərək nə demək istəyirsiniz?  3Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, daha siz İsraildə bu məsəli söyləməyəcəksiniz.  4Axı bütün adamlar Mənimdir: atanın canı Mənim olduğu kimi oğulun da canı Mənimdir. Yalnız günah işlədən adam öləcək.  5Əgər bir adam salehdirsə,

Ədalətli və saleh işlər görürsə,

6Dağlarda gətirilən qurbandan yemirsə,

Gözlərini İsrail nəslinin bütlərinə dikmirsə,

Qonşusunun arvadını ləkələmirsə,

Aybaşı olan qadınla yaxınlıq etmirsə,

7Kimsəyə haqsızlıq etmirsə,

Borclunun girovunu qaytarırsa,

Soyğunçuluq etmirsə,

Ac olana çörək verirsə,

Çılpaq olanı geyindirirsə,

8Sələmlə borc pul vermirsə,

Müamilə götürmürsə,

Pis əməldən çəkinirsə,

İki adam arasında ədalətlə mühakimə edirsə,

9 Mənim qaydalarıma görə rəftar edirsə,

Hökmlərimə sədaqətlə əməl edirsə,

Bu adam salehdir və

Əlbəttə, yaşayacaq”

Xudavənd Rəbb belə bəyan edir.

10“Deyək ki bu adamın bir oğlu olur.

Əgər bu oğul zorakılıq edib qan tökürsə,

Soydaşına qarşı bu işlərdən birini görürsə,

11Atası bunlardan heç birini etmədiyi halda,

Oğul dağlarda gətirilən qurbandan yeyirsə,

Qonşusunun arvadını ləkələyirsə,

12Fəqirə və yoxsula haqsızlıq edirsə,

Soyğunçuluq edirsə,

Girovu qaytarmırsa,

Gözlərini bütlərə dikirsə,

İyrənc işlər görürsə,

13Sələmlə borc pul verib müamilə götürürsə,

Belə oğul yaşayacaqmı?

Xeyr, o yaşamayacaq.

Bütün bu iyrənc işləri gördüyü üçün öldürülməlidir.

Ölümü üçün də özü məsuliyyət daşıyacaq.

14Deyək ki bu oğulun da bir oğlu olur.

Bu oğul atasının etdiyi bütün günahları görüb,

Diqqət edərək belə işlər etmirsə,

15Dağlarda gətirilən qurbandan yemirsə,

Gözlərini İsrail nəslinin bütlərinə dikmirsə,

Qonşusunun arvadını ləkələmirsə,

16Kimsəyə haqsızlıq etmirsə,

Girov almırsa,

Soyğunçuluq etmirsə,

Ac olana çörək verirsə,

Çılpaq olanı geyindirirsə,

17Məzlumdan əl çəkirsə,

Sələm almırsa,

Müamilə götürmürsə,

Hökmlərimə əməl edib

Qaydalarıma görə rəftar edirsə,

Atasının günahına görə ölməyəcək,

Əlbəttə, yaşayacaq.

18Bu oğulun atası isə

İnsafsızlıqla qəddarlıq etdiyi üçün,

Soydaşını qarət etdiyinə görə,

Xalqı içində pis işlər gördüyü üçün

Öz təqsirindən ötrü, əlbəttə, öləcək.

19Ancaq siz ‹atanın etdiyi təqsirin məsuliyyətini nə üçün oğul daşımasın?› deyirsiniz. Oğul ədalətli və saleh işlər gördü, bütün qaydalarıma riayət edib onlara əməl etdi. Əlbəttə, bu adam yaşayacaq.  20 Yalnız günah işlədən adam öləcək. Oğul atanın təqsirinin məsuliyyətini daşımaz, ata da oğulun təqsirinin məsuliyyətini daşımaz. Saleh adam salehliyinin, pis adam isə pisliyinin əvəzini alacaq.  21Pis adam etdiyi bütün günahlardan dönərsə, bütün qaydalarıma riayət edib ədalətli və saleh işlər görərsə, əlbəttə, ölməyib yaşayacaq.  22Etdiyi günahlardan heç biri onun ayağına yazılmayacaq, gördüyü saleh işlərlə yaşayacaq”.  23Xudavənd Rəbb bəyan edir: “Elə bilirsiniz ki, Mən pis adamın ölümündən zövq alıram? İstəyirəm ki, o öz yolundan dönsün və yaşasın.  24Ancaq saleh adam öz salehliyindən dönüb pislik edərsə, pis adamın etdiyi bütün iyrənc işləri görərsə, yaşayacaqmı? Etdiyi saleh işlərindən heç biri onun ayağına yazılmayacaq. Etdiyi xainlik və işlədiyi günahından ötrü öləcək.  25Ancaq siz ‹Xudavəndin yolu düz deyil› deyirsiniz. Ey İsrail nəsli, indi qulaq asın: Mənimmi yolum düz deyil? Düz olmayan sizin yollarınız deyilmi?  26Saleh adam öz salehliyindən dönüb pislik edərsə, buna görə öləcək. Bəli, etdiyi pisliyə görə öləcək.  27Pis adam da etdiyi pislikdən dönüb ədalətli və saleh işlər görərsə, öz həyatını qoruyar.  28Bir halda ki diqqət edib elədiyi bütün günahlardan dönürsə, əlbəttə, ölməyib yaşayacaq.  29Ancaq İsrail nəsli ‹Xudavəndin yolu düz deyil› deyir. Ey İsrail nəsli, Mənimmi yollarım düz deyil? Düz olmayan sizin yollarınız deyilmi?  30Buna görə, ey İsrail nəsli, sizin hər birinizi əməllərinizə görə mühakimə edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. “Tövbə edib bütün günahlarınızdan dönün ki, təqsir sizi məhvə sürükləməsin.  31Etdiyiniz günahların hamısını üstünüzdən götürün, özünüzdə yeni ürək və yeni ruh yaradın. Nə üçün öləsiniz, ey İsrail nəsli?”  32Xudavənd Rəbb bəyan edir: “Mən məhv olacaq adamın ölümündən zövq almıram. Buna görə də günahlardan dönün və yaşayın”.

 

 

Yezekel 19

İsrail rəhbərləri üçün mərsiyə

1Sən İsrail rəhbərləri üçün mərsiyə oxuyub söylə:  2“Sənin anan nə idi?

Şirlər arasında dişi bir şir!

O, cavan aslanların içində yatardı,

Balalarını bəsləyərdi.

3O, balalarından birini böyütdü,

Bala cavan bir şir oldu.

Şikar etməyi öyrəndi,

Adamları yeməyə başladı.

4Millətlər onun xəbərini eşitdi,

Bu şir onların quyusuna düşüb ələ keçdi.

Burnuna halqa taxıb onu

Misir torpağına gətirdilər.

5Dişi şir boş yerə gözlədiyini,

Ümid qalmadığını görəndə

Balalarından birini götürüb

Cavan bir şir etdi.

6Bu bala şirlər arasında gəzirdi.

O da cavan bir şir olub

Şikar etməyi öyrəndi,

Adamları yeməyə başladı.

7Onların qəsrlərini dağıtdı,

Şəhərlərini viran etdi.

Bu şirin nərə səsindən

Ölkə və onun əhalisi dəhşət içində idi.

8Ətraf ölkələrin millətləri

Onun üstünə gəldi,

Öz torlarını üzərinə atdı,

Bu şir onların quyusuna düşüb ələ keçdi.

9Onun burnuna halqa taxıb qəfəsə saldılar.

Onu Babil padşahının yanına gətirdilər.

Sonra qalaya saldılar ki,

İsrail dağları üzərində

Bir daha səsi eşidilməsin.

10Sənin anan da çay kənarındakı bağında

Əkilmiş bir üzüm tənəyi kimi idi.

Bol sulardan bəhərli oldu,

Çoxlu qol-budaq verdi.

11Onun budaqları

Padşah əsası olacaq qədər gücləndi,

Boyu hündür ağaclara qədər ucaldı,

Onun çoxlu budaqları ilə

Hündürlüyü görünürdü.

12Ancaq onu qəzəblə

Kökündən çıxarıb yerə atdılar,

Şərq küləyi onun meyvəsini qurutdu,

Möhkəm budaqları qoparıldı,

Onlar qurudu,

Onları od yandırıb-yaxdı.

13O indi

Çöldə, quraq və susuz torpaqda əkildi.

14Gövdəsinin bir budağından od çıxdı,

Onun meyvəsini yandırıb-yaxdı.

Onda padşah əsası olmaq üçün

Bir möhkəm budaq da qalmadı”.

Bu bir mərsiyə idi, mərsiyə olaraq da qalacaq».

 

Yezekel 20

Xəyanətkar İsrail

1Sürgünlüyümüzün yeddinci ilində, beşinci ayın onuncu günü İsrailin bəzi ağsaqqalları Rəbdən soruşmaq üçün gəlib önümdə oturdu.  2Mənə Rəbbin bu sözü nazil oldu:  3«Ey bəşər oğlu, İsrail ağsaqqallarına söyləyib bildir ki, Xudavənd Rəbb belə deyir: “Siz Məndən soruşmağa gəldinizmi? Varlığıma and olsun ki, Mən sizin çağırışınıza cavab verməyəcəyəm” Xudavənd Rəbb belə bəyan edir.  4Onları mühakimə edəcəksənmi, ey bəşər oğlu, mühakimə edəcəksənmi? Onlara atalarının iyrənc işlərini bildirib söylə ki,  5 Xudavənd Rəbb belə bəyan edir: “O gün Mən İsraili seçdim, Yaqub nəslinin övladlarına and içdim, Misir torpağında Özümü onlara aşkar etdim və ‹Allahınız Rəbb Mənəm› deyə and içdim.  6O gün söz verdim ki, onları Misir torpağından özləri üçün nəzərdə tutduğum bütün ölkələrdən gözəl olan, süd və bal axan torpağa çıxaracağam.  7Mən onlara dedim: ‹Hər kəs gözünə xoş gələn iyrənc şeyləri atsın. Özünüzü Misir bütləri ilə murdarlamayın, Allahınız Rəbb Mənəm›.  8Ancaq onlar Mənə qarşı üsyankar oldu və qulaq asmaq istəmədi. Heç biri gözünə xoş gələn iyrənc şeyləri atmadı və Misir bütlərindən əl çəkmədi. Ona görə Mən dedim: ‹Misir torpağında qəzəbimi üstlərinə tökəcəyəm, hədsiz qızğınlığımı onlara göstərəcəyəm›.  9Ancaq Mən Öz adım naminə elə etdim ki, aralarında yaşadıqları millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını Misir torpağından çıxarmaqla Özümü onlara göstərdim.  10Mən onları Misir torpağından çıxarıb səhraya gətirdim.  11 Onlara qaydalarımı verib hökmlərimi bildirdim. Əgər insan bu hökmlərə əməl etsə, onların vasitəsilə yaşayar.  12 Onlara Öz Şənbə günlərimi də verdim ki, Mənimlə onların arasında əlamət olsun və onları təqdis edənin Mən Rəbb olduğunu bilsinlər.  13Ancaq İsrail nəsli səhrada Mənə qarşı üsyankar oldu. Qaydalarıma görə rəftar etmədilər, hökmlərimi rədd etdilər. Əgər insan bu hökmlərə əməl edərsə, onların vasitəsilə yaşayar. Onlar Mənim Şənbə günlərimə də heç məhəl qoymadı. Ona görə Mən dedim: ‹Səhrada onları məhv etmək üçün qızğınlığımı üstlərinə tökəcəyəm›.  14Ancaq Mən Öz adım naminə elə etdim ki, millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını Misirdən çıxarmışdım.  15 Mən də səhrada onlara and içdim ki, onları bütün ölkələrdən gözəl olan, özlərinə verdiyim süd və bal axan torpağa gətirməyəcəyəm.  16Çünki hökmlərimi rədd etdilər, qaydalarıma görə rəftar etmədilər və Şənbə günlərimə məhəl qoymadılar. Ona görə ki onların ürəkləri bütlərinə tərəf meyl edirdi.  17Ancaq Mənim onlara yazığım gəldi, onları həlak etmədim və səhrada qırıb-çatmadım.  18Səhrada onların övladlarına dedim: ‹Atalarınızın qaydasına görə rəftar etməyin, hökmlərinə riayət etməyin və onların bütləri ilə özünüzü murdarlamayın.  19Allahınız Rəbb Mənəm. Mənim qaydalarıma görə rəftar edin, hökmlərimə riayət edin və onlara əməl edin.  20Şənbə günlərimi təqdis edin. Qoy onlar Mənimlə sizin aranızda əlamət olsun. Onda biləcəksiniz ki, Allahınız Rəbb Mənəm›.  21Ancaq övladlar da Mənə qarşı üsyankar oldu. Qaydalarıma görə rəftar etmədilər, hökmlərimə riayət və əməl etmədilər. Əgər insan bu hökmlərə əməl etsə, onların vasitəsilə yaşayar. Onlar Mənim Şənbə günlərimə də məhəl qoymadı. Ona görə Mən dedim: ‹Səhrada onları məhv etmək üçün qəzəbimi üstlərinə tökəcəyəm, hədsiz qızğınlığımı onlara göstərəcəyəm›.  22Ancaq Mən onlardan əl götürdüm və bunu Öz adım naminə etdim ki, millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını çıxarmışdım.  23 Mən səhrada özlərinə and içib dedim ki, onları millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm.  24Çünki onlar hökmlərimə əməl etmədi, qaydalarımı rədd etdi, Şənbə günlərimə məhəl qoymadı və gözləri atalarının bütlərinə dikildi.  25Mən də onlara xeyirli olmayan qaydalar və həyat verə bilməyən hökmlər verdim.  26İmkan verdim ki, hər ilk doğulan övladı oddan keçirərək qurban etdikləri hədiyyələrlə özlərini murdarlasınlar. Bunu etdim ki, onları dəhşətə salım, qoy bilsinlər ki, Rəbb Mənəm”.  27Ey bəşər oğlu, buna görə də İsrail nəslinə müraciət edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Atalarınız bununla yenə xəyanət edərək Mənə küfr etdi.  28Mən onları vəd etdiyim torpağa gətirəndə hər yüksək təpəni, hər qollu-budaqlı ağacı görüb qurbanlarını orada kəsdilər, Mənim qəzəbimə səbəb olan qurbanlarını orada təqdim etdilər, ətirli təqdimlərini orada qoydular və içmə təqdimlərini orada səpdilər.  29Ona görə Mən onlara dedim: ‹Getdiyiniz o səcdəgah nədir?› Bura indiyə qədər Bama adlanır”.  30Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Siz atalarınızın yolu ilə gedib onların iyrənc işləri ilə pozğunluq edərək özünüzü murdar edərsinizmi?  31İndiyə qədər hədiyyələr gətirərək oğullarınızı oda qurban verərək özünüzü bütlərinizlə murdar edirsiniz. Hələ bununla da Məndən soruşmaq istəyirsiniz, ey İsrail nəsli?” Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, Məndən soruşmağınıza icazə verməyəcəyəm.  32Ağlınıza gələn şey heç vaxt həyata keçməyəcək. Siz deyirdiniz: ‹Millətlər, yadelli tayfalar kimi biz də ağaca və daşa sitayiş edəcəyik›”.  33Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, sizin üzərinizdə qüdrətli əllə, uzanan qolla və güclü qəzəblə hökmən padşahlıq edəcəyəm.  34Mən sizi qüdrətli əllə, uzanan qolla və güclü qəzəblə xalqlar arasından çıxaracağam, səpələndiyiniz ölkələrdən bir yerə toplayacağam.  35Sizi xalqların səhrasına gətirəcək və orada üz-üzə mühakimə edəcəyəm.  36Atalarınızı Misir torpağının səhrasında necə mühakimə etdimsə, sizi də eləcə mühakimə edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir.  37“Sizi əsanın altından keçirəcək və əhdlə bağlayacağam.  38Sizin aranızdan Mənə qarşı üsyankar olanları və qanunsuzluq edənləri ayıracağam. Onları müvəqqəti qaldıqları ölkədən çıxaracağam, ancaq İsrail torpağına girməyəcəklər. Onda biləcəksiniz ki, Rəbb Mənəm”.  39Xudavənd Rəbb belə deyir: “Siz ey İsrail nəsli, gedin hər biriniz öz bütlərinizə qulluq edin. Ancaq bundan sonra Mənə qulaq asacaq, hədiyyələriniz və bütlərinizlə bir daha müqəddəs adımı ləkələməyəcəksiniz”.  40Xudavənd Rəbb bəyan edir: “Müqəddəs dağım olan İsrailin uca dağında, həmin ölkədə hamı – bütün İsrail nəsli Mənə qulluq edəcək. Orada onlardan razı olacağam. Bütün müqəddəs şeylərinizlə birgə təqdimlərinizi və ən seçmə hədiyyələrinizi sizdən qəbul edəcəyəm.  41Sizin arasında çıxardığım və səpələndiyiniz ölkələrdən topladığım zaman ətirli təqdim kimi sizdən razı qalacağam. Millətlərin gözü önündə sizin aranızda müqəddəs tutulacağam.  42Sizi atalarınıza verməyi vəd etdiyim torpağa – İsrail torpağına gətirdiyim zaman biləcəksiniz ki, Rəbb Mənəm.  43Orada əməllərinizi və bütün işlərinizi yada salacaqsınız, bu işlərlə siz özünüzü murdar etdiniz. Etdiyiniz bütün pisliklərə görə öz-özünüzdən iyrənəcəksiniz.  44Ey İsrail nəsli, pis əməllərinizə və pozğun işlərinizə görə deyil, ancaq Öz adım naminə sizinlə belə rəftar edəndə biləcəksiniz ki, Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir».  45Mənə yenə Rəbbin sözü nazil oldu:  46«Ey bəşər oğlu, üzünü cənuba doğru çevirib cənuba tərəf danış və Negev meşəsinə qarşı peyğəmbərlik et.  47Negev meşəsinə söylə ki, Rəbbin sözünü dinləsin. Xudavənd Rəbb belə deyir: “Mən sənin içində od yandıracağam və səndə olan bütün yaşıl və quru ağacları yandırıb-yaxacaq. Alışan alov sönməyəcək, cənubdan şimala qədər bütün üzlər odda qovrulacaq.  48Bütün bəşər görəcək ki, odu Mən Rəbb alışdırdım və o sönməyəcək”».  49Mən dedim: «Ah, ya Xudavənd Rəbb! Onlar mənim barəmdə belə deyir: “Bu adam ancaq məsəllərlə danışır, elə deyilmi?”»

 

 

Yezekel 21

Rəbbin cəza qılıncı

1Mənə Rəbbin bu sözü nazil oldu:  2«Ey bəşər oğlu, üzünü Yerusəlimə tərəf çevirib Müqəddəs məkanlara qarşı danış və İsrail torpağının əleyhinə peyğəmbərlik et.  3Sən İsrail torpağına söylə ki, Rəbb belə deyir: “Budur, Mən sənin əleyhinəyəm. Qılıncımı qınından çıxararaq sənin içində olan salehi də, pis adamı da qırıb-çatacağam.  4Sənin içində olan salehi də, pis adamı da qırıb-çatım deyə Mənim qılıncım cənubdan şimaladək ərazidə yaşayan bütün bəşərin üzərinə enmək üçün qınından çıxacaq.  5Onda bütün bəşər biləcək ki, Mən Rəbb qılıncımı qınından çıxardım və bir daha yerinə qayıtmayacaq”.  6İçini çək, ey bəşər oğlu, sən belini büküb onların gözü önündə acı-acı içini çək.  7Onlar sənə “Nəyə görə içini çəkirsən?” söyləyəndə onlara deyərsən: “Gələn xəbərə görə. Hər ürək əriyəcək, hər əl yanına düşəcək, bütün ruhlar zəifləyəcək və bütün dizlər titrəyəcək. O xəbər gəlir, bunlar yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir».  8Mənə Rəbbin bu sözü nazil oldu:  9«Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Xudavənd belə deyir: “Söylə ki, qılınc, qılınc

İtilənib, cilalanıb.

10Öldürmək üçün itilənib,

Şimşək kimi çaxsın deyə cilalanıb.

Necə sevinə bilərik?

Qılınc oğlumun əsasına

Hər hansı bir əl ağacı kimi xor baxdı.

11Qılınc əldə tutulmaq üçün

Cilalanmağa verildi.

Öldürənin əlinə verilsin deyə

İtilənib cilalandı.

12Ey bəşər oğlu, fəryad edib ağla.

Çünki bu qılınc xalqıma və

Bütün İsrail rəhbərlərinə qarşı qalxıb.

Onlar xalqımla birgə

Qılınca təslim edildi.

Bunun üçün sinə döy”.

13Xudavənd Rəbb bəyan edir:

“Qarşıda sınaq var.

Qılıncın xor baxdığı əsa

Daha salamat qalmazsa, nə olar?

14Sən ey bəşər oğlu, peyğəmbərlik et,

Əllərini bir-birinə vur.

Qoy qılınc iki, üç dəfə vursun.

O öldürən bir qılıncdır,

Çoxlu adam qıran,

İnsanı hər tərəfdən saran qılıncdır.

15Onların ürəyi ərisin,

Yerə sərilənlər çox olsun deyə

Bütün darvazalarında qırğın qılıncı qoydum.

Ah, o, şimşək kimi parıldadı,

Öldürmək üçün siyrildi.

16Ey qılınc, sağa-sola dönüb kəs,

Sağa dön, sola dön,

Üzün hara çevrilsə, ora get.

17Mən də əllərimi bir-birinə vuracağam,

Beləcə qəzəbimi yatırdacağam.

Bunu Mən Rəbb söylədim”».

18Mənə Rəbbin bu sözü nazil oldu:  19«Sən ey bəşər oğlu, Babil padşahının qılıncının gəlməsi üçün iki yol hazırla, ikisi də bir ölkədən çıxsın. Bir yerdə nişan qoy, onu şəhər yolunun başında qoy.  20Qılınc Ammon övladlarının Rabba şəhərinə, Yəhudaya və qalalı Yerusəlimə yönəlsin deyə yol hazırla.  21Çünki Babil padşahı yolayrıcında – iki yolun başında falçılıq etmək üçün dayanacaq. Oxları qarışdıracaq, ev bütlərindən soruşacaq, kəsilən bir heyvanın qaraciyərinə baxacaq.  22Onun sağ əlində Yerusəlimi göstərən fal var. Orada qoçbaşı alətləri qoyacaq, öldürmək əmri verəcək, döyüş nidası ucaldacaq, qoçbaşı alətlərini darvazaların önündə qoyacaq, torpaq qalağı və mühasirə divarları düzəldəcək.  23Onunla and içib saziş bağlayanlar falın yalan olduğunu güman edəcək. Ancaq padşah təqsirlərini xatırlayıb onları əsir alacaq.  24Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki təqsirlərinizi və üsyankarlığınızı göstərməklə bunları yada saldınız, bütün işlərinizdə günahlarınız aşkara çıxdı və yada salındınız, mütləq əsir düşəcəksiniz.  25Sən ey murdar və pis olan İsrail rəhbəri, günün çatdı, nəhayət, cəza vaxtın gəldi”.  26Xudavənd Rəbb belə deyir: “Çalmanı və tacı götür. Daha bu belə olmayacaq. Alçalanı yüksəlt, yüksələni alçalt.  27Viran, viran, viran qoyacağam şəhəri! Haqq sahibi gələnə qədər bərpa olunmayacaq. Mən şəhəri ona verəcəyəm”.  28 Sən ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Ammonlular və onların etdikləri təhqirə görə Xudavənd Rəbb belə deyir: “Qılınc, qılınc həlak etmək üçün siyrilib,

Qırğın üçün itilənib ki,

Şimşək kimi parlasın.

29Elə bir zamanda ki

Sənə boş görüntülər görünür,

Sənə yalan falçılıq açırlar.

Ölməli olan pis adamların

Boyunlarına enəcəksən, ey qılınc!

Bu adamların günü çatdı,

Nəhayət, cəza vaxtı gəldi.

30Qılınc qınına qoyulsun!

Səni yaradıldığın yerdə,

Doğulduğun ölkədə mühakimə edəcəyəm.

31Qəzəbimi üstünə tökəcəyəm,

Hiddətimin odunu üstünə püfləyəcəyəm,

Səni vəhşi adamlara təslim edəcəyəm.

Onlar məhv etməkdə mahirdir.

32Sən oda qida olacaqsan,

Ölkə içində qanın töküləcək.

Daha yada salınmayacaqsan,

Çünki Mən Rəbb bunu söylədim”».

 

 

Yezekel 22

Yerusəlimin günahları

1Mənə Rəbbin bu sözü nazil oldu:  2«Sən ey bəşər oğlu, mühakimə edəcəksənmi, qan tökən şəhəri mühakimə edəcəksənmi? Gəl bütün iyrənc işlərini ona bildir.  3Ona söylə ki, Xudavənd Rəbb belə deyir: “Əcəli gəlsin deyə öz içində qan tökən bütlər düzəldərək özünü murdarlayan şəhər!  4Sən tökdüyün qana görə təqsirkar oldun, düzəltdiyin bütlərə görə murdar oldun. Sən əcəlini yaxınlaşdırdın, ömrün sona çatdı. Buna görə də səni millətlər içində rüsvayçılıq, bütün ölkələr arasında istehza hədəfinə çevirdim.  5Ey adı pisliyə çıxan, fitnə dolu şəhər, yaxın olanlar da, uzaq olanlar da sənə istehza edəcək.  6Budur, sənin içində olan hər bir İsrail rəhbəri əlindən gəldiyi qədər qan tökür.  7 Sənin içində ata-anaya hörmət edilmir, sənin içində qəribə qarşı zorakılıq, yetimə və dul qadına haqsızlıq edilir.  8 Müqəddəs şeylərimə xor baxdın, Şənbə günlərimə məhəl qoymadın.  9Sənin içində qan tökmək istəyən böhtançı adamlar var. Sənin içində dağlarda gətirilən qurbandan yeyir, şəhvətə qapılırlar.  10 Sənin içində ögey anaları ilə yatanlar, aybaşı olub murdarlanan qadınları zorlayanlar var.  11Sənin içində kimi qonşusunun arvadı ilə iyrənc iş edir, kimi həyasızlıqla gəlinini murdar edir, kimi öz atasının qızını – bacısını zorlayır.  12 Sənin içində qan tökmək üçün rüşvət alırlar. Sələm və müamilə ilə pul verirsən, zorakılıqla qonşularından haqsız muzd alırsan. Beləcə Məni unutdun” Xudavənd Rəbb belə bəyan edir.  13“Əldə etdiyin haqsız muzddan ötrü və sənin içində tökülən qana görə əllərimi bir-birinə vururam.  14Sənə qarşı hərəkətə gəldiyim gün ürəyində taqət olacaqmı, qollarında qüvvət qalacaqmı? Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm.  15Səni millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm, içindəki murdarlığı məhv edəcəyəm.  16Millətlərin gözündə ləkələnəcəksən. Onda biləcəksən ki, Rəbb Mənəm”».  17Mənə Rəbbin bu sözü nazil oldu:  18«Ey bəşər oğlu, mənim üçün İsrail nəsli metal tullantısına çevrilib. Hamısı soba içində qalan tunca, qalaya, dəmirə, qurğuşuna bənzəyir, gümüş tullantısı kimidir.  19Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki hamınız metal tullantısı kimi oldunuz, Mən sizi Yerusəlimə yığacağam.  20Əritmək üçün odu üfürüb gümüşü, tuncu, dəmiri, qurğuşunu və qalayı necə sobada toplayırlarsa, Mən də eləcə sizi qəzəb və hiddətimlə toplayacağam, sizi şəhərə qoyub əridəcəyəm.  21Sizi toplayıb qəzəbimin odunu üstünüzə üfürəcəyəm və şəhərin içində əriyəcəksiniz.  22Soba içində gümüş necə əridilirsə, siz də şəhərin içində əriyəcəksiniz. Onda biləcəksiniz ki, üstünüzə qəzəbimi tökən Mən Rəbbəm”».  23Mənə Rəbbin bu sözü nazil oldu:  24«Ey bəşər oğlu, ona söylə: “Sən qəzəb günündə təmizlənməmiş, üstünə yağış yağmamış bir torpaqsan.  25Ölkənin peyğəmbərləri nərildəyən, ovunu parçalayan aslan kimi orada tələ qurdu, canlara qıydı, xəzinə və qiymətli şeylər ələ keçirdi, şəhərdə çoxlu qadınları dul qoydu.  26 Kahinləri Mənim qanunumu pozdu, müqəddəs şeylərimi murdarladı, müqəddəs şeyi adi şeydən ayırmadı, murdar şeylə pak şey arasındakı fərqi öyrətmədi. Onlar Mənim Şənbə günlərimə göz yumdu və müqəddəsliyimə etinasızlıq etdi.  27Ölkə içindəki başçıları ovunu parçalayan canavar kimidir, haqsız muzd əldə etmək üçün qan tökür, cana qıyırlar.  28Peyğəmbərləri uydurma görüntülər görüb, yalan fal açaraq bu günahların üstünə suvaq vurur. Mən Rəbb elə demədiyim halda ‹Xudavənd Rəbb belə deyir› söyləyirlər.  29Ölkə xalqı isə bir-birini qarət edərək soyğunçuluqla məşğuldur. Onlar məzlumu və fəqiri incidir, haqsız yerə qəribə zülm edir.  30Onların içində bir adam axtardım ki, divarı təmir etsin və Mənim hüzurumda ölkə naminə divardakı dəliklərin önündə dayansın ki, oranı yerlə yeksan etməyim, ancaq belə adam tapmadım.  31Buna görə də üstlərinə qəzəbimi tökəcəyəm, hiddətimlə onları yandırıb məhv edəcəyəm. Əməllərinin əvəzini başlarına gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».

 

 

Yezekel 23

İki pozğun qadınla müqayisə

1Mənə Rəbbin bu sözü nazil oldu:  2«Ey bəşər oğlu, eyni ananın qızları olan iki qadın var idi.  3Onlar cavanlıqlarında Misirdə olarkən fahişəlik etdi. Onların döşləri orada əlləşdirildi, qızlıq sinələrinə orada əl sürtüldü.  4Bu qadınlardan böyüyünün adı Ohola, bacısınınkı isə Oholiva idi. Onlar Mənimki oldu, oğullar və qızlar doğdu. Ohola Samariyaya, Oholiva Yerusəlimə verilən addır.  5Ohola Mənimki olarkən fahişəlik etdi. Oynaşları olan qonşu Aşşurlulara aludə oldu.  6Onların hamısı mavi paltar geyinmiş valilər və başçılar, cazibədar cavanlar, atlara minmiş adamlar idi.  7Onlarla fahişəlik etdi. Onların hamısı Aşşurun ən seçmə adamları idi. Ohola kimə aludə oldusa, onun bütün bütləri ilə özünü murdar etdi.  8Misirdə başladığı fahişəliyindən əl çəkmədi. Çünki cavanlığında onunla yatmışdılar, qızlıq sinəsinə əl sürtmüşdülər, şəhvətlərini onun üstünə tökmüşdülər.  9Buna görə də onu aludə olduğu oynaşlarına – Aşşur övladlarına təslim etdim.  10Onlar Oholanın ayıbını açdı, oğullarını və qızlarını əlindən aldı, özünü isə qılıncla öldürdü. O, qadınlar arasında rüsvay oldu, onun hökmünü yerinə yetirdilər.  11Onun bacısı Oholiva bunu gördü, amma Oholivanın şəhvəti daha qızğın, fahişəliyi bacısından daha betər idi.  12O da qonşuları Aşşur övladlarına – valilərə və başçılara, dəbdəbə ilə geyinmiş, atlara minmiş adamlara aludə oldu. Onların hamısı cazibədar cavanlar idi.  13Mən gördüm ki, o da murdarlanıb və hər iki qadın eyni yolu gedir.  14Oholiva get-gedə fahişəliyini artırdı, çünki divara oyulmuş insan təsvirlərini –  15bellərinə qurşaq, başlarına böyük çalma bağlamış Xaldeylilərin qırmızı rəngli şəkillərini gördü. Onların hamısı əsillərinə görə Xaldey ölkəsindən olan Babil zabitlərinə bənzəyirdi.  16Oholiva görən kimi onlara aludə oldu və onların yanına – Xaldey ölkəsinə qasidlər göndərdi.  17Babil övladları Oholivanın yanına, işrət yatağına gəlib şəhvətləri ilə onu murdarladı. O onlarla murdar olandan sonra onlardan iyrəndi.  18O, fahişəliyini göstərəndə, ayıbını açanda ürəyim bacısından iyrənən kimi ondan da iyrəndi.  19Misir torpağında fahişəlik etdiyi gənclik çağını yada salıb fahişəliyini daha da artırdı.  20Cinsiyyət üzvü eşşəyinki kimi, toxumları ayğırınkı kimi olan oynaşlarına aludə oldu.  21Beləcə sən gənclik çağında etdiyin pozğunluğa qayıtdın. O zaman Misirlilər sənin sinənə əl sürtərək cavan döşlərini əlləşdirirdi.  22Buna görə də, ey Oholiva, Xudavənd Rəbb belə deyir: “Bax iyrəndiyin oynaşlarını sənə qarşı təhrik edəcək, hər tərəfdən sənin üstünə gətirəcəyəm.  23Babillilərlə bütün Xaldeyliləri, Peqod, Şoa və Qoa xalqını, bütün Aşşurluları gətirəcəyəm. Onlar cazibədar cavanlar, valilər, başçılar, zabitlər və məşhur adamlardır. Hamısı da atlara minib.  24Onlar silahlarla, müharibə və yük arabaları ilə, çoxlu xalqdan ibarət qoşunla üstünə gələcək, sipərlə, qalxanla və dəbilqə ilə hər tərəfdən sənə qarşı düzüləcəklər. Hökm etmək ixtiyarını onlara verəcəyəm, öz hökmlərinə görə səni mühakimə edəcək.  25Qısqanclığımı sənə qarşı çevirəcəyəm, səninlə qəzəblə rəftar edəcəklər. Burnunu və qulaqlarını kəsib salacaqlar, sağ qalanların qılıncla həlak olacaq. Oğullarını və qızlarını əsir alacaqlar, sağ qalanlarını od yandırıb məhv edəcək.  26Sənin paltarlarını soyunduracaq, gözəl bəzəklərini alacaqlar.  27Beləcə Misir torpağından gətirdiyin pozğunluğuna və fahişəliyinə son qoyacağam. Bu şeylərin artıq həsrətini çəkməyəcək, daha Misiri yada salmayacaqsan”.  28Çünki Xudavənd Rəbb belə deyir: “Səni nifrət etdiyin adamlara, iyrəndiyin adamlara təslim edəcəyəm.  29Onlar səninlə nifrətlə rəftar edəcək, bütün zəhmətinin bəhrəsini əlindən alacaq, səni lüt və çılpaq qoyacaq. Beləcə fahişəliyinin ayıbı üzə çıxacaq. Pozğunluğun və fahişəliyin  30bunları sənin başına gətirdi, çünki başqa millətlərlə birgə fahişəlik etdin, onların bütləri ilə murdar oldun.  31Öz bacının yolu ilə getdin. Buna görə də onun kasasını sənin əlinə verəcəyəm”.  32Xudavənd Rəbb belə deyir:

“Sən bacının kasasından içəcəksən.

O dərin və genişdir.

Sənə gülüb istehza edəcəklər,

Çünki dopdolu bir kasadır.

33Sərxoşluq və kədərlə dolacaqsan.

Bacın Samariyanın kasası

Dəhşət və viranəlik kasasıdır.

34Bu kasadan içəcəksən,

Onu boşaldacaqsan,

Parçalarını gəmirəcəksən,

Köksünü yırtacaqsan”.

Çünki bunu Mən söylədim,

Xudavənd Rəbb belə bəyan edir.

35Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki Məni unutdun, Mənə arxa çevirdin, pozğunluğun və fahişəliyin üçün cəzanı çək”».  36Rəbb mənə dedi: «Ey bəşər oğlu, Oholanı və Oholivanı mühakimə edəcəksənmi? Elə isə iyrənc işlərini özlərinə bildir.  37Çünki onlar xəyanət etdi və əlləri qana batıb. Onlar bütlərə səcdə edib xəyanət etdi. Hətta Mənim üçün doğduqları oğullarını bütlərə yemək olmaq üçün təqdim etdilər.  38Mənə qarşı hələ bunları da etdilər: həmin gün Müqəddəs məkanımı murdar etdilər, Şənbə günlərimə məhəl qoymadılar.  39Onlar bütləri üçün övladlarını kəsdikdən sonra həmin gün Müqəddəs məkanıma girərək oranı murdarladılar. Üstəlik bunu məbədimin ortasında etdilər.  40Bundan başqa, qasidlər göndərib uzaqdan gələn adamlar gətirtdilər. Bu adamlar gələndə sən onlar üçün yuyundun, gözlərinə sürmə çəkdin və bər-bəzək taxdın.  41Möhtəşəm divan üzərində oturdun. Onun önündə hazırlanmış süfrə var idi. Mənim buxurumu və zeytun yağımı onun üstünə qoydun.  42Ətrafında kef edən bir dəstənin gurultusu yüksəldi. Bayağı adamlar dəstəsi ilə səhradan Sevalılar oraya gətirildi. O iki qadının biləklərinə bilərziklər, başlarına şərəf tacları qoydular.  43Mən zinakarlıqda qarımış qadın barədə dedim: “İndi qoy onlar bu qadınla zina etsin, çünki o, fahişədir”.  44Fahişənin yanına girən kimi onun yanına girdilər. Beləcə pozğun qadınlar olan Ohola ilə Oholivanın yanına girdilər.  45Amma saleh adamlar zina edən qadına verilən cəzanı, qan tökən qadına verilən cəzanı onlara verəcək, çünki bu qadınlar zina edib və əlləri qana batıb.  46Buna görə də Xudavənd Rəbb belə deyir: “Üstlərinə bir qoşun gətir və onları dəhşətə, talana düçar et.  47Bu qoşun onları daşqalaq edəcək və qılıncla doğrayacaq. Oğullarını və qızlarını öldürüb evlərini yandıracaqlar.  48Ölkədə olan pozğunluğa son qoyacağam. Bütün qadınlar bundan dərs alıb sizin kimi pozğunluq etməyəcək.  49Pozğunluğunuzun cəzasını öz başınıza gətirəcəklər. Bütlərinizə tapınmağınızın əvəzini alacaqsınız. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”».

 

 

Yezekel 24

Paslanmış qazanla müqayisə

1Sürgünlüyümüzün doqquzuncu ilində, onuncu ayın onuncu günü mənə Rəbbin bu sözü nazil oldu:  2 «Ey bəşər oğlu, bu günün, məhz bu günün tarixini qeyd elə. Çünki Babil padşahı məhz bu gün Yerusəlimi mühasirəyə aldı.  3Bu üsyankar xalqa bir məsəl danışıb söylə ki, Xudavənd Rəbb belə deyir: “Qazanı oda qoy, oda qoy,

İçinə su doldur.

4Ətin parçalarını, ən yaxşı parçalarını,

Budu və döşü oraya yığ.

Onu seçilmiş sümüklərlə doldur.

5Sürüdən ən yaxşı heyvanları götür,

Qazanın altına isə odun

yığ. Qoy içindəki su qaynasın ki,

Qazandakı sümükləri də bişsin”.

6Buna görə də Xudavənd Rəbb belə deyir:

“Qan tökən şəhərin vay halına!

Ora pas tutmuşdur,

Öz pasından təmizlənməmiş qazana bənzəyir.

Püşk atmadan əti parça-parça qazandan çıxarın.

7Çünki onun tökdüyü qan hələ içindədir.

Qanı tozla örtmək üçün hətta yerə də tökmədi,

Düz çılpaq qayanın üstünə axıtdı.

8Mən də qəzəbi alovlandıraraq

Qisas alınsın deyə

Onun qanını çılpaq bir qayanın

Üstünə tökdüm ki, örtülməsin”.

9Buna görə də Xudavənd Rəbb belə deyir:

“Qan tökən şəhərin vay halına!

Mən də odun qalağını böyüdəcəyəm.

10Odunları yığ, odu alovlandır,

Əti yaxşı bişir,

Ədviyyatını qat,

Sümüklər də yansın.

11Onun közləri üstünə

Qazanı boş qoy ki, qızsın,

Misi yansın,

İçindəki murdarlığı getsin,

Pası ərisin.

12Bütün zəhmət hədər getdi,

Qalın pası ərimək bilmir,

Pası odla da çıxmır.

13Etdiyin pozğunluq səni murdarladı,

Səni təmizləmək istədim,

Amma sən təmizlənmək istəmədin.

Sənə qarşı qəzəbim yatana qədər

Öz murdarlığından təmizlənməyəcəksən.

14Mən Rəbb bunu söylədim,

Vaxt çatdı ki, yerinə yetirim.

Çəkinməyəcəyəm, acımayacağam,

Peşman olmayacağam.

Adətlərinə və əməllərinə görə cəzalanacaqsan”

Xudavənd Rəbb belə deyir».

Yezekelin arvadının ölümü

15Mənə Rəbbin bu sözü nazil oldu:  16«Ey bəşər oğlu, gözündə çox qiymətli olan bir nəfəri bir zərbə ilə əlindən alacağam. Amma sən yas tutma, ağlayıb göz yaşı tökmə.  17İçin-için ağla, ölülər üçün yas tutma. Çalmanı başına qoyub çarığını ayağına gey. Üzünün alt hissəsini örtmə, yas tutanların çörəyini yemə».  18Mən səhər xalqa bu sözləri söylədim. Axşamüstü arvadım öldü. Ertəsi gün səhər mənə əmr olunanı etdim.  19Xalq mənə dedi: «Etdiyin bu şeylərin bizə nə dəxli var? Bizə bildirməzsən?»  20Mən onlara dedim: «Mənə Rəbbin bu sözü nazil oldu:  21İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Öyündüyünüz güc mənbəyinizi, gözünüzdə ən qiymətli olan şeyi, ürəyinizin arzusu olan Müqəddəs məkanımın murdarlanmasına izin verəcəyəm. Arxada qoyduğunuz oğullarınız və qızlarınız qılıncdan keçiriləcək.  22Mən nə etdimsə, siz də elə edəcəksiniz: üzünüzün alt hissəsini örtməyəcəksiniz, yas tutanların çörəyini yeməyəcəksiniz.  23Çalmanız başınızda, çarığınız ayağınızda olacaq. Yas tutmayacaq, ağlamayacaqsınız, ancaq təqsirlərinizin içində əriyib yox olacaq, baş-başa verib inləyəcəksiniz.  24Yezekel sizə bir əlamət olacaq: o nə edəcəksə, siz də onu edəcəksiniz. Bu hadisələr olanda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”.  25Sən ey bəşər oğlu, qalalarını, sevinc və izzətlərini, gözlərində qiymətli olan şeyi, ürəklərinin arzusunu, oğulları ilə qızlarını onlardan aldığım vaxt –  26o gün fəlakətdən qaçıb qurtulan bir nəfər gəlib sənə bu xəbəri bildirəcək.  27O gün bu qaçağın yanında dilin açılacaq, onunla danışacaq, artıq dinməz qalmayacaqsan. Beləcə onlar üçün bir əlamət olacaqsan. Onda biləcəklər ki, Rəbb Mənəm».

 

 

Yezekel 25

Ammonluların əleyhinə peyğəmbərlik

1Mənə Rəbbin bu sözü nazil oldu:  2«Ey bəşər oğlu, üzünü Ammon övladlarına tərəf çevir və onların əleyhinə peyğəmbərlik et.  3Ammon övladlarına söylə ki, Xudavənd Rəbbin sözünü dinləsinlər. Xudavənd Rəbb belə deyir: “Siz Müqəddəs məkanım ləkələnəndə, İsrail torpağı viran ediləndə və Yəhuda nəsli sürgünə gedəndə ‹nə yaxşı› dediniz.  4Buna görə də Mən icazə verəcəyəm ki, şərq xalqları sizin torpağınızı fəth etsin. Onlar torpağınızda yurd salacaq, çadır quracaq. Meyvələrinizi onlar yeyəcək, südünüzü onlar içəcək.  5Rabbanı dəvələr üçün otlağa, Ammon övladlarının torpağını sürülər üçün ağıla çevirəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm”.  6Xudavənd Rəbb belə deyir: “İndi ki siz əllərinizi bir-birinə vurub ayaqlarınızı yerə döydünüz və İsrail torpağını təhqir edib fəlakətinə bütün qəlbinizlə sevindiniz,  7Mən də sizə qarşı əlimi uzadıb sizi qarət malı kimi millətlər arasında bölüşdürəcək, xalqlar sırasından silib-atacaq, ölkələr içindən yox edəcək və məhv edəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm”.

Moavlıların əleyhinə peyğəmbərlik

8 Xudavənd Rəbb belə deyir: “Moav və Seir xalqı deyir ki, budur, daha Yəhuda nəslinin başqa xalqlardan fərqi yoxdur.  9Buna görə də Mən Moavın sərhədini açıb ölkənin şöhrəti olan sərhəd şəhərlərini – Bet-Yeşimotu, Baal-Meonu, Qiryatayimi müdafiəsiz qoyacağam.  10Ammonlular bir daha xalqlar arasında yada salınmasınlar deyə Moavı Ammonluların torpağı ilə birlikdə şərq xalqlarına verəcəyəm.  11Beləcə Moav xalqını cəzalandıracağam. Onda biləcəklər ki, Rəbb Mənəm”.

Edomluların əleyhinə peyğəmbərlik

12 Xudavənd Rəbb belə deyir: “Edom qisas alaraq Yəhuda nəsli ilə pis rəftar etdi, onlardan intiqam alaraq böyük təqsir etdi”.  13Buna görə də Xudavənd Rəbb belə deyir: “Edom torpağına əlimi uzadıb insanı da, heyvanı da oradan silib-atacaq, ölkəni viran edəcəyəm. Temandan Dedana qədər Edomlular qılıncla vurulub həlak olacaq.  14Mən xalqım İsrail vasitəsilə Edomdan Öz qisasımı alacağam. İsraillilər Edomda qəzəb və hiddətimə görə rəftar edəcək. Beləcə Edomlular Mənim qisasımın nə olduğunu anlayacaq” Xudavənd Rəbb belə bəyan edir.

Filiştlilərin əleyhinə peyğəmbərlik

15 Xudavənd Rəbb belə deyir: “Filiştlilər Yəhudadan qisas alaraq pis rəftar etdi, ürəklərindəki əbədi ədavətlə onu yerlə yeksan edərək intiqam aldı”.  16Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Filiştlilərə qarşı əlimi uzadıb Keretliləri silib-atacağam, dəniz sahilində yaşayanlardan salamat qalanları məhv edəcəyəm.  17Onları şiddətlə məzəmmətləyib böyük qisaslar alacağam. Onlardan qisas alanda biləcəklər ki, Rəbb Mənəm”».

 

 

Yezekel 26

Sur şəhərinin əleyhinə peyğəmbərlik

1Sürgünlüyümüzün on birinci ilində, ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu:  2«Ey bəşər oğlu, Yerusəlimə qarşı Sur belə dedi: “Nə yaxşı ki xalqların qapısı olan şəhər dağıldı, darvazaları mənim üçün açıldı. O dağıldığı üçün mən varlanacağam”.  3Bu sözlərə görə Xudavənd Rəbb belə deyir: “Ey Sur, Mən sənə qarşı gəlirəm. Dəniz necə dalğalarını coşdurursa, Mən də eləcə çoxlu milləti sənin üstünə coşduracağam.  4Onlar Surun divarlarını dağıdacaq və qüllələrini uçuracaq. Töküntülərini silib-süpürəcək, onu çılpaq bir qayaya çevirəcəyəm.  5Sur dənizin ortasında torların sərildiyi bir yer olacaq, çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir. Sur millətlər üçün qarət malı olacaq.  6Oraya tabe olan sahil şəhərlərində yaşayanlar qılıncla öldürüləcək. Onda biləcəklər ki, Rəbb Mənəm”.  7Xudavənd Rəbb belə deyir: “Mən padşahlar padşahı olan Babil padşahı Navuxodonosoru atlar, döyüş arabaları, süvarilər, qoşun və çoxlu xalqla birgə şimaldan Surun üstünə gətirəcəyəm.  8Ey Sur, o sənə tabe olan sahil şəhərlərində yaşayanları qılıncla öldürəcək, sənə qarşı mühasirə divarları, torpaq qalağı quracaq və sipərini əleyhinə qaldıracaq.  9Sənin divarlarını vurub-dəlmək üçün qoçbaşı alətləri quracaq, baltaları ilə qüllələrini uçuracaq.  10Atları çox olduğu üçün onların tozu səni örtəcək. Divarlarında oyuq açılmış bir şəhərə girilən tək sənin darvazalarından girdikləri zaman atlıların, təkərlərin və döyüş arabalarının gurultusundan divarların titrəyəcək.  11O öz atlarının dırnaqları ilə sənin bütün küçələrini tapdalayıb xarab edəcək, xalqını qılıncla öldürəcək. Möhkəm sütunların yerlə yeksan olacaq.  12Onlar sərvətini talan edəcək, ticarət mallarını qarət edəcək. Sənin divarlarını dağıdacaq, gözəl evlərini uçuracaq, daşlarını, taxtalarını və töküntülərini suya atacaqlar.  13 Oxuduğun nəğmələrin səsinə son qoyacağam. Liralarının sədası artıq eşidilməyəcək.  14Səni çılpaq bir qayaya çevirəcəyəm, torların sərildiyi bir yer olacaqsan. Bir daha tikilməyəcəksən”, çünki Mən Rəbb bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir.  15Xudavənd Rəbb Sura belə deyir: “Səndə qırğın olanda, yaralılar inildəyəndə dağılmağının gurultusundan sahil xalqları titrəməyəcəkmi?  16 Bütün dəniz ölkələrinin rəhbərləri taxtlarından enəcək, libaslarını çıxaracaq, əlvan naxışlı paltarlarını soyunacaq, dəhşətə bürünəcək, yerə oturacaq, hər an titrəyəcək və sənin taleyindən heyrətə düşəcək.  17Onlar sənin üçün mərsiyə oxuyub deyəcək: ‹Dənizçilərin yaşadığı məşhur şəhər,

Sən necə məhv oldun?

Dənizdə güclü idin.

Sən və sənin əhalin

Sahildə yaşayanların hamısını

Dəhşətə salmışdınız.

18İndi dağıldığın gün

Adalar titrəyir,

Adalarda yaşayanlar

Sənin yıxılmağından heyrətə düşür›”.

19Xudavənd Rəbb belə deyir: “Səni sakinsiz qalmış şəhərlər kimi xaraba bir şəhərə çevirdiyim, əngin dənizlərlə qərq etdiyim vaxt dərin sular səni örtəndə  20qəbirə enənlərlə birgə qədim zamanlarda yaşayanların yanına endirəcəyəm. Sənin üçün qəbirə enənlərlə birgə qədim xarabalıqlar kimi yer üzünün dərinliklərində məskən quracağam ki, bir daha qayıtmayasan və Mən sənə dirilər arasında izzət verməyim.  21 Aqibətini dəhşətli edəcəyəm. Sən artıq yox olacaqsan. Səni axtaracaq, ancaq tapmayacaqlar” Xudavənd Rəbb belə bəyan edir».

Yezekel 27

Sur şəhəri üçün mərsiyə

1Mənə Rəbbin bu sözü nazil oldu:  2«Sən ey bəşər oğlu, Sur üçün mərsiyə oxuyub  3ona söylə ki, sən ey dəniz qapılarında yerləşən, çoxlu sahil xalqı ilə ticarət edən şəhər, Xudavənd Rəbb belə deyir: “Ey Sur, sən dedin:

‹Mən gözəllikdə qüsursuzam›.

4Sərhədlərin dənizin qoynunda idi.

Səni tikənlər gözəlliyini kamil etdi.

5Bütün taxtalarını

Senirin şam ağaclarından düzəltdilər.

Sənə dor qayırmaq üçün

Livandan sidr ağacları gətirdilər.

6Avarlarını Başanın palıd ağaclarından qayırdılar,

Göyərtəni fil sümüyü ilə bəzənən,

Kittim sahillərindən gətirilən

Şam ağaclarından düzəltdilər.

7Sənin yelkənin, bayrağın

Misirin naxışlı kətanından oldu.

Talvarın Elişa sahillərinin

Bənövşəyi və tünd qırmızı parçalarından idi.

8Sidonda və Ervadda yaşayanlar

Sənin avar çəkənlərin idi.

Ey Sur, səndə bacarıqlı adamlar var idi,

Gəmiçilərin onlardan idi.

9Gəmilərindəki yarıqları təmir edənlər

Gevalın təcrübəli və bacarıqlı adamları idi.

Dənizdəki bütün gəmilər və dənizçilər

Mallarını dəyişmək üçün

Sənin yanına gəldi.

10Fars, Lud və Put əsgərləri

Ordunda xidmət edirdi.

Qalxanlarını, dəbilqələrini

Divarlarından asdılar,

Sənə əzəmət verdilər.

11Ervaddan və Xelekdən gələnlər

Hər tərəfdən divarlarını qorudu.

Qammadlılar qüllələrində gözətçi oldu.

Qalxanlarını divarlarından asdı,

Gözəlliyini kamil etdi.

12Səndə hər cür mal bol olduğu üçün

Tarşiş səninlə ticarət etdi,

Mallarının əvəzinə sənə

Gümüş, dəmir, qalay və qurğuşun verdilər.

13Yavan, Tuval və Meşek səninlə ticarət etdi,

Mallarının əvəzinə sənə

Qullar və tunc qablar verdilər.

14Bet-Toqarma xalqı

Mallarının əvəzinə sənə

At, döyüş atı və qatır verdi.

15Dedan xalqı səninlə ticarət etdi,

Çoxlu sahil xalqı sənin müştərin idi,

Səndən aldıqları malın əvəzinə

Fil sümüyü və abnos ağacı verdilər.

16Sənin məmulatın çox olduğu üçün

Aram səninlə ticarət etdi,

Mallarının əvəzində sənə

Firuzə, tünd qırmızı qumaş, naxışlı paltarlar,

İncə kətan, mərcan və yaqut verdilər.

17Yəhuda və İsrail ölkəsi səninlə ticarət etdi,

Mallarının əvəzinə sənə

Minnit buğdası, darı, bal,

Zeytun yağı və balzam verdilər.

18Sənin məmulatın çox olduğu üçün,

Səndə hər cür mal bol olduğuna görə

Dəməşq səninlə ticarət etdi,

Helbon şərabı, Saxar yunu ilə ticarət etdi.

19Vadan və Uzaldan gələn

Yavan səninlə ticarət etdi.

Sənə gətirilən mallar arasında

İşlənmiş dəmir, darçın və ətirli qamış var idi.

20Dedan xalqı səninlə ticarət edib

Sənə yəhər üçün qumaş verdi.

21Ərəbistan və bütün Qedar rəhbərləri

Sənin müştərilərin idi,

Quzu, qoç və təkə ilə

Səninlə ticarət etdilər.

22Səba və Raama tacirləri

Səninlə ticarət etdi.

Mallarının əvəzinə sənə

Hər cür dəyərli ətriyyat, qiymətli daşlar və qızıl verdilər.

23Xaran, Kanne, Eden, Səba tacirləri, Aşşur və Kilmad

Səninlə ticarət etdi,

24Onlar bazarlarında

Gözəl paltar, bənövşəyi qumaş, naxışlı libaslar,

Sıx toxunmuş, iplərlə bağlanmış

Rəngli xalçalarla

Səninlə ticarət etdi.

25Tarşiş gəmiləri sənin mallarını daşıdı. Dənizin qoynunda böyük yüklə doldun.

26Avarçəkənlərin səni açıq dənizlərə çıxartdı,

Ancaq şərq yeli dənizin qoynunda səni parçaladı.

27Gəmin qəzaya uğradığı gün

Var-dövlətin, malların, ticarət şeylərin,

Gəmiçilərin, sükançıların,

Təmirçilərin, ticarət şəriklərin,

Döyüşçülərin – içində olan bütün camaat

Dənizin dərinliklərinə batacaq.

28Sükançıların fəryadından

Dənizin sahilləri titrəyəcək.

29Avarçəkənlərin hamısı gəmilərini tərk edəcək,

Gəmiçilərlə sükançıların hamısı

Gəmilərindən düşüb quruda dayanacaq.

30Uca səslə sənin üçün

Acı-acı fəryad edəcəklər.

Başlarına torpaq səpələyəcəklər,

Küldə eşələnəcəklər.

31Sənin üçün saçlarını ülgüclə qırxacaqlar,

Çula bürünəcəklər.

Sənin üçün acı-acı ağlayıb

Yas tutacaqlar.

32Yaslarında sənin üçün mərsiyə oxuyub

Belə deyəcəklər:

‹Dənizin ortasında

Sur şəhəri kimi susdurulan

Bir şəhər varmı görəsən?›

33Malların dənizin o tayına çatanda

Çoxlu xalqı doydururdun.

Böyük var-dövlətinlə, malınla

Dünya padşahlarını sərvət sahibi edirdin.

34İndi isə dənizdə, suların dərinliyində

Xarabalığa çevrildiyin zaman

Mal-dövlətin və bütün camaatın

Səninlə birlikdə batdı.

35Sahillərdə yaşayanların hamısı

Başına gələnlərdən heyrətə düşdü.

Onların padşahlarının tükləri biz-biz oldu,

Bənizləri soldu.

36Millətlərin arasındakı tacirlər

Sənə görə fit çalacaq.

Aqibətin dəhşətli oldu,

Sən əbədi olaraq yox olacaqsan”».

 

 

Yezekel 28

Sur padşahının əleyhinə peyğəmbərlik

1Mənə Rəbbin bu sözü nazil oldu:  2«Ey bəşər oğlu, Sur hökmdarına söylə ki, Xudavənd Rəbb belə deyir: “Sən qürurlandın və belə söylədin: ‹Mən Allaham,

Dənizlərin qoynunda,

Allahın taxtında otururam›.

Ürəyində özünü Allah sandın,

Ancaq sən Allah deyil, insansan.

3Bax sən Danieldən daha müdriksən,

Heç kəs öz sirrini səndən gizlədə bilməz.

4Müdrikliyin və ağlınla özünə sərvət yığdın,

Xəzinələrinə qızıl-gümüş topladın.

5Ticarətdə çox bacarıqlı olduğun üçün

Öz sərvətini artırdın.

Var-dövlətin çoxalanda

Özünə qürrələndin”.

6Buna görə də Xudavənd Rəbb belə deyir:

“İndi ki ürəyində özünü Allah sandın,

7Mən də yadelliləri, ən rəhmsiz millətləri

Üstünə göndərəcəyəm.

Onlar sənin müdrikliyinin gözəlliyinə

Qılınc çəkib

Əzəmətini murdarlayacaq.

8Səni məzara endirəcəklər.

Sən dənizlərin qoynunda

Dəhşətli bir ölümlə məhv olacaqsan.

9Səni öldürənlərə də

‹Mən Allaham› deyəcəksənmi?

Səni öldürənlərin əlində

Sən Allah deyil, insansan.

10Yadellilərin əlində

Sünnətsizlərin ölümü ilə öləcəksən”.

Çünki Mən bunu söylədim,

Xudavənd Rəbb belə bəyan edir».

11Mənə yenə Xudavənd Rəbbin sözü nazil oldu: «Ey bəşər oğlu, Sur padşahı üçün mərsiyə oxuyub söylə ki, Xudavənd Rəbb belə deyir:  12“Sən kamilliyin möhürüsən,

Müdrikliyin bütöv,

Gözəlliyin qüsursuz idi.

13Sən Allahın bağçası olan Eden bağında idin.

Cürbəcür qiymətli daşlarla –

Yaqut, topaz, almaz,

Sarı yaqut, damarlı əqiq, yəşəm daşı,

Göy yaqut, firuzə və zümrüdlə bəzənmişdin.

Qaxma və oyma işlərin qızıldan idi.

Bunlar yaradıldığın gün hazırlanmışdı.

14Sən məsh edilmiş, qoruyucu bir keruv idin.

Səni bunun üçün qoymuşdum.

Allahın müqəddəs dağının üstündə idin,

Odlu daşlar arasında gəzirdin.

15Yaradıldığın gündən

Səndə pislik tapılana qədər

Yollarında qüsursuz idin.

16Bol ticarətindən ötrü

İçin zorakılıqla doldu,

Sən günah etdin.

Buna görə də səni murdar bir şey kimi

Allahın dağından atdım,

Odlu daşların arasından qovdum,

Ey qoruyucu keruv!

17Gözəl olduğun üçün ürəyin qürurlandı,

Əzəmətinə görə müdrikliyini korladın.

Beləcə səni yerə atdım,

Padşahların önündə tamaşaya çevirdim.

18Çoxlu təqsir etdiyin üçün,

Ticarətdə əliəyriliyinə görə

Müqəddəs məkanlarını murdarladın.

Mən içindən bir od çıxardım ki,

Səni yandırıb məhv etsin.

Bütün seyr edənlərin gözü önündə

Səni torpaq üstündə külə çevirdim.

19Xalqlar arasında səni tanıyanlar

Fəlakətinə heyrət etdi.

Aqibətin dəhşətli oldu,

Artıq salamat qalmayacaqsan”».

Sidonun əleyhinə peyğəmbərlik

20 Mənə Rəbbin bu sözü nazil oldu:  21«Ey bəşər oğlu, üzünü Sidona tərəf çevirib onun əleyhinə peyğəmbərlik edərək söylə ki,  22Xudavənd Rəbb belə deyir: “Ey Sidon, Mən sənin əleyhinəyəm,

Sənin içində izzət qazanacağam.

Mən sakinlərini cəzalandırıb

Onların arasında müqəddəs tutulanda

Biləcəklər ki, Rəbb Mənəm.

23Əhalinin içinə vəba,

Küçələrinə qan göndərəcəyəm.

Hər tərəfdən onların üstünə gələn qılıncla

Vurulub həlak olacaqlar.

Onda biləcəklər ki, Rəbb Mənəm.

Allahın İsrail xalqına vədi

24İsrail nəslinin ətrafında olub onları təhqir edən heç bir xalq bir daha İsrail üçün batan tikan, sancan qanqal olmayacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”.  25Xudavənd Rəbb belə deyir: “İsrail xalqını aralarına səpələdiyim xalqların içindən yığanda, millətlərin gözü önündə müqəddəs tutulanda onlar qulum Yaquba verdiyim torpaqlarında sakin olacaq.  26Orada asayiş içində yaşayacaq, evlər tikəcək və bağlar salacaqlar. Onları təhqir edən bütün ətraf xalqları cəzalandırdığım zaman asayiş içində yaşayacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm”».

 

 

Yezekel 29

Misirin əleyhinə peyğəmbərlik

1Sürgünlüyümüzün onuncu ilində, onuncu ayın on ikinci günü mənə Rəbbin sözü nazil oldu:  2«Ey bəşər oğlu, üzünü Misir padşahı olan firona tərəf çevir, onun və bütün Misirin əleyhinə peyğəmbərlik edib söylə ki,  3Xudavənd Rəbb belə deyir: “Ey öz çayları içində yatan

Böyük əjdaha Misir padşahı firon,

Mən sənin əleyhinəyəm.

Sən deyirsən: ‹Nil çayı mənimdir,

Onu özüm üçün yaratdım›.

4Sənin çənənə qarmaq keçirəcəyəm,

Çaylarındakı balıqları

Sənin pulcuqlarına yapışdıracağam.

Pulcuqlarına yapışmış balıqlarla birgə

Səni çaylarından çıxaracağam.

5Səni də, çaylarındakı bütün balıqları da

Səhraya atacağam.

Çöllərə düşəcəksən,

Yığılıb basdırılmayacaqsan.

Səni yem kimi vəhşi heyvanlara,

Göydəki quşlara verəcəyəm.

6Onda Misirdə yaşayan hər kəs Biləcək ki, Rəbb Mənəm.

Çünki sən İsrail xalqı üçün

Qamışdan olan bir dəyənək oldun.

7Səndən yapışdıqları zaman

Qırılıb onların çiyinlərini yardın,

Sənə söykəndikləri zaman

Qopub onların bellərini burxutdun”.

8Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən sənin üstünə qılınc gətirəcəyəm, insanı da, heyvanı da üzərindən silib məhv edəcəyəm.  9Misir kimsəsiz qalacaq və xarabalığa çevriləcək. Onda biləcəklər ki, Rəbb Mənəm. Firon dedi: ‹Nil çayı mənimdir, onu mən yaratdım›.  10Buna görə də Mən sənin və çaylarının əleyhinə olacağam. Misir torpağını Miqdoldan Asvana, Kuş sərhədinə qədər kimsəsiz qoyacağam və xarabalığa çevirəcəyəm.  11İçindən insan ayağı da, heyvan ayağı da keçməyəcək, orada qırx il adam yaşamayacaq.  12Misiri xaraba qalan ölkələr kimi xarabalığa çevirəcəyəm. Şəhərləri viran olmuş şəhərlər kimi qırx il kimsəsiz qalacaq. Misirliləri millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm”.  13Xudavənd Rəbb belə deyir: “Qırx ildən sonra Misirliləri səpələndikləri xalqların arasından bir yerə yığacağam.  14Sürgün olunan Misirliləri Patros torpağına – öz vətənlərinə geri qaytaracağam. Onlar orada zəif bir padşahlıq yaradacaq.  15Padşahlıqların ən gücsüzü olacaqlar, bir daha millətlərin üzərində ağalıq etməyəcəklər. Daha millətlərə hökmran olmasınlar deyə onların sayını azaldacağam.  16Misir bir daha İsrail xalqının güvəndiyi yer olmayacaq. Misirlilər onlara Misirə qayıtmaqla günah etdiklərini xatırladacaqlar. İsraillilər onda biləcəklər ki, Xudavənd Rəbb Mənəm”».  17Sürgünlüyümüzün iyirmi yeddinci ilində, birinci ayın birinci günü mənə Rəbbin sözü nazil oldu:  18«Ey bəşər oğlu, Babil padşahı Navuxodonosor Surla müharibədə öz ordusuna çox zəhmət verdi: əsgərlərin saçı töküldü, ağır yük daşımaqdan çiyinləri yağır oldu. Amma Surla müharibədə ordusuna zəhmət verməsinə baxmayaraq, bunun nə özünə, nə də ordusuna bir xeyri oldu.  19Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Misir ölkəsini Babil padşahı Navuxodonosora verəcəyəm. O, sərvətini aparıb ölkəni qarət və talan edəcək. Ordusunun xeyri bu olacaq.  20Çəkdiyi zəhmətin əvəzində Misir ölkəsini ona verdim, çünki o da, ordusu da bu işi Mənim üçün etdi” Xudavənd Rəbb belə bəyan edir.  21“O gün İsrail nəslinin gücünü özünə qaytaracağam. Onların arasında sənin dilini açacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”».

 

 

Yezekel 30

Rəbbin Misirliləri cəzalandırması

1Mənə Rəbbin bu sözü nazil oldu:  2«Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “‹Ah, o gün› deyib fəryad edin,

3Çünki o gün yaxındır,

Rəbbin günü yaxındır.

O gün buludlu gündür,

Millətlərin qiyamət günüdür.

4Misirin üstünə qılınc gələcək,

Kuş əzab çəkəcək.

Misirdə adamlar həlak olanda

Ölkənin sərvəti qarət olunacaq,

O öz təməlindən dağılacaq.

5Misirlə birlikdə Kuş, Put, Lud,

Bütün Ərəbistan, Kuv və əhd bağladığı ölkənin adamları

Qılıncdan keçiriləcək”.

6Rəbb belə deyir:

“Misirə arxa olanlar yıxılacaq,

Onun qürurlandığı qüdrət çökəcək.

Miqdoldan Asvana qədər ərazidə

Qılıncdan keçiriləcəklər”

Xudavənd Rəbb belə bəyan edir.

7“Misir xaraba qalmış ölkələr kimi

Xaraba qalacaq.

Şəhərləri viran olmuş

Şəhərlər kimi viran olacaq.

8Mən Misiri oda təslim edəndə,

Ona kömək edənlər əziləndə

Biləcəklər ki, Rəbb Mənəm.

9O gün qayğısız Kuş əhalisini qorxutmaq üçün gəmilərlə qasidlər göndərəcəyəm. Onlar Misirin dağıldığı gün gələndə dəhşətə düşəcək. Budur, o gün gəlir!”  10Xudavənd Rəbb belə deyir:

“Babil padşahı Navuxodonosor vasitəsilə

Misirin sərvətinə son qoyacağam.

11O öz ordusu ilə, millətlər arasında ən rəhmsizi ilə

Ölkəni yerlə yeksan etmək üçün gətiriləcək.

Misirə qarşı qılınc çəkəcək,

Ölkəni ölülərlə dolduracaq.

12Çayları qurudub,

Ölkəni pis adamlara satacağam.

Ölkəni də, orada olan hər şeyi də

Yadellilərin əli ilə viran edəcəyəm”

Mən Rəbb bunu söylədim.

13Xudavənd Rəbb belə deyir:

“Bütləri məhv edəcəyəm,

Nofdakı

bütləri yox edəcəyəm. Artıq Misirdə rəhbər qalmayacaq,

Ölkəni dəhşətə salacağam.

14Patrosu xarabalığa çevirəcəyəm,

Soanı oda verəcəyəm,

No

şəhərini cəzalandıracağam.  15Qəzəbimi Misirin qalası olan

Sin üzərinə tökəcəyəm,

No şəhərinin çoxlu əhalisini yox edəcəyəm.

16Misiri oda verəcəyəm,

Sin ağrıdan qıvrılacaq,

No şəhərinin divarı yarılacaq.

Gündüz vaxtı Nofda

Düşmənlər cövlan edəcək.

17On şəhərinin və Pi-Besetin cavanları

Qılıncdan keçiriləcək.

Oradakı əhali sürgün olunacaq.

18Taxpanxesdə Misirin boyunduruğunu qırdığım zaman

Orada gündüz qaranlığa çevriləcək,

Qürurlandığı qüdrət məhv olacaq.

Şəhər buludlarla örtüləcək,

Qızları sürgün olunacaq.

19Beləcə Misiri cəzalandıracağam.

Onda biləcəklər ki, Rəbb Mənəm”».

20Sürgünlüyümüzün on birinci ilində, birinci ayın yeddinci günü mənə Rəbbin sözü nazil oldu:  21«Ey bəşər oğlu, Misir padşahı fironun qolunu qırdım. Qolu sağalmaq üçün bağlanmadı, ona sarğı qoyulmadı ki, qılınc ələ alacaq qədər güclənsin.  22Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Misir padşahı fironun əleyhinəyəm. Hər iki qolunu – sağlam olanı da, sınanı da qıracaq, qılıncı əlindən salacağam.  23Misirliləri millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm.  24Babil padşahının qoluna güc verəcək, qılıncımı onun əlinə verəcəyəm. Fironun isə qollarını qıracağam. O, Babil padşahının önündə ağır yaralı kimi inildəyəcək.  25Babil padşahının qoluna güc verəcəyəm, fironun qolları isə yanına düşəcək. Qılıncımı Babil padşahının əlinə verəndə, o da bu qılıncı Misir ölkəsinə tuşlayanda biləcəklər ki, Rəbb Mənəm.  26Misirliləri millətlər arasına yayacağam və ölkələr arasına səpələyəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm”».

 

 

Yezekel 31

Sidr ağacı ilə müqayisə

1Sürgünlüyümüzün on birinci ilində, üçüncü ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu:  2«Ey bəşər oğlu, Misir padşahı firona və onun camaatına söylə: “Əzəmətdə kim səninlə müqayisə edilə bilər?

3Bax Aşşur Livandakı sidr ağacına bənzəyirdi,

Meşəyə kölgə salan gözəl budaqları var idi,

Çox uca idi, başı buludlara çatırdı.

4Onu sular bəslədi,

Dərin su qaynaqları böyütdü.

Çayları əkildiyi yeri əhatə etdi,

Arxları çöldəki bütün ağaclara çatırdı.

5Buna görə də çöldəki bütün ağaclardan böyük oldu,

Bol su içdiyi üçün qol-budaq atıb

Şaxələri uzandı.

6Bütün göy quşları onun budaqlarında yuva qurdu,

Vəhşi heyvanlar şaxələri altında balaladı,

Bütün böyük millətlər kölgəsində yaşadı.

7Böyüklüyü və uzun budaqları ilə gözəl oldu,

Çünki kökləri bol su içdi.

8Allahın bağçasındakı sidr ağacları da Boyda ona çatmazdı,

Şam ağacları boyda onun budaqlarına yetməzdi,

Çinar ağacları onun şaxələri kimi deyildi,

Allahın bağçasındakı ağaclardan heç biri

Onun kimi gözəl deyildi.

9Sıx budaqlarla o sidr ağacını gözəlləşdirdim,

Allahın bağçası olan Edendəki

Bütün ağaclar ona qısqandı”.

10Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boyu ucalıb başı buludlara çatanda ucalığına görə ürəyi qürurlandı,  11Mən də onu millətlərin başçısına təslim etdim. O da onunla pisliyinə görə rəftar edəcək. Mən onu qovdum və  12yadelli millətlərin ən rəhmsizi onu kəsib yerə yıxdı. Budaqları dağlara və bütün dərələrə düşdü. Şaxələri ölkənin bütün vadilərində qırılıb qaldı. Yer üzünün bütün xalqları kölgəsindən çəkilib onu tərk etdi.  13Göydəki bütün quşlar onun yıxılmış gövdəsi üstünə qondu, bütün vəhşi heyvanlar şaxələri arasında yaşadı.  14Bu ona görə oldu ki, bir daha suların yaxınlığında bitən heç bir ağac boy-buxun atmasın, başını buludlara çatdırmasın, bol su içən heç bir ağac bu qədər yüksəlməsin. Çünki onların hamısı qəbirə enən insanlarla birgə ölümə – yerin dərinliklərinə təslim edildi”.  15Xudavənd Rəbb belə deyir: “Sidr ağacı ölülər diyarına endiyi gün ona yas tutsunlar deyə dərin su qaynaqlarını örtdüm, çaylarını dayandırdım, gur sularının qabağını kəsdim. O ağac üçün Livana yas tutdurdum, bütün çöl ağaclarını qurutdum.  16Qəbirə enənlərlə birgə onu ölülər diyarına endirdiyim zaman dağılmasının gurultusundan millətləri lərzəyə saldım. O zaman Eden bağındakı bütün ağaclar, Livanın ən seçilmiş, ən yaxşı və bol sulanan ağacları yerin dərinliklərində təsəlli tapdı.  17Kölgəsində yaşayanlar, millətlər arasında ona arxa duranlar da onunla birlikdə ölülər diyarına – qılıncla öldürülmüş adamların yanına endi.  18Eden ağaclarından hansı izzət və əzəmətdə səninlə müqayisə edilə bilər? Ancaq sən Eden ağacları ilə birgə yerin dərinliklərinə endiriləcək, qılıncla öldürülənlərlə birgə sünnətsizlərin arasında yatacaqsan. Fironun və onun camaatının aqibəti belə olacaq” Xudavənd Rəbb belə bəyan edir».

 

 

Yezekel 32

Firon üçün mərsiyə

1Sürgünlüyümüzün on ikinci ilində, on ikinci ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu:  2«Ey bəşər oğlu, Misir padşahı firon üçün mərsiyə oxuyub ona söylə: “Millətlər içində özünü cavan bir aslana bənzətdin,

Amma sən bir dəniz əjdahası kimisən.

Çayları qarışdırırsan,

Ayaqlarınla suları çalxalayıb

Çayları bulandırırsan”.

3Xudavənd Rəbb belə deyir:

“Çoxlu xalqdan ibarət bir qoşun göndərib

Torumu üstünə atacağam.

Onlar səni torumla dartıb çıxaracaq.

4Səni quruya çıxaracağam,

Çölün üzünə atacağam,

Göydəki quşları üstünə qonduracağam.

Yer üzünün vəhşi heyvanlarını

Səninlə doyduracağam.

5Bədənini dağların üstünə sərəcəyəm,

Dərələri leşinlə dolduracağam.

6Ölkəni dağlara qədər axan qanınla sulayacağam,

Vadilər meyitinlə dolacaq.

7Səni məhv etdiyim zaman Göyləri bağlayacağam,

Ulduzları qaraldacağam,

Günəşi buludla örtəcəyəm,

Ay işığını verməyəcək.

8Sənin üzərində nur saçan

Bütün səma cisimlərini qaraldacağam,

Ölkəni qaranlığa qərq edəcəyəm”

Xudavənd Rəbb belə bəyan edir.

9“Sənin məhv olmaq xəbərini,

Millətlərin arasına,

Tanımadığın ölkələrə çatdırdığım zaman

Bir çox xalqların ürəyini kədərləndirəcəyəm.

10Sənin başına gələnlərlə

Bir çox xalqı heyrətə salacağam.

Onların önündə qılıncımı yellədiyim zaman

Sənə görə padşahlarının tükləri biz-biz olacaq.

Yıxıldığın gün

Onların hamısı öz canları üçün

Durmadan qorxu içində titrəyəcək”.

11Xudavənd Rəbb belə deyir:

“Babil padşahının qılıncı sənin üstünə gələcək.

12İzin verəcəyəm ki, millətlərin rəhmsiz igidləri

Sənin xalqını qılıncdan keçirsin.

Onlar Misirin qürurunu qıracaqlar,

Bütün ordusunu məhv edəcəklər.

13Bol suların yanında otlayan

Bütün mal-qaranı yox edəcəyəm.

Bundan sonra insan ayağı da, heyvan ayağı da

Suları qarışdırıb bulandırmayacaq.

14O zaman onların sularını duruldacağam,

Çaylarını yağ kimi axıdacağam”

Xudavənd Rəbb belə bəyan edir.

15“Misiri xarabalığa çevirəndə,

Ölkəni hər şeydən məhrum edəndə,

Orada yaşayan hər kəsi məhv edəndə

Biləcəklər ki, Rəbb Mənəm”.

16Misir üçün oxunan mərsiyə budur. Millətlərin qızları bu mərsiyəni oxuyacaq. Misir və onun xalqı üçün bu mərsiyəni oxuyacaqlar. Xudavənd Rəbb belə bəyan edir».  17Sürgünlüyümüzün on ikinci ilində, ayın on beşinci günü mənə yenə Rəbbin sözü nazil oldu:  18«Ey bəşər oğlu, Misir xalqı üçün yas tut. Onları və güclü millətlərin qızlarını qəbirə enənlərlə birgə yerin dərinliklərinə endir.  19Onlara söylə: “Məgər sən başqalarından daha gözəlsən? Yerin altına en və oradakı sünnətsizlərlə birgə uzan”.  20Misir xalqı qılıncla öldürülənlərin arasına düşəcək. Bu xalq qılıncın ixtiyarına verildi. Qoy Misir bütün camaatı ilə birgə sürüklənsin.  21Qüdrətli başçılar ölülər diyarından Misir və ona arxa olanlar üçün belə söyləyəcək: “Yerin altına endilər, qılıncla öldürülən sünnətsizlər kimi indi burada yatırlar”.  22Aşşur və bütün ordusu oradadır. Qılıncdan keçirilmiş, ölmüş əsgərlərinin məzarları ətrafını bürümüşdür.  23Onların məzarları qəbirin lap dibində, ordusu məzarının ətrafında uzanıb. Dirilər arasına qorxu salanların hamısı qılıncdan keçirilib öldürülmüşdür.  24Elam oradadır və bütün xalqı öz məzarlarının ətrafında uzanıb. Onların hamısı qılıncdan keçirilmiş, ölmüş və sünnətsiz halda yerin dərinliklərinə enmişdir. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbirə enənlərə qoşuldular.  25Elam üçün öldürülənlər arasında bir yataq hazırlandı. Bütün xalqı məzarının ətrafındadır. Onların hamısı sünnətsiz halda qılıncdan keçirilib öldürülmüşdür. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbirə enənlərə qoşulub öldürülənlərin arasına qoyuldular.  26Meşek, Tuval oradadır və bütün xalqı öz məzarlarının ətrafında uzanıb. Onların hamısı sünnətsiz halda qılıncdan keçirilib öldürülmüşdür. Dirilər arasına qorxu salmışdılar.  27Onlar da döyüş silahları ilə ölülər diyarına enən, qılıncları başlarının altına qoyulan, sünnətsiz igidlərlə birgə məzara uzanacaq. Onların cəzası özlərinin üzərinə gəldi. Sağ ikən bu igidlər dirilər arasına qorxu salmışdılar.  28Sən də, ey firon, qırılacaqsan, qılıncla öldürülənlərlə birgə sünnətsizlərin arasında uzanacaqsan.  29Edom, padşahları və bütün rəhbərləri oradadır. Güclü olmalarına baxmayaraq, qılıncla öldürülənlərin yanına qoyuldular. Qəbirə enənlərin, sünnətsizlərin yanına uzanırlar.  30Bütün şimal ölkələrinin başçıları, bütün Sidonlular oradadır. Gücləri ilə qorxu saldıqları halda öldürülənlərlə birgə rüsvayçılıq içində yerin altına endilər. Sünnətsiz halda qılıncla öldürülənlərlə birgə xəcalət içində qəbirə enənlərin yanına uzandılar.  31“Firon və onun bütün ordusu qılıncla öldürülmüş bu böyük kütləni görəndə təsəlli tapacaq” Xudavənd Rəbb belə bəyan edir.  32“Dirilər arasına qorxu salmasına izin verdiyimə baxmayaraq, firon və onun bütün xalqı qılıncla öldürülənlərlə birgə sünnətsizlərin yanına uzanacaq” Xudavənd Rəbb belə bəyan edir».

 

 

Yezekel 33

Rəbb Yezekeli xalqa gözətçi qoyur

1Mənə Rəbbin bu sözü nazil oldu:  2«Ey bəşər oğlu, xalqına mənsub olanlara belə söylə: “Deyək ki Mən bir ölkənin üstünə qılınc göndərəndə həmin ölkə xalqı arasından bir nəfəri seçib özü üçün gözətçi qoyur.  3Bu gözətçi də ölkənin üstünə qılıncın gəldiyini görəndə şeypur çalıb xalqa xəbərdarlıq edir.  4O zaman kim şeypur səsini eşidib xəbərdarlığa diqqət etməsə və qılınc gəlib onu öldürsə, ölümünün məsuliyyətini özü daşıyır.  5O, şeypur səsini eşitmiş, ancaq xəbərdarlığa diqqət etməmişdir, buna görə də ölümünün məsuliyyətini özü daşıyır. Amma xəbərdarlığa diqqət etsəydi, canını xilas edərdi.  6Lakin gözətçi gələn qılıncı görüb şeypur çalmırsa, xalqa xəbərdarlıq edilmirsə və qılınc da gəlib onlardan birini həlak edirsə, o adam öz təqsirinə görə öldürülmüşdür, ancaq ölümünün məsuliyyətini gözətçinin üzərinə qoyaram.  7Sən ey bəşər oğlu, səni İsrail nəsli üçün gözətçi qoydum. Sən sözü Mənim ağzımdan eşidib Mənim tərəfimdən onlara xəbərdarlıq edəcəksən.  8Pis adama Mən ‹ey pis adam, mütləq öləcəksən› deyəndə sən ona öz yolundan dönmək üçün xəbərdarlıq etməsən, o pis adam öz təqsirinə görə öləcək, ancaq ölümünün məsuliyyətini sənin üzərinə qoyacağam.  9Əgər sən pis adama öz yolundan dönmək üçün xəbərdarlıq etsən, amma o öz yolundan dönməsə, öz təqsirinə görə öləcək, sənsə canını qurtarmış olursan”.  10Sən ey bəşər oğlu, İsrail evinə belə söylə: “Siz deyirsiniz ki, üsyanlarımız və günahlarımız bizi üzür və biz onların içində əriyib yox oluruq. Belə halda necə yaşaya bilərik?”  11Onlara de: “Varlığıma and olsun, pis adamın ölümündən yox, onun öz yolundan dönüb yaşamasından zövq alıram” Xudavənd Rəbb bəyan edir. “Dönün, pis yollarınızdan dönün. Nə üçün öləsiniz, ey İsrail nəsli?”  12Sən ey bəşər oğlu, xalqına mənsub olanlara söylə: “Üsyan etdiyi halda salehin salehliyi onu xilas etməz. Pis adama gəlincə, o öz pisliyindən dönərsə, bundan ötrü həlak olmaz. Saleh adam günah etdiyi halda öz salehliyi ilə yaşaya bilməz.  13Saleh adama ‹əlbəttə, yaşayacaqsan› dediyim zaman o öz salehliyinə güvənib pislik edərsə, saleh işlərindən heç biri yada salınmayacaq və etdiyi pisliyə görə öləcək.  14Pis adama ‹əlbəttə, öləcəksən› dediyim zaman günahından dönüb ədalətli və saleh işlər görərsə –  15girovunu geri verərsə, soyğunçuluqla aldığını geri qaytararsa, pislik etmədən həyatverici qaydalara görə rəftar edərsə, əlbəttə, ölməyib yaşayacaq.  16Bu adamın etdiyi günahlardan heç biri onun əleyhinə yada salınmayacaq. Ədalətli və saleh əməl etdiyi üçün, əlbəttə, yaşayacaq”.  17Ancaq sənin xalqına mənsub olanlar deyir: “Rəbbin yolu düz deyil”. Halbuki onların öz yolları düz deyil.  18Saleh adam öz salehliyindən dönüb pislik edərsə, bundan ötrü öləcək.  19Pis adam öz pisliyindən dönüb ədalətli və saleh əməl etsə, bu əməllərlə yaşayacaq.  20Ancaq siz deyirsiniz: “Rəbbin yolu düz deyil”. Sizin hər birinizi öz əməlinə görə mühakimə edəcəyəm, ey İsrail nəsli!»

Yerusəlimin süqut xəbəri

21 Sürgünlüyümüzün on birinci ilində, onuncu ayın beşinci günü Yerusəlimdən qaçıb qurtulmuş bir nəfər gəlib mənə dedi: «Şəhər zəbt edildi».  22O qaçqın mənim yanıma gəlməmişdən əvvəl axşam vaxtı Rəbbin əli mənim üstümdə idi və mən danışa bilmirdim. Səhər adam yanıma gəlməzdən qabaq Rəbb dilimi açdı, dilim açıldı, artıq danışa bilirdim.  23Onda mənə Rəbbin bu sözü nazil oldu:  24«Ey bəşər oğlu, İsrailin xaraba qalmış şəhərlərində yaşayanlar belə söyləyir: “İbrahim yalqız olduğu halda ölkəni mülk aldı. Biz isə çoxuq, ona görə də ölkə mülk olaraq bizə verilmişdir”.  25Bu sözlərdən ötrü onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Əti qanı ilə yeyirsiniz, bütlərinizə güvənirsiniz və qan tökürsünüz. Belə olduğu halda ölkəni mülk ala biləcəksinizmi?  26Qılıncınıza arxalanırsınız, iyrənc işlər görürsünüz, hər kəs öz qonşusunun arvadını murdar edir. Belə olduğu halda ölkəni mülk ala biləcəksinizmi?”  27Onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Varlığıma and olsun ki, xaraba qalan şəhərlərdə yaşayanlar hökmən qılıncla həlak olacaq. Çöldə qalanları yem olsunlar deyə vəhşi heyvanlara verəcəyəm. Qalalarda və mağaralarda olanlar vəbadan öləcək.  28Ölkəni xaraba və sakinsiz qoyacağam. Qürurlandıqları qüdrət heç olacaq. İsrail dağları sakinsiz qalacaq, oradan kimsə keçməyəcək.  29Etdikləri bütün iyrənc işlərdən ötrü ölkəni xaraba və sakinsiz qoyduğum zaman biləcəklər ki, Rəbb Mənəm.  30Sənə gəlincə, ey bəşər oğlu, xalqına mənsub olanlar divarların dibində, evlərin qapısı qarşısında sənin barəndə danışır. Bir-birlərinə deyirlər: ‹Gəl gedək, Rəbb tərəfindən nazil olan sözə qulaq asaq›.  31Xalq hər vaxt olduğu kimi sənin yanına gəlir. Mənim xalqım olduqları halda önündə oturur, sözlərinə qulaq asır, amma dediklərini etmirlər. Dilləri ilə səmimi olduqlarını iddia edirlər, ancaq ürəkləri haram qazanc dalınca gedir.  32Sən onlar üçün gözəl səslə sevgi nəğmələri oxuyan yaxşı bir çalğıçı kimisən. Sözlərinə qulaq asır, ancaq dediklərini etmirlər.  33Lakin bütün bunlar doğru çıxanda – mütləq doğru çıxacaq – aralarında bir peyğəmbər olduğunu başa düşəcəklər”».

 

 

Yezekel 34

İsrail başçılarına müraciət

1Mənə Rəbbin bu sözü nazil oldu:  2«Ey bəşər oğlu, peyğəmbərlik et, İsrailin çobanlarına qarşı peyğəmbərlik edib onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Yalnız özlərini bəsləyən İsrail çobanlarının vay halına! Çobanlar sürünü bəsləməli deyilmi?  3Yağdan yeyir, yundan paltar geyir, bəslənmiş qoyun-keçini kəsirsiniz, ancaq sürünün qayğısına qalmırsınız.  4Zəiflərə qüvvət vermədiniz, xəstə olanı sağaltmadınız, yaralanana sarğı qoymadınız, azanı geri qaytarmadınız, itəni axtarmadınız. Ancaq zor və qəddarlıqla onlara ağalıq etdiniz.  5 Onlar da çoban olmadığı üçün dağılışdı və vəhşi heyvanlara yem oldu.  6Mənim sürüm bütün dağları və yüksək təpələri avara dolaşdı. Onlar bütün yer üzünə dağılışdı. Bir soruşan, bir axtaran yox”.  7Buna görə də, ey çobanlar, Rəbbin sözünə qulaq asın.  8Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun, indi ki çoban olmadığı üçün sürüm qarət edildi, bütün vəhşi heyvanlara yem oldu, çobanlarım da sürümü axtarmadı və bəsləmədi, ancaq öz-özlərini bəslədi –  9bütün bunlara görə, ey çobanlar, Rəbbin sözünə qulaq asın.  10Xudavənd Rəbb belə deyir: ‹Mən bu çobanların əleyhinəyəm. Sürüm üçün hesab vermələrini tələb edəcəyəm. Sürünü otarmaq işini bir daha onlara həvalə etməyəcəyəm. Artıq çobanlar özlərini bəsləməyəcək. Sürümü onların dişlərindən qurtaracağam, bir daha onlara yem olmayacaqlar›”.  11Çünki Xudavənd Rəbb belə deyir: “Mən Özüm qoyunlarımı soruşub axtaracağam.  12Dağılışmış qoyunlarının arasında olan bir çoban sürüsünü necə yoxlayırsa, Mən də qoyunlarımı eləcə yoxlayacağam. Buludlu və qaranlıq bir gündə ətrafa səpələndikləri hər yerdən onları qurtaracağam.  13Onları xalqların arasından çıxaracağam, ölkələrdən toplayıb öz torpaqlarına gətirəcəyəm. İsrail dağlarında, vadilərdə, ölkənin bütün məskuni yerlərində onları otaracağam.  14Onları gözəl bir otlaqda otaracağam. Yaylaqları İsrailin uca dağları üzərində olacaq. Orada gözəl bir yaylaqda yatacaqlar. İsrail dağları üzərində olan sıx otlaqda otlayacaqlar.  15Sürümü Mən Özüm otaracağam, onları Mən Özüm yatıracağam” Xudavənd Rəbb belə bəyan edir.  16“İtəni axtaracaq, azanı geri qaytaracaq, yaralı olana sarğı qoyacaq, xəstə olana qüvvət verəcək, ancaq harınlayanları və güclü olanları həlak edəcəyəm. Mən qoyunlarımı ədalətlə otaracağam”.  17Siz ey Mənim sürüm, Xudavənd Rəbb belə deyir: “Qoyunla qoyun arasında, qoçlarla təkələr arasında Mən hökm edəcəyəm.  18Gözəl otlaqda otlamağınız sizə az idi ki, otlaqlarınızın qalanını da ayaqlarınız altında tapdalayırsınız? Duru su içməyiniz sizə az idi ki, artığını da ayaqlarınızla bulandırırsınız?  19Mənim qoyunlarım isə sizin ayaqlarınızla tapdaladıqlarınızı yeyir, ayaqlarınızla bulandırdıqlarınızı içir”.  20Buna görə də Xudavənd Rəbb onlara belə deyir: “Mən bəslənmiş qoyunla zəif qoyun arasında hökm edəcəyəm.  21Siz bütün zəif qoyunları böyrünüzlə və çiyninizlə itələyir, kənara çıxarmaq üçün buynuzlarınızla vurursunuz.  22Buna görə də Mən sürümü xilas edəcəyəm. Onlar daha qarət malı olmayacaq və qoyunla qoyun arasında Mən hökm edəcəyəm.  23 Başlarına onları otaran yeganə çoban olaraq qulum Davudu qoyacağam. Onları o otaracaq, çobanları da o olacaq.  24 Mən Rəbb onların Allahı olacağam, qulum Davud da onların içində rəhbər olacaq” Mən Rəbb bunu söylədim.  25“Onlarla bir sülh əhdi bağlayacağam, ölkədən zərərli heyvanları qovacağam ki, onlar çöldə asayiş içində yaşayıb meşələrdə yatsın.  26Onların özlərinə də, təpəmin ətrafındakı yerlərə də bərəkət verəcəyəm. Yağışı vaxtında yağdıracağam, bərəkətli yağışlar olacaq.  27Çöldəki ağaclar meyvə yetirəcək, torpaq məhsul verəcək. Xalq öz torpağında asayiş içində yaşayacaq. Boyunduruq iplərini qırıb onları qul edənlərin əlindən qurtardığım zaman biləcəklər ki, Rəbb Mənəm.  28Artıq millətlərin qarət malı olmayacaqlar, vəhşi heyvanlar da onları yeməyəcəklər. Asayiş içində yaşayacaqlar, onları qorxudan olmayacaq.  29Onlar üçün şöhrətli bir şitillik yetişdirəcəyəm. Daha ölkədə aclıqdan tələf olmayacaq, millətlərin təhqirlərinə məruz qalmayacaqlar.  30Onda biləcəklər ki, Mən – özlərinin Allahı Rəbb onlarlayam, onlar – İsrail nəsli də Mənim xalqımdır” Xudavənd Rəbb belə bəyan edir.  31“Mənim qoyunlarım, otlağımın qoyunları siz insanlarsınız, Mən də sizin Allahınızam” Xudavənd Rəbb belə bəyan edir».

 

 

Yezekel 35

Edomun əleyhinə peyğəmbərlik

1Mənə Rəbbin bu sözü nazil oldu:  2«Ey bəşər oğlu, üzünü Seir dağına çevir və onun əleyhinə peyğəmbərlik edib  3söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey Seir dağı, Mən sənin əleyhinəyəm.

Mən əlimi sənə qarşı uzadacaq,

Səni xaraba, sakinsiz bir yerə çevirəcəyəm.

4Şəhərlərini viran edəcəyəm və sən xarabalığa çevriləcəksən.

Onda biləcəksən ki, Rəbb Mənəm.

5Sən İsraillilərə həmişə kin bəsləmisən, fəlakətə düşdükləri və cəzalandırıldıqları vaxt zirvəyə yetəndə onları qılınca təslim etmisən”.  6Buna görə də Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, səni qana bulaşdıracağam, qan səni izləyəcək, qan tökməkdən imtina etmədiyinə görə qan səni izləyəcək.  7Mən Seir dağını sakinsiz bir yerə və xarabalığa çevirəcəyəm. Oraya gedib-gələnin ayağını kəsəcəyəm.  8Dağlarını ölülərlə dolduracağam, qılıncdan keçirilənlər sənin təpələrində, dərələrində, vadilərində yıxılıb həlak olacaq.  9Səni əbədi olaraq xarabalığa çevirəcəyəm,

Şəhərlərində heç kəs yaşamayacaq.

Onda biləcəksən ki, Rəbb Mənəm.

10Sən belə söylədin: ‹Rəbb o yerlərdə olsa da, bu iki millət, bu iki ölkə mənim olacaq, onları özümə mülk edəcəyəm›”.  11Buna görə də Xudavənd Rəbb belə bəyan edir: “Varlığıma and olsun ki, xalqıma kin bəslədiyinə görə onlarla necə qəzəb və qısqanclıqla rəftar etdinsə, Mən də səninlə elə rəftar edəcəyəm. Səni mühakimə etdiyim zaman onlara da Özümü göstərəcəyəm.  12O zaman biləcəksən ki, Mən Rəbb İsrail dağlarına qarşı söylədiyin təhqirlərin hamısını eşitmişəm. Sən belə demişdin: ‹Yerlə yeksan oldular, yeyilmək üçün bizə verildilər›.  13Ağzınızla Mənə qarşı qürurla danışdınız, Mənim əleyhimə hörmətsiz sözlər dediniz. Mən Rəbb də bunları eşitdim”.  14Xudavənd Rəbb belə deyir: “Bütün yer üzü sevindiyi halda Mən səni viran edəcəyəm.  15İsrail xalqının irsi yerlə yeksan olanda sən necə sevindinsə, Mən də səninlə elə rəftar edəcəyəm. Ey Seir dağı, viran olacaqsan, bütün Edom da viran olacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”.

 

Yezekel 36

Allahın İsrailə xeyir-duası

1Sən ey bəşər oğlu, İsrail dağları üçün peyğəmbərlik edib söylə ki, ey İsrail dağları, Rəbbin sözünü eşidin.  2Xudavənd Rəbb belə deyir: “Düşmən sizin barənizdə ‹nə yaxşı, bu qədim təpələr bizim mülkümüz oldu› dedi”.  3Buna görə də peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Sizi viran etdilər, hər tərəfdən sıxışdırıb tapdaladılar, başqa millətlər mülkünüzə sahib oldu, dillərə düşdünüz və xalqın dedi-qodusuna çevrildiniz”.  4Bütün bunlara görə, ey İsrail dağları, Xudavənd Rəbbin sözünü eşidin. Xudavənd Rəbb dağlara, təpələrə, vadilərə, dərələrə, ətrafındakı başqa millətlərə, qarət və kinayə hədəfi olan viran olmuş xarabalıqlara, tərk edilmiş şəhərlərə belə deyir.  5Buna görə də, Xudavənd Rəbb belə deyir: “Başqa millətlərə, xüsusilə bütün Edoma qarşı qızğın qısqanclığımla danışdım. Onlar bütün ürəkləri ilə sevinib həqarət edərək ölkəmə sahib çıxdılar ki, onun otlaqlarını qarət etsinlər”.  6Buna görə də İsrail ölkəsi üçün peyğəmbərlik edib dağlara, təpələrə, vadilərə və dərələrə söylə ki, Xudavənd Rəbb belə deyir: “Millətlərin təhqirinə hədəf olduğunuz üçün qısqanc qəzəbimlə danışdım”.  7Buna görə də Xudavənd Rəbb belə deyir: “And içirəm ki, ətrafınızdakı millətlər də mütləq təhqir olunacaq.  8Ey İsrail dağları, siz qol-budaq atacaq, xalqım İsrail üçün meyvə verəcəksiniz, ona görə ki xalqım İsrail tezliklə öz yurduna qayıdacaq.  9Çünki Mən sizin tərəfinizdəyəm, sizə tərəf dönəcəyəm. Torpağınız şumlanıb əkiləcək.  10Ölkənizdə adamların sayını, bəli, bütün İsrail nəslinin sayını çoxaldacağam. Şəhərlər məskunlaşacaq, xarabalıqlar abad ediləcək.  11Ölkənizdə adamların və heyvanların sayını çoxaldacağam, törəyib çoxalacaqlar. Keçmişdə olduğu kimi ölkənizi insanlarla məskunlaşdıracaq və sizə əvvəlkindən də artıq yaxşılıq edəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm.  12Ölkənizdə xalqım İsraildən olan insanları gəzdirəcəyəm və onlar sizə sahib olacaq. Siz də onların irsi olacaqsınız. Onları bir daha övladlarından məhrum etməyəcəksiniz”.  13Xudavənd Rəbb belə deyir: “Ey ölkə, insanlar sənə adam yeyən, millətini övladdan məhrum edən bir ölkə deyir.  14Ancaq bundan sonra sən daha adam yeməyəcək, millətini övladdan məhrum etməyəcəksən” Xudavənd Rəbb belə bəyan edir.  15“Artıq Mən millətlərin təhqirlərini eşitdirməyəcəyəm, daha xalqların kinayəsinə düçar olmayacaqsan. Millətini bir daha büdrətməyinə izin verməyəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».  16Mənə Rəbbin sözü nazil oldu:  17«Ey bəşər oğlu, İsrail nəsli öz torpağında yaşayanda adət və əməlləri ilə onu murdar etdi. Onların adətləri Mənim önümdə qadının aybaşı olduğu vaxtdakı murdarlığı kimi idi.  18Mən də qəzəbimi onların üstünə tökdüm, çünki ölkədə qan tökdülər, bütləri ilə onu murdar etdilər.  19Onları millətlər arasına yaydım, ölkələr arasına səpələndilər. Onları adətlərinə və əməllərinə görə mühakimə etdim.  20Millətlərin arasında, getdikləri hər yerdə müqəddəs adımı ləkələdilər. Çünki onlar üçün belə deyildi: “Bu xalq Rəbbin xalqı olduğu halda ölkəsindən çıxmağa məcbur oldu”.  21İsrail nəslinin getdiyi millətlər arasında ləkələdiyi müqəddəs adımın izzətdən düşməsi üçün təəssüfləndim.  22Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey İsrail nəsli, bunu sizin naminizə deyil, ancaq getdiyiniz millətlər arasında ləkələdiyiniz müqəddəs adım naminə edirəm.  23Millətlər arasında ləkələdiyiniz böyük adımın müqəddəsliyini yenə göstərəcəyəm. Millətlərin gözü önündə sizin içinizdə müqəddəsliyimi göstərən zaman biləcəklər ki, Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir.  24“Çünki sizi millətlərin arasından götürəcək, bütün ölkələrdən toplayacaq və öz torpağınıza gətirəcəyəm.  25Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm.  26 Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm.  27Öz Ruhumu sizin daxilinizə qoyacağam. Elə edəcəyəm ki, siz qaydalarıma görə rəftar edəsiniz, hökmlərimə diqqətlə riayət edəsiniz.  28O zaman atalarınıza verdiyim ölkədə yaşayacaqsınız. Siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam.  29Sizi bütün murdarlıqlarınızdan xilas edəcəyəm. Buğdaya əmr edib onu çoxaldacaq, üstünüzə aclıq gətirməyəcəyəm.  30Bir daha millətlər içində aclıq rüsvayçılığını çəkməyəsiniz deyə ağacın meyvəsini, tarlanın məhsulunu çoxaldacağam.  31O zaman pis əməllərinizi, xeyirsiz işlərinizi yada salacaqsınız. Təqsirlərinizdən və iyrənc işlərinizdən ötrü özünüzdən iyrənəcəksiniz.  32Bilin ki, bunu sizin naminizə etmirəm” Xudavənd Rəbb belə bəyan edir, “adətlərinizdən utanıb xəcalət çəkin, ey İsrail nəsli!”  33Xudavənd Rəbb belə deyir: “Sizi bütün təqsirlərinizdən təmizlədiyim vaxt şəhərləri məskunlaşdıracaq, xaraba yerləri abad edəcəyəm.  34Boş qalmış ölkə şumlanacaq, halbuki hər yoldan keçənin nəzərində o bir viranə idi.  35Onda deyəcəklər: ‹Viran olan bu torpaq Eden bağı kimi oldu. Xaraba və viran qalmış, dağıdılmış şəhərlərin istehkamları tikildi, onların içində adamlar yaşayır›.  36Onda ətrafınızda qalan millətlər biləcək ki, dağıdılmış yerləri Mən Rəbb tikdim, çölə çevrilmiş yerləri Mən abad etdim. Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm”.  37Xudavənd Rəbb belə deyir: “Mən İsrail nəslinin xahişini qəbul edib onlar üçün bunu edəcəyəm: əhalisini sürü kimi çoxaldacağam.  38Bayram günlərində Yerusəlimdə qurbanlıq heyvan sürüləri necə çox olursa, viran edilmiş şəhərlər də eləcə insan sürüləri ilə dolu olacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”».

 

 

Yezekel 37

Quru sümüklə müqayisə

1Rəbbin əli üzərimdə idi. Rəbb Öz Ruhu ilə məni bayıra çıxarıb vadinin ortasına qoydu. Vadi sümüklərlə dolu idi.  2O məni onların üstündə gəzdirib hər tərəfə apardı. Gördüm ki, vadinin üstündə saysız-hesabsız sümük var. Onlar bərk qurumuşdu.  3Rəbb mənə dedi: «Ey bəşər oğlu, bu sümüklər dirilə bilərmi?» Mən cavab verdim: «Ey Xudavənd Rəbb, bunu Sən bilirsən».  4O mənə dedi: «Bu sümüklər üçün peyğəmbərlik edib onlara söylə ki, ey quru sümüklər, Rəbbin sözünü eşidin.  5Xudavənd Rəbb bu sümüklərə belə deyir: “Mən sizin daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz.  6Üstünüzə vətərlər qoyacaq, ət bitirəcək, sizi dəri ilə örtəcəyəm, daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».  7Mənə əmr olunduğu kimi peyğəmbərlik etdim. Mən peyğəmbərlik edərkən bir gurultu qopdu, bir taqqıltı eşidildi. Sümüklər yaxınlaşdı, sümük sümüyə bitişdi.  8Mən baxıb gördüm ki, onların üstünə vətərlər gəldi, ət bitdi, bunları isə dəri örtdü. Ancaq onlarda nəfəs yox idi.  9Rəbb mənə dedi: «Ey bəşər oğlu, nəfəs üçün peyğəmbərlik et, peyğəmbərlik edib nəfəsə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey nəfəs, küləyin əsdiyi dörd səmtdən gəl, bu öldürülən adamların üzərinə üfür ki, dirilsinlər”».  10 Mənə əmr olunduğu kimi peyğəmbərlik etdim. Nəfəs onların daxilinə girdi və onlar dirilib ayaq üstə qalxdı. Çox böyük bir kütlə yarandı.  11Rəbb mənə dedi: «Ey bəşər oğlu, bu sümüklər bütün İsrail nəslinin rəmzidir. Onlar belə deyir: “Sümüklərimiz qurudu, ümidimiz yox oldu, işimiz bitdi”.  12Buna görə də peyğəmbərlik edib onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey xalqım, Mən qəbirlərinizi açıb sizi oradan çıxaracaq və İsrail torpağına gətirəcəyəm.  13Ey xalqım, Mən qəbirlərinizi açanda, sizi qəbirlərinizdən çıxaranda biləcəksiniz ki, Rəbb Mənəm.  14Mən daxilinizə Öz Ruhumu qoyacağam və siz diriləcəksiniz. Sizi öz torpağınıza yerləşdirəcəyəm. Onda biləcəksiniz ki, Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm” Rəbb belə bəyan edir».

Yəhuda və İsrailin birləşməsi

15Mənə Rəbbin bu sözü nazil oldu:  16«Sən ey bəşər oğlu, əlinə bir əsa götür və onun üstünə “Yəhuda və müttəfiqləri olan İsrail övladları” sözlərini yaz. Sonra başqa bir əsa götür və onun üstünə “Yusif və müttəfiqləri olan bütün İsrail nəsli” sözlərini yaz. Bu, Efrayimin əsasıdır.  17Bu əsaları bir-birinin üstünə qoyaraq öz əlində birləşdir. Elə et ki, əlində bir əsa olsun.  18Əgər sənin xalqına mənsub olanlar “Etdiklərinin mənası nədir, bizə bildirməzsən?” deyə soruşsa,  19onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Efrayimin əlindəki əsanı – Yusif və onun müttəfiqləri olan İsrail qəbilələrinin əsasını götürərək Yəhudanın əsası ilə birləşdirib bir əsa edəcəyəm. Onlar əlimdə bir olacaq.  20Üstünə yazı yazdığın əsaları onların görə biləcəyi şəkildə əlində tut.  21Sonra onlara söylə ki, Xudavənd Rəbb belə deyir: İsrail övladlarını yanlarına getdikləri millətlərin arasından götürəcək, onları hər yerdən toplayıb öz torpaqlarına qaytaracağam.  22Onları ölkədə, İsrail dağları üzərində vahid bir millət edəcəyəm. Hamısının vahid padşahı olacaq. Daha iki ayrı millət olmayacaq, iki padşahlığa bölünməyəcəklər.  23Artıq bütləri, iyrənc şeyləri və üsyanları ilə özlərini murdar etməyəcəklər. Onları yaşadıqları və içində günah etdikləri yerlərdən qurtarıb pak edəcəyəm. Onlar Mənim xalqım, Mən də onların Allahı olacağam.  24 Qulum Davud onların padşahı olacaq, onların hamısına vahid çoban olacaq. Onlar Mənim hökmlərimə görə rəftar edəcək, qaydalarımı saxlayıb yerinə yetirəcək.  25Qulum Yaquba verdiyim, atalarının yaşadıqları ölkədə yaşayacaqlar, özləri, oğulları və nəvələri əbədi olaraq orada yaşayacaq. Qulum Davud da əbədi olaraq onların rəhbəri olacaq.  26Mən onlarla sülh əhdi bağlayacağam. Bu onlarla əbədi bir əhd olacaq. Onları orada yerləşdirəcək və saylarını çoxaldacağam. Müqəddəs məkanımı əbədi olaraq onların arasında quracağam.  27 Mənim məskənim onların arasında olacaq. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq.  28Müqəddəs məkanım əbədi olaraq onların arasında yerləşəndə millətlər biləcək ki, İsraili təqdis edən Mən Rəbbəm”».

 

 

Yezekel 38

Qoq əleyhinə peyğəmbərlik

1Mənə Rəbbin bu sözü nazil oldu:  2 «Ey bəşər oğlu, Maqoq ölkəsindən olan Roşun, Meşekin və Tuvalın rəhbəri Qoqa üz tut və onun əleyhinə peyğəmbərlik edib söylə ki,  3Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm.  4Səni geri qaytaracağam, çənələrinə çəngəllər taxacağam. Səni, bütün ordunu, atları, tam təchiz olunmuş atlıları, hamısı qalxan, sipər və qılıncla silahlanmış böyük qoşunu qovub çıxaracağam.  5Onlarla birgə hamısı qalxan və dəbilqəyə bürünmüş Farsları, Kuşluları, Putluları,  6Qomeri və onun bütün qoşunlarını, ucqar şimaldan Toqarma nəslini və onun bütün qoşunlarını, bunlarla birgə bir çox xalqları qovub çıxaracağam.  7Hazır ol! Ətrafında toplanmış böyük bir qoşunla birgə hazırlaş. Onları sən qoruyacaqsan.  8Uzun müddət sonra döyüşə çağırılacaqsan. Gələcək illərdə qılıncdan qurtulub rahatlanan ölkəyə hücum edəcəksən. O ölkənin sakinləri çoxlu xalq içindən İsrail dağlarına toplanmışdı. Bu dağlar həmişə xarabalıq idi, ancaq indi sakinləri xalqlar arasından geri qaytarılacaq və hamısı asayiş içində yaşayacaq.  9Sən, bütün qoşunun və səninlə birgə bir çox xalq çıxıb tufan kimi gələcəksiniz, ölkənin üzərini tutan buluda bənzəyəcəksiniz”.  10Xudavənd Rəbb belə deyir: “O gün ağlına bəzi düşüncələr gələcək, pis niyyətlər qurub  11deyəcəksən: ‹Divarsız kəndləri olan bir ölkəyə hücum edib asayiş və əmin-amanlıq içində yaşayan adamların üstünə gedəcəyəm. Bu kəndlərin hamısı divarsızdır, darvazaları da, sürgüləri də yoxdur.  12Viran olmuş şəhərlərdə yaşayan xalqı qarət edib malını talayacağam›. Sürüsü və malı olan, dünyanın ortasında yaşayan bu millətlərin arasından toplanmış xalqa qarşı əlini uzadacaqsan.  13Səba, Dedan, Tarşiş tacirləri və bütün kəndlərinin əhalisi sənə deyəcək: ‹Qarət üçünmü gəldin? Talan etmək, qızıl-gümüş götürmək, mal-qara və əşya aparmaq, bol qənimət ələ keçirmək üçünmü qoşun topladın?›”  14Buna görə də, ey bəşər oğlu, peyğəmbərlik edib Qoqa söylə ki, Xudavənd Rəbb belə deyir: “O gün xalqım İsrail asayiş içində yaşayanda bunu dərk etməyəcəksinizmi?  15Sən və özünlə birgə bir çox xalqlardan olan və hamısı ata minmiş böyük bir qoşun, güclü bir ordu öz yerindən – uzaq şimaldan gələcəksən.  16Ölkəni bürüyən bir bulud kimi xalqım İsrailin üstünə hücum edəcəksən. Ey Qoq, gələcəkdə səni öz ölkəmin üstünə gətirəcəyəm ki, gözləri önündə müqəddəsliyimi sənin vasitənlə göstərdiyim zaman millətlər məni tanıya bilsin”.  17Xudavənd Rəbb belə deyir: “Məgər sən qədim zamanlarda İsrail peyğəmbərləri vasitəsilə haqqında danışdığım adam deyilsən? Bu peyğəmbərlər o zaman səni onların üstünə gətirəcəyim barədə illərlə peyğəmbərlik etdi.  18O gün Qoq İsrail torpağına hücum etdiyi gün qəzəbim alovlanacaq” deyir Xudavənd Rəbb.  19“Qısqanclığımla və şiddətli qəzəbimlə deyirəm ki, o gün İsrail torpağında böyük bir zəlzələ olacaq.  20Dənizdəki balıqlar, göydəki quşlar, çöldəki heyvanlar, yerdə sürünən bütün canlılar və yer üzündəki bütün insanlar önümdə titrəyəcək. Dağlar yerlə yeksan olacaq, sıldırım qayalar uçacaq, bütün divarlar yıxılacaq.  21Bütün dağlarımda qılıncı Qoqun üstünə getməyə çağıracağam” Xudavənd Rəbb belə bəyan edir, “hər kəs bir-birinin üstünə qılınc çəkəcək.  22 Üstünə vəba gətirib qanını tökərək onu cəzalandıracağam. Onun, ordularının və yanında gələn çoxlu xalqın üstünə leysan yağış, iri dolu dənələri, od və kükürd yağdıracağam.  23Beləcə əzəmətimi və müqəddəsliyimi göstərəcək, bir çox millətlərin gözü önündə Özümü tanıdacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”.

 

 

Yezekel 39

Qoqun məğlub olması

1Sən ey bəşər oğlu, Qoqun əleyhinə peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm.  2Səni geri qaytarıb aparacağam, uzaq şimaldan çıxaracağam və İsrail dağları üzərinə gətirəcəyəm.  3Sol əlindən kamanını, sağ əlindən oxlarını vurub salacağam.  4Sən bütün ordularınla, yanında olan xalqlarla birgə İsrail dağları üzərində həlak olacaqsan. Səni qida olmaq üçün hər cür yırtıcı quşa və vəhşi heyvanlara verəcəyəm.  5Açıq çöldə həlak olacaqsan, çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir.  6Mən Maqoqun və sahil ölkələrində əmin-amanlıq içində yaşayanların üstünə od göndərəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm.  7Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam, artıq müqəddəs adımın ləkələnməsinə izin verməyəcəyəm. Onda millətlər biləcəklər ki, Mən Rəbbəm, İsraildə Müqəddəs Olanam.  8Budur, o vaxt gəlir və mütləq baş verəcək” Xudavənd Rəbb belə bəyan edir, “bu gün Mənim dediyim gündür.  9Onda İsrail şəhərlərində yaşayanlar çıxıb od qalayacaq. Silahlarını, qalxanlarını, sipərlərini, kamanlarını, oxlarını, toppuzlarını və nizələrini bu odda yandıracaqlar. Onları yeddi il ərzində yandıracaqlar.  10Çöldən odun daşımayacaq, meşələrdən ağac kəsməyəcəklər, çünki silahlarla od qalayacaqlar. Onları qarət edənləri qarət edəcək, mallarını talan edənləri talan edəcəklər” Xudavənd Rəbb belə bəyan edir.  11“O gün Duz dənizinin şərqində, Səyyahlar dərəsində Qoqa İsraildə bir qəbiristanlıq verəcəyəm. Orada Qoq və bütün qoşunu basdırılacaq. Bu yerə Hamon-Qoq dərəsi deyiləcək. Oradan yol keçənlərin qabağı kəsiləcək.  12Ölkəni təmizləmək üçün İsrail nəsli yeddi ay onları basdırmaqla məşğul olacaq.  13Onları bütün ölkə xalqı basdıracaq. Mənim izzətləndiyim gün onlar üçün əlamətdar olacaq” Xudavənd Rəbb belə bəyan edir.  14“Ölkəni təmizləmək üçün adamlara iş tapşırılacaq. Bəziləri ölkəni dayanmadan dolaşacaq, bəziləri isə yerdə qalan cəsədləri basdıracaq. Yeddi aydan sonra axtarışlara başlayacaqlar.  15Bu adamlar ölkənin hər yerini dolaşacaq. İnsan sümüyü görəndə qəbirqazanlar onu Hamon-Qoq dərəsində basdırana qədər yanına bir nişan qoyacaq.  16Orada Hamona adlı bir şəhər olacaq. Beləcə ölkəni təmizləyəcəklər”.  17 Sən ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Hər cür quşa və hər cür vəhşi heyvana söylə ki, toplaşıb gəlsinlər. Sizin üçün kəsəcəyim qurbanın – İsrail dağları üzərindəki böyük qurbanın yanına hər tərəfdən yığılın. Orada ət yeyib qan içəcəksiniz.  18Başanın bəslənmiş heyvanlarının – qoçların, quzuların, təkələrin və buğaların ətini yeyib qanını içdiyiniz kimi igidlərin ətini yeyəcək, dünya rəhbərlərinin qanını içəcəksiniz.  19Sizin üçün kəsdiyim qurbandan doyunca yağ yeyəcək, sərxoş olunca qan içəcəksiniz.  20Süfrəmdə atlardan, süvarilərdən, igidlərdən və hər cür əsgərdən bol-bol yeyib-doyacaqsınız” Xudavənd Rəbb belə bəyan edir.  21“İzzətimi millətlər arasında göstərəcəyəm. Bütün millətlər onlara verdiyim cəzanı və üstlərinə qoyduğum əlimi görəcək.  22Bu gündən sonra İsrail nəsli biləcək ki, onların Allahı Rəbb Mənəm.  23Onda millətlər biləcək ki, İsrail nəsli öz təqsirlərindən ötrü sürgünə getdi. Çünki onlar Mənə xəyanət etdi, Mən onlardan üz döndərdim, onları düşmənlərinə təslim etdim, hamısı qılıncla həlak oldu.  24Murdarlıqlarına və üsyanlarına görə onlarla rəftar etdim, onlardan üz döndərdim”.  25Buna görə Xudavənd Rəbb belə deyir: “Yaqub nəslindən sürgün olunanları indi geri qaytaracaq, bütün İsrail nəslinə rəhm edəcək və müqəddəs adım naminə qısqanc olacağam.  26Torpaqlarında əmin-amanlıq içində yaşayanda, onları qorxudan bir kəs olmayanda rüsvayçılıqlarını və Mənə etdikləri bütün xəyanətləri unudacaqlar.  27Onları xalqlar arasından geri qaytarıb düşmən ölkələrindən topladığım zaman çoxlu millətin gözü önündə, onların arasında müqəddəs tutulacağam.  28Onda biləcəklər ki, onların Allahı Rəbb Mənəm. Çünki onları millətlər arasına sürgünə göndərdim. Amma öz torpaqlarına da qaytaracağam, artıq heç birini qaldığı ölkəsində qoyub getməyəcəyəm.  29Bir daha onlardan üz döndərməyəcəyəm, çünki İsrail nəsli üzərinə Öz Ruhumu tökəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».

 

 

Yezekel 40

Yeni məbəd barədə vəhy

1Sürgünlüyümüzün iyirmi beşinci ilində, birinci ayın onuncu günü, Yerusəlim şəhərinin süqutunun on dördüncü ili – həmin o gün Rəbbin əli mənim üstümdə idi. O məni oraya apardı.  2 Görüntüdə Allah məni İsrail ölkəsinə aparıb çox uca bir dağın başına qoydu. Dağın cənubunda şəhərə bənzər tikililər var idi.  3 Allah məni oraya apardı. Mən orada görünüşcə tunca bənzər adam gördüm. Onun əlində bir kətan ip və ölçmək üçün bir qamış var idi. O, darvazada durmuşdu.  4O adam mənə dedi: «Ey bəşər oğlu, gözünlə görüb, qulağınla eşit və sənə göstərəcəyim hər şeyə yaxşı-yaxşı bax. Ona görə buraya gətirildin ki, bunları sənə göstərim. Gördüyün hər şeyi İsrail nəslinə bildir».

Şərq qapısı

5 Mən məbədi hər tərəfdən əhatəyə alan bir divar gördüm. Ölçmək üçün o adamın əlində olan qamışın uzunluğu altı qulac idi. Hər qulaca bir ovuc uzunluq əlavə edilmişdi. O adam divarı ölçdü: qalınlığı bir qamış, hündürlüyü bir qamış idi.  6Sonra şərqə tərəf olan darvazaya tərəf getdi və onun pilləkənləri ilə yuxarı qalxdı. Darvazanın kandarını ölçdü: eni bir qamış idi. Bir kandarın eni bir qamış idi.  7Keşikçi otaqlarının hər birinin uzunluğu və eni bir qamış idi. Keşikçi otaqlarının arası beş qulac idi. Məbədə baxan eyvanın yanındakı darvaza kandarı bir qamış uzunluğunda idi.  8Sonra o, darvaza eyvanını ölçdü:  9eni səkkiz qulac idi. Yan taxtaların qalınlığı iki qulac idi. Darvaza eyvanı məbədə baxırdı.  10Şərq darvazasının hər iki yanında üç-üç keşikçi otağı var idi. Üçünün də ölçüsü bir idi. Hər iki tərəfdə olan bölmə divarlarının da ölçüsü bir idi.  11O, darvazanın astanasının enini ölçdü: on qulac idi. Darvazanın uzunluğu isə on üç qulac idi.  12Hər iki tərəfdə olan keşikçi otaqlarının qarşısında bir qulac yüksəkliyində bir-bir arakəsmə var idi. Hər iki tərəfdə keşikçi otaqları dördbucaqlı idi. Kənarları hər tərəfdən altı qulac idi.  13Sonra o, darvazanın enini – girişləri bir-birinin qarşısında olan keşikçi otaqlarının arxa divarlarının arasını ölçdü: iyirmi beş qulac idi.  14Sütunları ölçdü: altmış qulac idi. Darvazanın ətrafındakı həyət sütunlara qədər uzanırdı.  15Darvazanın astanasından eyvanın sonuna qədər məsafə əlli qulac idi.  16Darvazanın içəri tərəfinin hər yanında keşikçi otaqlarının və bölmə divarlarının içəriyə baxan qəfəsli pəncərələri var idi. Eyvanlarda da belə idi. Hər yanın içəri tərəfindən pəncərələr var idi. Bölmə divarları üzərində xurma ağacı təsvirləri var idi.

Bayır həyət

17O adam məni bayır həyətə gətirdi. Orada bayır həyəti əhatəyə alan otaqlar və daş yol var idi. Daş yol boyunca otuz otaq var idi.  18Darvazaların hər iki tərəfindəki daş yolun eni qapıların uzunluğu qədər idi. Bu, aşağı daş yol idi.  19O adam həyətin enini aşağı darvazadan içəri həyətin darvazasına qədər ölçdü: şərqdə və şimalda olan məsafə yüz qulac idi.

Şimal darvazası

20O adam bayır həyətin şimala baxan darvazasının uzunluğunu və enini ölçdü.  21Buranın hər iki tərəfində üç-üç keşikçi otağı var idi. Bölmə divarları və eyvanları birinci darvazanın ölçüsünə bərabər idi: uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.  22Pəncərələrin, eyvanın və xurma ağacı təsvirlərinin ölçüsü şərqə baxan darvazanın ölçüsünə bərabər idi. Oraya yeddi pilləkənlə çıxırdılar, bunların qarşısında eyvan var idi.  23Şərq darvazasında olduğu kimi şimal darvazasına da baxan bir içəri həyət darvazası var idi. O adam bu iki darvaza arasındakı məsafəni ölçdü: yüz qulac idi.

Cənub darvazası

24O adam məni cənuba doğru apardı. Orada cənuba baxan bir darvaza gördüm. O, darvazanın yan taxtalarını və eyvanı ölçdü: ölçüləri o birilərinin ölçülərinə bərabər idi.  25O birilərində olduğu kimi bu darvaza ilə eyvanın hər tərəfində də pəncərələr var idi. Eyvanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.  26Oraya yeddi pilləkənlə çıxırdılar. Bunların qarşısında eyvan var idi. Darvazanın yan taxtaları hər iki tərəfdən bir xurma ağacı təsviri ilə bəzənmişdi.  27İçəri həyətin cənuba baxan bir darvazası var idi. O adam bu içəri darvazadan cənuba baxan darvazaya qədər olan məsafəni ölçdü: yüz qulac idi.

İçəri həyətin darvazaları

28O adam məni cənub darvazasından içəri həyətə apardı. Cənub darvazasını ölçdü: ölçüləri o birilərinin ölçülərinə bərabər idi.  29Keşikçi otaqlarının, bölmə divarlarının və eyvanın ölçüləri o birilərinin ölçülərinə bərabər idi. Darvaza ilə eyvanın hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.  30Hər tərəfdə uzunluğu iyirmi beş qulac, eni beş qulac olan eyvanlar var idi.  31Eyvanı bayır həyətə baxırdı. Darvazanın yan taxtaları xurma ağacı təsvirləri ilə bəzənmişdi. Oraya səkkiz pilləkənlə çıxırdılar.  32O adam məni şərqdəki içəri həyətə apardı. Oradakı darvazanı ölçdü. Ölçüsü o birilərinin ölçüsünə bərabər idi.  33Keşikçi otaqlarının, bölmə divarlarının və eyvanının ölçüsü o birilərinin ölçüsünə bərabər idi. Darvaza ilə eyvanının hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.  34Eyvanı bayır həyətə baxırdı. Darvazanın yan taxtaları iki tərəfdən xurma ağacı təsvirləri ilə bəzənmişdi. Oraya səkkiz pilləkənlə çıxırdılar.  35Sonra o adam məni şimal darvazasının yanına apardı. O, qapını ölçdü: ölçüsü o birilərinin ölçüsünə bərabər idi.  36Keşikçi otaqlarının, bölmə divarlarının və eyvanının ölçüsü o birilərinin ölçüsünə bərabər idi. Darvazanın hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.  37Yan taxtaları bayır həyətə baxırdı. Darvazanın yan taxtaları hər iki tərəfdən xurma ağacı təsvirləri ilə bəzənmişdi. Oraya səkkiz pilləkənlə çıxırdılar.

Qurbanların hazırlandığı otaqlar

38İçəri həyətin darvazalarındakı eyvanların yanında qapısı eyvana açılan bir otaq var idi. Yandırma qurbanları burada yuyulurdu.  39Darvaza eyvanının hər iki tərəfində iki sıra qoşa masa var idi. Yandırma qurbanı, günah qurbanı və təqsir qurbanı olacaq heyvanlar bu masaların üstündə kəsilirdi.  40Eyvanın bayır divarının yanında, şimal darvazasının pilləkənlərinin hər iki tərəfində iki sıra qoşa masa da var idi.  41Beləcə qurbanlıq heyvanları kəsmək üçün darvazanın hər iki tərəfində dörd-dörd olmaqla səkkiz masa var idi.  42Yandırma qurbanları üçün yonulmuş daşdan dörd masa var idi. Hər masanın uzunluğu və eni bir yarım qulac, hündürlüyü bir qulac idi. Yandırma qurbanlarının və başqa qurbanların kəsilməsində istifadə olunan alətləri bunların üstünə qoyurdular.  43Otağın divarlarına qarmaqlar asılmışdı: hər biri bir ovuc uzunluğunda idi. Masalar təqdim edilən heyvanın əti üçün nəzərdə tutulmuşdu.

Kahinlər üçün ayrılan otaqlar

44İçəri darvazanın bayır hissəsində, içəri həyətdə ilahiçilər üçün otaqlar var idi. Bunlardan biri şimal darvazasının yanında idi və cənuba baxırdı, o biri cənub darvazasının yanında idi və şimala baxırdı.  45O adam mənə dedi: «Cənuba baxan otaq məbəd üçün cavabdeh olan kahinlərə məxsusdur.  46Şimala baxan otaq isə qurbangah üçün cavabdeh olan kahinlərə məxsusdur. Onlar Levinin nəslindən olan və Rəbbə xidmət etmək üçün Ona yaxınlaşan Sadoq övladlarıdır».  47O adam həyəti ölçdü: həyət dördbucaqlı olub uzunluğu yüz qulac, eni də yüz qulac idi. Məbədin önündə qurbangah var idi.

Məbəd

48Sonra o adam məni məbədin eyvanına aparıb eyvanın qapısının yan taxtalarını ölçdü. Darvazanın hər iki tərəfindəki sütunların eni beş qulac idi. Darvazanın hər iki tərəfinin eni isə üç qulac idi.  49Eyvanın uzunluğu iyirmi qulac, eni on iki qulac idi. Oraya pilləkənlə çıxırdılar. Darvazanın yan taxtalarının yanında iki sütun var idi: biri bu tərəfində, digəri isə o tərəfində idi.

 

 

Yezekel 41

1Sonra o adam məni məbədin əsas hissəsinə gətirib oradakı darvazanın yan taxtalarını ölçdü: yan taxtaların eni hər tərəfdən altı qulac idi.  2Girişinin eni on qulac, ona hər iki tərəfdən bitişən hər divarının eni isə beş qulac idi. O adam məbədin əsas hissəsini də ölçdü: uzunluğu qırx, eni iyirmi qulac idi.  3Sonra o, iç otağa girib girişin yan taxtalarını ölçdü: hər birinin eni iki qulac idi. Girişin eni altı qulac, ona hər iki tərəfdən bitişən divarların eni yeddi qulac idi.  4O adam əsas hissənin o biri tərəfindəki iç otağı ölçdü: həm uzunluğu, həm də eni iyirmi qulac idi. O mənə «bura Ən Müqəddəs yerdir» dedi.  5Sonra məbədin divarını ölçdü: qalınlığı altı qulac idi. Məbədin ətrafındakı yan otaqlardan hər birinin eni dörd qulac idi.  6Bu yan otaqlar üç mərtəbə idi, hər mərtəbədə otuz otaq var idi. Məbədin divarları boyu yan otaqlar üçün dayaq olan çıxıntılar var idi ki, dayaqlar məbəd divarlarına girməsin.  7Məbədin ətrafındakı yan otaqlar yuxarı mərtəbəyə tərəf çıxdıqca genişlənirdi. Məbədin ətrafındakı tikilinin yuxarıya qalxan bir pilləkəni var idi. Yuxarıya doğru çıxdıqca yan otaqlar genişlənirdi. Pilləkənlə aşağı mərtəbədən orta mərtəbəyə, oradan da üst mərtəbəyə çıxırdılar.  8Məbədin ətrafında yan otaqların bünövrəsini təşkil edən uca bir döşəmə gördüm: uzunluğu bir qamış, yəni altı qulac idi.  9Yan otaqların bayır divarının qalınlığı beş qulac idi. Məbədin yan otaqları ilə kahin otaqları arasında açıq bir sahə var idi.  10Məbədin ətrafı boyunca uzanan sahənin eni iyirmi qulac idi.  11Yan otaqların girişləri açıq sahəyə baxırdı: biri şimalda, o biri isə cənubda idi. Açıq sahəyə bitişən bünövrənin eni hər tərəfdən beş qulac idi.  12Məbədin qərbində açıq sahəyə baxan bir tikili var idi: eni yetmiş qulac idi. Divarının qalınlığı hər tərəfdən beş qulac, uzunluğu doxsan qulac idi.  13Sonra o adam məbədi ölçdü: uzunluğu yüz qulac idi. Açıq sahə, tikili və onun divarları yüz qulac uzunluğunda idi.  14Şərqdəki məbədin açıq sahəsinin eni məbədin ön tərəfi ilə birgə yüz qulac idi.  15O adam məbədin arxasındakı açıq sahəyə baxan tikilinin və hər iki tərəfindəki dəhlizlərin uzunluğunu ölçdü: yüz qulac idi. Məbədin əsas hissəsi, iç otaq, həyətə baxan eyvan,  16darvaza astanaları, qəfəsli pəncərələr, astananın qarşısında üç mərtəbəni əhatə edən dəhlizlər döşəmədən pəncərələrə qədər ağacla örtülmüşdü. Pəncərələr açılıb-bağlanırdı.  17Girişin üstü, iç otaq, onun bayırı, bütün içəri və bayır divarlar nizamlı aralıqlarla,  18keruv və xurma ağacı oyma təsvirləri ilə düzəldilmişdi. İki keruv arasında bir xurma ağacı təsviri var idi. Hər keruvun iki üzü var idi:  19bir yandan xurma ağacına baxan insan üzü, o biri yandan xurma ağacına baxan şir üzü. Məbəd başdan-başa bu oyma təsvirləri ilə bəzənmişdi.  20Döşəmədən girişin üstündəki hissəyə qədər məbədin əsas hissəsinin divarları keruv və xurma ağaclarının oyma təsvirləri ilə düzəldilmişdi.  21Əsas hissənin qapısının yan taxtaları dördbucaqlı şəklində idi. Ən Müqəddəs yerin önündəki qapının yan taxtaları da bunlara bənzəyirdi.  22Orada üç qulac hündürlüyündə, iki qulac uzunluğunda, iki qulac enində ağacdan düzəldilmiş bir qurbangah var idi. Onun küncləri, altlığı və yanları da ağacdan idi. O adam mənə «Rəbbin önündə olan masa budur» dedi.  23Əsas hissənin və Ən Müqəddəs yerin cüt qanadlı qoşa qapısı var idi.  24Hər qapının iki tərəfə iki qanadı var idi: bir qapı üçün iki qanad, o biri qapı üçün iki qanad.  25Divarlar üzərində olduğu kimi əsas hissənin qapılarında da keruv və xurma ağaclarının oyma təsvirləri düzəldilmişdi. Bayırda, eyvanın önündə ağacdan olan bir asma tavan var idi.  26Eyvanın yan divarlarındakı qəfəsli pəncərələrin hər iki tərəfi xurma ağaclarının oyma təsvirləri ilə örtülmüşdü. Məbədin yan otaqları ilə asma tavanları da bu cür idi.

 

 

Yezekel 42

Kahinlərin otaqları

1O adam məni şimala gedən yoldan bayır həyətə çıxardı, məbədin açıq sahəsinə və bayır həyətin şimalındakı tikililərə baxan otaqlara apardı.  2Qapısı şimala baxan bu tikilinin uzunluğu yüz, eni əlli qulac idi.  3İçəri həyətin iyirmi qulaclıq hissəsi ilə bayır həyətin daş yoluna baxan üç mərtəbənin dəhlizləri qarşı-qarşıya idi.  4Otaqların qabağında eni on qulac, uzunluğu isə yüz qulac olan bir içəri dəhliz var idi. Qapıları şimala baxırdı.  5Tikilinin üst mərtəbədəki otaqları alt və orta mərtəbədəki otaqlardan daha dar idi, çünki üst mərtəbədəki dəhlizlər daha çox yer tuturdu.  6Həyətlərdə sütunlar olduğu halda üçmərtəbəli otaqların sütunları yox idi. Buna görə də üst mərtəbədəki otaqlar alt və orta mərtəbədəki otaqlardan daha dar idi.  7Otaqların qabağında, otaqlarla və bayır həyətlə yanaşı bir bayır divar var idi: əlli qulac uzunluğunda idi.  8Çünki bayır həyətin yanındakı yanbayan otaqların uzunluğu əlli qulac idi. Məbədin əsas hissəsinə daha yaxın yanbayan otaqların uzunluğu isə yüz qulac idi.  9Bu otaqların aşağıda bayır həyətdən girmək üçün şərqə tərəf bir qapısı var idi.  10İçəri həyətin cənubu boyu açıq sahəyə və bayır həyətdəki tikililərə baxan başqa otaqlar var idi.  11Şimal tərəfdəki otaqlarda olduğu kimi bu otaqların qabağında da bir keçid var idi. Otaqların uzunluğu və eni eyni idi, çıxışları və ölçüləri şimal tərəfdə olan otaqlarınkı kimi idi. Cənubdakı otaqların qapıları da şimaldakılar kimi idi.  12Keçidin başlanğıcında bir qapı var idi. Arxa divarlar boyunca şərqə uzanan bu keçid otaqlara açılırdı.  13Sonra o adam mənə dedi: «Məbədin açıq sahəsinə baxan şimaldakı və cənubdakı otaqlar müqəddəsdir. Rəbbin önündə xidmət edən kahinlər orada ən müqəddəs təqdimlərdən yeyəcək. Ən müqəddəs təqdimləri – taxıl təqdimlərini, günah qurbanlarını və təqsir qurbanlarını orada qoyacaqlar, çünki ora müqəddəsdir.  14Kahinlər müqəddəs yerə girəndə xidmət edərkən əyinlərindəki geyimləri orada qoymadan bayır həyətə çıxmasın, çünki bu geyimlər müqəddəsdir. Onlar xalqın olduğu yerlərə getməzdən qabaq başqa paltarlar geyməlidir».  15O adam məbədin sahəsini içəridən ölçüb qurtarandan sonra məni şərq qapısından bayıra apardı və hər tərəfdən bu sahənin bayırını ölçdü.  16Şərq tərəfini qamışla ölçdü: uzunluğu beş yüz qulac idi.  17Şimal tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi.  18Cənub tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi.  19Qərb tərəfinə dönüb onu qamışla ölçdü: uzunluğu beş yüz qulac idi.  20Beləcə sahənin dörd tərəfini ölçdü. Müqəddəs olanı müqəddəs olmayandan ayırmaq üçün sahənin ətrafında bir divar var idi: uzunluğu və eni hər biri beş yüz qulac idi.

 

 

Yezekel 43

Rəbbin hüzurunun məbədə qayıtması

1O adam məni şərqə baxan darvazanın yanına gətirdi.  2 Mən gördüm ki, şərq yolundan İsrail Allahının izzəti gəlir. Onun səsi gur axan suların səsi kimi idi, izzətindən yer parıldayırdı.  3Gördüyüm görüntü Allah şəhəri məhv etməyə gəldiyi vaxt və Kevar çayı sahilində gördüyüm görüntülərə bənzəyirdi. Mən bu zaman üzüstə yerə yıxıldım.  4Rəbbin izzəti şərqə baxan darvazanın yolundan məbədə girdi.  5Ruh məni qaldırıb içəri həyətə gətirdi. Mən gördüm ki, Rəbbin izzəti məbədi doldurub.  6Adam yanımda durarkən məbəddən mənimlə danışan bir nəfərin səsini eşitdim.  7O mənə belə dedi: «Ey bəşər oğlu, taxtımın yeri, ayaqlarımın dabanları dəyən, İsrail övladları arasında əbədi yaşayacağım yer buradır. Bundan sonra İsrail xalqı ilə padşahları pozğunluqları və ölən padşahların cəsədləri ilə bir daha müqəddəs adımı murdarlamayacaq.  8Onlar astanalarını astanama, qapılarının yan taxtalarını qapımın yan taxtalarına bitişdirdi. Mənimlə onların arasında yalnız bir divar var idi. Etdikləri murdar işləri ilə müqəddəs adımı murdarladılar. Mən də qəzəbimlə onları qırıb-çatdım.  9İndi pozğunluqlarını və padşahlarının cəsədlərini Məndən uzaqlaşdırsınlar, Mən də əbədi olaraq onların arasında yaşayaram.  10Sən ey bəşər oğlu, bu məbədi İsrail nəslinə təsvir et ki, üsyanlarından utansınlar və məbədin layihəsini ölçsünlər.  11Əgər etdikləri bütün işlərdən utanırlarsa, məbədin şəklini, nizamını, giriş-çıxış yerlərini – bütün şəkillərini, bütün qaydalarını, quruluşlarını və qanunlarını onlara bildir. Onların gözü önündə bunları bir yerə yaz. Qoy bütün quruluş və qaydalarına əməl edib onları yerinə yetirsinlər.  12Məbədlə bağlı qanun budur: dağın başında hər tərəfdən onun bütün ərazisi çox müqəddəs olacaq. Bəli, məbədin qanunu budur.

Qurbangah

13 Qurbangahın qulacla ölçüləri belədir. Hər qulaca bir ovuc əlavə edilmişdir: qurbangahı əhatəyə alan xəndəyin dərinliyi bir qulac, eni bir qulac, ətrafındakı çıxıntı bir qarış olacaq. Qurbangahın hündürlüyü isə belədir:  14qurbangahın yerdəki xəndəkdən alt çıxıntıya qədərki hissəsinin hündürlüyü iki qulac, eni bir qulac, kiçik çıxıntıdan böyük çıxıntıya qədərki hissənin hündürlüyü dörd qulac, eni bir qulac,  15qurbangahın qurban yandırılan üst hissəsinin hündürlüyü dörd qulac olacaq. Üst hissədən yuxarıya doğru dörd buynuz uzanacaq.  16Qurbangahın üst hissəsi dördbucaqlı şəklində olacaq. Onun uzunluğu on iki, eni on iki qulac olacaq.  17Üst çıxıntının dörd tərəfdən uzunluğu və eni hər biri on dörd qulac olacaq. Ətrafındakı kənar yarım qulac, xəndəyin dövrəsi bir qulac olacaq. Qurbangahın pilləkənləri şərqə baxacaq».  18 O adam yenə dedi: «Ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Qurbangah tikildiyi gün üstündə yandırma qurbanları gətirmək və qan tökmək barədə olan qaydalar belədir.  19Mənə xidmət etmək üçün hüzuruma çıxan, Sadoq nəslindən Levili kahinlərə günah qurbanı olaraq bir buğa ver” Xudavənd Rəbb belə bəyan edir.  20“Buğanın qanından götürüb qurbangahın dörd buynuzuna, çıxıntının dörd küncünə və ətrafındakı kənarın üstünə sürt. Beləcə qurbangahı pak edib onun üçün kəffarə ver.  21Günah qurbanı olaraq buğanı götürüb Müqəddəs məkandan kənarda, məbədin təyin edilmiş yerində yandır.  22İkinci gün günah qurbanı olaraq qüsursuz bir təkə təqdim et. Qurbangah buğanın qanı ilə pak edildiyi kimi təkənin qanı ilə də pak edilsin.  23Pak etmək işini qurtarandan sonra qüsursuz bir buğa ilə sürüdən bir qoç qurban gətir.  24Onları Rəbbin önünə gətir. Kahinlər onların üstünə duz səpib Rəbbə yandırma qurbanı olaraq təqdim etsin.  25Yeddi günün günah qurbanı olaraq hər gün bir təkə hazırla. Qüsursuz bir buğa ilə sürüdən bir qoç da hazırlansın.  26Qoy yeddi gün qurbangah üçün kəffarə versinlər, onu pak edib təqdis etsinlər.  27Yeddi gün tamamlanandan sonra kahinlər səkkizinci gün və ondan sonra yandırma və ünsiyyət qurbanlarınızı qurbangahın üstündə təqdim etsin. O zaman sizdən razı olacağam” Xudavənd Rəbb belə bəyan edir».

 

 

Yezekel 44

Məbəddə xidmət edənlər

1O adam məni Müqəddəs məkanın şərqə baxan bayır darvazası yolundan geri qaytardı. Darvaza bağlı idi.  2Rəbb mənə dedi: «Bu darvaza bağlı qalacaq, açılmayacaq, heç kəs oradan içəri girməyəcək, çünki İsrailin Allahı Rəbb oradan içəri girmişdir, buna görə də bağlı qalacaq.  3Yalnız rəhbər rəhbərliyinə görə Rəbbin önündə çörək yemək üçün orada oturacaq. Darvaza eyvanı yolundan girib, o yoldan da çıxacaq».  4O adam məni şimal darvazası yolundan məbədin önünə gətirdi. Mən baxıb gördüm ki, Rəbbin izzəti Öz məbədini doldurub. Bu zaman üzüstə düşdüm.  5Rəbb mənə dedi: «Ey bəşər oğlu, Rəbbin məbədinin bütün qayda-qanunları ilə bağlı deyəcəyim sözləri yaxşı-yaxşı dinlə, onlara qulaq as, hər şeyə diqqətlə bax. Müqəddəs məkana kimin girib-çıxacağına diqqət et.  6Üsyankar olan İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey İsrail nəsli, artıq bəsdir! Etdiyiniz iyrənc işlərə daha son qoyun.  7Ürəyi və bədəni sünnət edilməmiş yadelliləri Müqəddəs məkanıma gətirdiniz, Mənə qida olmaq üçün piy və qan təqdim etməklə məbədimi murdarladınız. Beləcə iyrənc işlərinizlə əhdimi pozdunuz.  8Müqəddəs şeylərim üzərində vəzifənizi yerinə yetirmədiniz. Müqəddəs məkanımda bu şeylərə nəzarət etməyi başqalarına tapşırdınız”.  9Xudavənd Rəbb belə deyir: “İsrail xalqı arasında yaşayan ürəyi və bədəni sünnət edilməmiş heç bir yadelli Müqəddəs məkanıma girməsin.  10İsrail yoldan azdığı zaman Məndən uzaqlaşan və yoldan azıb bütlərinə sitayiş edən Levililər öz günahlarının cəzasını çəkəcək,  11lakin Müqəddəs məkanımda bu işləri görəcək: məbədin darvazalarına nəzarət edəcək, məbədin xidmət işlərini görəcək, xalq üçün yandırma qurbanları və başqa qurbanlıq heyvanları kəsəcək, xalqın önündə durub onlara xidmət edəcək.  12İndi ki onlar bütlərinin önündə İsrail nəslinə xidmət edərək xalqı günaha batırdı, Mən Rəbb də onları günahlarına görə cəzalandıracağıma and içdim” Xudavənd Rəbb belə bəyan edir.  13“Onlar kahin kimi xidmət etmək üçün Mənə yaxınlaşmayacaq, bütün müqəddəs şeylərimə, ən müqəddəs qurbanlarıma toxunmayacaq. Etdikləri iyrənc əməllərinin rüsvayçılığını çəkəcəklər.  14Bundan sonra məbədin xidmət vəzifəsini və orada görülən bütün işləri onlara tapşıracağam.  15Ancaq İsrail Məni qoyub yoldan azdığı zaman Müqəddəs məkanımın xidmət vəzifəsini yerinə yetirən Sadoq nəslindən Levili kahinlər önümdə xidmət etmək üçün Mənə yaxınlaşacaq. Onlar piy və qan təqdim etmək üçün hüzuruma çıxacaq” Xudavənd Rəbb belə bəyan edir.  16“Yalnız onlar Müqəddəs məkanıma girəcək, yalnız onlar önümdə xidmət etmək üçün süfrəmə yaxınlaşıb buyruğumu yerinə yetirəcək.  17 Kahinlər içəri həyətin darvazalarından girəcəkləri zaman kətan geyim əyinlərində olsun, içəri həyətin darvazalarında yaxud məbəddə xidmət edərkən yun paltar geyməsinlər.  18Başlarına kətan çalma sarısınlar, bellərinə kətan alt paltarı geysinlər. Bədənlərini tərlədən bir şey geyinməsinlər.  19 Bayır həyətə, bayır həyətdə olan xalqın yanına çıxmazdan qabaq xidmət edərkən əyinlərindəki geyimləri çıxarıb müqəddəs otaqlara qoysunlar və başqa paltarlar geysinlər ki, geyimləri ilə xalqı təqdis etməsinlər.  20 Kahinlər başlarını qırxmasın, saçlarını uzatmasın, yalnız saçlarını kəsib düzəltsin.  21 İçəri həyətə girəcəyi vaxt heç bir kahin şərab içməsin.  22 Kahinlər dul yaxud boşanmış arvad almasın, ancaq İsrail nəslindən olan bir bakirə qız yaxud da başqa kahindən dul qalmış arvadı ala bilərlər.  23 Onlar Mənim xalqıma müqəddəs olan şeyi adi şeydən, murdar şeyi pak şeydən ayırmağı öyrədəcək.  24Mübahisəli işlərdə onlar hakimlik edəcək, hökmlərimə görə qərar verməlidirlər. Bayramlarımla bağlı qayda-qanunlarıma əməl etməli, Şənbə günlərimi müqəddəs saymalıdırlar.  25 Kahin adam meyitinə yaxınlaşıb özünü murdarlamasın, amma bu, anasının, atasının, oğlunun, qızının, qardaşının yaxud ərə getməmiş bacısının meyiti olsa, özünü murdarlaya bilər.  26Pak olduqdan sonra hələ yeddi gün gözləsin.  27Məbəddə xidmət etmək üçün içəri həyətə girəcəyi gün özü üçün bir günah qurbanı təqdim etsin” Xudavənd Rəbb belə bəyan edir.  28 “Kahinlərin irsi var: onların irsi Mənəm. İsraildə onlara mülk verməyin. Onların mülkü Mənəm.  29 Kahinlər taxıl təqdimlərini, günah və təqsir qurbanlarını yesin. İsraildə Rəbbə həsr olunan hər şey onlarınkı olsun.  30Bütün nübarların ilk hissəsi və bütün xüsusi hədiyyələriniz kahinlərinki olsun. Evinizə bərəkət yağsın deyə taxılınızın ilkini onlara verin.  31 Kahinlər ölü halda tapılmış yaxud vəhşi heyvanlar tərəfindən parçalanmış heç bir quş və heyvan yeməsin.

 

 

Yezekel 45

Rəbbə verilən torpaq payı

1Ölkəni irs olaraq payladığınız zaman Rəbb üçün torpaqdan pay kimi iyirmi beş min qulac uzunluğunda, on min qulac enində müqəddəs bir bölgə ayırın. Bütün bu bölgə müqəddəs olacaq.  2Bu bölgədən dördbucaqlı şəklində uzunluğu və eni beş yüz qulaclıq bir hissə müqəddəs məskən üçün, əlli qulaclıq bir yer isə ətrafındakı açıq sahə üçün ayrılsın.  3Bu ölçü ilə bir hissə ölç: uzunluğu iyirmi beş min qulac və eni on min qulac olsun. Müqəddəs məkan – Ən Müqəddəs yer orada olacaq.  4Bu, ölkənin müqəddəs payı olacaq. Bu yer məbəddə xidmət etmək üçün Rəbbə yaxınlaşan kahinlərə ayrılacaq. Burada kahinlərin evləri, Müqəddəs məkan üçün müqəddəs yer olacaq.  5Məbəddə xidmət edən Levililərə mülk olaraq iyirmi beş min qulac uzunluğunda, on min qulac enində bir bölgə verilsin. Orada yaşamaları üçün onlara məxsus şəhərlər olacaq.  6Müqəddəs bölgəyə düşən hissə ilə birlikdə şəhər üçün eni beş min, uzunluğu iyirmi beş min qulac olan bir hissə ayırın. Bu bütün İsrail xalqı üçündür.

Başçıya verilən torpaq payı

7Müqəddəs bölgəyə düşən hissə ilə şəhərə düşən hissənin hər iki tərəfindəki torpaqlar rəhbərə veriləcək. Bu torpaqlar qərbdən-qərbə, şərqdən-şərqə doğru uzanacaq və qərb sərhədindən şərq sərhədinə qədər uzunluğu bir İsrail qəbiləsinə düşən hissə qədərdir.  8Bu torpaq İsrail rəhbərinin payı olacaq. Bundan sonra rəhbərlərim xalqıma bir daha zülm etməyəcək, ancaq ölkəni qəbilələrinə görə İsrail nəslinə verəcək”.  9Xudavənd Rəbb belə deyir: “Ey İsrail rəhbərləri, artıq bəsdir! Zorakılıqdan və ziyankarlıqdan əl çəkin, ədalətli və saleh əməllər edin. Xalqımı öz torpaqlarından qovmayın” Xudavənd Rəbb belə bəyan edir.  10 “Düzgün tərəzi ilə çəkin. Çəkdiyiniz efa da, bat da düzgün olsun.  11Efa ilə bat eyni çəkidə olsun. Bat xomerin onda birinə, efa da xomerin onda birinə bərabər olmalıdır. İkisinin çəkisi də xomerə görə olsun.  12Bir şekel iyirmi geraya bərabər olmalıdır. İyirmi, iyirmi beş, on beş şekel birlikdə bir minaya bərabər olmalıdır.

Qurbanlar və bayramlar

13Gətirəcəyiniz təqdimlər bunlardır: hər xomer buğdadan efanın altıda biri qədər buğda, hər xomer arpadan efanın altıda biri qədər arpa verin.  14Zeytun yağını isə bat çəkisinə görə ölçün və hər kor zeytun yağından batın onda biri qədər təqdim edin. Bir kor on bat yaxud bir xomerə bərabərdir.  15İsrailin sulu otlaqlarındakı sürüdən iki yüz qoyundan bir qoyun götürülsün. Bu qoyunlardan taxıl təqdimləri, yandırma qurbanları və ünsiyyət qurbanları üçün istifadə edilsin ki, xalq kəffarə olunsun” Xudavənd Rəbb belə bəyan edir.  16“Bütün ölkə xalqı bu təqdimi İsrail rəhbərinə verəcək.  17İsraildə keçirilən bütün bayramlarda – şənliklərdə, Təzə Ay mərasimlərində və Şənbə günlərində yandırma qurbanları, taxıl və içmə təqdimlərini təmin etmək rəhbərin işi olacaq. Günah qurbanını, taxıl təqdimini, yandırma qurbanını və ünsiyyət qurbanlarını rəhbər təmin edəcək ki, İsrail nəsli üçün kəffarə versin”.  18Xudavənd Rəbb belə deyir: “Birinci ayın birinci günü qüsursuz bir buğa götürüb Müqəddəs məkanı pak et.  19Kahin günah qurbanının qanından götürüb məbədin darvazasının yan taxtalarına, qurbangahın üst çıxıntısının dörd küncünə, içəri həyətin darvazasının yan taxtalarına sürtsün.  20Səhvən yaxud bilmədən günah etmiş adam üçün də həmin ayın yeddinci günü eyni şeyi et. Beləcə məbədi pak edəcəksən.  21 Birinci ayın on dördüncü günü Pasxa bayramını yeddi gün keçirin və mayasız çörək yeyin.  22O gün rəhbər özü və bütün ölkə xalqı üçün günah qurbanı olaraq bir buğa hazırlasın.  23Yeddi gün bayram ərzində hər gün Rəbbə yandırma qurbanı olaraq qüsursuz yeddi buğa ilə yeddi qoç, günah qurbanı olaraq bir təkə təmin etsin.  24Taxıl təqdimi olaraq hər buğa və qoç üçün bir efa taxıl, hər efa üçün bir hin zeytun yağı təmin etsin.  25 Yeddinci ayın on beşinci günü başlayan və yeddi gün davam edən bayramda rəhbər günah qurbanlarını, yandırma qurbanlarını, taxıl təqdimlərini və zeytun yağını hər gün eyni miqdarda təmin etsin”.

 

 

Yezekel 46

1Xudavənd Rəbb belə deyir: “İçəri həyətin şərqə baxan darvazası altı iş günü bağlı qalmalı, Şənbə günləri və Təzə Ay mərasimi günləri isə açıq olmalıdır.  2Rəhbər bayırdan, darvaza eyvanı yolundan içəri girib darvazanın yan taxtalarının yanında dursun. Kahinlər onun yandırma qurbanını və ünsiyyət qurbanlarını təqdim etsin. Rəhbər darvaza kandarında ibadət etsin, sonra bayıra çıxsın, ancaq darvaza axşama qədər açıq qalsın.  3Şənbə günləri və Təzə Ay mərasimi günləri ölkə xalqı bu darvazanın girişində Rəbbin önündə ibadət etsin.  4Rəhbər Şənbə günü Rəbbə yandırma qurbanı olaraq verdiyi qüsursuz altı quzu, bir qoç təqdim etsin.  5Qoç üçün veriləcək taxıl təqdimi bir efa olsun, quzular üçün isə istədiyi qədər taxıl təqdimi verə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı versin.  6Təzə Ay mərasimi günü qüsursuz bir buğa, altı quzu və bir qoç qurban gətirsin.  7Buğa və qoç üçün taxıl təqdimi olaraq hərəsinə bir efa taxıl təmin etsin. Quzular üçün istədiyi qədər taxıl təmin edə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı təmin etsin.  8Rəhbər içəri girəcəyi zaman darvaza eyvanından girsin, həmin yolla da bayıra çıxsın.  9Ölkə xalqı bayramlarda Rəbbin önünə gəldiyi zaman ibadət etmək üçün şimal darvazasından girən adam cənub darvazasından çıxsın, cənub darvazasından girən adam şimal darvazasından çıxsın. Heç kəs girdiyi darvazadan çıxmasın, hər kəs girdiyi darvazanın qarşısındakı darvazadan çıxsın.  10Rəhbər xalqın arasında olsun, xalqla birgə girsin, xalqla birgə çıxsın.  11Bayramlarda və müqəddəs günlərdə buğa və qoç üçün taxıl təqdimi olaraq hərəsinə bir efa taxıl versin. Quzular üçün isə istədiyi qədər taxıl təmin edə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı versin.  12Rəhbər Rəbbə könüllü olaraq verdiyi yandırma qurbanı yaxud ünsiyyət qurbanları təqdim edəcəyi zaman şərqə baxan darvaza onun üzünə açılsın. Yandırma qurbanı yaxud ünsiyyət qurbanlarını Şənbə günü qurban gətirdiyi kimi təmin etsin, sonra bayıra çıxsın. O çıxdıqdan sonra darvaza bağlansın.  13Hər gün səhərlər yandırma qurbanı olaraq Rəbbə bir yaşında qüsursuz bir quzu təmin et.  14Bununla yanaşı, hər səhər taxıl təqdimi olaraq efanın altıda biri qədər taxıl və narın unu islatmaq üçün bir hinin üçdə biri qədər zeytun yağı təmin et. Bu taxıl təqdiminin Rəbbə verilməsi daimi bir qayda olsun.  15Beləcə hər səhər daimi yandırma qurbanı olaraq quzu, taxıl təqdimi və zeytun yağı təmin edilsin”.

Rəhbərə düşən mülk

16Xudavənd Rəbb belə deyir: “Əgər rəhbər oğullarından birinə öz mülkündən pay verərsə, öz irsi kimi nəslinə də keçsin, irs olaraq bu pay onların mülkü olsun.  17 Lakin rəhbər öz mülkündən qulluqçularından birinə pay verərsə, bu pay azadlıq ilinə qədər qulluqçununku olsun, sonra isə rəhbərə qaytarılsın. Rəhbərin irsi ancaq oğullarına keçə bilər və onların olsun.  18Lakin rəhbər xalqı mülkündən qovaraq irsindən məhrum etməməlidir. O, oğullarına yalnız öz mülkündən irs verə bilər, ona görə ki xalqımdan olan heç kəs mülkünü tərk edib kənara getməsin”».

Məbədin mətbəxləri

19Sonra o adam məni darvazanın yanındakı girişdən şimala baxan, kahinlərə məxsus müqəddəs otaqlara gətirdi və mənə qərb tərəfdə bir yer göstərdi.  20O mənə dedi: «Kahinlərin təqsir qurbanı ilə günah qurbanının ətini qaynadacaqları və taxıl təqdimini bişirəcəkləri yer buradır. Ona görə ki bunları bayır həyətə çıxarıb xalqı təqdis etməsinlər».  21Sonra o adam məni bayır həyətə çıxarıb həyətin dörd küncündən keçirdi. Gördüm ki, həyətin hər küncündə kiçik bir həyət var.  22Həyətin dörd küncündə olan bu qapalı həyətlərin hər birinin uzunluğu qırx, eni isə otuz qulac idi. Künclərdəki həyətlər eyni boyda idi.  23Dörd həyətin hər birinin ətrafında daş divar var idi. Divarın dibində yemək bişirmək üçün yerlər düzəldilmişdi.  24O adam mənə dedi: «Bunlar mətbəxdir. Məbəd xidmətçiləri xalqın qurbanlıq ətlərini burada qaynadacaq».

 

 

Yezekel 47

Məbəddən axan su

1O adam yenə məni məbədin girişinə gətirdi. Məbədin kandarının altından şərqə tərəf sular axdığını gördüm. Məbəd şərqə baxırdı. Sular məbədin cənub tərəfinin altından, qurbangahın cənubundan aşağıya axırdı.  2O məni oradan – şimal darvazasından çıxarıb bayır yoldan şərqə baxan bayır darvazasına apardı. Sular cənub tərəfdən axırdı.  3O adam əlində ölçmək üçün bir iplə şərqə tərəf getdi. O, min qulac ölçdü və məni topuğa qədər çıxan suların içinə gətirdi.  4Daha min qulac ölçdü və məni dizə qədər çıxan suların içinə gətirdi. Yenə min qulac ölçdü və məni belə qədər çıxan suların içinə gətirdi.  5Daha min qulac ölçdü və sular keçilməz bir çaya döndü. Sular artmışdı, içindən piyada keçmək mümkün deyildi, adam üzən qədər dərin bir çaya çevrilmişdi.  6O adam mənə dedi: «Ey bəşər oğlu, bunu görürsənmi?» Sonra məni götürüb yenə çayın sahilinə gətirdi.  7Oraya çatanda çayın hər iki sahilində çoxlu ağac gördüm.  8O adam mənə dedi: «Bu sular şərq bölgəsinə tərəf axır, oradan Arava vadisinə, sonra isə Duz dənizinə tökülür. Dənizə tökülən kimi oradakı su şirin suya çevriləcək.  9O zaman çayın axdığı yerlərdə hər cür qaynaşan canlı məxluq yaşayacaq, çoxlu balıq olacaq, çünki bu sular oraya axır, oradakı şor suyu şirin suya çevirir. Çay axdığı hər yerə həyat gətirəcək.  10Çayın sahili boyu balıqçılar dayanacaq. En-Gedidən En-Eqlayimə qədər tor sərilən yerlər olacaq. Orada da Böyük dənizdəki kimi çoxlu balıq növləri olacaq.  11Ancaq Duz dənizinin palçıqlı və bataqlıq yerləri şirin suya çevrilməyəcək, şoranlıq olaraq qalacaq.  12Çayın hər iki sahilində hər cür meyvə ağacı yetişəcək. Onların yarpaqları solmayacaq, meyvələri tükənməyəcək. Hər ay meyvə verəcəklər, çünki Müqəddəs məkandan çıxan sular oraya axır. Meyvələrindən yemək, yarpaqlarından şəfa vermək üçün istifadə olunacaq».

Ölkənin sərhədləri

13Xudavənd Rəbb belə deyir: «Ölkəni irs olaraq İsrailin on iki qəbiləsi arasında bu sərhədlərlə bölün: Yusifə iki pay düşsün.  14Ölkəni on iki qəbilə arasında hər birinə bərabər olaraq paylayın. Mən ölkəni sizin atalarınıza verəcəyimə and içdim. Bu ölkə sizə irs olaraq veriləcək.  15Ölkənin sərhədi belə olacaq: şimalda Böyük dənizdən Xetlon yolu ilə Xamat keçidinə, Sedada,  16Berotaya və Dəməşq ilə Xamatın torpaqları arasında yerləşən Sivrayimə, Xavran sərhədində olan Xaser-Hattikona qədər uzanacaq.  17Sərhəd dənizdən Xasar-Enona, Dəməşqin şimal sərhədi boyunca uzanacaq, Xamat sərhədi şimalda olacaq. Şimal sərhədi belədir.  18Şərqdə sərhədi Xavranla Dəməşq arasından başlayıb Gileadı İsraildən ayıran İordan çayı boyunca Şərq dənizinə qədər ölçün. Şərq sərhədi belədir.  19Cənubda sərhəd Tamardan Meriva-Qadeş sularına, Misir vadisi boyunca Böyük dənizə qədər uzanacaq. Cənub sərhədi belədir.  20Qərbdə Xamat keçidinin qarşısındakı yerə qədər Böyük dəniz sərhəd olacaq. Qərb sərhədi belədir.  21Bu ölkəni İsrail qəbilələrinə görə öz aranızda bölüşdürün.  22Ölkəni öz aranızda və aranızda yaşayarkən övladları doğulan yadellilərlə irs olaraq bölüşdürün. Onları da İsrail övladları arasında yerlilər kimi hesab edin. Onların da İsrail qəbilələri arasında sizin kimi irsləri olacaq.  23Yadelli hansı qəbilədə yaşayırsa, orada ona düşən payı irs olaraq verin» Xudavənd Rəbb belə bəyan edir.

 

 

Yezekel 48

Torpağın bölüşdürülməsi

1«Qəbilələrin adları belədir: şimal sərhədində olan Dana bir pay veriləcək. Danın sərhədi Xetlon yolundan Xamat keçidinə qədər uzanacaq. Xasar-Enon və Xamata yaxın Dəməşqin şimal sərhədi şərqdən qərbə qədər uzanan sərhədin bir hissəsini tutacaq.  2Aşerə bir pay veriləcək. Sərhədi Danın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.  3Naftaliyə bir pay veriləcək. Sərhədi Aşerin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.  4Menaşşeyə bir pay veriləcək. Sərhədi Naftalinin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.  5Efrayimə bir pay veriləcək. Sərhədi Menaşşenin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.  6Ruvenə bir pay veriləcək. Sərhədi Efrayimin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.  7Yəhudaya bir pay veriləcək. Sərhədi Ruvenin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.  8Yəhudanın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik torpaqlar ayıracağınız xüsusi pay olacaq. Eni iyirmi beş min qulac, şərqdən qərbə uzunluğu isə bir qəbiləyə düşən pay qədər olacaq. Müqəddəs məkan oranın ortasında olacaq.  9Rəbbə xüsusi olaraq verəcəyiniz payın uzunluğu iyirmi beş min qulac, eni on min qulac olacaq.  10Bu, kahinlər üçün müqəddəs pay olacaq. Şimalda uzunluğu iyirmi beş min qulac, qərbdə eni on min qulac, şərqdə eni on min qulac, cənubda uzunluğu iyirmi beş min qulac olacaq. Rəbbin Müqəddəs məkanı oranın ortasında olacaq.  11Bu bölgə Sadoq nəslindən təqdis olunmuş kahinlər üçün olacaq. Onlar buyruğumu yerinə yetirdi, İsrail xalqı yoldan azan zaman Levililər də yoldan azdı, ancaq onlar yoldan azmadı.  12O yer ölkənin müqəddəs payından xüsusi bir pay olaraq onlara veriləcək. Ora Levililərin torpaqlarına bitişik çox müqəddəs bir bölgə olacaq.  13Kahinlərin sərhədi yaxınlığında Levililərin iyirmi beş min qulac uzunluğunda, on min qulac enində bir payları olacaq. Bu bölgənin uzunluğu iyirmi beş min qulac, eni on min qulac olacaq.  14Levililər oranı satmasın və başqa yerə dəyişməsin. Bu, ölkənin ən yaxşı hissəsidir və başqa adamın əlinə keçməməlidir, çünki ora Rəbbə həsr edilmişdir.  15Rəbbə verdiyiniz bu xüsusi payın qalan iyirmi beş min qulac uzunluqda və beş min qulac enindəki hissəsi müqəddəs deyil və şəhər üçündür. Bu yer evlərə, otlaqlara ayrılacaq. Şəhər onun ortasında olacaq.  16Şəhərin ölçüləri belə olacaq: şimal tərəfi dörd min beş yüz qulac, cənub tərəfi dörd min beş yüz qulac, şərq tərəfi dörd min beş yüz qulac, qərb tərəfi dörd min beş yüz qulac.  17Şəhər üçün ayrılan otlağın ölçüləri belə olacaq: şimalda iki yüz əlli qulac, cənubda iki yüz əlli qulac, şərqdə iki yüz əlli qulac, qərbdə iki yüz əlli qulac.  18Müqəddəs bölgənin sərhədində qalan yerin həm şərq tərəfi, həm də qərb tərəfi on min qulac olacaq. Müqəddəs bölgəyə bitişik torpaqlarda yetişən məhsul şəhərdə işləyənlərə məxsus olacaq.  19İsrailin hər qəbiləsindən şəhərdə işləyənlər torpağı şumlayacaq.  20Bu bölgənin ərazisi dördbucaqlı şəklindədir, hər yanı iyirmi beş min qulacdır. Siz xüsusi bir pay olaraq şəhərin mülkü ilə birlikdə müqəddəs bölgəyə düşən payı ayırın.  21Müqəddəs bölgəyə aid olan hissə ilə şəhərə aid olan hissədən başqa, ayırdığınız xüsusi paydan hər iki tərəfdə qalan torpaqlar rəhbərə veriləcək. Bu torpaqlar müqəddəs bölgəyə aid olan iyirmi beş min qulaclıq hissənin şərqindən və qərbindən ölkənin şərq və qərb sərhədlərinə qədər uzanacaq. Qəbilələrə düşən paylar boyunca uzanan bu iki bölgə rəhbərə məxsus olacaq. Müqəddəs yerə aid olan hissə ilə məbədin Müqəddəs məkanı oranın ortasında olacaq.  22Beləcə Levililərə düşən mülklə şəhərə aid olan mülk rəhbərə verilən torpaqların arasında qalacaq. Rəhbərə veriləcək torpaqlar Yəhuda ilə Binyaminin sərhədi arasında olacaq.  23Qalan qəbilələrə düşən pay belədir: Binyaminə bir pay veriləcək. Sərhədi şərqdən qərbə qədər uzanacaq.  24Şimeona bir pay veriləcək. Sərhədi Binyaminin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.  25İssakara bir pay veriləcək. Sərhədi Şimeonun şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.  26Zevuluna bir pay veriləcək. Sərhədi İssakarın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.  27Qada bir pay veriləcək. Sərhədi Zevulunun şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.  28Qadın sərhədi ölkənin cənub sərhədi olub Tamardan Meriva-Qadeş sularına, oradan da Misir vadisi boyunca Böyük dənizə qədər uzanacaq.  29İrs olaraq İsrail qəbilələri arasında bölüşdürəcəyiniz torpaq budur. Onlara düşəcək paylar bunlardır» Xudavənd Rəbb belə bəyan edir.

Şəhərin darvazaları

30 «Şəhərin çıxış yerləri bunlardır: dörd min beş yüz qulac uzunluğunda olan şimal tərəfdə darvazalar olacaq.  31Şəhərin darvazalarına İsrail qəbilələrinin adları veriləcək. Şimal tərəfdə üç darvaza olacaq: bir Ruven darvazası, bir Yəhuda darvazası, bir Levi darvazası.  32Dörd min beş yüz qulac uzunluğunda olan şərq tərəfdə üç darvaza olacaq: bir Yusif darvazası, bir Binyamin darvazası, bir Dan darvazası.  33Dörd min beş yüz qulac uzunluğunda olan cənub tərəfdə üç darvaza olacaq: bir Şimeon darvazası, bir İssakar darvazası, bir Zevulun darvazası.  34Dörd min beş yüz qulac uzunluğunda olan qərb tərəfdə üç darvaza olacaq: bir Qad darvazası, bir Aşer darvazası, bir Naftali darvazası.  35Şəhərin dairəsi on səkkiz min qulac olacaq və o gündən sonra şəhər Yahve-Şamma adlanacaq».

 

bottom of page